Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6469/2024 04.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məhəmməd oğlunun sədrliyi ilə, Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Timoti Tarrant, Andree Simon, Cavabdeh X2-Bank Kredit Təşkilatı və “Finca İnternational”a qarşı "əmək kitabçasının təhvil verilməsi və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi xx.xx.2024-cü il tarixli (e-2(006)-944/2024 nömrəli mülki iş üzrə hakim R.Xəlilov) qətnamə qəbul edərək, iddia tələbini rədd etmişdir. Nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, lakin bir neçə gün sonra birinci instansiya məhkəməsi xx.xx.2024-cü il tarixli məktubla müraciət edərək, iddiaçı tərəfindən məhkəməyə ərizə verildiyini bildirmiş, bu səbəbdən yaranmış zərurətlə əlaqədar mülki işin birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4451/2024 nömrəli qərardadı ilə mülki iş iddiaçının vəkillə təmin edilməsi və apellyasiya şikayətinin verilməsi məsələsinin araşdırılması üçün apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-944/2024 nömrəli qərardadı ilə İddiaçı hüquqi yardım almaq hüququnu təmin etmək üçün ona vəkil təyin edilməsi, vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-944/2024 nömrəli qərardadı 26 avqust 2024-cü il tarixdə icra olunması üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasına göndərilmişdir. İş üzrə materiallardan bəlli olur ki, iddiaçının vəkillə təmin edilməsinə baxmayaraq, apellyasiya şikayətinə hər hansı dəyişiklik etmədiyindən e-2(006)-944/2024 nömrəli mülki iş xx.xx.2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qeyri-mümkün hesab edilməli və işlə birlikdə Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının 9 iyul 2021-ci il tarixli 363-VİQD nömrəli Qanununun keçid müddəlarının 2.1-ci bəndinə əsasən Məcəlləyə dəyişikliklər 2021-ci il oktyabrın 1dən qüvvəyə minmişdir. Keçid müddəlarının 2.2-ci bəndinə əsasən Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. MPM-ə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir (maddə 10-1.2). Apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (363.1.5). Qüvvəyə minmiş MPM-ə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). Məhkəmə kollegiyası hesab edir ki, şikayət MPM-in tələblərinə uyğun (2 saylı Əlavəyə uyğun) verilmədiyindən işə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. Belə ki, iddiaçı tərəfindən elektron qaydada verilmiş apellyasiya şikayəti 1 vərəq olmaqla natamam formada yazılmış, yəni MPM-in 361.1.4-361.1.7-ci maddələrinin ( şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar, şikayətə əlavə edilən sənədlərin siyahısı) tələblərinə əməl edilməmişdir. Digər elektron kabinet vasitəsilə göndərilmiş ilkin apellyasiya şikayəti isə həm rus həm azərbaycan dilində yazılaraq skan olunmuş şəkildə verilmiş və MPM-in tələblərinə uyğun (2 saylı Əlavəyə uyğun) olmamışdır. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 363, 364, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2(006)-944/2024 nömrəli qətnaməsindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət mülki işlə birlikdə həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6469/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6469/2024
04.11.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver