Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-646/2023 12.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı QƏTNAMƏSİ (Açar sözlər: mənzilə köçürmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X1 ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, Cavabdeh, eyni zamanda digər Cavabdeh2 nümayəndəsi Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürmə” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 1387/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı və cavabdehlər bacı-qardaşdır.
2. İddiaçı ünvan 1 ünvanda qeydiyyatda olmaqla Gədəbəy rayonu, Novosaratovka kəndində yaşayır.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladları - xx.xx.2015-ci il təvəllüdlü X2, xx.xx.2018-ci il təvəllüdlü X3 və özünün qeydiyyatda olduqları ünvan 1 ünvanına köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 xx.xx.2020-ci il tarixdə “dəqiqləşdirilməmiş pnevmoniya” diaqnozundan vəfat etmişdir və mərhumun ölümü xx.xx.2020-ci il tarixdə Binəqədi rayonu Qeydiyyat şöbəsi tərəfindən 1577 nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçının qeydiyyatda olduğu ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evini onun mərhum atası almışdır. Həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Həmin evi atası iddiaçıya görə almışdır ki, Bakı şəhəri ərazisində yerləşən təhsil müəssisələrindən birində təhsil alan zaman yaşamağa yeri olsun. Atasının ölümündən sonra qardaşı Cavabdeh1 və bacısı Cavabdeh2 iddiaçı və övladlarını qeydiyyatda olduqları ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamağa qoymurlar. Belə ki, cavabdehlər evi digər şəxslərə kirayə vermişlər və onların göstərişi ilə həmin kirayəçilər iddiaçını qeydiyyatda olduqları ünvan 1 ünvanına buraxmırlar. Cavabdehlər tərəfindən qeydiyyatda olduqları ünvan 1 ünvanda yaşamaq hüququna mane olunması qanunsuzdur. Odur ki, iddiaçı qeydiyyatda olduğu ünvan 1 ünvanında yaşamaq hüququnun təmin edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
5. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 1387/2022 saylı qətnaməsi ilə (hakim S.Nuriyeva) iddia rədd edilmişdir.
6. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırda iddiaçının ünvan 4 ünvandan istifadə hüququnun bərpa edilməsi ilə bağlı tələbinin səbəbi onun həmin mənzildə qeydiyyatda olmasıdır. Yəni, iddiaçı qeyd olunan mənzildə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınmasını onun mənzilə istifadə hüqunun olması kimi qiymətləndirmişdir. Halbuki, vətəndaşın olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınması həmin şəxsin qeyd olunan evə istifadə hüququnun olmasını təsdiq etmir. Hazırda iddiaçının istifadə hüququnun olmaması halında, sonuncunun istifadə hüququnun bərpa edilməsi, yəni mənzilə köçürülməsi barədə iddia tələbi əsassızdır. Bu halda iddiaçının istifadə hüququnun mövcud olmaması, onun qanunla qorunan hüquqlarının cavabdehlər tərəfindən pozulmamasının təsdiqidir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 228.1, 228.2-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 2014-cü il 16 dekabr tarixli Qərarına, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e- 2(005)-1387/2022 saylı 07 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbimin təmin edilməsi, ümumilikdə ödənilmiş 150 (yüz əlli) manat dövlət rüsumunun cavabdehlərə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbinin rədd edilməsi barədə nəticəyə gələrkən onun tanımadığı, məhkəmə tərəfindən də bilavasitə ifadəsi alınmayan şəxslərin notariat qaydasında təsdiq edilməmiş “guya onun heç vaxt qeydiyyatda olduğu ünvan 3 ünvanda yaşamadığını” göstərən akta istinad etmişdir. Həmin aktın məhkəmə tərəfindən qanuni hesab edilməsinin özü qanunsuzdur. ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi dövlət reyestrində qeydiyyata alınmayıb, nə də bələdiyyə və icra hakimiyyəti nümayəndəliyi tərəfindən kiminsə adına qeydiyyata alınmayıb. Həmin fərdi yaşayış evində onun və digər qeydiyyatda olan şəxslərin mülkiyyət yox, yalnız yaşamaq hüququ vardır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onu həmin evə yaxın buraxmaması qanunu pozmaqla tamahkarlıq etməkdir. Hal-hazırda da Cavabdeh1 ilə Cavabdeh2 həmin evi bir neçə ailəyə kirayə verərək əldə edilən gəliri ikisinin arasında bölürlər. Məhkəmə yuxarıda göstərilən faktları aydınlaşdırmamışdır və ya aydınlaşdırmaq istəməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında cavabdeh, eyni zamanda digər Cavabdeh2 nümayəndəsi Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. 12.İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir, işə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Apellyasiya baxışının hədləri
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
14. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
16. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə yönəldiyindən apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyasının:
17. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
18. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 19.152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 20.152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 21.152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 2014-cü il 16 dekabr tarixli Qərarı:
22. İstifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir.
«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun:
23. 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndinə əsasən yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 27.Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digərbu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evin paylı mülkiyyətçisidir və həmin evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır.
28. İşin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. İddiaçı qeyd olunan mənzildə yaşamaq hüququnun olmasını iddia edərək, özünün və övladlarının yaşamaları üçün mübahisəli ünvana köçürülmələri barədə müraciət etmişdir.
29. Qeyd olunan evə və onun yerləşdiyi torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənəd mövcud deyil və mülki hüquqi anlamda həmin ev özbaşına tikili hesab edilir.
30. İşin araşdırılan haları ilə iddiaçının həmin ünvanda yaşaması müəyyən edilməmişdir. İddiaçı özü də hazırda Gədəbəy rayonunda yaşadığını bildirməklə, mübahisəli evin onun atası tərəfindən alındığını iddia edir.
31. Başqa sözlə, qeyd edilən ünvanın əldə edilməsində və ya inşa edilməsində iddiaçının hər hansı şəkildə iştirakının olması onun özü tərəfindən təkzib edilir.
32. İddiaçı qeyd edilən ünvanda əvvəllər daimi olaraq yaşadığını bildirsə də, məhkəməyə buna dair hər hansı sübut təqdim etməmişdir. Cavabdehlər isə iddiaçının həmin evə hər hansı aidiyyatının olmasını ümumiyyətlə inkar etmişlər.
33. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir.
34. Bu qaydada aparılan araşdırma ilə iddiaçının ünvan 4 ünvanında yerləşən özbaşına tikiliyə hər hansı hüquqlarının, o cümlədən bu evə dair istifadə hüququnun mövcud olması müəyyən edilməmişdir.
35. İddiaçı iddiasının faktiki əsaslarından biri kimi onun mübahisəli ünvanda qeydiyyatda olmasına istinad etmişdir.
36. Lakin kollegiya xatırladır ki, iddiaçının qeyd olunan ünvana müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınması onun həmin mənzilə istifadə hüqunun olması kimi qiymətləndirilə bilməz.
37. Belə ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.
38. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.
39. ünvan 4 ünvanda yerləşən mübahisəli yaşayış sahəsinin özbaşına tikili olması iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsi baxımından da həmin yaşayış sahəsinə hüquqlarının yaranmasını mümkünsüz edir.
40. Qeyd edilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etməklə, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.
41. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin sübut qismində iddiaçının mübahisəli ünvanda yaşamamasını təsdiq edən bir neçə nəfər qonşuların tərtib etdiyi akta istinad etməsinin qanunsuz olduğunu göstərmişdir.
42. Kollegiya bununla bağlı qeyd edir ki, iddiaçının və onun azyaşlı uşaqlarının mübahisəli ünvanda yaşamasını, həmin ünvana hər hansı aidiyyatının olmasını sübut etmək vəzifəsini cavabdehlər deyil, iddiaçı daşıdığından, lakin bu halı sübuta yetirə bilmədiyindən, cavabdehlər tərəfindən təqdim edilmiş həmin aktın mötəbər olub-olmadığı, habelə həmin aktı tərtib etmiş şəxslərin şahid qismində məhkəmədə ifadə verməmələri iş üzrə məhkəmənin gəldiyi nəticə baxımından əhəmiyyətli hesab edilə bilməz.
43. Bundan başqa, iş materiallarında olan abonent saldolarından da görünür ki, mübahisəli ünvana dair kommunal xidmətlər Cavabdeh2 ilə bağlanmış müqavilələr əsasında həyata keçirilir.
44. Göstərilənlərə əsasən kollegiya bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir.
45. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 1387/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.