Məhkəmə qərarları › İş №2(103)-6473/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6473/2021

17.08.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6473/2021 17.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-699/2021 saylı, 10 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “ezamiyyə xərci tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" QSC-dən ona ödəməli olduqları, lakin qanunsuz və əsassız olaraq ödəmədikləri 3.150 manat məbləğində ezamiyyə xərcinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, "xxxx" QSC-nin Sərnişin Daşımaları Departamenti Bakı vaqon deposunun daxili avadanlıqlar çilingəri vəzifəsində çalışır. "xxxx" QSC-nin 01.02.2018-ci il tarixli S-36E saylı əmri ilə 13.02.2018-ci il tarixdən 08.03.2018-ci il tarixədək xidməti tapşırığın icrası ilə əlaqədar Türkmənistan Respublikasına 4 gün və İran İslam Respublikasına 21 gün ezam olunmuşdur. Ezamiyyət başa çatdıqdan sonra ona ezamiyyə xərcinin 40 %-i həcmində 2.158 manat, 59 manat viza xərcini şəxsən o ödəməli olduğundan, 2.099 manat ödəniş edilmiş, 60 faiz həcmində 3.150 manat məbləğində ezamiyyə xərci isə ödənilməmişdir. Bununla da, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18.01.2012-ci il tarixli Q-01 saylı Qərarının İİİ hissəsinin 3-cü bəndinin tələbləri pozulmuşdur. Belə ki, həmin Qərarın 3-cü bəndinə əsasən işçi xarici ölkə ərazisi ilə getdiyi zaman ondan asılı olmayan səbəblərə görə tam 1 gün və artıq müddətə yolda ləngiyirsə, həmin müddət üçün ona ezamiyyə xərclərinin 1 günlük norması ərazisində ləngidiyi ölkə üçün müəyyən edilmiş normalar üzrə ödənilir. Yuxarıda qeyd olunan qərara müvafiq olaraq "xxxx" QSC-nin İnsan resursları İdarəsinin rəis müavini Ləman Babayevanın "xxxx" QSC-nin Sərnişin Daşımaları Departamentinin rəisi Elyar Muradova ünvanladığı məktubunda onun müşayiət etdiyi vaqonların sərnişin tipli oturacaq vaqonları olduğuna görə onun yatmaq üçün yerlə təmin olunmadığı bildirilmiş və bu səbəbdən də, ona ezamiyyə xərclərinin 100 % həcmdə ödənilməli olduğu xahiş olunmuşdur. Lakin bütün yuxarıda qeyd olunanlara baxmayaraq, cavabdeh ona ezamiyyə xərcini yalnız 40 % həcmində ödəmiş, 60 % həcmində hissəsini ödəməkdən imtina edir. Onun gedib gəldiyi eyni yolu gedib gələnlərə və digər xarici ölkələrə gedib gələnlərə ezamiyyə xərcləri 100 % həcmində ödənilsə də, ona qarşı niyəsə qanunsuzluğa yol verilir. Beləliklə, cavabdeh, qanunsuz, əsassız və ədalətsiz hərəkətləri ilə onun hüquqlarını pozmuşdur. Yuxarıda qeyd olunan ölkələrə onun ezam olunduğu şərait isə qanunla müəyyən edilmiş qaydada ona 100 % həcmində ezamiyyə xərci verilməli olduğunu nəzərdə tutur. Bununla əlaqədar o, cavabdehə və müxtəlif instansiyalara müraciət etsə də, hər dəfə ona sonda cavabdeh tərəfindən əsassız imtina edilmişdir. Belə ki, cavabdehin sonuncu məktubunda “Ezamiyyə müddətində xidməti tapşırığınız qatarı tərk etmədən qatarın müşayiət edilməsindən ibarət olduğundan Sizə Cəmiyyət tərəfindən müşayiət etdiyiniz qatarın tərkibində olan müvafiq vaqonda qalmağınız üçün zəruri şərait yaradılmış, buna görə də Sizə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18.01.2012-ci il tarixli Q- 01 saylı qərarı ilə təsdiq edilmiş “X3”nın tələbinə əsasən ezam edildiyiniz ölkələrə münasibətdə ezamiyyə normasının 40 %-i həcmində ezamiyyə xərcinin ödənişi həyata keçirilmişdir” məzmunlu 03.06.2020-ci il tarixli imtina məktubu ilə ona çatacaq 100 % ezamiyyə xərci verilməsindən imtina edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-699/2021 saylı, 10 mart 2021-ci il tarixli qətnaməsi İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “ezamiyyə xərci tələbinə dair” iddiasının iddia müddəti tətbiq edilməklə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iş materialları əsasında iddiaçı olaraq, onun irəli sürdüyü əsaslı arqumentləri və qanunvericliyin tələblərini nəzərə almadan yalnız qanunla müəyyən olunmuş 1 illik iddia müddətini ötürməsini üzrsüz hesab edərək iddianı təmin etməmişdir. Müraciətlərinə rəsmi cavablarını gözləməyi də onun qanunla nəzərdə tutulmuş hansısa müddəti ötürməyi kimi tövsif edilməsi ilə razı deyil və bu halı insan və vətəndaş hüquqlarının vicdansızca məhdudlaşdırılması demək olardı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 382-ci maddəsinə görə, iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. Apelyasiya şikayətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-699/2021 saylı, 10 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında İddiaçı verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirərək, iddia ərizəsinə göstərdiklərinə və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi, həmçinin apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-699/2021 saylı, 10 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Apelyasiya məhkəməsinin iclasında cavabdeh Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X4 İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-699/2021 saylı, 10 mart 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, İddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 1 illik iddia müddətini üzürsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə 17 sentyabr 2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir, iddia müddəti keçdiyindən, iddia rədd edilməlidir və gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 375.2-ci maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma ilə müəyyən olunmuşdur ki, İddiaçı "xxxx" QSC-nin Sərnişin Daşımaları Departamenti Bakı vaqon deposunun çilingəri kimi həmin QSC-nin 01.02.2018-ci il tarixli S-36E saylı əmri ilə 13.02.2018-ci il tarixdən 08.03.2018-ci il tarixədək xidməti tapşırığın icrası ilə əlaqədar Türkmənistan Respublikasına və İran İslam Respublikasına ezam olunmuşdur. İddiaçı "xxxx" QSC-yə müraciət edərək, ezamiyyə xərcinin bir hissəsinin ödənildiyini Cəmiyyətin aidiyyəti səlahiyyətli şəxslərinin nəzərinə çatdıraraq, həmin xərcin qalan hissəsinin ödənilməsini xahiş etmişdir. İş materiallarında olan, "xxxx" QSC 7522 saylı, 03 iyun 2020-ci il tarixli məktubunun surətindən görünür ki, İddiaçı müraciətinə cavab verilərək qeyd etmişdir ki, İddiaçı eyniməzmunlu müraciətlərinə 21.09.2018-ci il tarixli və 11.01.2019-cu il tarixli məktubları ilə cavab verilmişdir. Təkrar olaraq nəzərinə çatdırılmışdır ki, ezamiyyə müddətində xidməti tapşırığı qatarı tərk etmədən qatarın müşayiət edilməsindən ibarət olduğundan ona Cəmiyyət tərəfindən müşayiət etdiyi qatarın tərkibində olan müvafiq vaqonda qalması üçün zəruri şərait yaradılmış, buna görə də ona Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18.01.2012-ci il tarixli Q-01 saylı qərarı ilə təsdiq edilmiş “X3”nın tələbinə əsasən ezam edildiyi ölkələrə münasibətdə ezamiyyə normasının 40 %-i həcmində ezamiyyə xərcinin ödənişi həyata keçirilmişdir. İş materiallarından görünür ki, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh "xxxx" QSC-nin etibarnamə əsasında nümayəndəsi X1 10 mart 2020-ci il tarixli ərizəsindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsi 1 aylıq müddəti ötürülməklə verildiyinə görə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarət 1 il ərzində məhkəməyə müraciət edə bilər. İş materiallarından göründüyü kimi, İddiaçı tərəfindən qanunla müəyyən olunmuş 1 illik iddia müddəti üzürsüz səbəbdən ötürülmüşdür (buraxılmışdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Göründüyü kimi İddiaçı ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli barədə iddia ərizəsini məhkəməyə iddia müddətini ötürməklə vermişdir. Belə ki, İddiaçı apelyasiya şikayətində iddia müddətini ötürmədiyini bildirsə də, bunu təsdiq edən mötəbər sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır və, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin iddia müddətini tətbiq edilməsi barədə ərizəsini nəzərə almaqla tələb üzrə iddia müddətinin ötürülməsi əsası ilə iddia tələbinin təmin edilməməsi qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bеləliklə, məhkəmə kollеgiyası İddiaçı apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-699/2021 saylı, 10 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə İddiaçı apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-699/2021 saylı, 10 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar