Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6464/2020 10.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və Sadıqov Vahid Nəriman oğlundan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «pul tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)-1800/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 186000 (bir yüz səksən altı min) ABŞ dolları borc məbləğinin İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlər iddiaçının bacısı oğullarıdır. 2014-cü ildə iddiaçı öz evini satmış, bir müddət sonra cavabdehlər iddiaçıda pul olduğunu bilərək onun evinə gəlmişlər. Təcili 200000 ABŞ dolları pul lazım olduğunu, həmin pulu 2 il ərzində qaytaracaqlarını bildirmişlər. Doğma bacısı oğulları olduğundan iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etibar edərək 186000 ABŞ dolları məbləğində borc vermişdir. Lakin cavabdehlər 2017-ci ilin yanvar ayından ölkəni tərk edib gizlənmişlər. İddiaçı bu hadisədən sonra güclü sarsıntı keçirmişdir Dəfələrlə xəbər göndərməsinə baxmayaraq cavabdehlər həmin pulu geri qaytarmamışlar. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən, məhkəmədən iddia ərizəsinin təmin edilməsi xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)- 1800/2020 saylı qətnaməsi ilə (hakim Rəşad Cavadzadə) iddia təmin olunmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini – iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, işin tam, hərtərəfli və obyektiv araşdırılmamasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, iddiaçının şikayəti əsasında Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PB-də araşdırma aparılmış, Cavabdeh1 araşdırma zamanı verdiyi izahatında iddiaçıdan həqiqətən 186000 ABŞ dolları pul almasını etiraf etmişdir. Bu hal cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda da öz əksini tapmışdır. Eyni zamanda Cavabdeh1 xx xxxxxxxx 2020-ci il tarixdə keçirilmiş apellyasiya baxışı zamanı da verdiyi izahatında iddiaçıdan 186000 ABŞ dolları pul almasını göstərmiş, məhkəmə baxışı tərəflər arasında barışıq sazişinin bağlanması məqsədilə təxirə salınsa da, cavabdehin səhhəti ilə bağlı barışıq sazişinin bağlanması mümkün olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında göstərmişdir ki, o həqiqətən iş görmək üçun iddiaçıdan 186000 ABŞ dolları pul almış, lakin işləri yaxşı getməmiş, ziyana düşmüşdür. Lakin, iddiaçıdan aldığı həmin pul vəsaitini hissə-hissə qaytaracağına vəd verir. O, iddiaçının şikayəti əsasında Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PB-də aparılmış araşdırma zamanı da yazdığı izahatında iddiaçıdan həqiqətən 186000 ABŞ dolları pul almasını etiraf etmişdir. Digər cavabdeh onun qardışıdır və onun pulun alınmasına aidiyyəti yoxdur. Çünki, pulu iddiaçıdan şəxsən özü almışdır. O, iddiaçı ilə barışıq sazişinin bağlanmasına və aldığı pulu hissə-hissə qaytarmağa hazırdır. Barışıq sazişinin bağlanması üçün onlara vaxt verilməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən – iddiaçının sübutetmə yükünü həyata keçirə bilməməsinə əsaslanmış, lakin iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamışdır. Halbuki, işdən görünür ki, iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinə vəsatət verərək cavabdehlərin şəxsən iştiraklarının təmin olunmasını, həmçinin əlavə sübutların təmin olunması üçün vaxt verilməsini xahiş etmiş, lakin vəsatət təmin olunmamışdır. Eyni zamanda, birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X3 ifadəsində göstərmişdir ki, iddiaçı onun anasıdır. Cavabdehlər isə onun xalası oğlanlarıdır. 2016-cı ilin noyabr ayında cavabdehlər onlara gələrək anası İddiaçı pul istəmiş, anası da cavabdehlərə 186000 ABŞ dolları pul vermişdir. 186000 pulu anası Hikmətgilə öz evində vermişdir. Pul verilən zaman anası, atası, cavabdehlər, Əyyar və Bəhruz orda olmuşdur. Əyyar həmin zaman təsadüfən onlara gəlmişdir. Cavabdehlər həmin pulu qaytaracaqlarına söz versələr də bu günə kimi borcu ödəməmişlər. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X2 ifadəsində bildirmişdir ki, iddiaçı Gülarə Əliyevanın ailəsi ilə yaxın münasibətləri vardır. Bundan başqa iddiaçının mənzilində usta işləmişdir. Hər zaman getdiyi ev olmuşdur. Həmin günü o, onlara gedəndə evdə Hikmətgilin gəldiyini görmüşdür. Hər kəs mətbəxdə stol arxasında əyləşmişdir. Həmin vaxt mətbəxdə o, Hikmət, Niyaməddin, Əli, Bəhruz, Yusif və Cavid olmuşdur. Gülarə yan otağa keçərək oradan 18 paçka 100 dollarlıq və 60 dənə ayrıca 100 dollarlıq əskinaslar gətirib Hikmətgilə vermişdir. Hikmətgil pulu alıb saydıqdan sonra çay içib getmişlər. Bununla yanaşı, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq təqdim edilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PB-nin HK-1-1056-2020 saylı rədd materialından görünür ki, İddiaçı (iddiaçının) şikayət ərizəsi ilə əlaqədar araşdırma (təhqiqat) aparılmış, təhqiqat zamanı Cavabdeh1 izahatında göstərmişdir ki, həqiqətən xalası İddiaçı yaşadığı evində 2014-cü ilə kimi hissə-hissə 186000 ABŞ dolları pul almışdır. Həmin pulla Rusiyadan Azərbaycana vaqonlarla taxta şalban gətirmiş, lakin 2016-cı ilin dekabrında müflis olmuşdur. Buna baxmayaraq İddiaçı aldığı pul vəsaitini qaytaracağını vəd vermişdir. Cavabdeh1 bildirdikləri «cinayət işinin başlanmasının rədd olunması haqqında» xx xxxx 2020-ci il tarixli qərarda öz əksini tapmış, lakin cinayət hadisəsi müəyyən edilmədiyindən İddiaçı mülki məhkəmə icraatı qaydasında müraciət etməsi bövsiyyə olunmuşdur. Həmçinin, qeyd edilmədilir ki, Cavabdeh1 apellyasiya baxışı zamanı verdiyi izahatında da analoji halları bildirərək, iddiaçıdan 186000 ABŞ dolları pul almasını, həmin pulu qaytaracağını göstərmiş, aralarında barışıq sazişinin bağlanması üçün vaxt istəmiş, lakin sonradan naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişdir. Göründüyü kimi, işdə olan sübutlarla Cavabdeh1 tərəfindən iddiaçıdan həqiqətən 186000 ABŞ dolları borc pul alınması, lakin tələb olunmasına baxmayaraq pulun qaytarılmaması müəyyən edilmişdir. Cavabdeh bunun əksini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmşdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Belə olan halda isə məhkəmə kollegiyası hesab edir ki, iddia Cavabdeh1 münasibətdə əsaslıdır. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, iddia digər Cavabdeh2 münasibətdə təmin oluna bilməz. Çünki, pulun həmin cavabdeh tərəfindən alınmasına dair işdə hər hansı sübut mövcud deyildir (iddiaçı tərəf bu istiqamətdə məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir). Mülki qanunvericilikdə nəzərdə tutulan müqavilə növlərindən biri də borc müqaviləsidir. Borc müqaviləsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (MM-nin 739.1-ci mad.) MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Birinci instansiya məhkəməsi isə qeyd edilən halları nəzərə almamış, iş üzrə tam və hərtərəfli araşdırma aparmamışdır. Bu səbəbdən də, qətnamə əsaslı və qanuni sayıla bilməz. Bu hal isə, MPM-in 385.1.1, 385.1.4-cü maddələrinə əsasən qətnamənin ləğvinə tam əsasdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı, iddia qismən təmin olunmalı, Cavabdeh1 iddiaçının xeyrinə 186000 ABŞ dolları (ödənildiyi anda Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) pul tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası iddianın təmin olunması nəticəsinə gəldiyindən hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 aid edilməli, həmin məbləğ sonuncudan iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «pul tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)-1800/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)- 1800/2020 saylı qətnaməsi ləğv olunsun, iddia qismən təmin olunsun. Cavabdeh1 İddiaçı xeyrinə 186000 (bir yüz səksən altı min) ABŞ dolları (ödənildiyi anda Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) pul, həmçinin ödənilmiş dövlət rüsumu ilə əlaqədar 30 (otuz) manat tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6464/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6464/2020
10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver