Məhkəmə qərarları › İş №2(103)-6476/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6476/2022

11.11.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6476/2022 11.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi və əmək kitabçasında aparılmış qeydlərə düzəliş edilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh MMC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə cavabdeh təşkilatın direktorunun xx.xx.2022-ci il tarixli 004 nömrəli əmri ləğv edilsin, iddiaçı əvvəlki vəzifəsinə bərpa olunsun, ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin və iddiaçının əmək kitabçasında həmin əmrlə bağlı aparılmış qeydlərə düzəliş edilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, həmin əmr ləğv edilsin, iddiaçı öz vəzifəsinə işə bərpa edilsin, ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin, iddiaçının əmək kitabçasında həmin əmr ilə bağlı aparılmış qeydlərə müvafiq düzəliş edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil3 apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı cavabdeh təşkilatda direktor müavini vəzifəsində işləyib. Onunla bağlanmış əmək müqaviləsi cavabdeh təşkilatın direktorunun xx.xx.2022-ci il tarixli 004 nömrəli əmri ilə ləğv edilib. Əmək müqaviləsinin ləğv edilməsinin hüququ əsası kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad olunub. Əmrin məzmununda başqa məlumat qeyd olunmayıb. Əmr əsaslandırılmayıb. Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə görə, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası göstərilməlidir. Bu maddədə “əsas” deyiləndə əmrin konkret hallara istinad olunmaqla əsaslandırılması nəzərdə tutulur. Əmrin ləğv edilməsinə əsas olan maddənin nömrəsinin və maddənin mətninin əmrdə qeyd edilməsi əsaslandrma hesab olunmur. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə görə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Ona görə də cavabdeh təşkilatın direktoru iddiaçının hansı öhdəliklərini və hansı formada yerinə yetirməməməsinin və ya əmək vəzifələrini kobud şəkildə pozulmasının konkret olaraq nədən ibarət olmasını əmrin məzmununda göstəməli idi. Bundan başqa, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində qeyd olunub ki, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Ona görə də cavabdeh təşkilatın direktoru iddiaçının davranışının belə nəticələrə səbəb oluğunu əmrin məzmununda göstərməli idi. Bunu həm də Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsi tələb edir. Orada qeyd olunub ki, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. O cümlədən əmrin məzmununda əmrin verilməsi üçün əsas hesab edilən hər hansı rəsmi sənəd göstərilməyib. Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə görə, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin məzmununda əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. Məhkəmə əmək mübahisəsini həll edərkən əmək müqaviləsinin ləğvini işəgötürənin əvəzinə əsaslandırmalı deyil. Bunu işəgötürən əsaslandırmalı, məhkəmə isə əsaslandırmanın düzgün olub-olmadığını yoxlamalıdır. Hazırkı əmrdə əsaslandırma olmadığına görə əsaslandırmanın düzgünlüyünü yoxlamaq mümkün deyil. Ona görə də məhkəmə hesab edir ki, əmək müqaviləsinin ləğv edilməsi üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən əsas olmayıb. Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar