Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6460/2024 09.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı mülki iş (Açar sözlər: «öhdəliyin icrası») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2813/2024 saylı, 26 sentyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 14 aprel 2020-ci il tarixli borcun hissə-hissə ödənilməsi barədə razılaşmaya əsasən Bank, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-2803/2016 nömrəli qətnaməsinə əsasən borcludan tələb olunan 713.555 ABŞ dolları kredit borcu üzrə ödənişin 1 ABŞ dolları=1.05 manat məzənnəsi üzrə hesablanaraq ümumilikdə 749235.75 manat təşkil etdiyinə etiraz etmir. Borclu bankla bağlanmış xx.xx.2017-ci il tarixli “icarə müqaviləsi”nə əsasən hər ay ona ödənilən aylıq icarə haqqının Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-2803/2016 nömrəli qətnaməsinə əsasən banka olan kredit borcuna ödənilməsinə etiraz etmir. Borclu tərəfindən bu razılaşmanın 1-ci bəndində nəzərdə tutulmuş məbləğin 138.333 manatı ödənilmiş, qalan 610902.75 manatın isə gələcəkdə ödənilməsi təmin olunacaqdır. Borclu tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)- 2803/2016 nömrəli qətnaməsinə əsasən tələb olunan və bu razılaşmanın 1-ci bəndinə əsasən 1 ABŞ dollar=1.05 manat məzənnəsi üzrə hesablanmış 749235.75 manat məbləğində kredit borcu ödənildikdən sonra bank mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, bina 21, mənzil 215-in borcluya qanunvericilikdə nəzərdə tutulmuş qaydada geri qaytarılması barədə öhdəlik götürmüşdür. Razılaşmanın 5-ci bəndinə əsasən əgər tərəflərdən hər hansı biri bu razılaşmanın bəndlərindən birini pozarsa digər tərəf birtərəfli qaydada bu razılaşmaya xitam verə bilər.
2. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli “İcarə müqaviləsi”nə dəyişiklik edilməsi haqqında 14 aprel 2020-ci il tarixli Razılaşmaya əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə N.Vəzirov küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsini və həmin qeyri-yaşayış sahəsinin zirzəmisində yerləşən sahəni Banka icarəyə verməyə, Bank isə hər ay 8.280 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüş, ödəniləcək aylıq icarə haqqı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-2803/2016 nömrəli qətnaməsinin icrası üçün tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli razılaşmaya əsasən Banka ödənilməsinə yönəldilməsi nəzərdə tutulmuşdur. 3.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(006)-157/2023 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-2803/2016 saylı qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilərək kredit borcunun hissə-hissə ödənilməsinə dair İddiaçı ərizəsi təmin edilməmişdir. Qərardadda göstərilir ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ünvanlanmış 31 may 2020-ci il tarixli məktuba əsasən "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu təyin edilmiş, Bank ilə onun arasında bağlanan xx.xx.2017-ci il tarixli icarə müqaviləsi və həmin müqaviləyə dəyişiklik edilməsi haqqında xx.xx.2020-ci il tarixli razılaşmaya 01 iyun 2020-ci il tarixindən etibarən xitam veriləcəyi barədə İddiaçı qabaqcadan xəbərdar edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(103)-215/2023 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(006)- 157/2023 saylı qərardadı dəyişdirilmədən saxlanmışdır.
Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı cavabdeh Əmannətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 4 aprel 2020-ci ildə borcun hissə-hissə ödənilməsi barədə razılaşmanın 1.1.1-ci və 4-cü bəndləri (tələb olunan 749.235,75 manat pul məbləğində kredit borcu üzrə ödənişin 1 ABŞ dolları = 1.05 manat məzənnəsi üzrə hesablanması, eyni zamanda Bank mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, bina 21, mənzil 215-in geri qaytarılması) icra olunan öhdəliyinin cavabdeh Əmanətlərin Sığortalanması Fondu üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 6.Tələbdə göstərilir ki, "xxxx" ASC-nin Səhmdarlarının növbədənkənar ümumi yığıncağının 10 №-li protokolu əsasında birinci tərəf "xxxx" ASC ilə ikinci tərəf İddiaçı arasında 14 aprel 2020-ci ildə borcun hissə-hissə ödənilməsi barədə razılaşma bağlanmışdır. Razılaşmanın bəndlərinə əsasən, 1. 1. 1. Bank Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-2803/2016 nömrəli qətnaməsinə əsasən borcludan tələb olunan 713.555 ABŞ dolları məbləğində kredit borcu üzrə ödənişin 1 ABŞ dolları = 1.05 manat məzənnəsi üzrə hesablanaraq, ümumilikdə 749.235,75 manat təşkil etdiyinə etiraz etmir. Borclu Bankla bağlanmış xx.xx.2017-ci il tarixli "İcarə müqaviləsi"nə əsasən hər ay ona ödənişləri aylıq icarə haqqının Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-2803/2016 nömrəli qətnaməsinə əsasən banka olan kredit borcuna ödənilməsinə etiraz etmir. Borclu tərəfindən bu razılaşmanın 1-ci bəndində nəzərdə tutulmuş məbləğin 138.333 manatı ödənilmiş, qalan 610.902,75 manatın isə gələcəkdə ödənilməsi təmin olunacaqdır. Borclu tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-2803/2016 nömrəli qətnaməsinə əsasən tələb olunan və bu razılaşmanın 1-ci bəndinə əsasən 1 ABŞ dolları 1.05 manat məzənnəsi üzrə hesablanmış 749.235,75 manat məbləğində kredit borcu ödənildikdən sonra Bank mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, bina 21, mənzil 215-in borcluya qanunvericilikdə nəzərdə tutulmuş qaydada geri qaytarılması barədə öhdəlik götürur. Eyni zamanda, “Elektron notariat“ X1 çıxarışdan aydın olmuşdur ki, razılaşmanın notarial qaydada öz təsdiqini tapmışdır. Lakin hal-hazırda tələb olunan 749.235,75 manat pul məbləğində kredit borcu üzrə ödənişin 1 ABŞ dolları=1.05 manat məzənnəsi üzrə hesablanmamış, eyni zamanda Bank mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, bina 21, mənzil 215-in geri qaytarılması öhdəliyi yaranmışdır. Əmanətlərin Sığortalanması Fondu "xxxx"ASC fəaliyyətini dayandırmamışdan qabaq məhkəmə qərarından sonra aralarında 14 aprel 2020-ci ildə borcun hissə-hissə ödənilməsi barədə razılaşmanın bəndlərini tanımadığını bildirmişdir. Hesab edir ki, bağlanan razılaşma tərəflərin iradə ifadəsini bildirmişdir. Hazırda müqavilə öhdəlikləri yerinə yetirilmir, bu da qanunvericiliyin tələblərinin pozulmasıdır.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2813/2024 saylı, 26 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Nail Abbasov) iddia tələbinin təmin edilməməsi və məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, işin müəyyən edilmiş halları ondan ibarətdir ki, "xxxx" ASC müflis elan edildiyindən icarəçi "xxxx" ASC ilə icarəyə verən İddiaçı arasında bağlanan 14 aprel 2020-ci il tarixli razılaşma müqavilənin 5-ci bəndinin tələbinə əsasən birtərəfli qaydada xitam verilmiş, bununla əlaqədar icarəyə verən, yəni İddiaçı qabaqcadan xəbərdar edilmişdir. Hazırda iddiaçı cavabdehdən həmin razılaşmanın şərtlərinə əməl olunmasını tələb edir. Göründüyü kimi, hazırda iddiaçı xitam verilmiş razılaşma üzrə öhdəliyin icrasını qarşı tərəfdən tələb edir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin edilməsini xahiş edib şikayətində göstərib ki, iş üzrə "xxxx" ASC-nin ləğvedicisi olaraq Əmanətlərin Sığortalanması Fondu təyin edildiyindən ləğv edilmiş hüquqi şəxsin kreditorlarının tələblərinin ödənilməsi də ləğvedici komissiyanın üzərinə düşür. Ancaq nə prosses boyunca, nə də qətnamədə bu məsələyə toxunulmamışdır. Mülki Məcəllənin 61.3-cü maddəsinə görə, ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) kreditorları aşkar etmək və debitor borcunu almaq üçün tədbirlər görür, habelə ləğvetmə ilə bağlı mətbuatda elanın dərc olunduğu gün hüquqi şəxsin ləğvi haqqında bütün məlum kreditorlara bildiriş göndərir. Mülki Məcəllənin 61.4-cü maddəsinə görə, ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) hər hansı bir kreditorun irəli sürdüyü tələblə razılaşmadığı halda həmin kreditor məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Tələb barədə məhkəmə qərarı qəbul edilənədək onun təmin edilməsi üçün zəruri olan vəsait saxlanılmalıdır. Maddənin tələbindən də göründüyü kimi, kreditor olaraq tələbi olduğundan bəhs edilən əmlak saxlanılmalı, onunla əlaqəli hər hansı əməliyyat həyata keçirilməməlidir. Ancaq bununla əlaqədar da məhkəmə tərəfindən məsələyə toxunulmamışdır. Mülki işin Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə vəsatət Bakı Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-2813/2024 saylı qərardadı təmin edilməmişdir. Halbuki “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 saylı qərarının 12-ci bəndində məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalı olduğu vurğulanır. Bu mübahisə üzrə də İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir və vergi ödəyicisidir. Digər tərəf olan cavabdeh isə hüquqi şəxsdir. Və tərəflər arasında “borcun hissə-hissə” ödənilməsinə dair müqavilə bağlandığı danılmazdır. Əlavə olaraq, tərəflər arasında bağlanılmış “borcun hissə-hissə ödənilməsinə dair” razılaşmanın 1.1.14-cü bəndinə əsaslanaraq tələb olunan 749.235,75 manat pulməbləğində kredit borcu üzrə ödənişin 1 ABŞ dolları = 1.05 manat məzənnəsi üzrə hesablanması, eyni zamanda Bank mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, bina 21, mənzil 215-in qanunvericiliklə nəzərdə tutulmuş qaydada geri qaytarılması öhdəliyini cavabdeh "xxxx" ASC öz üzərinə götürmüşdür. Daha sonra məlum olmuşdur ki, "xxxx" ASC-nin ləğvedicisi olaraq Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. Mülki Məcəllənin 60.4-cü maddəsində isə vurğulanır ki, ləğvetmə komissiyasının (təsviyəçinin, ləğvedicinin) təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) borcların ödənilməsi və qalıq gəlirin saxlanıla bilməsi üçün hüquqi şəxsin əmlakını iqtisadi cəhətdən səmərəli, qiymət baxımından sərfəli və tez bir zamanda satılması, borcların ödənilməsindən sonra qalan əmlakın iştirakçılar arasında bölüşdürülməsi, məqsədilə onun işini davam etdirir. Həmçinin MPM-nin 61.3-cü maddəsinə əsasən ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) kreditorları aşkar etmək və debitor borcunu almaq üçün tədbirlər görür, habelə ləğvetmə ilə bağlı mətbuatda elanın dərc olunduğu gün hüquqi şəxsin ləğvi haqqında bütün məlum kreditorlara bildiriş göndərir. Mülki Məcəllənin norma tələblərindən irəli gələrək "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ləğv edilən hüquqi şəxsin kreditorlarını aşkar etmək və onların borcunu geri qaytarmaq öhdəliyini üzərinə götürməlidir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
10. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddiasının təmin edilməsini xahiş etdi.
11. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 16.1.Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddə 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1.qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.
15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
17. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
18. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
19. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
20. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.
21. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin hazırkı iddia tələbi üzrə gəldiyi nəticə mahiyyət etibarı ilə düzgün olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və iddianın təmin olunması üçün əsas ola bilməz. Buna baxmayaraq, şikayətin dəlilləri üzrə hüquqi dəyərləndirilmə aparılması zəruridir.
22. Əvvəla işin mübahisəsiz halıdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-2803/2016 nömrəli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra tutma ipoteka predmeti olan mənzilə yönəldilmiş, hərracda alıcı olmadığından mənzil bankın mülkiyyətinə keçərək xx.xx.2018-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı və Zəhra Səmədova hərracın yekunlarını mübahisələndirsə də qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə iddiaları rədd edilmişdir(i.v.40-46;50-53). 23.Hazırkı iş üzrə iddiaçı cavabdeh qismində Əmanətlərin Sığortalanması Fondunu göstərərək "xxxx" ASC ilə arasında bağlanmış 14 aprel 2020-ci il tarixli borcun hissə-hissə ödənilməsi barədə razılaşmanın 1.1.1-ci və 4-cü bəndləri (tələb olunan 749.235,75 manat pul məbləğində kredit borcu üzrə ödənişin 1 ABŞ dolları = 1.05 manat məzənnəsi üzrə hesablanması, eyni zamanda Bank mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, bina 21, mənzil 215-in geri qaytarılması) icra olunan öhdəliyinin cavabdeh Əmanətlərin Sığortalanması Fondu üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş edib. Birinci instansiya məhkəməsi isə "xxxx" ASC tərəfindən razılaşmaya birtərəfli qaydada xitam verildiyinə(müflis elan edildiyi üçün), yəni xitam verilmiş razılaşma üzrə öhdəliyin icrasını qarşı tərəfdən tələb edilməsinin əsassız olduğuna görə iddianı rədd etmişdir. İddiaçı bununla razılaşmır və hesab edir ki, cavabdeh razılaşmanı icra etməlidir.
24. Ancaq iddiaçı cavabdehdən Razılaşmanın 1.1.1 və 4-cü bəndlərinin icrasını tələb etsə də özünün də həm bu Razılaşmanın 2-ci bəndinə, həm də xx.xx.2017-ci il tarixli “İcarə müqaviləsi”nə dəyişiklik edilməsi haqqında 14 aprel 2020-ci il tarixli Razılaşmaya əsasən öhdəlikləri olmuşdur. Belə ki, qeyd olunan şərtələrə əsasən iddiaçı mülkiyyətində olan, banka icarəyə verdiyi qeyri-yaşayış sahəsindən hər ay ona ödənilməli olan 8.280 manat icarə haqqını Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)- 2803/2016 nömrəli qətnaməsinin icrası üçün Banka ödənilməsinə razılaşdırmışdır. Ancaq işdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli 2-3(103)- 129/2020 saylı qərarı ilə "xxxx" ASC müflis elan olunmuş, Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilmiş, Fondun iddiaçıya ünvanladığı məktuba əsasən 01 iyun 2020-ci ildən bankla bağlanmış xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə və həmin müqaviləyə dəyişiklik edilməsinə dair 14 aprel 2020-ci il tarixli Razılaşmaya 01 iyun 2020ci ildən xitam veriləcəkdir. Bununla əlaqədar, iddiaçı banka qarşı kommersiya mübahisəsi açaraq qeyri-yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsini, icarə sahəsinin vaxtında boşaldılmamasına görə kompensasiya ödənilməsi və s. tələblərlə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş və həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə(i.v.26-35) iddiası qismən təmin edilərək qeyri yaşayış sahəsinin təhvil verilməsi və 356040 manatın ona ödənilməsi qət edilmişdir(İddiaçının apellyasiya baxışı zamanı verdiyi məlumata əsasən həmin iş hazırda kassasiya icraatı mərhələsindədir). Eyni mövqe, yəni müqaviləyə birtərəfli qaydada xitam verilməsi ayrıca akt şəklində işə əlavə edilməsə də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 2680/2022 saylı qətnaməsində(i.v.82;1-ci abzas)sərgilənir. Göründüyü kimi, bu halların özü də Razılaşmaya xitam verilməsi ilə iddiaçının da razılaşdığını təsdiq edir. Ona görə də qeyd olunanlara baxmayaraq iddiaçının yenidən ləğv edilmiş Razılaşma üzrə Əmanətlərin Sığortalanması Fondundan öhdəliyin icrasını tələb etməsi anlaşılan deyildir.
25. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstiutsiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il qərarında göstərilib ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır... İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Konstitusiya Məhkəməsi Plenumunun bu qərarda formalaşdırdığı hüquqi mövqeyə görə... Nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir. Göründüyü kimi, müqavilənin ləğv edilməsi xitam anlayışı ilə əhatə olduğu halda, müqavilənin xitam edilməsi heç də hər zaman onun ləğv edilməsi anlamına gəlmir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları adlanan 421-ci maddəsi yalnız müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) hallarını nəzərdə tutmur. Belə ki, Mülki Məcəllənin 421.1-ci maddəsi ləğvetmə ilə bağlı olmayıb, müqavilə azadlığı və tərəflərin bərabərliyi prinsiplərinə uyğun olaraq onların qarşılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi və ya ona xitam verilməsinin mümkünlüyünü nəzərdə tutur. Məcəllənin 423.1-ci maddəsi isə məhz bu məqsədlə bağlanan müqavilənin (razılaşmanın) formasına aid məsələni tənzimləyir. Həmin maddəyə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Vurğulanmalıdır ki, göstərilən maddədə “müqavilənin ləğv edilməsi haqqında razılaşma” ifadəsindən istifadə olunsa da, burada məhz tərəflərin qarşılıqlı razılaşması yolu ilə müqavilə münasibətlərinə xitam verilməsi nəzərdə tutulmuşdur. Halbuki, yuxarıda qeyd edildiyi kimi, “ləğv etmə” dedikdə əqdə əsaslanan münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, tərəflərdən birinin birtərəfli iradə ifadəsi ilə aradan qaldırması imkanı başa düşülür. Müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: - digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (məsələn, Mülki Məcəllənin 719.7-ci maddəsində müəyyən edildiyi kimi); - Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda (məsələn, Mülki Məcəllənin 786.1-ci maddəsində göstərilən hal). Müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması baş vermədiyi bir sıra hallarda, əgər bu hallar Mülki Məcəllə və ya tərəflərin əvvəlcədən qarşılıqlı razılaşması ilə müəyyən edilərsə, müqavilə birtərəfli qaydada ləğv oluna bilər. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığının onun iştirakçılarının bərabərliyi əsasında təmin edilməsi kimi müəyyən edilmişdir (Mülki Məcəllənin 1.1-ci maddəsi). Müqavilələr hüququnda iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri də məhz birbaşa bu məqsədə nail olmaq üçün təsbit edilmişdir (Məcəllənin 6.1.2, 6.1.5, 12.2 və 390-cı maddələri). Həmin Məcəllənin 389.1-ci maddəsinin mənasına görə müqavilə tərəflər arasında məhz iradə ifadələri nəticəsində yaranan razılaşmadır. Odur ki, müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır. Burada “tərəflərin razılaşması ilə yol verildikdə” müddəasının “əvvəlcədən müqavilədə nəzərdə tutulan hallarda” mənasını ehtiva etdiyi xüsusilə qeyd edilməlidir. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinin dispozisiyasından göründüyü kimi, burada hüquqi tənzimetmə qarşılıqlı razılaşma ilə deyil, məhz müqavilənin bilavasitə birtərəfli qaydada ləğv edilməsi (maddədə “imtina” olaraq ifadə edilib) ilə bağlıdır. Əlavə olaraq o da vurğulanmalıdır ki, 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Mülki Məcəllənin 421.2-ci maddəsinin birinci cümləsindən “məhkəmənin qərarına əsasən" müddəası çıxarılmaqla, ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsi müəyyən edilmişdir ki, bu da müvafiq münasibətlərin hüquqi tənzimlənməsinin əsas prinsiplərindən irəli gəlmişdir.
26. Apellyasiya şikayətinin növbəti dəlili ilə bağlı qeyd olunur ki, Əmanətlərin Sığortalanması Fondu "xxxx" ASC-nin ləğvedicisi olsa da iddiaçı bankın hazırkı iddiası üzrə kreditoru hesab edilə bilməz. Çünki iddiaçının istinad etdiyi Razılaşma ləğv edilmişdir. Ona görə də cavabdehin Mülki Məcəllənin 61.3 və 61.4-cü maddəsindən irəli gələn hansısa öhdəliyi də yarana bilməz.
27. Bundan əlavə, həqiqətən mülki işin Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə iddiaçının vəsatəti Bakı Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(006)-2813/2024 saylı qərardadı ilə təmin edilməmişdir(i.v.98-100). Ancaq iddiaçı bu qərardadı mübahisələndirməmişdir. Başqa sözlə qərardadla razılaşmışdır. Qətnamədən verdiyi apellyasiya şikayətində yenidən həmin dəlillərdən istifadə etməsi isə anlaşılan deyildir. Çünki hüquqi məntiqə görə hansı məhkəmədə baxılmasından asılı olmayaraq iddiaçı əsaslı və uğurlu hesab edirsə iddiasını müdafiə etməlidir. Ancaq etmir, əksinə məhkəmə aidiyyətini mübahisələndirir. Bu cür dəlillərdən istifadə etməsi isə iddiasının əsaslılığına şübhə ilə yanaşdığına dəlalət edir.
28. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2813/2024 saylı, 26 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
qətetdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2813/2024 saylı, 26 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.