Məhkəmə qərarları › İş №2(103)-6474/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6474/2023

17.10.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6474/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzildən istifadə hüququnun olmayan hesab edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 sentyabr 2023-cü il tarixli qərardaddan iddiaçının verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan və ünvan 1 ünvanında yerləşən 33 saylı mənzildən cavabdehlərin istifadə hüquqları olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin icraata qəbulu məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbul etməkdən imtina olunması qərara alınmışdır. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin, işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və iddia ərizəsinin qəbulu məsələsinə yenidən və tərəflərin iştirakı ilə baxılması üçün iş Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, iddiaçı özünün iddia ərizəsində qeyd edir ki, onunla birlikdə mənzildə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Nərgiz Əhmədova və Cavabdeh4 qeydiyyatdadır. Lakin faktiki olaraq mənzildə o özü və iki qızı Nərgiz Əhmədova və cavabdehlərdən biri olan Cavabdeh3 yaşayırlar. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 uzun müddətdir mənzildə yaşamır. İddiaçının qızı Cavabdeh3 2013-cü ildə qeydiyyata düşməklə mənzildə yaşasa da, mənzildən istifadə hüququ yoxdur. İddiaçının nəvəsi – Cavabdeh4 2001-ci ildən mənzildə qeydiyyatda olsa da daimi olaraq Polşa Respublikasında yaşayır. Rayon Məhkəməsi, iddia ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina olunması barədə mövqeyini onunla əsaslandırmışdır ki, iddia ərizəsinin əsaslandırılmasından da göründüyü kimi, iddiaçı istifadə hüquqlarının itirilmiş hesab edilməsini istədiyi şəxslər onun ailə üzvləri, qohumlarıdır. Hətta iddiaçı qızını, Cavabdeh3 öz təşəbbüsü ilə formal olaraq mülkiyyətində olan mənzilə qeydiyyata aldırmışdır. Digər ailə üzvləri isə mənzil iddiaçının adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçməmişən əvvəl qeydiyyata alınmışlar və illərdir ki, həmin mənzildə yaşamırlar. Odur ki, onun hazırki iddia tələbini irəli sürməkdə arzuladığı hüquqi nəticə şəxsin mənzilə olan pasport qeydiyyatından çıxarılmasıdır. Belə ki, iddiaçı özü də etiraf edir ki, cavabdehlərin mənzildə qeydiyyatı formal xarakter daşıyır. Ona görə də ərizəyə məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalı, iddiaçıya cavabdehin qeydiyyatdan çıxarılması tələbi ilə Daxili İşlər Nazirliyinin müvafiq şöbəsinə müraciət etmək, imtina edildikdə isə Bakı İnzibati Məhkəməsinə müvafiq tələblə iddia ərizəsi vermək hüququnun olması izah olunmalıdır. Qərardaddan verilmiş şikayət isə onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi mübahisələndirilən qərardadı qəbul etməklə, prosessual hüquq normalarını pozmuşdur. Belə ki, cavabdehlər mənzilin mülkiyyətçisi olan iddiaçının ailə üzvləri (övladları və nəvələri) olduğundan onların mənzildən qeydiyyatdan çıxarılması mənzilə istifadə hüququna xitam verilməsi haqqında məhkəmə qətnaməsi əsasında həyata keçirilməlidir. Bu səbəbdən də iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi qanunsuz və əsassızdır. Göründüyü kimi, iddia ərizəsində iddiaçı qızı Cavabdeh3 istisna olmaqla digər cavabdehlərin mənzildə yaşamadığını qeyd etmişdir. Lakin Rayon Məhkəməsi bu halı diqqətə almamış, iddia ərizəsinin icraata qəbulu məsələsinə baxan zaman bu halı araşdırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 153.2.1-ci maddəsinə görə, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aid edilmişdir (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarında qeyd edilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir.Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Göründüyü kimi mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Göründüyü kimi, Rayon Məhkəməsi MPM-nin 153.2.1-ci maddəsinə istinad edərək iddianın yolverilməzliyinə görə iddia ərizəsini bütövlükdə icraata qəbul etməkdən imtina etməkdə haqlı olmamışdır. Şikayətin Rayon Məhkəməsinin bu mövqeyinə aid dəlili əsaslıdır. Odur ki, Məhkəmə hesab edir ki, barəsində verilmiş qərardad ləğv edilməlidir. Buna baxmayaraq Məhkəmə həmçinin hesab edir ki, həmin qərardaddan iddiaçının verdiyi şikayət qismən təmin edilməlidir. Çünki iddiaçının şikayətində Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi xahiş edilsə, şikayətin dəlilləri həmçinin iddia ərizəsinin mümkün hesab edilərək icraata qəbul olunmasına da yönəlmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin icraata qəbul edilməsi və mümkünlüyü məsələsi MPM-nin ikinci bölməsinin və 151-ci maddəsinin tələblərinə əsasən birinci instansiya məhkəməsində icraat çərçivəsində həll edilməli məsələ olduğundan şikayət həmin hissədə təmin edilə bilməz və qismən əsaslı hesab edilməlidir. Qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsi və iddia ərizəsinin mümkünlüyü məsələsinə yenidən baxılması məsələsi Rayon Məhkəməsi tərəfindən həll olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsi və iddia ərizəsinin mümkünlüyü məsələsinə Rayon Məhkəməsi tərəfindən iş üzrə tərəflərin, xüsusilə də iddiaçının özünün iştirakı ilə məhkəmə iclasında baxılaraq həll edilməlidir. Çünki cavabdehlərin mənzildə yaşayıb-yaşamaması, yaşamırsa mənzili hansı tarixdən və nə səbəbə görə tərk etməsi hallarının tərəflərin iştirakı ilə dəqiq müəyyən edilməsi müzakirə edilən məsələnin düzgün həlli üçün əhəmiyyət kəsb edir. Odur ki, göstərilənləri nəzərə alan, MPM-nin 398-ci maddəsində təsbit edilmiş səlahiyyətlərindən çıxış edən və MPM-nin 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 08 sentyabr 2023-cü il tarixli qərardad ləğv edilsin. İddiaçı Cavabdeh1 İsgənədər oğluna və başqalarına qarşı “mənzildən istifadə hüququnun olmayan hesab edilməsi tələbi barədə” iddia ərizəsinin icraata qəbul edilməsi və mümkünlüyü məsələsinə tərəflərin iştirakı ilə yenidən baxılması üçün iş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar