Məhkəmə qərarları › İş №2(103)-6470/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6470/2024

09.12.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6470/2024 09.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı ilkin iddiası; İddiaçı Cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı (X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşılıqlı iddiasına dair mülki iş (Açar sözlər: «mənzildən çıxarılma, təmir xərci») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2335/2024 saylı, 05 sentyabr 2024-cü il tarixli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. İddiaçı2 və İddiaçı1 xx.xx.1988-ci ildə nikah bağlayıb. Onların oğlu X5 ilə Cavabdeh 2015-ci ilin sentyabr ayında nikah bağlayıb.

2. Cavabdeh nikaha daxil olduqdan sonra gəlin kimi İddiaçı2 və İddiaçı1 birgə nikah dövründə əldə etdikləri mənzilə köçmüşdür. Birgə nikahdan 2 uşaqları doğulub.

3. Cavabdeh mübahisə predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 2 ünvanında yerləşən 43 saylı mənzildə uşaqları ilə birlikdə yaşayır.

4. ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2012-ci il tarixdən İddiaçı2 xüsusi mülkiyyətində olmuşdur.

Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçılar X10 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 2, 43 saylı mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər.

6. Daha sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2335/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı X10 əsl İddiaçı2 ilə əvəz edilmişdir.

7. Tələbdə göstərilir ki, mənzili birgə nikah dövrundə İddiaçı2 Zərbəli qızı ilə əldə etmiş və onların birgə umumi mülkiyyətini təşkil etmişdir. Həmin mənzildə heç bir ailə üzvü, eyni zamanda da, mulkiyyətçilər qeydiyyatda olmamış və heç bir ailə üzvü qeydiyyata salınmamışdır. Həmin mənzildə oğlu X16 oglu və onun həyat yoldaşı olan Cavabdeh müvəqqəti olaraq qeydiyyata alınmadan yaşamışlar. Onlar isə Sumqayıt şəhəri, ev 5a/5, mənzil 58 saylı mənzildə qeydiyyatda olmaqla yaşayırlar. Həyat çətinliyi və zərurətlə əlaədar Binəqədi rayonu S.S.Axundov kuçəsində yerləşən həmin mənzili digər şəxslərə satmaq qərarına gəlmiş, mənzil 22 noyabr 2023-cu il tarixdə Bakı şəhəri 11 saylı Notariat kontorunda (Xususi notarius X21 oglu) alğı-satqı muqaviləsi əsasında X1 və onun mulkiyyətinə keçirilmişdir.Cavabdeh qeyd olunan mənzildə qeydiyyatda deyildir. Onlarla mulkiyyətçilər arasında mənzilə istifadə huququnun verilməsinə dair heç bir müqavilə olmamışdır. Qeyd olunan mənzilə müvəqqəti köçmüş, mənzilin satılmasından da xəbəri olmuş, lakin notariat qaydasında alğı-satqı zamanı onun ərizəsi tələb olunmamışdır. Cavabdeh əslində valideyinlərinə məxsus (Bakı şəhəri Rəşid Behbudov ev 11) mənzildə qeydiyyatdadır. X2 ilə də ailə munasibətləri pozulmuş, nikahın ləgvinə dair mübahisə məhkəmənin icratındadır. Bundan da istifadə edərək mənzilə soxularaq zəbt etmiş, nə əvvəlki mulkiyyətçiləri, nə də hazırki mulkiyyətçini mənzilə buraxmır, mənzilin onun olduğunu iddia edir və digər qanunsuz hərəkətlərə yol verməkdədir. Mənzilin alğı-satqısı zamanı alıcı ilə aralarında bağlanılmış alqı satqı miqaviləsinə əsasən hər bir tərəfin həmin muqavilədən irəli gələn öhdəlikləri göstərilmiş, bu öhdəliklərin yerinə yetirilməsi hissəsində məsuliyyət həddi də müəyyən olunmuşdur. Həmin öhdəliklər aşağıdakı qaydada müəyyən olunmuşdur Onlar-satıcı kimi alıcıya üçüncü şəxslərin huquqlarından azad əmlak verməyi öhdələrinə götürmüş, həmin daşınmaz əmlakla əlaqədar məhkəmə mübahisəsinin olmamasına təminat vermiş, satıcı kimi daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə Alıcının bəyənib qiyməti ilə razılaşdığı vəziyyətdə xx.xx.2024-cu il tarixdən akt tərtib etməklə alıcıya təhvil verilməsini öhdələrinə götürmüşlər. Həmin muqavilə üzrə mənzilin alıcının mülkiyyətinə təhvil verilməsinə qədər əmlakın təsadüfən məhv olması və zədələnməsi hissəsində də məsuliyyət həddi muəyyən olunmuşdur. Muqavilənin 16.1 bəndində isə, göstərilir ki, müqavilə imzalandığı andan sonra tərəflərdən biri öz müqavilə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, o cumlədən icranı gecikdirdikdə digər tərəfə dəbbə pulu ödəməlidir. Lakin qeyd olunan vəzifə və öhdəlikləri yerinə yetirə bilmirlər. Belə ki, mənzilin alğı-satqısından xəbər tutan keçmiş qohumları olan X8, onun həyat yoldaşı Gulbuta Əliyeva və (Bakı şəhəri Rəşid Behbudov ev 11), və keçmiş gəlini Cavabdeh mənzilə basqın etmiş, həm iddiaçıların, eyni zamanda alıcı olan mülkiyyətçi X3 mənzil huquqlarını pozmuş, mənzildən çıxmaqdan və boşaltmaqdan imtina etmiş və hazırda da imtina etməkdədirlər. Bu səbəbdən mənzilin boşaldılması və alıcıya təhvil verilməsi və digər öhdəliklərini yerinə yetirmək hissəsində çətinlik çəkir və alıçı qarşısında vəzifə öhdəlik daşıyırlar. Cavabdeh əslində həmin mənzildə heç bir qeydiyyatda olmamış, mənzilə dair hər hansı huquqa malik deyil. Buna baxmayaraq, artıq başqasının mulkiyyətini təşkil edən mənzili zorla zəbt etmiş, mənzilin qapılarının açarlarını dəyişmiş və cavabdehin bu cür qeyri qanuni hərəkətləri nəticəsində iddiaçılar alğı-satı muqaviləsindən irəli gələn vəzifə öhdliklərini icra edə bilməmiş, bununla əlaqədar huquqları və qanunla qorunan maraqları pozulmuşdur.

8. Cavabdeh X7 və İddiaçı1 qarşı təmir xərci tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2015-ci ilin sentyabr ayından etibarən yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, X19 küçəsi 2, 43 saylı mənzilin tərəfindən təmir edilən zaman çəkilən 8400 manat təmir xərcinin cavabdehlər X10 və İddiaçı1 müştərək qaydada tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.

9. Daha sonra tələbini dəqiqləşdirməklə, cavabdehlər İddiaçı1 və İddiaçı2 8400 manat vəsaitin müştərək qaydada tutulmasını xahiş etmişdir.

10. Qarşılıqlı iddiada göstərilir ki, o, həyat yoldaşı X5 ilə 2015-ci ilin sentyabr ayında evlənərkən Bakı şəhəri, Binəqədi rayonu, X19 küçəsi 2, 43 saylı mənzilə gəlin köçmüşdür. Hər iki övladı - xx.xx.2017-ci il təvəllüdlü X11 və xx.xx.2020-ci il təvəllüdlü X13 məhz bu mənzildə anadan olmuşlar. Qeyd olunan mənzilə köçdükdə mənzil köhnə təmirli və əlverişsiz şəraitdə idi. Birgə nikah dövründə, qeyd olunan mənzilin onların olması, uzun müddət yaşayacağı düşüncəsi ilə şəxsən öz əməyi ilə (bütün inşaat əşyalarını şəxsən seçib almışdır), nəzarəti, seçimi ilə mənzil yüksək səviyyədə təmir edilmişdir. Bir çox hissədə, divar kağızının vurulması, boya, vinillərin çəkilməsi və s. şəxsən, öz əlləri ilə icra etmişdir. Ümumilikdə 8400 manatdan artıq xərc çəkmişdir. O, evin heç bir sənədini görmədiyi üçün və gəlin köçərək yaşadığı evin həyat yoldaşına aid olduğu bildirildiyi üçün daim öz evi kimi davranmışdır. İddiaçılar tərəfindən yazılmış iddia ərizəsi - guya ki, həmin evə soxulmuş, zəbt etmiş və s. - tamamilə böhtan və iftiradan ibarətdir. Yoldaşı ilə münasibətləri pozulduqdan dərhal sonra, onun valideynləri tərəfindən ona qarşı addımlar atılmağa başlamış, öz doğma nəvələri ilə birlikdə yaşadığı mənzili tələsik olaraq (hətta qeydiyyatda olanların belə razılığı olmadan) öz tanışlarına satmış kimi sənədləşdirmiş, onları küçəyə atmaq istəmişlər.

11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2335/2024 saylı, 05 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim İlkin Əliyev) ilkin iddianın təmin edilərək Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 2 ünvanında yerləşən 43 saylı mənzildən çıxarılması, ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi; qarşılıqlı iddianın isə rədd edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi qənaətini bununla əsaslandırmışdır ki, İddiaçı2 və İddiaçı1 xx.xx.1988- ci il tarixdə nikaha daxil olmuşdur. Onların oğlu X5 ilə Cavabdeh 2015-ci ilin sentyabr ayında rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından 2 uşaqları vardır. Onların hazırda nikahlarının pozulması ilə bağlı məhkəmə mübahisəsi gedir. Cavabdeh nikaha daxil olduqdan sonra gəlin kimi İddiaçı2 və İddiaçı1 birgə nikah dövründə əldə etdikləri mənzilə köçmüşdür. X4 ilə Cavabdeh birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi ilə bağlı məhkəmə mübahisələri davam edir. Onların Sumqayıt şəhərində yerləşən mənzilə bərabər hissədə payları qanuni qüvvəyə minməmiş məhkəmə qətnaməsinə əsasən müəyyən edilmişdir. Hazırda Cavabdeh mübahisəli mənzildə uşaqları ilə birlikdə yaşayır. Satıcı İddiaçı2 ilə X12 arasında bağlanan, sonradan ləğv edilən AN-İ seriyalı, ******* saylı xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alğı-satqısına dair müqavilədən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2012-ci il tarixdən İddiaçı2 xüsusi mülkiyyətində olmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Mənzildən çıxarılma tələbinin hüquqi əsası mülkiyyət hüququnun müdafiəsindən irəli gəlir. Mülkiyyət hüququ qanunla və ya müqavilə ilə nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Yuxarıda qeyd edilən normaların hazırki mübahisəyə tətbiq edərək məhkəmə o qənaətə gəlir ki, cavabdehin iddiaçıların mənzilindən istifadəsini məhdudlaşdıran nə qanuni, nə də müqavilə əsası yoxdur. Belə ki, cavabdehin iddiaçılara məxsus mənzildən istifadə etməsi üçün ya qanundan irəli gələn istifadə hüququ, əşya hüququ, ya da mülkiyyətçi ilə onun arasında bağlanan müqavilə olmalı idi. Lakin işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh 2015-ci ildə iddiaçılara məxsus mənzilə gəlin kimi köçmüşdür. Mənzilə köçərkən onunla mülkiyyətçilər arasında notarial qaydada hər hansı yazılı razılaşma olmamışdır. Üstəlik belə razılaşma olsa idi belə, onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması gərəkli idi. Bundan başqa, cavabdeh Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında göstərilən mövqeyə əsasən mülkiyyətçinin ailə üzvü sayılmır. Bundan əlavə də qeyd edilməlidir ki, cavabdehin yaşayış sahəsinə ehtiyacı halı yoxdur, çünki onun nikah dövründə əldə etdikləri başqa mənzili vardır və həmin əmlak üzərində onun ½ hissədə payı müəyyən edilmişdir. Göstərilənlər baxımından məhkəmə o qənaətə gəlir ki, Mülki Məcəllənin 152.5-ci maddəsinin tələbi baxımından ilkin iddia əsaslıdır. Qarşılıqlı iddia ilə bağlı isə məhkəmə onu qeyd edir ki, iddianın əsaslılığı sübutetmə ilə bağlıdır. Belə ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməli idi. Bununla belə iddiaçı yalnız kosmetik dəyişikliyin müşahidə edildiyi 3 fotoşəkil təqdim etmişdir. Hansı ki, cavabdeh tərəf də güzgü, vinil və.s kimi aksessuarların iddiaçının yaşadığı dövrdə quraşdırılmasını istisna etməmiş və iddiaçının ayrıla bilən öz yaxşılaşdırmalarını götürməsinə hər hansı etiraz bildirməmişdir. Bundan əlavə iddiaçı tələb etdiyi məbləği özünün dizayner olduğuna əsaslanaraq nəzəri yolla müəyyən etdiyini bildirmiş və konkret olaraq təmirlə bağlı hər hansı sübut təqdim etməmişdir. Bunun əksinə olaraq cavabdeh tərəfdən dindirilən şahid mənzilin evin mülkiyyətçiləri tərəfindən təmir edildiyi ilə bağlı ifadə vermişdir. Odur ki, qarşılıqlı iddia sübut edilmədiyindən təmin edilməməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

13. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv, ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, məhkəmə tərəfindən qəbul edilmiş qətnamə qanunvericilik və ədalət prinsipləri baxımından düzgün qəbul edilməmiş və ləğv edilməlidir. Belə ki, ilk məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlər şəxsən tərəfindən edilmiş təmiri etiraf etmiş, hətta çəkilmiş təmir xərcinə görə ona 4000 manat pul belə təklif etmişdilər. Sonrakı məhkəmə iclasında isə öz dediklərini inkar edərək, edilmiş təmiri inkar etməyə başladılar. Tərəfindən müvafiq ekspertizanın keçirilməsi ilə bağlı dəfələrlə vəsatət verilməyinə və müraciətlər edilməyinə baxmayaraq, məhkəmə ekspertiza keçirilməsindən imtina etdi. Məhkəmə işə baxarkən və qətnamə qəbul edərkən verilmiş sübutlara baxmamış və yetərincə qiymət verməmişdir. Belə ki, o, bütün təmir şəkillərini məhkəməyə təqdim etmişdir. Eyni zamanda, tərəfindən çəkilmiş təmir xərcləri ilə bağlı müvafiq ekspertizanın keçirilməsi üçün məhkəməyə vəsatət verilsə də, məhkəmə heç bir əsas olmadan imtina etmişdir. Həmçinin keçirilən ilk məhkəmə iclasında qarşı tərəf onun təmir etdiyini etiraf edərək ona 4000 manat təklif etmişdir. Məhkəmə qətnamə qəbul edərkən bu etirafa da əhəmiyyət verməmişdir. Eyni zamanda, onun və övladlarının mübahisəli mənzildə anadan olması və onun gəlin köçərək həmin evdə fasiləsiz yaşamasına əhəmiyyət verilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

14. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv, ilkin iddianın rədd, qarşılıqlı iddiasının isə təmin edilməsini xahiş etdi.

15. Məhkəmə iclasında İddiaçı2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

16. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq ilkin iddia üzrə digər İddiaçı1, eləcə də mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə digər iddiaçının və 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Maddə 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa.

18. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli Qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Konstitusiya Məhkəməsi Plenumu 16 dekabr 2014-cü il tarixli qərarında göstərmişdir ki,...Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

22. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi üçün əsas ola bilməz.

23. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

25. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, ilkin iddia təmin edildiyi, qarşılıqlı iddia isə təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

26. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

27. İlkin iddianın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından, qarşılıqlı iddanın isə faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

28. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə mübahisələndirilən hissədə ilkin iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından ilkin iddia haqlı sayılır, qarşılıqlı iddianın isə faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.

29. Əvvəla, tərəflər arasında mübahisəli mənzillə bağlı ehtimal olunan mübahisəli hüquq münasibətləri 2015-ci ildə yarandığından, hazırki mübahisəyə həmin vaxt qüvvədə olmuş hüquq normaları tətbiq edilməli və mübahisə 01 oktyabr 2009-cu il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələblərinə uyğun həll edilməlidir.

30. Belə ki, Cavabdeh yaşamaq istədiyi mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla İddiaçı2 mülkiyyətindədir, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin mənzilə ilk iddia üzrə cavabdehin, yəni iddiaçıların oğlu ilə nikahda olmuş keçmiş gəlininin hər hansı bir aidiyyətinin olub-olmaması ilə bağlıdır. Qeyd olunan mənzildə faktiki yaşaması Cavabdeh həmin mənzilə hansısa subyektiv hüquqlarının yaranması demək deyildir.

31. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, Cavabdeh keçmiş qaynanası İddiaçı2 məxsus mənzildə müvəqqəti yaşaması ilk iddianın əsaslı olmadığına dəlalət etmir. Belə ki, Cavabdeh qeyd olunan mənzilin mülkiyyətçisi olan İddiaçı2 ailə üzvü, eləcə də ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından mübahisəli mənzilin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz. Çünki onun bu istəyi keçmiş qaynanası İddiaçı2 bilavasitə razılığı ilə şərtləndirildiyindən, sonuncunun isə belə razılığı olmadığından məhkəmənin ilk iddia ilə bağlı yekun qənaəti mahiyyət etibarı ilə düzgün olmuşdur.

32. Apellyasiya şikayətinin qarşılıqlı iddia ilə bağlı dəlilləri də hər hansı bir mötəbər sübutla təsdiq edilmədiyindən qətnamənin həmin hissədə ləğv edilməsi və qarşılıqlı iddianın təmin olunması üçün əsas ola bilməzdi. Əvvəla, qarşılıqlı iddia üzrə cavabdehlərin nümayəndəsi və vəkili 22 aprel 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında(bax.i.v.62-64) qarşılıqlı iddiaçının mənzili təmir etməsini şəxsən hər hansı bir formada etiraf etməmiş, əksinə təmirin ilkin iddiaçı tərəfindən edildiyini bildirmişdir. Düzdü, həmin iclasda vəkil qarşılıqlı iddiaçıya 4200 manat verməyə razı olduğunu da göstərmişdir. Qarşılıqlı iddiaçı da həmin iclasda mənzilə köçən zaman mənzilin orta təmirli və təmirin köhnə olduğunu bildirmişdir. Lakin ilk iddiaçıların da iştirak etdiyi 20 iyun 2024-cü il tarixli məhkəmə baxışı iclasında vəkil (i.v.91-93)...qarşılıqlı iddianı qəbul etmədiyini, əvvəlki məhkəmə iclasında cavabdehə kompensasiya verilməsi ilə bağlı iddiaçılarla məsləhətləşib fikir bildirməyini dediyini, lakin iddiaçıların cavabdehin mübahisəli mənzildə heç bir təmir işləri görmədiklərini bildirmələrini göstərmişdir. Göründüyü kimi, vəkilin bu cür izahat verməsi mülki prosessual qanunvericiliyin tələbinə əsasən etiraf kimi qəbul edilməsə də, təmirin etirafı da deyil. Əksinə şahid qismində dindirilmiş şahid Namiq Əmirhəmzəyev(i.v.112) usta kimi ev təmiri ilə məşğul olduğunu, ilk iddiaçıları tanıdığını, qarşılıqlı iddiaçını tanımadığını 2015-ci ilin iyul-avqust ayında sözügedən mənzili təmir etdiyini, təmir xərcini ilk iddiaçıların verdiyini, ona deyilənə görə təmiri oğullarının toyu üçün etdiklərini göstərmişdir. Bir də ki, hətta qarşılıqlı iddiaçının keçmiş əri ilə birgə mübahisə predmeti olan mənzili orada yaşadıqları dövrdə qismən kosmetik təmir etmələri həqiqi olsa belə, bu hal qarşılıqlı iddianın təmin edilməsi üçün əsas ola bilməz. Ən azından ona görə ki, qarşılıqlı iddiaçı təmirdən sonra 9 ildən artıq müddətdə həmin mənzildə yaşayır, istər-istəməz ehtimal olunan təmir də bu müddət ərzində şübhəsiz ki, öz keyfiyyətini və dəyərini fiziki olaraq itirmişdir. Bununla əlaqədar, hansısa ekspertiza ilə nə 9 ildən artıq bir müddətdə edilən təmirin kimi tərəfindən edildiyini müəyyən etmək olar, nə də həmin təmir hesabına ilk iddiaçılar hansısa formada əsassız varlana bilməzdilər. Ona görə də iş üzrə təmirlə əlaqədar ekspertizanın keçirilməsi üçün də heç bir əsas və lüzum olmamışdır.

33. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2335/2024 saylı, 05 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2335/2024 saylı, 05 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar