Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6472/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2366/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasənişə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2017-ci ilin aprel ayında verdiyi 5.100 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 5.130 manat pulun Cavabdeh tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, hazırda “xxxxxx” ASC-nin beynəlxalq layihələrdə baş tərcüməçi vəzifəsində işləyir. Əvvəllər həmin layihədə müavin işləmiş və Cavabdeh onun sürücüsü olmuşdur. Həmin dövrdə onların yaxşı münasibətləri yaranmışdır. Cavabdeh 2017-ci ilin aprel ayında iş qurmaq adı ilə 5100 manat borc almış və aldığı borcu 2017-ci ilin sonuna qədər tam şəkildə qaytaracağına söz vermişdir. Buna baxmayaraq cavabdeh borcun ödəməkdən boyun qaçırır və yaşadığı ünvanları tez-tez dəyişir. Onunla cavabdeh arasında notariat qaydasında və ya sadə yazılı formada borc müqaviləsi bağlanmamış, cavabdehə borc verilməsi barədə cavabdehin imzası ilə hər hansı bir yazılı sübutu yoxdur. Lakin o, cavabdehin atası ilə elektron poçt vasitəsilə yazışmışdır və həmin yazışmalarında cavabdehin atası cavabdehin borcunu qaytarmağa söz vermişdir. Həmin yazışmaları məhkəməyə təqdim etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2366/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarını pozduğu, işin faktiki hallarının yetərincə araşdırmadığı arqumentləri irəli sürülmüşdür. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı öz iddia tələbində 2017ci ilin aprel ayında Cavabdeh 5.100 manat borc verməsini iddia edir. Mülki Məcəllənin 740.2-ci maddəsinin tələbinə uyğun olaraq tərəflər arasında 5.100 manat pulun borca verilməsinə dair hər hansı yazılı müqavilə bağlanmamışdır. İddiaçı məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki, 2017-ci ilin aprel ayında Cavabdeh 5.100 manat borc verilməsinə dair onunla cavabdeh arasında notariat qaydasında və ya sadə yazılı formada borc müqaviləsi bağlanmamışdır. Onun əlində cavabdehə 5100 manat borc verməsini təsdiq edən, cavabdehin imzası ilə tərtib edilmiş hər hansı bir yazılı sübut yoxdur. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin öhdəlik (müqavilə) münasibətləri ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bununla yanaşı qeyd olunmalıdır ki, iddia tələbi üzrə sübutetmə yükü bilavasitə onu irəli sürən şəxsin üzərinə düşür və bu baxımdan İddiaçı cavabdehə 5100 manat borc verməsinisübuta yetirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”(sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Kollegiya birinci instansiya məhkəməsinin iddia tələbinə verdiyi qiymətlə razılaşaraq qeyd edir ki, iddiaçı cavabdehə 5100 manat məbləğində borc verdiyini irəli sürsə də, həm iddia ərizəsində, həm də apellyasiya şikayətində 5.100 manat borc verilməsinə dair onunla cavabdeh arasında notariat qaydasında və ya sadə yazılı formada borc müqaviləsi bağlanmadığını bildirmişdir. Onun əlində cavabdehə 5100 manat borc verməsini təsdiq edən, cavabdehin imzası ilə tərtib edilmiş hər hansı bir yazılı sübut yoxdur. Kollegiya birinci instansiya məhkəməsinin cavabdehin atası ilə onun arasında elektron yazışmanın mövcudluğunu mötəbər sübut kimi qəbul etməməsi ilə bağlı gəldiyi nəticə ilə də razılaşır. Belə ki, Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi ddia tələbi üzrə mübahisənin faktiki halları, tətbiq olunacaq hüquq, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2366/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6472/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6472/2020
16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver