Məhkəmə qərarları › İş №2(103)-6480/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6480/2024

18.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6480/2024 18.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3220/2024 saylı, 27 sentyabr 2024-cü il tarixli qərardadından İddiaçı şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3220/2024 saylı, 18 iyul 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilərək İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 04 avqust 2018-ci il tarixli, 27-M nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Vaqif prospekti, Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yerləşən Cavabdeh MMC tərəfindən inşa olunan yaşayış binasında sahəsi 63.8 kv.m. olan 216 saylı mənzil (təmirsiz) və sahəsi 63.8 kv.m. olan 212 saylı mənzil (təmirsiz) Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməsi; Cavabdeh MTKdən ödənilməyən kirayə haqqına görə 6300 (altı min üç yüz) manat, 212 saylı mənzilin təmir xərci olan 15950 (on beş min doqquz yüz əlli) manat və ödənilmiş dövlət rüsumuna görə 157 (yüz əlli yeddi) manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh MTK apellyasiya şikayəti, eyni zamanda apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə təqdim etmişdir. Ərizədə göstərir ki, məhkəmə tərəfindən Yasamal Rayon Məhkəməsinin 2(005)- 102/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi Cavabdeh MTK-ya təqdim edilməmişdir. Cavabdehin prosessual hüquqları pozulmuşdur. Cavabdeh MTK tərəfindən birinci instansiya məhkəməsinin həmin qətnaməsindən apellyasiya şikayəti veriləcəkdi, lakin məhkəmə tərəfindən qətnamə cavabdehə rəsmi şəkildə təqdim edilmədiyindən, apellyasiya şikayəti vermək qeyri-mümkün olmuşdur. Cavabdehə yalnız 2(004)-3220/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi təqdim edilmişdir, yəni qətnamə qanuni qüvvəyə mindikdən sonra, bu səbəbdən, məhkəmə tərəfindən cavabdehin sözügedən qətnamədən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3220/2023 saylı, 27 sentyabr 2024-cü il tarixli qərardadı ilə cavabdeh MTK-nın ərizəsinin təmin edilməsi; Cavabdeh MTK tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3220/2024 saylı, 18 iyul 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi və apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan İddiaçı (nümayəndəsi və vəkili Vəkil) şikayət verərək ləğv edilməsini və buraxılmış prosessual müddətin bərpası barədə Cavabdeh MTK tərəfindən verilmiş ərizənin təmin edilməməsini xahiş edərək şikayətdə göstərir ki, qətnamə tərəflərə rəsmi qaydada xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə təqdim edilmişdir. Ancaq cavabdeh 7 gün müddət ötürməklə şikayət vermiş və gecikmənin hər hansı üzrlü səbəbini göstərməmişdir. Lakin məhkəmə cavabdehin hər hansı bir mötəbər sübut təqdim etməməsinə baxmayaraq onun ərizəsini üzrlü hesab edərək buraxdığı prosessual müddəti bərpa etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3220/2024 saylı, 18 oktyabr 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə cavabdeh MTK-nın ərizəsi təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-cü maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir.(ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s.). Həmin Məcəllənine 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə əsasən, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Birinci instansiya məhkəməsi ərizəni təmin edərkən qənaətində göstərir ki, qətnamədən şikayət vermə müddətinin ötürülməsi üzrlü hesab edilməli və apellyasiya şikayətinin verilməsi üçün prosessual müddət bərpa edilməlidir. Belə ki, hər kəsin hüquq və azadlıqlarını qorumaq həmçinin məhkəmə hakimiyyəti orqanlarının borcudur. Belə olan halda məhkəmə vəsatəti təmin edərkən, tərəflərin yuxarı instansiya məhkəməsinə şikayət hüququnun, konstitusion hüquqlarının həyata keçirilməsinin təmin edilməsini nəzərə almışdır. Əvvəla, cavabdeh MTK istinad etdiyi dəlilləri təsdiq edəcək hər hansı bir mötəbər sübut təqdim etməyib ki, məhkəmədə onları əsaslı, müddətin bərpası üçün isə əsas hesab etsin. İşdən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3220/2024 saylı, 18 iyul 2024-cü il tarixli qətnaməsi 02 avqust 2024-cü ildə cavabdeh MTK-nın elektron kabinetinə(bax.i.v.56) yerləşdirilmişdir. Cavabdeh isə qətnamədən 02 sentyabr 2024-cü il tarixə kimi şikayət verməli olduğu halda, 11 sentyabr 2024-cü ildə, yəni 1 ay 8 gün sonra apellyasiya şikayəti vermək qərarına gəlmişdir. Buna baxmayaraq, ərizəsində məhkəməni də qınayır ki, qətnamə ona təqdim edilməmiş yaxud “rəsmi şəkildə” təqdim edilmədiyindən prosessual hüquqları pozulmuş, apellyasiya şikayəti verməsi qeyri-mümkün olmuşdur. Məhkəmə tərkibi qeyd edir ki, cavabdeh apellyasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulan müddəti ötürüb və müddətin bərpası üçün də əsas olmayıb. Çünki MTK-nın apellyasiya şikayəti vermək üçün kifayət qədər vaxtı və imkanı olmuşdur. Yəni, MTK qətnamədən narazı idisə, qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti verməkdə maraqlı olmalı və fəaliyyətini də buna uyğun tənzimləməli idi. Lakin cavabdeh MTK yalnız müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etməklə kifayətlənib, nə ərizəsinə müddəti üzrlü səbəbdən ötürməsinə dair sübut əlavə edib, nə də məhkəmə iclasında nümayəndəsi iştirak edərək arqumentlərini məhkəmənin diqqətinə çatdırmaq istəməmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi cavabdeh MTK-nın hər hansı bir əsas və sübut olmadan müddətin bərpasına dair ərizəsini təmin etmişdir. Üstəlik şikayətin dəlillərini MPM-in 269-cu maddəsinə əsasən yoxlayarkən yuxarıda qeyd olunanları ərizənin əsaslılığı baxımından dəyərləndirməklə işin hallarına və tərəflərin haqq-ədalətə söykənən bərabər mənafeləri nəzərə alınmaqla iş üzrə qanuni və ədalətli qərardad qəbul etməli idi, ancaq etməyib, şikayəti təmin etməməklə kifayətlənmişdir. Mülki Prosessual Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilənlər birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsasdır, ona görə də şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3220/2024 saylı, 27 sentyabr 2024-cü il tarixli qərardadı ləğv edilməli və Cavabdeh MTK-nın apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3220/2024 saylı, 27 sentyabr 2024-cü il tarixli qərardadı ləğv edilsin və Cavabdeh MTK-nın apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar