Məhkəmə qərarları › İş №2(103)-6479/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6479/2024

29.11.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6479/2024 29.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndələri Hamlet Hüseynov və Elşad Əmirovun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar Xidmətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-3717/2024 nömrəli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İddiaçı cavabdeh təşkilatda mənzil bölməsinin müdiri vəzifəsində işləyib. 2.Onunla bağlanmış əmək müqaviləsi işəgötürənin xx.xx.2024-cü il tarixli 48 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilib. Əmr onunla əsaslandırılıb ki, iddiaçı heç bir üzrlü səbəb olmadan bütün günü işə gəlməyib, bununla da Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində göstərilən pozuntuya yol verib. 3.Əmək müqaviləsi ləğv edilərkən həmkarlar ittifaqı təşkilatının razılığı alınmayıb. Birinci instansiya məhkəməsində icraat 4.İddia ərizəsində tələb olunub ki, cavabdehin əmri ləğv edilsin, iddiaçı əvvəlki vəzifəsinə bərpa olunsun və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. 5.Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, cavabehin əmri ləğv edilsin, iddiaçı əvvəlki vəzifəsinə bərpa olunsun və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. Apellyasiya instansiya məhkəməsində icraat 6.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. 7.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri Hamlet Hüseynov və Elşad Əmirov apellyasiya şikayətinin əsaslı olduğunu bildirdilər. 8.Məhkəmə iclasında iştirak edən İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 9.İşçinin üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi öz-özlüyündə əmək müqaviləsinin ləğv edilməsi üçün əsas sayılmır. Əmək müqaviləsinin ləğv edilməsi üçün işçinin bu hərəkətsizliyinin (işə gəlməməsinin) doğurduğu nəticələr də nəzərə alınmalıdır. Belə ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində qeyd olunub ki, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Lakin iddiaçının işə gəlməməsinin belə nəticələrə səbəb olduğu müəyyən edilmir. 10.Heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməyən işçinin bu hərəkətsizliyi yuxarıda göstərilən nəticələrə səbəb olmayıbsa, ona qanunvericilikdə nəzərdə tutulan intizam tənbehlərindən biri (töhmət, sonuncu xəbərdarlıqla şiddətli töhmət və s.) verilə bilər. Əmək münasibətlərində işçi üçün ən ağır məhrumiyyət yaradan tədbir əmək müqaviləsinin ləğv edilməsidir: o, işini və qazancını itirir. Odur ki, əmək müqaviləsi formal mülahizələrlə ləğv edilə bilməz. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinin göstərişi də bunu təsdir edir: “İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır”. 11.Bundan başqa, Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinə görə, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi üçün həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalı idi. Lakin işəgötürən həmkarlar ittifaqı təşkilatının razılığını almadan əmək müqaviləsini ləğv edib. 12.İddiaçı əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli ərizə yazıb (iş v. 63). O, apellyasiya icraatı zamanı bildirib ki, həmin ərizə onun həqiqi iradəsini ifadə etməyib, o cümlədən heç bir üzrlü səbəb olmadan işə gəlməməsi barədə cavabdehin məhkəməyə verdiyi məlumat həqiqi deyil, cavabdeh onun əmək vəzifələrini icra etməsinə maneə yaradıb. 13.Beləliklə, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. 14.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)- 3717/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar