Məhkəmə qərarları › İş №2(103)-6465/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6465/2021

29.07.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6465/2021 29.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, cavabdeh - Azərbaycan Respublikası Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin 8 nömrəli Bakı Peşə Liseyinin vəkili Vəkil iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin 8 nömrəli Bakı Peşə Liseyinə qarşı “intizam tənbehinin tətbiqi barədə əmrin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin 8 nömrəli Bakı Peşə Liseyinə (Lisey) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Liseyin direktoru tərəfindən ona töhmət elan edilməsi barədə 18 noyabr 2020-ci il tarixli 79 saylı əmrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Liseyin direktoru X1 Məcəlləsinin 186cı maddəsinin 2-ci hissəsinin “a” bəndini əsas götürərək, intizam tənbehinin tətbiqi barədə 18 noyabr 2020-ci il tarixli 79 saylı əmri ilə X3 üzrə direktor müavini əvəzinin 16 oktyabr 2020-ci il tarixli məlumatına, X3 üzrə direktor müavini əvəzi Nümayəndə, baş usta Ç.İsmayılov, kadrlar və xüsusi işlər üzrə inspektor N.Novruzova, 235 №-li qrupun istehsalat təlimi ustası S.Əsgərovanın tərtib etdiklərı 16 oktyabr 2020-ci il tarixli akta və Həmkarlar Təşkilatının 18 noyabr 2020-ci il tarixli 85 saylı Protokoluna əsasən əmək funksiyasının icrasında yol verdiyi nöqsanlara görə ona töhmət elan etmişdir. Hesab edir ki, həmin əmr qanunsuz və əsassızdır, çünkü Covid-19 pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə bütün təhsil müəssisələrində tədrisin distant formada olduğu vaxtda Tİİ direktor müavini əvəzi Nümayəndə 16 oktyabr 2020-ci il tarixli saxta məlumatı, 16 oktyabr 2020-ci il tarixində Tİİ üzrə direktor müavini əvəzi Nümayəndə, baş usta Ç.İsmayılov, kadrlar və xüsusi işlər üzrə inspektor N.Novruzova, 235 №-li qrupun istehsalat təlimi ustası S.Əsgərovanın tərtib etdikləri saxta akt və Həmkarlar Təşkilatının 18 noyabr 2020-ci il tarixində tərtib etdikləri saxta protokol direktorun onu işdən çıxarmaq niyyətini həyata keçirmək məqsədini daşıyır. Həmin məlumatın, aktın və protokolun varlığından direktorun intizam tənbehi barədə əmrini poçt vasitəsilə alarkən xəbər tutmuşdur. Mərkəzi Klinika Sağlamlıq Qurumunun 16 oktyabr 2020-ci il tarixli, 36829 saylı tibbi arayışına əsasən Hipertoniya xəstəliyi ilə klinikaya 15 oktyabr 2020-ci il tarixdə müalicə almaq üçün daxil olmuş və həmin tarixdə 3 (üç) gün ərzində ambulator müalicə almaq üçün evə yazılmışdır. Klinikanın qeyd olunan arayışı direktorun göstərişi ilə tərtib olunan məlumatların, aktların və Həmkarlar iclası protokolunun saxta olmasını tam sübuta yetirir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla birinci instansiya məhkəməsinin işi hərtəfli araşdırmadığını, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadığını, maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu irəli sürmüşdür. İşə baxılmasının yeri və vaxtı barəsində dəfələrlə məlumatlandırılmış iddiaçı məhkəməyə gəlməmiş, məhkəmə iclasında iştirak edən cavabdeh təşkilatın vəkili isə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdeh təşkilatın vəkilini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına əsasən, İddiaçı Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin 8 nömrəli Bakı Peşə Liseyində Azərbaycan dili və ədəbiyyat fənni üzrə müəllim işləmiş və Liseyin direktorunun 18.11.2020-ci i tarixli 79 saylı əmri ilə ona, əmək funksiyasının icrasında yol verdiyi nöqsanlara görə töhmət elan edilmişdir. İşin hallarından aydın olur ki, həmin əmrin verilməsinə Liseyin Tİİ üzrə direktor müavini əvəzi V. Əhədovun 16.10.2020-ci il tarixli məlumatı, V. Əhədov, baş usta Ç. İsmayılov, kadrlar və xüsusi işlər üzrə inspektor N. Novruzova, 235 nömrəli qrupun istehsalat təlimi ustası S. Əsgərovanın tərtib etdikləri 16.10.2020-ci il tarixli akt və Həmkarlar Təşkilatının 18 noyabr 2020-ci il tarixli 85 saylı Protokolu əsas təşkil etmiş, sözügedən məlumatda, aktda və protokolda İddiaçı 16.10.2020-ci il tarixdə Azərbaycan dili fənnindən əyani dərs keçməli olduğu halda işə çıxmadığı, əyani dərs keçməli olması barədə ona 15.10.2020-ci il tarixində və 16.10.2020-ci il tarixində telefon zəngləri edildiyi, həmçinin 15.10.2020-ci il tarixində “8 saylı BPL whatsapp qrupu”nda paylaşım olunduğu, həm də iddiaçının şəxsi whatsappına məlumat göndərildiyi, lakin onun 16.10.2020-ci il tarixində işə çıxmayaraq bu barədə məlumat vermədiyi, İddiaçı distant formada heç bir dərs keçmədiyi, jurnalları yazmadığı göstərilmişdir. İş materiallarında olan, 8 saylı Bakı Peşə Liseyinin Həmkarlar İttifaqı Komitəsinin sədri Xalidə Mənsimli tərəfindən İddiaçı ünvanlanmış 05.11.2020-ci il tarixli müraciət məktubunun və poçt xəbərnaməsinin surətlərindən görünür ki, iddiaçıdan hansı səbəbdən dərslərdə iştirak etmədiyi haqda məlumat verilməsi xahiş edilmişdir. 8 saylı Bakı Peşə Liseyinin direktorunun iş materiallarına əlavə edilmiş 19.04.2021ci il tarixli 45 saylı arayışında göstərilmişdir ki, İddiaçı 14.01.2020-ci il tarixdən etibarən Liseylə əlaqəsini kəsmiş, telefon və məktub vasitəsilə bir neçə dəfə onunla əlaqə saxlanılaraq tədris etdiyi fənlərin proqramlarını təsdiq etdirməyi, jurnalları yazmağı, dərsləri “Teams” proqramı vasitəsilə keçməyi, summativ qiymətləndirmələri aparmağı xahiş və tələb etsələr də, İddiaçı bu tələblərin heç birini yerinə yetirməmiş, tədris prosesini zəiflətmiş və onun inkişafına maneələr törətmişdir. İş materiallarında olan, 8 nömrəli Bakı Peşə Liseyinin direktoru tərəfindən verilmiş 07.10.2020-ci i tarixli 69 saylı əmrin surətindən görünür ki, əmək funksiyasının icrasında yol verdiyi nöqsanlara görə İddiaçı xəbərdarlıq elan edilmişdir. Apellyasiya baxışı zamanı həmçinin müəyyən olunmuşdur ki, cavabdeh təşkilatın 03 may 2021-ci il tarixli əmri ilə İddiaçıla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən həmin tarixdən xitam verilmişdir. Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə görə, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Həmin Məcəllənin 186-cı maddəsinin 3-cü hissəsinə görə, işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Məcəllənin 187-ci maddəsinə görə, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Kollegiya hesab edir ki, iddiaçıya intizam tənbehinin verilməsinə əsas olan pozuntu, yəni 16.10.2020-ci il tarixdə Azərbaycan dili fənnindən əyani dərs keçməli olduğu halda işə çıxmaması halı öz təsdiqini tapmış, iddiaçı həmin pozuntuya yol vermədiyi barədə heç bir sübut təqdim etməmiş, məhkəmə proseslərinə də gəlməyərək bu cür sübutların əldə olunmasına təşəbbüs göstərməmişdir. İddiaçının, “15.10.2020-ci il tarixdə ambulator müalicə üçün tibb müəssisəsinə müraciət etdiyi, həmin tarixdə ona İİ mərhələ hipertoniya xəstəliyi diaqnozu qoyulduğu və üç gün ərzində evdə müalicə almasının tövsiyə edildiyi” arqumenti ilə bağlı kollegiya qeyd edir ki, ona töhmət yalnız 16.10.2020-ci il tarixdə əyani dərs keçmədiyi üçün iş yerinə gəlmədiyinə görə deyil, həmçinin Həmkarlar İttifaqı Komitəsinin ümumi iclasının 85 nömrəli 18.11.2020-ci il tarixli protokolunda qeyd olunan digər nöqsanlara görə (həmin tarixə qədər distant dərsləri keçməməsi, jurnalları yazmaması və s.) verilmiş, o, xəstəliyi ilə bağlı müvəqqəti əmək qabiliyyətsizliyi barədə vərəqə almamış və işyerinə təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 390 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-679/2021 saylı iş üzrə 23 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar