Məhkəmə qərarları › İş №2(103)-6466/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6466/2025

14.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6466/2025 14.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: əsassız borcun silinməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Səadət Rəşid qızı X5 Şirinovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4562/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan AZ-İİ seriyalı 463594 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölmüşdür.

2. İş materiallarında olan AZ-İ seriyalı 791930 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə X3 xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsində nikahlarını bağlamışlar və nikah bağlandıqdan sonra arvada Şeydabəyova soyadı verilmişdir.

3. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının ünvanında quraşdırılmış sayğaca baxış keçirilmiş və sayğacın gövdəsinin üst hissəsinin deformasiya uğradığı, yivli birləşməsində korroziya izi, plomb yuvasının ətrafının zədəli olduğu, xx.xx.2018-ci il tarixində Alarm-1 rejimi aşkar olunmuşdur.

4. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2019-cu il tarixli tələbnamənin surətindən görünür ki, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan sol metrologiya plomb yuvasının ətrafı zədəlidir. Sayğacda ALARM-1 rejimi aşkar olunub. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının ünvanında quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin qazdan qeyriqanuni sayğacdan kənar istifadə etdiyi aşkar olunmuşdur.

5. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2020-ci il tarixli tələbnamənin surətindən görünür ki, fərdi evdə “Qazdan istifadə Qaydalarının” tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının ünvanında quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin qazdan qeyriqanuni sayğacdan kənar istifadə etdiyi aşkar olunmuşdur.

6. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2020-ci il tarixli tələbnamənin surətindən görünür ki, fərdi evdə “Qazdan istifadə Qaydalarının” tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının ünvanında quraşdırılmış sayğaca baxış keçirilmiş və sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin alt hissədən deşildiyi aşkar olunmuşdur.

7. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamənin surətindən görünür ki, sayğacın hesablama mexanizminin qoruyucu şüsəsi alt hissədən deşildiyi aşkar olunmuşdur.

8. İş materiallarında olan abonent saldosundan görünür ki, İddiaçı yaşadığı fərdi yaşayış evində qaz sərfinə görə xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 469.80 manat məbləğində borc, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 756 manat məbləğində borc, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat məbləğində borc və xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 520 manat məbləğində borc hesablanmışdır. Aktlar iddiaçının mərhum əri X1 adına tərtib edilmiş, sonuncu xx.xx.2024cü il tarixdə ölmüşdür.

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Cavabdehnə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2019- cu il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı və xx.xx.2022-ci il tarixli ******* saylı aktlara əsasən dəymiş zərər kimi müəyyən olunan ümumilikdə 1997,80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən həyət evi ona məxsusdur. Həmin ünvana quraşdırılmış qaz sayğacı üzrə abonent hesabı mərhum əri - X1 adınadır. Əri xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Bir müddət əvvəl müəyyən etmiş ki, **********00000 saylı abonent hesabında manat borc yazılmışdır. Borcun yazılma səbəbini araşdırmaq üçün Bakı Regional qazın Satışı Departamentinə müraciət edəndə ona sənədlər təqdim edildi. Təqdim edilmiş sənədlərə əsasən müəyyən etmiş ki, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, ******* saylı akta və həmin tarixli tələbnaməyə əsasən ünvan 1 ünvanında yerləşən həyət evinə aid qaz sayğacında aşkarlanan qüsurlara görə 4698 kubmetr qaz itkisini dəymiş ziyan kimi müəyyən etmişlər. Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020- ci il tarixli, ******* saylı akta və həmin tarixli tələbnaməyə əsasən xx.xx.2020-ci il tarixdə Cavabdeh əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən həyət evinə aid qaz sayğacına baxış keçirilmiş, guya ki, evində sayğacdan kənar qazdan istifadə etmə halı aşkarlandığına görə, 7560 kubmetr qaz itkisini dəymiş ziyan kimi hesablamışlar. Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, ******* saylı akta və həmin tarixli tələbnaməyə əsasən xx.xx.2020-ci il tarixdə Cavabdeh əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən həyət evinə baxış keçirilmiş, guya ki, evində növbəti dəfə sayğacdan kənar qazdan istifadə etmə halı aşkarlandığına görə, 2520 kubmetr qaz itkisini dəymiş ziyan kimi hesablamışlar. Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022- ci il tarixli, ******* saylı akta və xx.xx.2022-ci il tarixli tələbnaməyə əsasən xx.xx.2022-ci il tarixdə Cavabdeh əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən həyət evinə baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin alt hissədən deşildiyi aşkar olunmuş və bu səbəbdən 4320 kubmetr qaz itkisini dəymiş ziyan kimi hesablamışlar. Göründüyü kimi Cavabdeh əməkdaşları ona heç bir məlumat vermədən, qaz sayğacını başqa sayğacla əvəz etmiş, sayğacda aşkarlanan qüsurlara görə onun təqsirini sübut etmədən, 9018 kubmetr qaz itkisi, həmçinin sayğacdan kənar qazdan istifadə etmədiyi halda, sayğacdan kənar qazdan istifadə etmə halına görə 10080 kubmetr qaz itkisi hesablayaraq onun hesabına ümumilikdə 1997.80 manat borc yazmışlar. Cavabdeh aktları ilə razı deyildir. Çünki o, heç vaxt sayğacdan kənar qazdan istifadə etməmişdir. Cavabdeh əməkdaşları yalnışlığa yol vərərək, onun sayğacdan kənar qazdan istifadə etdiyini zənn edərək, akt tərtib etmişlər. Həmçinin evindən çıxarılmış qaz sayğacında baş verən nasazlıq onun müdaxiləsi və ya səhvi ucbatından baş verməyib. Cavabdeh aktlarında sayğacda aşkarlanan qüsur kimi sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin alt hissədən deşildiyi qeyd olunub. Sayğacın küçədə yerləşdiyini nəzərə alsaq, istənilən bir şəxs sayğaca zərər vura bilər. Həmçinin sayğac çıxarıldıqdan sonra xüsusi qablaşdırmaya yerləşdirilərək yoxlanılması üçün laboratoriyaya aparılmalı olduğu halda Cavabdeh əməkdaşları bunu da etməmişlər. Belə olan halda sayğac yoxlamaya aparılarkən də yolda müəyyən zədələrə məruz qalmışdır. Hesab edir ki, həmin sayğacda olan qüsurlara görə o, məsuliyyət daşımır. Onun sayğacın hesablama mexanizminin qoruyucu şüşəsini zədələməyi üçün heç bir, səbəb, əsas və sübut da yoxdur. Bildiyiniz kimi fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı həyata keçirir.

11. Cavabdeh nümayəndəsi Zumrud Alıeva xx.xx.2025- ci tarixdə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, iddiaçıya hesablanmış faktiki istehlak etdiyi və müqavilə üzrə dəyərini ödəmək vəzifəsi daşıdığı qaz sərfiyyatına görə hesablanmış qaz borcunun silinməsi barədə iddia ərizəsinin heç bir faktiki və hüquqi əsası olmadığından iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə hesablanmış 1997,80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bildirir ki, iddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********00000 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış 1202AQ**********3 nömrəli sayğac çıxarılaraq yoxlanılması üçün Cavabdeh İB-nin Metrologiya Departamentinin laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” 29/1710-02923- 1 saylı Akta əsasən “sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan sol metrologiya plomb yuvasının ətrafı zədəlidir. Sayğacda ALARM-1 rejimi aşkar olundu” qaz itkisi, müdaxilə barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2019-cu il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2019-cu il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 4698 m3 təşkil etmişdir. Hesablanmış 469,80 manat məbləğində dəymiş ziyan 2019-cu ilin noyabr ayından abonentin koduna yerləşdirilmişdir. Həmçinin, **********1 nömrəli sayğac çıxarılaraq yoxlanılması üçün Cavabdeh İB-nin Metrologiya Departamentinin laboratoriyasına göndərilmiş və “Qaz sayğacının yoxlanılması barədə” 29/1710-01341-1 saylı Akta əsasən “sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi alt hissədən deşilib” qaz itkisi, müdaxilə barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2022-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 4320 m3 təşkil etmişdir. Hesablanmış 518,20 manat məbləğində dəymiş ziyan 2022-ci ilin aprel ayından abonentin koduna yerləşdirilmişdir. Həmçinin, iddia tələbinin əsasını iddiaçının (**********00000 istehlakçı hesabı üzrə) qaz xəttinə qanunsuz qoşulması nəticəsində hesablanmış 1004 manat borcun silinməsi təşkil edir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan iddiaçının mənzilinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixdə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi aşkar olunmuş, həmin faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq ******* və ******* nömrəli aktlar, tərtib edilmiş və 1004 manat Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Eyni zamanda iddia ərizəsində qeyd edildiyi kimi fotoşəkillərdə də qaz xəttlərinin boru vasitəsi ilə birləşdirildiyi aşkar görünür. Beləliklə müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində Cavabdeh İB-yə vurulmuş maddi zərərlə bağlı borcun silinməsi barədə iddia tələbi əsassızdır. Tərəflər arasında imzalanmış, «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı- satqısı Müqaviləsi»nin 2.3.1-ci bəndinin tələblərinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir. Həmin müqavilənin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir.

13. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4562/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Şəbnur Qədirova) iddianın təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı yaşadığı ünvana quraşdırılmış qaz sayğacına (**********00000 saylı abunə koduna) xx.xx.2019-cu il tarixli ******* saylı akt, xx.xx.2020-ci il tarixli ******* saylı akt, xx.xx.2020-ci il tarixli ******* saylı akt və xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 1997.80 manat məbləğində borcun silinməsi, Cavabdehndən 39.97 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 560.1, 560.2, 560.3.5.2-ci maddələrinə, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 9-cu bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2, 4.6, 4.7, 4.8-ci bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 1.1, 1.3, 1.4, 3.4.1, 6.5, 6.6, 6.7-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 124.1, 217.4, 360-cı maddələrinə, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2, 9.1.5, 9.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin və iddianın təmin edilməməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Bu əsasla 2(008)-4562/2025 saylı qətnamə tamamilə ləğv edilməlidir. Belə ki, Cavabdeh İB-ninəməkdaşları tərəfindən istehlakçıya məxsus **********00000 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış 1202AQ**********3 nömrəli sayğac çıxarılaraq yoxlanılması üçün Cavabdeh İB-nin Metrologiya Departamentinin laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” 29/1710-02923-1 saylı Akta əsasən “sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan sol metrologiya plomb yuvasının ətrafı zədəlidir. Sayğacda ALARM-1 rejimi aşkar olundu” qaz itkisi, müdaxilə barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2019-cu il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2019-cu il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 4698 m təşkil etmişdir. Hesablanmış 469,80 manat məbləğində dəymiş ziyan 2019-cu ilin noyabr ayından abonentin koduna yerləşdirilmişdir. Həmçinin, **********1 nömrəli sayğac çıxarılaraq yoxlanılması üçün Cavabdeh İB-nin Metrologiya Departamentinin laboratoriyasına göndərilmiş və “Qaz sayğacının yoxlanılması barədə” 29/1710-01341-1 saylı Akta əsasən “sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi alt hissədən deşilib” qaz itkisi, müdaxilə barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2022-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 4320 m təşkil etmişdir. Hesablanmış 518,20 manat məbləğində dəymiş ziyan 2022-ci ilin aprel ayından abonentin koduna yerləşdirilmişdir. Həmçinin, iddia tələbinin əsasını iddiaçının (**********00000 istehlakçı hesabı üzrə) qaz xəttinə qanunsuz qoşulması nəticəsində hesablanmış 1004 manat borcun silinməsi təşkil edir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan iddiaçının mənzilinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixdə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi aşkar olunmuş, həmin faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq ******* və ******* nömrəli aktlar, tərtib edilmiş və 1004 manat Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Eyni zamanda iddia ərizəsində qeyd edildiyi kimi fotoşəkillərdə də qaz xəttlərinin boru vasitəsi ilə birləşdirildiyi aşkar görünür. Göründüyü kimi iddiaçıqanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə Cavabdeh İB-yə dəfələrlə ziyan vurmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara düzgün hüquqi qiymətin verilməsini təmin etməmiş, səhv nəticəyə gələrək əsassız qətnamə qəbul etmişdir. Bildirir ki, iddiaçı sayğacdan kənar qaz xəttinə özbaşına qoşulmuş və o, təbii qazdan qanunsuz olaraq istifadə etmişdir. Bu halı aşkarlayan cavabdehin əməkdaşları belə halın qanunazidd olmasını, bu faktın Qazpaylayıcı şəbəkəyə zərər vurduğunu bildirərək qeyri-qanuni qoşulmanı ləğv etmişlər. Daha sonra artıq aşkar olunmuş maddi zərərin dəyməsi ilə nəticələn qanunazidd hərəkətlə bağlı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt tərtib edilmiş və həmin akt əsasında tərtib edilmiş tələbnaməyə əsasən dəymiş zərərin miqdarı müəyyənləşdirilərək abonent saldosuna iddiaçı tərəfindən könüllü ödəməsi məqsədi ilə yerləşdirilmişdir. Bu danılmaz faktdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş və bununla da mübahisələndirilən qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

18. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak etməmə səbəbi barədə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu

20. Maddə 13.9. məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın

21. 1.1-ci bəndinə əsasən bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir.

22. 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir.

23. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.

24. 3.4.1-ci bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır.

25. 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

26. 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

27. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

28. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

29. 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

30. 6.6-cı bəndinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir.

31. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

32. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

33. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür

34. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

35. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

36. 560.3.5.2-ci maddəsinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. Maddi 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

42. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

43. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

46. Hazırki halda cavabdeh qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4562/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

49. Kollegiya hesab edir ki, iddiaçı əsassız olaraq hesablanmış borcun abonent hesabından silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməsinə dair gəldiyi nəticə qanuni və əsaslıdır.

50. Kollegiya qeyd edir ki, zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, zərərvuran şəxsin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir.

51. İşin mübahisələndirilən hallarından görünür ki, cavabdeh iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğaca müdaxilə edilməsi hallarının aşkarlanması əsası ilə iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə xx.xx.2019-cu il tarixli ******* saylı və xx.xx.2022-ci il tarixli ******* saylı aktlar əsasında 989.80 (469.80+520) manat vurulmuş ziyan tələb etmişdir. Eyni zamanda iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaca baxış keçirilən zaman cavabdeh tərəfindən abonentin təbii qazdan kənar xətt vasitəsi ilə istifadə etməsi hallarının aşkarlanması əsası ilə cavabdeh iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə xx.xx.2020-ci il tarixli ******* saylı aktın əsasında 756 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat vurulmuş ziyanın ödənilməsini tələb etmişdir.

52. Kollegiya xx.xx.2019-cu il tarixli ******* saylı və xx.xx.2022-ci il tarixli ******* saylı aktlar əsasında hesablanmış 989.80 (469.80+520) manat ziyanın ödənilməsinə münasibətdə qeyd edir ki, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilməmişdir. Qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıyır. Habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 989.80 manat borcun silinməsi hissəsində iddia tələbini təmin etməkdə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Borcun yaranmasına dair əsaslı və mötəbər sübutları cavabdeh məhkəməyə təqdim edə bilməməmişdir. Qanunvericilikdə həmin aktların qəbul olunması üçün əsas olan halları sübut etmək vəzifəsi aktı qəbul etmiş orqanın üzərinə qoyulmuşdur. Cavabdeh təşkilatın istinad etdiyi halları, yəni zərərin hesablanmasına səbəb olmuş aktın qəbul edilməsi üçün əsas olmuş halları və aktın doğruluğunu sübut etmək vəzifəsi prosessual qanunvericiliyin tələblərinə əsasən aktı tərtib etmiş orqanın üzərinə düşür ki, iddiaçı tərəfindən qəbul edilməyən hallar sübuta yetirilmədiyindən həmin aktlar üzrə hesablanmış zərər də əsaslı hesab edilə bilməz.

53. AR MPM-in 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli və hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.

55. Məhkəmə kollegiyası qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

56. Kollegiya eyni zamanda itirilmiş qazın bərpası məqsədilə xx.xx.2020-ci il tarixli ******* saylı və xx.xx.2020-ci il tarixli ******* saylı aktlar əsasında hesablanmış 756+252=1008 manat ziyan məbləğinə münasibətdə qeyd edir ki, iş materiallarında olan sübutlarla (fotoşəkillərlə) İddiaçı qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan istifadə etməsi faktı öz təsdiqini tapmamışdır. Belə ki, həmin fotoşəkillərlə iddiaçının evinə gedən qaz xəttinə qanunsuz qoşulma halını müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, cavabdeh tərtib olunmuş aktlar üzrə hesablanmış digər 1008 manat borcun da iddiaçının hüquqazidd hərəkətləri nəticəsində yaranmasını sübut edə bilməmişdir.

57. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, cavabdeh təşkilatın istinad etdiyi halları, yəni zərərin hesablanmasına səbəb olmuş aktın qəbul edilməsi üçün əsas olmuş halları və aktın doğruluğunu sübut etmək vəzifəsi prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehin üzərinə düşür ki, iddiaçı tərəfindən qəbul edilməyən hallar sübuta yetirilmədiyindən həmin aktlar üzrə hesablanmış zərər də iddiaçıdan tutula bilməz. Apellyasiya şikayətində göstərilənlər işin halları ilə təkzib olunduğundan apellyasiya şikayəti təmin edilə və məhkəmənin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

58. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi tam təmin olunduğundan, iddiaçı da istehlakçı olaraq dövlət rüsumu ödəməkdən azad olunduğundan cavabdehdən 39.97 manat məbləğində dövlət rüsumu alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir.

59. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

60. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

61. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

62. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

63. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4562/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar