Məhkəmə qərarları › İş №2(103)-6460/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6460/2021

23.07.2021 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6460/2021 23.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanət üzrə kompensasiya ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1278/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanət üzrə kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 5 əmanət müqaviləsi üzrə 408,110 (dörd yüz səkkiz min yüz on) manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh X1 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, "xxxx"da 29.09.2010-cu il tarixdə illik 15 faiz olmaqla 103.545 manat məbləğində, 26.05.2011-ci il tarixdə illik 15 faiz olmaqla 70.845,93 manat məbləğində, 14.07.2011-ci il tarixdə illik 15 faiz olmaqla 50.020,83 manat məbləğində, 30.09.2011-ci il tarixdə 101.041,75 manat məbləğində illik 15 faiz olmaqla, 20.10.2011-ci il tarixdə illik 15 faiz olmaqla 100.208,35 manat məbləğində əmanət müqavilələri bağlanmışdır. Qeyd olunan məbləğ üzrə pul tələbi kreditər tələb kimi qeydə alınmışdır. Hal-hazırda bank tərəfindən onun əmanəti üzrə ödənilməyən 408,100 manat məbləğində vəsait qalmışdır. Qeyd etmək istəyir ki, müqavilə bağlanarkən əmanətlər sığortalı olmuş, X2 sığorta haqqı ödənilmiş və Fondun yaranma tarixindən sonraya da təsadüf etmiş, qeyd olunan tarixlərdə illik maksimum faiz dərəcəsi manat əmanətləri üzrə 15 faiz olmuşdur. Onun tərəfindən isə qeyd olunan maksimum faiz dərəcəsini keçməyərək 12%-lə yerləşdirilmişdir. Qeyd edilən müqavilələrin tələblərinə əsasən aralarında bağlanmış müqavilənin bitdiyi gün əmanət Əmanətçi tərəfindən geri götürülmədikdə həmin günə Bankda qüvvədə olan faiz dərəcəsi tətbiq edilməklə üzadılmış hesab olunur. Mərkəzi Bank tərəfindən "xxxx" ASC-nin bankkimi fəaliyyət göstərməsi lisenziyası ləğv edilmiş və KİV ilə elan edilmişdir. ADİF-ə əmanətlərin qaytarılması barədə rəsmi müraciət etmələrinə baxmayaraq əmanətin yalnız 30.000 manat hissəsi qaytarılmış geriya qalan məbləğ isə bugünədək tam ödənilməmişdir. Əgər bank bağlanmasa idi onun da “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun təsir dairəsinə düşəcəkdi və bu halın özü hal-hazırda onun hüquqlarını pozur. Müqavilələr üzrə əmanəti siğortalanmış, lakin bank ləğv olunduqdan sonra sığortlanmış əmanət üzrə ona Əmanətlərin Sığortalanması Fondu tərəfindən tam şəkildə kompensasiya ödənilməmişdir. Göstərilənlərə əsasən İddiaçı 5 əmanət müqaviləsi üzrə 408,110 (dörd yüz səkkiz min yüz on) manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1278/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən cavabdeh Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də sığorta hadisəsi baş verdikdən sonra “Əmanətlərin sığortalanması haqqında” Qanunun 26.1-ci maddəsinin tələblərinə müvafiq olaraq iddiaçıya kompensasiya ödənilmişdir. Əmanətin qorunmayan hissəsi isə əmanətçinin müraciəti əsasında “Banklar haqqında” Qanunun tələblərinə müvafiq olaraq kreditor tələbi kimi qeydə alınmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini, iddiaçının nümayəndəsi və vəkili isə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnaməni bütövlükdə mübahisələndirmişdir. Qeyd olunan kontekstdə məhkəmə kollegiyası iş materiallarında toplanmış sübutları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, "xxxx" ASC ilə əmanətçi İddiaçı arasında bağlanmış 29.09.2010-cu il tarixli, 39 saylı depozit müqaviləsindən görünür ki, Bank əmanətçidən daxil olmuş pul məbləğini (əmanəti) (cəmi 200.000 manat) 3***-***-**- **0006 saylı hesaba qəbul edərək, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faiz ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci maddəsinə əsasən müqavilənin müddəti 1 ildir. Bank əmanətçiyə illik 15% ödəməyi öhdəsinə götürmüşdür. 29.09.2010-ci il tarixli mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin 3***-***-**-**0013 saylı hesabına 27.500,00 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. "xxxx" ASC ilə əmanətçi İddiaçı arasında bağlanmış 26.05.2011-ci il tarixli, 52 saylı depozit müqaviləsindən görünür ki, Bank əmanətçidən daxil olmuş pul məbləğini (əmanəti) (cəmi 70.000 manat) 3***-***-**-**0006 saylı hesaba qəbul edərək, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faiz ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci maddəsinə əsasən müqavilənin müddəti 1 ildir. Bank əmanətçiyə illik 15% ödəməyi öhdəsinə götürmüşdür. 26.05.2011-ci il tarixli mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin 3***-***-**-**0013 saylı hesabına 70.000,00 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. "xxxx" ASC ilə əmanətçi İddiaçı arasında bağlanmış 14.07.2011-ci il tarixli, 54 saylı depozit müqaviləsindən görünür ki, Bank əmanətçidən daxil olmuş pul məbləğini (əmanəti) (cəmi 50.000 manat) 3***-***-**-**0006 saylı hesaba qəbul edərək, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faiz ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci maddəsinə əsasən müqavilənin müddəti 1 ildir. Bank əmanətçiyə illik 15% ödəməyi öhdəsinə götürmüşdür. 14.07.2011-ci il tarixli mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin 3***-***-**-**0013 saylı hesabına 50.000,00 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. "xxxx" ASC ilə əmanətçi İddiaçı arasında bağlanmış 30.09.2011-ci il tarixli, 61 saylı depozit müqaviləsindən görünür ki, Bank əmanətçidən daxil olmuş pul məbləğini (əmanəti) (cəmi 100.000 manat) 3***-***-**-**0006 saylı hesaba qəbul edərək, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faiz ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci maddəsinə əsasən müqavilənin müddəti 1 ildir. Bank əmanətçiyə illik 15 % ödəməyi öhdəsinə götürmüşdür. 30.09.2011-ci il tarixli mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin 3***-***-**-**0013 saylı hesabına 100.000,00 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. "xxxx" ASC ilə əmanətçi İddiaçı arasında bağlanmış 20.10.2011-ci il tarixli, 63 saylı depozit müqaviləsindən görünür ki, Bank əmanətçidən daxil olmuş pul məbləğini (əmanəti) (cəmi 100.000 manat) 3***-***-**-**0006 saylı hesaba qəbul edərək, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faiz ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci maddəsinə əsasən müqavilənin müddəti 1 ildir. Bank əmanətçiyə illik 15 % ödəməyi öhdəsinə götürmüşdür. 20.10.2011-ci il tarixli mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin 3***-***-**-**0013 saylı hesabına 100.000,00 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. İddiaçı LPO "xxxx" ASC-də olan hesabından çıxarışlardan görünür ki, dövrün əvvəlinə nominal qalıq 101041,75 manat + 1250,74 manat + 47970,02 manat + 92950,65 manat + 70845,93 manat + 94051,35 manat = 408.110,44 manat təşkil edir. Beləliklə, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, "xxxx" ASC ilə əmanətçi İddiaçı arasında 29.09.2010-ci il, 26.05.2011-ci il, 14.07.2011- ci il, 30.09.2011-ci il və 20.10.2011-ci il tarixli əmanət (depozit) müqavilələri bağlanmış, iddiaçı (əmanətçi) əmanət məbləğini Banka illik 15% ödənilməsi şərti ilə yerləşdirmişdir. Azərbaycan Respublikası Mərkəzi X5 qərarı ilə 12 iyul 2012-ci il tarixdən "xxxx" ASC–nin bank fəaliyyəti üçün verilmiş lisenziya ləğv edilmiş, həmçinin, kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilməməsi ilə əlaqədar bank barəsində iflas prosedurunun başlanması üçün 16 iyul 2012-ci il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilmiş, həmin məhkəmənin qərarı ilə 25 iyul 2012-ci il tarixdə banka ləğvedici təyin edilmişdir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq "xxxx" ASC-də sığorta hadisəsi günü 16 iyul 2012-ci il kimi müəyyən edilmişdir. X3 10 iyun 2009-cu il tarixli qərarına əsasən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 1 avqust 2013-cü il tarixə qədər 15% təşkil etmişdir Kollegiya birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə qanunu səhv təfsir etmiş, bununla nəticəsinin işin hallarına uyğun gəlməməsinə yol açmışdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 947.2-ci maddəsinə əsasən, istənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanəti məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini ən geci beş bank günü müddətində verməlidir; 950-ci maddəsinə görə isə, banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər. Həmin müddət qüvvədə olan “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.2-ci və 2.1.2.6-cı maddələrinə əsasən, qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətdir. Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. Həmin Qanunun 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir; 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. Qanunun 8.1.20-ci maddəsinə görə, X4 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. Qanunun 26.1-ci maddəsinə görə, Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Qanunun 27.1-ci maddəsinə görə isə, milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya Avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. 2016-cı ildə qəbul olunmuş “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 3 (üç) il müddətində tam sığortalanır. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən əmanətlərin Sığortalanması Fondunun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla X3 16 sentyabr 2016-cı il tarixli növbədənkənar iclasında qəbul olunmuş qərarına əsasən banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanması müəyyən edilmişdir. Eyni zamanda qeyd edilən qərara əsasən yeni müəyyən edilmiş faiz dərəcəsi 16 sentyabr 2016-cı il tarixinə qədər iştirakçı banklarda illik maksimum 15 faizlə milli valyutada qəbul edilmiş əmanətlərin də, 16 sentyabr 2016-cı il tarixindən etibarən qorunan əmanət hesab olunması və Fond tərəfindən sığortalanması üçün zəmin yaratmışdır. İddiaçının "xxxx" ASC-də yerləşdirdiyi əmanətlərin “Əmlanətlərin sığortalanması haqqında” Qanuna uyğun olaraq sığortalanmış olduğu işin mübahisələndirilməyən halıdır. İddianı təmin edən birinci instansiya məhkəməsi hesab etmişdir ki, yuxarıda qeyd olunan 2010-2011-ci illərdə iddiaçı tərəfindən "xxxx" ASC-yə 1 il müddətinə yerləşdirilmiş əmanətlər tam olaraq sığortalı hesab olunurlar və bu səbəblə də tam olaraq qaytarılmalıdırlar. Kollegiya hesab edir ki, məhkəmənin həmin mövqeyini əsaslandıran hər hansı hüquq norması mövcud deyildir. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə bank arasında bağlanmış və şərtləri razılaşdırılmış müqavilələrin 5.7-ci bəndində qeyd edilmişdir ki, Fond sığorta hadisəsi baş verdikdə əmanətçiyə əmanətin məbləğinin 100 faizi, lakin 30.000 min manatdan çox olmayaraq kompensasiya ödənilir. Yuxarıda qeyd olunduğu kimi “Əmanətlərin sığortalanması haqqında” Qanunun 26.1-ci maddəsində Fond tərəfindən əmanətin 100 faizi həcmində sığortalanması göstərilsə də, kompensasiyanın ödənilməsinin son həddi 30.000 manat məbləğində müəyyən olunmuşdur. Yəni Qanunun normasına görə əmanətin valyutasından və həmin əmanətin yerləşdirmə tarixinə valyutanın Azərbaycan manatına məzənnəsindən asılı olmayaraq ödənişin son həddi 30.000 manat müəyyən olunmuşdur ki, həmin məbləğ də iddiaçıların hər birinə ödənilmişdir. Qeyd olunmalıdır ki, iddiaçının əmanətlərinin qalıq hissəsi kompensasiya olunmayan (sığortalanmayan) hissə olduğundan, məhz bu səbəblə “Banklar haqqında” Qanunun 77-ci maddəsi çərçivəsində bankın ləğvedicisi tərəfindən qeydə alınmışdır. Belə olan halda isə həmin əmanətlər bankın aktivləri formalaşdıqca, Qanunun 82-ci maddəsində nəzərdə tutulmuş növbəlilik qaydasında ödənilməlidir və onların sığortalı əmanət kimi Fonddan tutulması qanunvericiliyin mənasına uyğun deyildir. Digər tərəfdən, Kollegiya qeyd edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinini qərarı ilə 25 iyul 2012-ci il tarixdə "xxxx" ASC-yə ləğvedici təyin edilmişdir. Göründüyü kimi bank 2012-ci il tarixdə ləğv edildiyindən 4 ildə sonra, yəni 2016-cı ildə qəbul olunmuş “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununu və Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının iclasının 01 mart 2016-cı il tarixli qərarı hazırki mübahisəyə tətbiq edilə bilməz. Belə ki, Mülki Məcəllənin 7-ci maddəsinə görə, “7.1. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. 7.2. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. 7.3. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz”. Xüsusilə nəzərə alınmalıdır ki, "xxxx" ASC-nin yüzlərlə təminatsız kreditoru, o cümlədən əmanətçisi mövcuddur və onlar məhz bankın aktivləri hesabına tələblərinin ödəniləcəyinə ümid etməkdədirlər. Bu isə o deməkdir ki, iddiaçının əmanət məbləğlərinin qalığının sığortalı əmanət kimi qiymətləndirilməsi, onları digər kreditorlara münasibətdə üstün vəziyyətə gətirməklə normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmasına dair konstitusiya prinsiplərinə, həmçinin ədalət, insaf və mənəviyyat tələblərinə də uyğun deyildir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil edir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə görə isə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; və qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1278/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin olunmasın. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri onları ödəmiş şəxslərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar