Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6467/2025 06.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mənzilə göstərilən xidmət haqqının tutulması tələbinə dair mülki iş üzrə (açar sözlər: mənzilə göstərilən xidmət haqqının tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Bayramlı Möhtəbər Arif qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə göstərilən xidmət haqqının tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli, e- 2(007)-2008/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı 11 avqust 2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.
2. “Yaşayış binasında mənzil tikintisi haqqında” xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən "xxxx" MTK-nın ünvan 1 ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış binalarının zirzəmisində sahəsi 228 kv.m olan qeyri-yaşayış sahəsini payçı Cavabdeh verməyi, payçı isə həmin qeyri-yaşayış sahəsini qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş sahə haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
3. "xxxx" MTK-nın xx.xx.2013-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MTK-nın ünvan 1 ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış binalarının zirzəmisində sahəsi 228 kv.m olan qeyri-yaşayış sahəsinin sahibidir. Qeyri-yaşayış sahəsinin dəyəri tam ödənilmişdir, kooperativə heç bir borcu yoxdur.
4. xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən Cavabdeh "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən tikməkdə olan yaşayış binasında Cavabdeh xx.xx.2013-cü il tarixdə verilən istifadəsində və sahibliyində olan pay hüququ üzrə ona məxsus olan 73 kv.m sahəni icarəçi X2 xx.xx.2022-ci il tarixədək aylıq 300 manat icarə haqqı ödənilməklə icarəyə vermişdir.
5. Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin üzvü olan/olmayan sahə mülkiyyətçisi ilə mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti arasında çoxmənzilli binanın idarə edilməsinə dair xx.xx.2022-ci il tarixli, 332 nömrəli müqavilədən və müqaviləyə əlavə 2-dən görünür ki, ünvan 7-də yerləşən ümumi sahəsi 228 kv.m olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olaraq Cavabdeh müqavilədə qeyd olunan xidmətlər göstərməyi və işlər yerinə yetirməyi, hər ay komunal haqqını ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh həmin sahə üzrə 68 manat kommunal haqqını hər ay ödəməyə razı olmuşdur.
6. İddiaçı MMMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, İddiaçı MMMC Cavabdeh üç gün ərzində komunal haqqını İddiaçı MMMC-nin bank hesabına və ya kassasına ödəniş təmin edilməsə, borcun alınmasının məhkəmə qaydasında tələb olunacağını və bütün bu proses üzrə çəkilən xərclərin məhkəmə qaydasında ondan tələb olunacağını bildirmişdir.
7. İddiaçı MMMC-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, cavabdehin 2020-ci ilin aprel ayından 2025-ci ilin iyul ayına kimi qeyri-yaşayış sahəsinin (zirzəminin) saxlama xərclərinə görə 4377,60 manat, oyun salonunun saxlama xərclərinə görə 1497,60 manat olmaqla ümumilikdə 5875,20 manat borcu vardır.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı MMMC iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehdan mənzilə göstərilmiş xidmətə görə ödənilməmiş 5875,2 manat, hüquqi yardım üçün ödənilmiş 320 manat xidmət haqqının, həmçinin ödənilmiş 82 manat dövlət rüsumunun və çəkilmiş 3 manat poçt xərci olmaqla ümumlikdə 6280,2 manat məbləğində pulun cavabdehdən tutulub İddiaçı MMMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MTK-nın ünvan 4 ünvanında inşa etdirdiyi çoxmərtəbəli, 4 girişli və 1 girişli 2 yaşayış binasının Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 504 nömrəli və xx.xx.2017-ci il tarixli, 448 nömrəli “İstismara qəbul edilmiş obyektin dövlət qəbul komissiyası aktının təsdiq olunması haqqında” Sərəncamları ilə istismara qəbul edildikdən sonra hər 2 binanın “Sahə Mülkiyyətçilərinin böyük əksəriyyətinin xx.xx.2020-ci il və 11 avqust 2020-ci il tarixli “Ümumi Yığıncağı”nın Qərarlarına əsasən müstəqil təsərrüfat subyekti olmaqla İddiaçı” (İddiaçı MMMC) adlı qeyri-kommersiya təşkilatı yaradılmış və yaradılmış Cəmiyyət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin 11 avqust 2020-ci il tarixli, 1120-MM7-0180 saylı Qərarı ilə ”Nizami-11” MMMC adı altında dövlət qeydiyyatına alınmış və bu Qərar ilə ünvan 5 ünvanında yerləşən hər 2 binanın yerləşdiyi 0,7 torpaq sahəsində yerləşən bütün yaşayış və qeyri-yaşayış sahələri ”Nizami- 11” MMMC-nin idarəçiliyinə keçmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 122.1.3-ci maddəsinə əsasən Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək hüququ vardır. İddiaçı MMMC qeyd olunan bu qanunun tələbinə əsasən binanın əmlakının saxlanması üçün ödəniş haqları müəyyən edilməsi haqqında qərar qəbul etmişdir. Belə ki, İddiaçı MMMC “Ümumi Yığıncağı”nın həmin qərarına əsasən binaların saxlanması ilə bağlı çəkilən xərclərin (işçilərin əmək haqqı – 2910 manat, DSMF-na köçürmələr – 778 manat, İşsizlik fonduna köçürmə – 32 manat, su vurma motorlarının sərf etdiyi Elektrik enerjisi xərcləri orta aylıq xərci – 1300 manat, liftlərin servis xidməti haqqı – 800 manat, Zibilin daşınması 450 manat, telefon və ASAN imzanın saxlanması xərci 20 manat, bank xərcləri 20 manat, təsərrüfat (süpürgə, təmizlik bezləri, dəftərxana ləvazimatı və s.) 130 manat, su pulu və qrunt sulara dair xərc- 30 manat, vergi və sair hesabatların verilməsi – 100 manat, sair gözlənilməz xərclər (zirzəmiyə dolan suların çəkilməsi, liftlərin xarab olmuş hissələrinin yenisi ilə əvəzlənməsi və s.) – 197, cəmi 6797 manat), binalarda mülkiyyəti olan hər bir mülkiyyətçinin mülkiyyətində olan əmlakın hər bir kv.m-nə görə 0,22 (iyirmi iki qəpik) manat, binanın təmiri və sair xərclər üçün isə 0,08 (səkkiz qəpik) manat, cəmi isə hər 1 (bir) kv.m sahəyə görə 0,30 (otuz qəpik) manat müəyyən edilmişdir. İddiaçı MMMC ilə Cavabdeh arasında “Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olan/olmayan sahə mülkiyyətçisi ilə mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti arasında çoxmənzilli binanın idarə edilməsinə dair” xx.xx.2020-ci il tarixli, 332 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən “İdarəedici təşkilat” ünvan 6 ünvanında yerləşən çoxmənzilli binanın idarə edilməsini, çoxmənzilli binanın bu müqavilənin 1 nömrəli əlavəsində göstərilən ümumi əmlakın saxlanması və təmiri üzrə bu Müqavilənin 2 nömrəli əlavəsində qeyd olunan xidmətlər göstərməyi və işlər yerinə yetirməyi, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti həyata keçirməyi öhdəsinə götürmüşdür. “Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olan/olmayan sahə mülkiyyətçisi ilə mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti arasında çoxmənzilli binanın idarə edilməsinə dair” xx.xx.2020-ci il tarixli, 332 nömrəli müqavilənin Əlavə 2-i ilə ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 228 m2 olan qeyri yaşayış sahəsinin (sahə) mülkiyyətçisi Cavabdeh aşağıdakı tariflə yaşayışın/qeyri yaşayışın sahəsi 228 m2 məbləği 68,4 manat və ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 78 m2 olan qeyri yaşayış sahəsinə (playstation) münasibətdə isə 23,4 manat kommunal haqqını hər ay ödəməyi öhdəsinə götürmüşdür. Yuxarıda qeyd olunanlardan dolayı, ünvan 7 ünvanında yerləşən hər iki qeyri-yaşayış sahəsinə münasibətdə Cavabdeh binanın saxlanması üçün müəyyən olunan ödənişləri vaxtında ödəməməsi (ödənişlər 64 aydır ki, edilmir) nəticəsində, hazırda onun bu xərclərdən dolayı İddiaçı MMMC-yə 5875,2 (beş min səkkiz yüz yetmiş beş manat iki qəpik) manat məbləğində borcu yaranmışdır. Eyni zamanda, iddia ərizələrində göstərilən cavabdehə qeyd olunan borc məbləğlərinin ödənilməsi barədə pretenziyanın göndərilməsi üçün tərəflərindən poçt xərcləri çəkilmişdir. Belə ki, cavabdehin hər iki ünvanına (həmin pretenziyalar həm cavabdehlərin faktiki yaşadığı ünvanlara, həm də, onların MAPS arayışları üzrə rəsmi qeydiyyatda olduğu ünvanlara göndərilmişdir) pretenziyalar göndərilərkən 3 manat məbləğində poçt xərcləri çəkilmişdir.
10. Cavabdeh xx.xx.2025-ci il tarixində məhkəməyə elektron qaydada ərizə verərək, bildirmişdir ki, iddia müddəti ötürülmüşdür. Belə ki, iddia müddəti keçmiş tələblərə baxıldıqda, cavabdeh iddiaçının tələbinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verdikdə iddia rədd edilir, çünki iddia tələbi 2020-ci ildən olan tələblə bağlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. İddia müddətinin tətbiq edilməsi barədə ərizə birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilənə kimi verilir. Bu ərizə iddia ərizəsi icraata qəbul ediləndən məhkəmə qətnamə çıxarmaq üçün müşavirə otağına gedənə kimi təqdim edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən iddia müddəti ötürüldüyündən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
11. Eyni zamanda, Cavabdeh iddia tələbinə etiraz verərək bildirmişdir ki, iddia tələbi qanunsuz və əsassızdır, çünki həm iddia müddəti ötürülməklə məhkəməyə verilmiş, həm də iddiaçı ona mənzillə bağlı heç bir xidmət göstərməmiş və ya göstərdiyini sübut edə bilməmişdir. İddiaçının 31 iyul 2025-ci il tarixli arayışında playstationla bağlı saxlama xərclərinin olduğunu göstərmişdir lakin onunla iddiaçı arasında olan 23 iyun 2022-ci il tarixli müqavilədə playstation yox, sahəsi 228 kv.m olan qeyri-yaşayış sahəsi göstərilmişdir. Yəni 78,0 m2 olan playstation 23 iyun 2022-ci il tarixli müqavilədə qeyd olunmayıb və bu da iddiaçının iddia tələbinin bir daha əsassız olduğunu göstərir. İddiaçının vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində qeyd etmişdir ki, guya iddiaçı “Mənzil mülkiyyətçiləri Müştərək Cəmiyyətinin üzvü olan/olmayan sahə mülkiyyətçisi ilə mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti arasında çoxmənzilli binanın idarə edilməsinə dair” xx.xx.2020-ci il tarixli, 332 nömrəli müqavilənin Əlavə 2-i ilə ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 228 m2 olan qeyri-yaşayış sahəsinin (sahə) mülkiyyətçisi Cavabdeh aşağıdakı tariflə yaşayışın/qeyri yaşayışın sahəsi 228 m2, məbləği 68,4 manat və ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 78 m2 olan qeyri-yaşayış sahəsinə (playstation) münasibətdə isə 23,4 manat kommunal haqqını hər ay ödəməyi öhdəsinə götürmüşdür. Halbuki bu da əsassızdır, çünki onunla iddiaçı arasında müqavilə münasibətləri 23 iyun 2025-ci il tarixində “Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin üzvü olan/olmayan sahə mülkiyyətçisi ilə mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti arasında çoxmənzilli binanın idarə edilməsinə dair” müqavilə ilə yaranmışdır. Diqqət edilməli digər məqam ondan ibarətdir ki, hüquqi yardım üçün ödənilmiş 320 manat xidmət haqqının ödənilməsini tələb kimi qeyd etmişdir. Bildirilməlidir ki, əsassız tələblə bağlı olan məhkəmə xərcləri də əsassızdır, belə ki, müqavilə və elektron qaimə 320 manat hüquqi yardıma görə xidmət haqqının ödənilməsini təşkil etmir, çünki birtərəfli sübutlardır və 320 manat ödənişin edilməsini təsdiqləyici sənədlər sırasına daxil deyildir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmədən iddia tələbi əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir.
12. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli, e-2(007)- 2008/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunaraq, Cavabdeh İddiaçı MMMCnin xeyrinə mənzilə göstərilmiş xidmətə görə 3521,70 manat pulun, hüquqi yardım üçün ödənilmiş 320 manat xidmət haqqının, çəkilmiş 3 manat poçt xərcinin və 55,22 manat dövlət rüsumunun əvəzinin tutulması, qalan hissədə iddianın rədd olunması qət edilmişdir.
13. Qətnamənin əsaslarına görə, Cavabdeh hazırkı mübahisəyə iddia müddətini tətbiq edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə mənzilə göstərilmiş xidmətə görə haqq tələbi ilə məhkəməyə müraciət edərək 2020-ci ilin aprel ayından olan borc məbləğini tələb etmiş, həmçinin xx.xx.2025-ci il tarixdə iddia tələbinə dəqiqləşdirmə vermişdir. Məhkəmə qeyd edir ki, kommunal xidmətlərin göstərilməsi ilə bağlı xidmətlər vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələb olduğu üçün bu cür tələb üzrə üç illik iddia müddəti tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60 cı maddəsi baxımından şərh olunmasına dair 15 fevral 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə (372-384-cü maddələr) nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilsin. Bundan əlavə məhkəmə cavabdehin iddiaçı ilə aralarında bir qeyri-yaşayış sahəsi ilə bağlı xidmət göstərilməsi barədə müqavilə münasibətlərinin 2022-ci ildə, digər qeyri yaşayış sahəsi ilə bağlı xidmət göstərilməsi barədə isə 2025-ci ildə yaranması dəlili ilə bağlı bildirir ki, kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi cavabdehin iddiaçı ilə müqavilə münasibətlərinin yaranması anından asılı olmayaraq mənzil-tikinti kooperativi tərəfindən qeyri-yaşayış sahəsinin ona verildiyi andan yaranır. Belə ki, Mənzil Məcəlləsinin yuxarıda qeyd edilən normalarının və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 29 dekabr 2015-ci il tarixli qərarının məzmunundan göründüyü kimi çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçiləri yaşayış sahəsi onların mülkiyyətinə təhvil verildiyi gündən həmin binanın sahə mülkiyyətçilərinin Mənzil Məcəlləsinin 44-47-ci maddələrində müəyyənləşdirilmiş qaydada keçirilən ümumi yığıncağında müəyyən edilən, binanın saxlanması, təmiri xərclərini, həmçinin binanın sahə mülkiyyətçilərinin ümumi istifadəsində olan yerlərə görə ödənilməli olan kommunal haqların hər ay üzrə ödənilməsi vəzifəsini daşıyırlar. Hansı ki, iş materiallarına əlavə edilmiş sübutlar ilə qeyd olunan qeyriyaşayış sahələrinin xx.xx.2012-ci il və xx.xx.2013 cü il tarixdə cavabdehə verilməsi öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə qeyd edir ki, hazırki iş üzrə 3 il iddia müddəti tətbiq edilərək, iddiaçı tərəfindən iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edildiyi tarixdən hər iki qeyri-yaşayış sahəsi üzrə əvvəlki 36 ay üzrə və iddia tələbinə dəqiqləşdirilmə ərizəsi verilməsi nəzərə alınaraq 2025-ci ilin may, iyun, iyul ayı da daxil olmaqla, ümumilikdə 39 ayın xidmət haqqı üzrə borc hesablanmalı və cavabdehdən tutulmalıdır.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 38.1, 38.2, 119.1, 119.2, 122.3, 122.4, 135.1, 135.2, 136.2, 137.8, 141.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 15 fevral 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 sentyabr 2020-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 29 dekabr 2015-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddia tələbinin tam şəkildə rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayətinin dəlillərinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prossesual hüquqları pozmuş və iddiaçının əsassız iddiasını təmin etmişdir, belə ki, sübutlara doğru qiymət verməmiş və şişirdilmiş borc məbləğini təmin etmişdir. Birinci instansiya məhkəməsi işə baxarkən iddia tələbinin əsaslandırıldığı və məhkəmə araşdırmasına təqdim edilmiş sübutları sübut kimi qəbul etməməklə və onları sübut kimi qiymətləndirməməklə, obyektiv araşdırma aparmamış, işə qərəzli yanaşmış, bununla da cavabdehin qərəzsiz məhkəmə müdafiəsinə təminat verilməsi kimi konstitusion hüququnu pozmuşdur. Belə ki, iddia tələbi qanunsuz və əsassızdır, çünki həm iddia müddəti ötürülməklə məhkəməyə verilmiş, həm də iddiaçı ona mənzillə bağlı heç bir xidmət göstərməmiş və ya göstərdiyini sübut edə bilməmişdir. İddiaçının 31 iyul 2025-ci il tarixli arayışında playstationla bağlı saxlama xərclərinin olduğunu göstərmişdir, lakin onunla iddiaçı arasında olan 23 iyun 2022-ci il tarixli müqavilədə playstation yox, sahəsi 228 m2 olan qeyri-yaşayış sahəsi göstərilmişdir. Yəni 78,0 m2 olan playstation 23 iyun 2022-ci il tarixli müqavilədə qeyd olunmayıb və bu da iddiaçının iddia tələbinin bir daha əsassız olduğunu göstərir. İddiaçının vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində qeyd etmişdir ki, guya iddiaçı “Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin üzvü olan/olmayan sahə mülkiyyətçisi ilə mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti arasında çoxmənzilli binanın idarə edilməsinə dair” xx.xx.2020-ci il tarixli, 332 nömrəli müqavilənin Əlavə 2-i ilə ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 228 m2 olan qeyri-yaşayış sahəsinin (sahə) mülkiyyətçisi Cavabdeh aşağıdakı tariflə yaşayışın/qeyri yaşayışın sahəsi 228 m2, məbləği 68,4 manat və ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 78 m2 olan qeyri-yaşayış sahəsinə (playstation) münasibətdə isə 23,4 manat kommunal haqqını hər ay ödəməyi öhdəsinə götürmüşdür. Halbuki, bu da əsassızdır, çünki onunla iddiaçı arasında müqavilə münasibətləri 23 iyun 2025-ci il tarixində “Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin üzvü olan/olmayan sahə mülkiyyətçisi ilə mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti arasında çoxmənzilli binanın idarə edilməsinə dair” müqavilə ilə yaranmışdır. Diqqət edilməli digər məqam ondan ibarətdir ki, hüquqi yardım üçün ödənilmiş 320 manat xidmət haqqının ödənilməsini tələb kimi qeyd etmişdir. Bildirməlidir ki, əsassız tələblə bağlı olan məhkəmə xərcləri də əsassızdır, belə ki, müqavilə və elektron qaimə 320 manat hüquqi yardıma görə xidmət haqqının ödənilməsini təşkil etmir, çünki birtərəfli sübutlardır və 320 manat ödənişin edilməsini təsdiqləyici sənədlər sırasına daxil deyildir. Amma sözügedən qətnamədə məhkəmə bir tərəfdən, yalnız iddiaçının formal mülahizələrini və gümanlarını qeyd edib, eləcə də gəldiyi nəticənin hansı sübutlara söykəndiyini əsaslandırmayıb. Digər tərəfdən, qeyd edilən maddənin tələblərini pozaraq, cavabdehin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün heç bir dəlil gətirməyib.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
19. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir; Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir; Maddə 390.1. Ffiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 38.1. Çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir; Maddə 38.2. Çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir; Maddə 109.5. Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənziltikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir; Maddə 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir; Maddə 119.2. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil; Maddə 120.5. Tikilməkdə olan çoxmənzilli binalarda yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqları məxsus olacaq (hüquqlarını əldə edəcək) şəxslər bu fəslin müddəalarına uyğun olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətini yaratmaq hüququna malikdirlər; Maddə 122.3. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır; Maddə 122.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır; Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar; Maddə 135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün - mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün - yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan; Maddə 136.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq; Maddə 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər; Maddə 137.5. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər; Maddə 137.7. Bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər; Maddə 137.8. Yaşayış evlərinin mülkiyyətçiləri həmin evlərin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini çəkir, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq kommunal xidmətlərə görə haqq ödəyirlər; Maddə 137.9. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər; Maddə 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir; Maddə 138.5. Çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənziltikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir; Maddə 140.1. Çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 29 dekabr 2015-ci il tarixli Qərarı: “Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır. ... Çoxmənzilli yaşayış sahələrində mənzil mülkiyyətçilərinin binaya aid ümumi yerlərdən və vasitələrdən (binanın fasadı, zirzəmisi, dəhlizi, lifti, damı və s.) birgə istifadə etmək ehtiyacı, həmin yaşayış binasının birgə idarə edilməsi zərurətini yaradır. Mənzil Məcəlləsinin 141.1-ci maddəsinə müvafiq olaraq, çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir”.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 sentyabr 2020-ci il tarixli Qərarı: “Konstitusiya Məhkəməsinin Plenumu R.Məhərrəmovanın şikayətinin əsas dəlilinin məhz kommunal xidmətlərə görə xidmət haqlarının ödənilməsinin tələb edilməsinin mənzil qanunvericiliyinə uyğun həyata keçirilməməsi ilə bağlı olduğunu nəzərə alaraq qeyd edir ki, çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti (ixtisaslaşmış istehlak kooperativi) vasitəsilə və ya idarəedici təşkilat tərəfindən həyata keçirilir. Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir”.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
Apellyasiya baxışının hədləri
26. Apellyasiya şikayəti ilə qətnamənin qismən – iddia tələbinin təmin olunan hissədə ləğvi xahiş edildiyi, mübahisənin predmeti bölünən olduğu, qətnamə iddia üzrə iddiaçı tərəfindən mübahisə edilmədiyi üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddianın rədd olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün qətnamə iddianın təmin olunan hissəsində və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
28. Apellyasiya şikayətinin dəlillərindən biri kimi ona istinad olunur ki, iddia tələbi qanunsuz və əsassızdır, çünki həm iddia müddəti ötürülməklə məhkəməyə verilmiş, həm də iddiaçı ona mənzillə bağlı heç bir xidmət göstərməmiş və ya göstərdiyini sübut edə bilməmişdir. İddiaçının 31 iyul 2025-ci il tarixli arayışında playstationla bağlı saxlama xərclərinin olduğunu göstərmişdir, lakin onunla iddiaçı arasında olan 23 iyun 2022-ci il tarixli müqavilədə playstation yox, sahəsi 228 m2 olan qeyri-yaşayış sahəsi göstərilmişdir. Yəni 78,0 m2 olan playstation 23 iyun 2022-ci il tarixli müqavilədə qeyd olunmayıb və bu da iddiaçının iddia tələbinin bir daha əsassız olduğunu göstərir.
29. Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin üzvü olan/olmayan sahə mülkiyyətçisi ilə mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti arasında çoxmənzilli binanın idarə edilməsinə dair xx.xx.2022-ci il tarixli, 332 nömrəli müqavilədən və müqaviləyə əlavə 2-dən görünür ki, ünvan 7-də yerləşən ümumi sahəsi 228 kv.m olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olaraq Cavabdeh müqavilədə qeyd olunan xidmətlər göstərməyi və işlər yerinə yetirməyi, hər ay komunal haqqını ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh həmin sahə üzrə 68 manat kommunal haqqını hər ay ödəməyə razı olmuşdur.
30. Məhkəmə kollegiyası bu dəlillə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, iddiaçı xx.xx.2025-ci il tarixində mənzilə göstərilmiş xidmətə görə haqq tələbi ilə məhkəməyə müraciət edərək, 2020-ci ilin aprel ayından olan borc məbləğini tələb etmiş, həmçinin xx.xx.2025-ci il tarixində iddia tələbinə dəqiqləşdirmə vermişdir. Məhkəmə qeyd edir ki, kommunal xidmətlərin göstərilməsi ilə bağlı xidmətlər vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələb olduğu üçün bu cür tələb üzrə üç illik iddia müddəti tətbiq edilməlidir.
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin iddiaçı ilə aralarında bir qeyri-yaşayış sahəsi ilə bağlı xidmət göstərilməsi barədə müqavilə münasibətlərinin 2022-ci ildə, digər qeyri-yaşayış sahəsi ilə bağlı xidmət göstərilməsi barədə isə 2025-ci ildə yaranması ilə bağlı göstərilən dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki,bildirir ki, kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi cavabdehin iddiaçı ilə müqavilə münasibətlərinin yaranması anından asılı olmayaraq mənzil-tikinti kooperativi tərəfindən qeyri-yaşayış sahəsinin ona verildiyi andan yaranır. Belə ki, Mənzil Məcəlləsinin yuxarıda qeyd edilən normalarının və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 29 dekabr 2015-ci il tarixli Qərarının məzmunundan göründüyü kimi, çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçiləri yaşayış sahəsi onların mülkiyyətinə təhvil verildiyi gündən həmin binanın sahə mülkiyyətçilərinin Mənzil Məcəlləsinin 44-47-ci maddələrində müəyyənləşdirilmiş qaydada keçirilən ümumi yığıncağında müəyyən edilən, binanın saxlanması, təmiri xərclərini, həmçinin binanın sahə mülkiyyətçilərinin ümumi istifadəsində olan yerlərə görə ödənilməli olan kommunal haqların hər ay üzrə ödənilməsi vəzifəsini daşıyırlar. Hansı ki, iş materiallarına əlavə edilmiş sübutlar ilə qeyd olunan qeyri-yaşayış sahələrinin xx.xx.2012-ci il və xx.xx.2013-cü il tarixdə cavabdehə verilməsi öz təsdiqini tapmışdır.
32. Apellyasiya şikayətinin digər dəlili olaraq qeyd olunmuşdur ki, əsassız iddia tələbi ilə bağlı olan məhkəmə xərcləri də əsassızdır, belə ki, müqavilə və elektron qaimə 320 manat hüquqi yardıma görə xidmət haqqının ödənilməsini təşkil etmir, çünki birtərəfli sübutlardır və 320 manat ödənişin edilməsini təsdiqləyici sənədlər sırasına daxil deyildir.
33. Qeyd olunan dəlilə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iş materiallarına əlavə edilmiş poçt göndərişi qaiməsi, xx.xx.2025-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilə və həmin tarixli elektron faktura-qaimə ilə iddia tələbi bu hissədə öz təsdiqini tapır.
34. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
35. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli, e-2(007)- 2008/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli, e-2(007)- 2008/2025 nömrəli dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.