Məhkəmə qərarları › İş №2(103)-6482/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6482/2021

01.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6482/2021 01.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi X4, Cavabdeh nümayəndəsi və vəkili X11, Müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X6, X7 və X14 iştirakları ilə, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(008)-1198/2021 saylı qətnaməsindən Cavabdeh, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X15, X16 və X21 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra-iddiaçı) İddiaçı Cavabdeh qarşı “qəzalı vəziyyətdə olan binanın sakininin köçürülməsinə dair” ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sabunçu rayonu, Sabunçu qəsəbəsi A.Əsədullayev küçəsi 27 saylı binanın sakini Cavabdeh yeni mənzil verilməklə, ailə üzvləri - X15, X16 və X21 ilə birlikdə yaşadığı mənzildən köçürülmələri barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İlk iddia tələbi onunla əsaslandırılır ki, ünvan 1 ünvanda yerləşən yaşayış binası 1904-cü ildə inşa edilmişdir. 2 mərtəbəli, 3 girişli, 29 mənzildən ibarətdir. Yaşayış binası vaxtı-vaxtında əsaslı təmir edilmədiyindən qəza vəziyyətinə düşmüş və hal-hazırda həmin binanın bərpası mümkün deyildir. Bu səbəbdən orada yaşayan mənzil sahibləri yeni mənzillərlə təmin olunaraq köçürülmüşlər. Cavabdeh isə evin qəzalı vəziyyətdə olmasına baxmayaraq, başqa mənzil verilməsi şərti ilə həmin binadan köçürülməsi ilə razılaşmayaraq 3 nəfər ailə tərkibi ilə qeyd edilən evin 13 saylı mənzilində yaşamağa davam edir. 29.10.2015-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun və Sabunçu rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 69 saylı MKİS-nin əməkdaşlarının tərəfindən Sabunçu qəsəbəsi, A.Əsədullayev küçəsində yerləşən 29 mənzilli 27 saylı evin texniki vəziyyəti haqqında akt tərtib edilmişdir. Həmin akta əsasən binanın istismarı dayandırılmalı və bu barədə əlaqədar təşkilatlar məlumatlandırılmalıdır. Sakinlər təcili olaraq binadan köçürülməlidir, binaya daxil olan kommunikasiya xətlərinin fəaliyyəti dayandırılmalı, binanın ətrafı şərti olaraq çəpərlənməli, binaya giriş məhdudlaşdırılmalıdır. Cavabdehə söküləcək binanın yerində inşa ediləcək çoxmərtəbəli yaşayış binasından tam təmirli, ümumi sahəsi yaşadığı mənzilin sahəsində az olmamaqla, müəyyən edilmiş tələblərə cavab verən mənzil və tikinti işləri yekunlaşana qədər hər ay 250 manat olmaqla kirayə haqqı təklif edilmiş, lakin o bu təklifi qəbul etməyərək, qəzalı vəziyyətdə olan evdə yaşamağa davam edir. Azərbaycan Respublikasının MənzilMəcəlləsinin 28, 84 və 88-ci maddələrinin tələblərinə əsasən iddianın təmin edilməsi xahiş edilir. Məhkəmə baxışı dövründə iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, A.Əsədullayev küçəsi 27 saylı binanın sakini Cavabdeh hər kv.m üçün 1000 AZN olmaqla 143,0 kv.m mənzil üçün 143.000 AZN kompensasiya ödənilməklə, ailə üzvləri - X15, X16 və X21 ilə birlikdə yaşadığı mənzildən köçürülmələrinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin dəyişdirilməsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətindən daxil olmuş sənədlərdən görünür ki, Sabunçu rayonu ərazisində yerləşən qəzalı vəziyyətdə olan binaların sakinlərinə mənzilin sahəsinə uyğun olaraq hər kv.m üçün 1000 AZN olmaqla pul kompensasiyasi verilməklə köçürülməsi nəzərdə tutulmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh (bundan sonra-cavabdeh) Cavabdeh İddiaçınə qarşı “yeni mənzillə təmin etməklə mənzilin sökülməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək mülkiyyətçisi olduğu ünvan 2, 27, 13 saylı ünvanda yerləşən mənzillərin əvəzinə yeni tikiləcək binadan yeni mənzillərin verilməsinə dair onunla müqavilə bağlanmasını, bina tikilib başa çatana qədər hər mənzilə görə 250 manat hesablanmaqla, cəmi 1250 manat kirayə haqqının ödənilməsi barədə qətnamə qəbul edəlməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, hazırda razılaşma olmadığından, ünvan 2, 27, 13 saylı ünvanda yerləşən yaşayış evində söküntü işləri aparılma ehtimalının olduğu nəzərə alınmalıdır. Yəni qeyd olunan ünvanda hər-hansı şəkildə müəyyən xoşagəlməz hadisələr ola bilər. Bildirmək istəyir ki, çox hissəsi dağıdılıb-sökülən və hər an çökmə ehtimalı olan, kəskin qəzalı binada yaşamaq onları qorxu və həyəcan içində saxlayır. Binada onun ailə üzvlərindən başqa digər bir ailə də yaşayır. Demək olar ki bu iki ailədən başqa o binada heç kim yaşamır. Bütün bunları nəzərə alaraq heç bir bədbəxt hadisə baş verməmiş onunla mənzil müqaviləsinin bağlanmağını istəyir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə istinadən bildirir ki, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi müqabilində iddiaçı tərəfindən təklif edilən kompensasiya, ona davamlı sürətdə və uzun müddət daxilində başqa yerdə mübahisəli mənzillə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı təmin edə biləcək məbləğdir və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi nəticəsində o, heç gözləmədiyi bir halda yaşayış sahəsi ilə təminatsız qalmayacaqdır. Mübahisəli mənzildə istifadə edilməsi ilə bağlı hüquq münasibətləri 01 oktyabr 2009-cu i tarixdən sonra yarandığından bu mübahisəyə 01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş və hal hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Həmin Məcəllənin imperativ normaları olan 68.1, 68.2, 69.1, 69.2, 70-ci maddələrn mahiyyətindən aydın olur ki, kirayəçi özü yaşayış sahəsinə köçməklə bərabər digər ailə üzvlərini də həmin sahəyə köçürmək və ailə üzvlərinin də kirayəçi ilə bərabər yaşayış sahəsindən istifadə etmək, oraya köçmək hüquqları vardır. Hesab edir ki, kirayəçinin və ailə üzvlərinin müvəqqəti olaraq yaşayış sahəsini tərk etməyə məcbur olmaları və ya tərk etmələri onların həmin sahədən istifadə etmək hüquqlarının itirilməsinə səbəb olmur. Ona görə onun mübahisəli mənzildən istifadə hüququ tanınmalı və azyaşlı övladlarıda birgə o həmin mənzilə köçürülməlidir ki, mənzildən sərbəst, maneəsiz yaşamaq hüququ təmin edilsin. Məhkəmə baxışı dövründə cavabdeh Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdeh Bakı şəhəri, İddiaçı tərəfindən ünvan 2 ünvanında, 27 saylı yaşayış binasında yerləşən (ümumi ərazisi 191.9 kv.metr olan bölgüyə əsasən dörd ədəd) mənzillərin mülkiyyətçisi onun ilə razılaşma: (ona söküləcək binada olan mənzillərimin ümumi ərazisinə qanunla nəzərdə tutulmuş qaydada ümumi ərazinin 25-30 faizi ölçüsündə əlavəsi hesablanmaqla həmin ölçüyə uyğun yeni tikiləcək binada mənzillərin verilməsi və təmir olunmuş yeni mənzillər ona verilənə kimi onun başqa yerdə yaşamağının təmin olunması barədə və yaxud ondan alınan mənzillərin əvəzinin layiqli kompensasiya edilməsi barədə) əldə olunmadan, razılaşma şərtləri əks olunan müqavilə bağlanmadan ona məxsus mənzillərə hər-hansı müdaxilə, qəsd mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilsin və cavabdehə qadağan edilsin. Qarşılıqlı iddiaya dəqiqləşmə onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə iddiaçı, Bakı şəhəri, İddiaçı göstərişi ilə mülkiyyətində olan mənzillərin yerləşdiyi bina qanunlar gözləmədən yararsız hala salınıb ki, bu da qənaətinə görə özbaşnalıq sayılmalıdır. Hazırki vəziyyət, işin halları, iş üzrə tərəflərin qarşılıqlı münasibəti o haldadır ki, iş üzrə ilk iddiaçı Bakı şəhəri, İddiaçı yaşadıqları binanı bərbad vəziyyətə salıb, onun əmlaklarına, mənzildə yaşayanlara belə cinayətkarcasına rəftar göstərib. Mülkiyyətçisi olduğu mənzillərin yerləşdiyi bina, ilk iddia üzrə iddia tərəfin bildirdiyinə görə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təqdimatına və həmin təqdimat əsasında, Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən, ilk iddia üzrə iddiaçı tərəfindən bir hissədə dağıdılıb və yaşayış üçün tam təhlükəli vəziyyət alıb. Halbuki, dağıtma, söküntü işlərinin aparılması qaçılmaz olduğu halda belə ilkin olaraq söküntüsü nəzərdə tutulan binada yaşayanların təhlükəsizliyi, onların yeni mənzillə təmin olunana kimi başqa yaşayış yeri iliə təmin olunmaları kimi işlər aparılmalı idi. Lakin hazırki vəziyyət onun göstərir ki, iddiaçı üzərinə götürdüyü dövlət əhəmiyyətli işə barmaqarası münasibət göstərir. Bundan başqa, ilk iddia üzrə iddiaçı onun hüquqlarının pozulmasının qarşısının alınması yönümlü heç bir əməli iş görməyib, yalnız özünün maraqlarına uyğun olan hərəkətləri nümayiş etdirir. O hərəkləri ki, onlarda dövlətin vətəndaşına zorakılıq, hörmətsizlik, sayqısızlıq yer alıb. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(008)-1198/2021 saylı qətnaməsi ilə ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi A.Əsədullayev küçəsi 27 saylı binanın sakini Cavabdeh hər kv.m üçün 1000 AZN olmaqla 143.0 kv.m mənzil üçün 143.000 AZN kompensasiya ödənilməklə, ailə üzvləri – X19, X16 və X21 ilə birlikdə yaşadığı mənzildən köçürülməsi qət olunmuşdur. Qətnamədən narazı qalan Cavabdeh və müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X15, X16 və X21 apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(008)-1198/2021 saylı qətnaməsinin ləğv edilməsi və qarşılıqlı iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbi ilə eynilik təşkil etməklə şikayətdə qeyd olunur ki, ilkin iddiaçının Cavabdeh mülkiyyətində və istifadəsində olan, qəzalı vəziyyətə düşmüş binanın sakinlərinin köçürülməsi ilə əlaqədar bütün fəaliyyəti araşdırılmalı, eləcə də sözügedən mənzilin 16.12.2019-cu il tarixli “çıxarış”ının verilməsi, həmin sənədin verilməsinə əsas olan hüquq müəyyənedici sənədlərin mənbəyi, əldə edilməsi, qanuni olub-olmaması aydınlaşdırılmalıdır. Cavabdeh mənzilinin ümumi sahəsi 191,90 kv.m olmuşdur. Eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı işçilərinə əvvəlki çıxarış təqdim edilmişdir. Həmin çıxarışda isə mənzilin ümumi sahəsi ümumiyyətlə göstərilməmişdir. Mənzilin ümumi sahəsi çıxarışda yox, mənzilin texniki göstəriciləri əks olunmuş, texniki pasportda əks olunur. Həmin mənzilin texniki pasportu isə heç vaxt tərtib olunmamışdır. Belə ki, mənzilin ümumi otaqlarının sahəsini adi riyazi üsul ilə toplayarkən 191,90 kv.m sahə alınsa da və eyni zamanda bu göstərici 07.11.2019-cu ildə tərtib edilən texniki passportda öz əksini tapmışdır. Lakin bu göstərici çıxarışda 143 kv.m. kimi göstərilmişdi. Cavabdeh bu fərqi müəyyən etdikdən sonra, yol verilmiş texniki səhvin və ya uyğunsuzluğun düzəldilməsinə görə Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinə müraciət etmişdir. Lakin, cavabdeh İddiaçı hər cür vasitələrlə Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinə təsir və təzyiq göstərdi ki, mənzilin faktiki sahəsini əks etdirən və doğru olan çıxarış, eləcə də texniki pasport verilməsin. Buna baxmayaraq, həmin idarənin rəhbərliyi tərəfindən cavabdeh qəbul edildikdən və dinlənildikdən, əlində olan mötəbər sübutlar təqdim edildikdən sonra qanuni tələb təmin edilmişdir. Lakin, hazırki mübahisə üzrə Sabunçu rayon məhkəməsi çıxarış və texniki pasport əsasında deyil, İddiaçı nümayəndəsinin izahatı əsasında qətnamə qəbul etdi. Qətnamə üzrə yol verilən qanun pozuntuları yuxarıda sadalananlarla bitməmişdir. Belə ki, X17, X21 və X16 iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxslər kimi prosesə cəlb edilmiş olsalar da, məhkəmə onları öz qətnaməsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi müəyyən etmişdir. Halbuki həmin şəxslər mübahisələndirilən mənzildə yaşayırlar və onların da tələbi qarşılıqlı iddiaçının tələbi ilə oxşardır. Belə ki, əgər ilkin tələb təmin edilərsə və qarşılıqlı iddia təmin edilməzsə, Cavabdeh öz mülkiyyətində olan mənzilin hər bir metr sahəsinə görə müavinət əldə edəcək. Lakin, həmin mənzildə qeydiyyatda olan və müstəqil tələb irəli sürən üçüncü şəxslər heç bir müavinət və yaşayış sahəsi almadan qalacaqlar. Bundan əlavə, qətnamə üzrə birinci instansiya məhkəməsi müəyyən etdiyi hər abzasında İddiaçı göstərişini icra etdiyini ortaya qoymuşdur. Belə ki, qətnamədə göstərilir ki, ilkin iddiaçı iddia ərizəsini dəqiqləşdirərkən, ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasından, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Bakı şəhər İcra Hakimiyyətindən daxil olmuş sənədlərdən görünür ki, Sabunçu rayon ərazisində yerləşən, qəzalı vəziyyətdə olan binaların sakinlərinə mənzilin sahəsinə uyğun olaraq hər kv.m. üçün 1000 AZN olmaqla pul kompensasiyası verilməklə köçürülməsi nəzərdə tutulmuşdur. Lakin yenə də, Sabunçu rayon məhkəməsi araşdırmamışdır ki, həmin sənədlərdə İddiaçındə hələ məhkəmədə iddia qaldırmazdan əvvəl məlumat və sənədlər olduğu halda, nəyə görə ilkin iddia ərizəsi qaldırılarkən cavabdehə qarşı, təhvil verdiyi mənzilin sahəsinə uyğun sahə, əlavə sahə, təmir və kirayə haqqı verilməsi üzrə təklif olsa da, sonradan İcra Hakimiyyətinin cavabdehlərə qarşı münasibəti dəyişmişdir. Çünki, əvəllər icra hakimiyyəti ona məxsus mənzilin 191,90 kv.m. olduğunu bildiyi halda, 143 kv.m. sahə üzrə hesablaşmaq istəyirdi və arada olan fərqi mənimsəmək iddiasında idi. Sonradan cavabdeh faktiki olaraq 191,90 kv.m sahə üzrə çıxarış və texniki pasport əldə etdikdən sonra, məhkəməyə təsir etməklə qərarı öz xeyirlərinə dəyişmək üçün çalışmışlar. Buna görə də Qayıbov X1 mühəndis - texniki ekspertizasının təyin edilməsini xahiş edir. Tərəf bu barədə birinci instansiya məhkəməsində vəsatət versə də, təmin olunmamışdır. Eyni zamanda, məhkəmə tərəfindən cavabdehin mühəndis -texniki ekspertizasının təyin edilməsi barədə vəsatəti gizlədilmiş, iclas protokollarına salınmamışdır. Sonradan cavabdeh tərəfindən protokollara qeydlər verilmişdir. İddiaçı mənzili və yerləşdiyi binanı tez və sürətlə, həm də cavabdehlərin orda yaşadığı müddətdə sökməyə cəhd göstərir ki, mənzilin sahəsi ekspert tərəfindən ölçülüb dəqiq olaraq məhkəməyə təqdim edilməsin. Həmçinin Cavabdeh məxsus mənzilin altındakı torpaq sahəsi də uzun müddətdən bəri onun istifadəsində olduğuna görə, onun yerli icra hakimiyyəti tərəfindən götürülməsi üçün də cavabdehə kompensasiya verilməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili X20 apellyasiya şikayətini müdafiə etdi, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X15, X16 və X21 apellyasiya şikayətini müdafiə edərək, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X12 apellyasiya şikayətini qəbul etməyərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. Bu kontekstdə məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam olaraq qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin və 3-cü şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hazırki işə baxarkən mübahisə predmetinin ünvanını ünvan 2, 27, 13 saylı ünvan kimi, forma 2 üzrə arayışda adı X2 göstərilmiş şəxsin soyadının iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətinə əsasən Orucova kimi oxunmasına dair ilk iddiaçının ərizələrini nəzərə almışdır. Belə ki, iş materiallarında olan - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun və Sabunçu rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 69 saylı MKİS-nin əməkdaşlarının tərəfindən Sabunçu qəsəbəsi Əsədullayev küçəsində yerləşən 29 mənzilli, 27 saylı evin texniki vəziyyəti haqqında aktdan görünür ki, yaşayış binası 1904-cü ildə 2 mərtəbəli, 3 girişli, 29 mənzilli inşa olunmuşdur. Bina planda P şəklindədir, uzunluğu 71,70 metr, eni 11,0 metr, mərtəbələrin hündürlüyü 2,8 metr, kürsüsüzdür. Binanın ümumi hündürlüyü təxminən 6,50 metrdir. Binanın yükdaşıyan daxili və xarici divarları but və mişarlanmış əhəngdaşından olmaqla, qalınlıqları müvafiq olaraq 0.80 və 0.60; 0.40 metrdir. Arakəsmələr gipsolit, kərpic və ağac materiallarındandır. Ağac arakəsmələrin səthi pilləkənlər üzrə əhəng-qum məhlulu ilə suvanmışdır. Mərtəbəarası örtük konstruksiyası ağac tirlər üzrə bitum və rulon materialı ilə örtülmüşdür. Binanın mənzillərinə giriş ümumi eyvanlar vasitəsi ilə həyata keçirilir. Həmin eyvanlar hazırda qəza vəziyyətindədir. Bina uzun müddət təmirsiz istismar edildiyindən köhnəlmiş və ciddi fiziki aşınmalara məruz qalmışdır. Atmosfer sularının təsirindən binanın damı yararsız hala düşmüş, sızma halları müşahidə olunur. Döşəmə konstruksiyalarında çoxsaylı deformasiyalar mövcuddur. Binanın yükdaşıyan daxili və xarici divarlarında, arakəsmələrində çatlar, ağac tirlərin dayaq hissələrinin çürüməsi, bir sıra metal konstruksiyalarda ciddi korroziyalar müşahidə olunur. Bina bütünlüklə sanitar-gigiyenik və yanğın təhlükəsizliyi baxımından olduqca acınacaqlı vəziyyətdədir. Binanın elektrik, su və kanalizasiya xətləri istismara yararsızdır. Binanın yükdaşıyan konstruksiyalarının yükgötürmə qabiliyyəti zəifləmiş və bina istismar müddətini başa vurmuş hesab olunur. Yaşayış binasında əsaslı təmir, bərpa işlərinin aparılması iqtisadi və texniki cəhətdən məqsədəuyğun hesab edilmir, odur ki, binanın sökülərək yenidən tikilməsi zəruri hesab edilir. Yükdaşıyan konstruksiyaların qəzalı, mühəndis kommunikasiya xətlərinin bərbad, bəzək işlərinin olduqca aşağı səviyyədə olması, memarlıq və tarixi abidə baxımından heç bir əhəmiyyət kəsb etmədiyini nəzərə alaraq, binanın sökülməsi məqsədəuyğun hesab edilir. Bina qəza vəziyyətindədir və istismar üçün təhlükəlidir. Bununla əlaqədar olaraq sakinlərin təcili olaraq binadan köçürülməsi, binaya daxil olan kommunikasiya xətlərinin fəaliyyətinin dayandırılması, binanın ətrafının şərti olaraq çəpərlənməsi, binaya girişin məhdudlaşdırılması kimi təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir. 69 saylı MKİS-nin 09.12.2019-cu il tarixli 216 saylı forma 2 arayışından görünür ki, ünvan 4 ünvanında yerləşən yaşayış binasının 13 №li mənzili Cavabdeh məxsusdür. Mənzil İİ mərtəbədə yerləşir, ümumi sahəsi 143 kv.m, yaşayış sahəsi 95,0 kv.m olmaqla 6 otaqlıdır. Mənzildə X18 X16 və X21 1997-ci ildən qeydiyyatdadırlar. İlk iddiaçının nümayəndəsinin məhkəməyə ünvanladığı ərizələrdən görünür ki, Budaqova Sialənin soyadının Orucova kimi, iddia ərizəsində göstərilən 1 nömrəli mənzilin nömrəsinin isə 13 kimi nəzərə alınması xahiş edilmişdir. X8, X5 adlarına olan Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, onların qeydiyyatı ünvan 2, 27, 13 saylı ünvandır. Cavabdeh adına olan 27.01.2010-cu ildə verilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, o, Bakı şəhəri, Naxçıvanski küç. Yat/na ev 80-də qeydiyyatdadır. İddiaçı 25.12.1992-ciiltarixli 2366 saylı sərəncamından çıxarışdan görünürki, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Djerzinski küçəsi 27 saylı binanın 13 saylı mənzili ümumisahəsi 143 kv.m olmaqla X10 şəxsi mülkiyyəti kimi verilməsi qərara alınmışdır. 24.06.1993-cü il tarixli alğı-satqı müqaviləsinin surətindən görünür ki, S.S.Yusubova Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Djerzinski küçəsi 27 saylı binanın ümumi sahəsi 143 kv.m olan 13 saylı mənzilini Cavabdeh 4 milyon manata (köhnə məzənnə ilə) satmışdır. Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əsədullayev küçəsi 27 saylı binanın 13 saylı mənzili 14.07.1993-cü ildən Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əsədullayev küçəsi 27 saylı binanın, 13 saylı mənzili 143 kv.m sahə kimi 12.11.2019-cu il tarixdə Cavabdeh adına mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz ƏmlakınDövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” əsasən Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əsədullayev küçəsi 27 saylı binanın 13 saylı mənzili 191,90 kv.m sahə kimi 16.12.2019-cu il tarixdə Cavabdeh adına mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Prezidentin köməkçisi Əli Əsədovun imzaladığı Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış 16 aprel 2019-cu il tarixli məktuba əsasən Bakı şəhərində qəzalı vəziyyətdə 21 çoxmənzilli binada yaşayan sakinlərin təhlükəsizliyinin təmin olunması barədə Bakı şəhər İcra Hakimiyyətinin başçısının müraciəti ilə bağlı Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Maliyyə Nazirliyinin 2019-cu il 15 tarixli 09/02 3-64-438 nömrəli məktubla Azərbaycan Respublikasının Prezidentinə təqdim etdiyi təkliflər cənab Prezidentə məruzə edilmişdir. Həmin məktuba uyğun olaraq, 17 ədəd binanın (14 yaşayış binası və 3 yataqxana) sakinlərinin təhlükəsizliyini təmin etmək məqsədi ilə təklif etdiyiniz aşağıdakı tədbirlərin həyata keçirilməsi cənab Prezident tərəfindən məqbul hesab edilmişdir; 1. Səbali (20-ci sahə) Suraxanı, Sabunçu. Binəqədi və Xətai (Əhmədli qəsəbəsi) rayonlarının ərazisində yerləşən 16 binaya dair: 1.1 Bu binalar üzrə sahəsi 30 kvadratmetr və daha az olan 444 mənzildə yaşayan ailələrin hər birinə 30,0 min manat olmaqla cəmi 13.320.0 manat məbləğində birdəfəlik maddi yardımın ödənilməsi: 1.2 Sahəsi 30 kvadratmetrdən çox olan 288 ədəd mənzildə yaşayan ailələrə mənzilin ümumi sahəsinin 1 kvadratmetri üçün 1.0 min manat olmaqla cəmi 12.760.0 min manat məbləğində birədəfəlik maddi yardımın ödənilməsi, 1.3.Sözügedən 16 yaşayış binası üzrə ümumilikdə 732 mənzil sahibinin hər birinə ev əşyalarının daşınması və bir aylıq kirayə haqlarına görə 500.0 manat olmaqla ümumilikdə 366.0 min manat əlavə birdəfəlik yardım verilməsi. Yasamal rayonunun ərazisində yerləşən (keçmiş “Sovetski” adlanan əraziyə yaxın M.Əliyev küçəsi bir ədəd 43 mənzilli yaşayış binasına dair) 2.1 Sahəsi 20 kvadratmetr və daha az olan 19 mənzildə yaşayan ailələrin hər birinə 30.0 min manat olmaqla cəmi 570.0 min manat məbləğində birdəfəlik maddi yardımın ödənilməsi. 2.2 Sahəsi 20 kvadratmetrdən çox olan 24 ədəd mənzildə yaşayan ailələrə mənzillərin ümumi sahəsinin 1 kvadratmetri üçün 1.5 min manat olmaqla ümumilikdə 1 326,5 min manat məbləğinə birdəfəlik maddi yardımın ödənilməsi: 2.3 Sözügedən bina üzrə ümumilikdə 43 mənzil sahibinin hər birinə ev əşyalarının daşınması və bir aylıq kirayə haqlarına görə 500.0 manat olmaqla ümumilikdə 21.5 min manat əlavə birdəfəlik yardım verilməsi, 3. Fövqəladə Hallar Nazirliyinin hesablamalarına əsasən 300.0 min manat məbləğində qiymətləndirilən 17 binanın söküntüsü. Eyni zamanda yuxarıda qeyd edilən tədbirlərin həyata keçirilməsi üçün 28.7 milyon manat məbləğində vəsaitin 2019-cu il üzrə dövlət büdcəsinin islahatlarla bağlı xərclər yarımbəndindən Bakı şəhər İcra Hakimiyyətinin nəzarəti altında Bakı şəhərinin müvafiq rayon icra hakimiyyətlərinə ayrılmasına cənab Prezident tərəfindən razılıq verilməklə müvafiq tədbirlərin görülməsinin təmin edilməsi tapşırılmışdır. Məhkəmə ilkin iddianı təmin edərkən qeyd etmişdir ki, qarşılıqlı iddiaçıya məxsus Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əsədullayev küçəsi 27 saylı binanın 13 saylı mənzilinə dair 12.11.2019cu il tarixdə verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ında mənzilin sahəsinin 143 kv.m sahə göstərildiyi halda, 16.12.2019-cu il tarixdə Cavabdeh adına verilmiş “Çıxarış”da həmin sahənin 191,90 kv.m sahə kimi göstərilməsi ilə bağı qeyd edir ki, ilk iddiaya əlavə edilmiş sənədlərdə mənzilin sahəsinin 143,0 kv.m olmasına 24.01.2020-ci il tarixli iddia ərizəsinə etirazda və qarşılıqlı iddiasında heç bir irad bildirilmədiyi halda, qarşılıqlı iddiaya əlavə edilmiş sənəddə mənzilin sahəsinin 191,90 kv.m olmasının göstərilməsi mübahisəsiz hal kimi qəbul edilə və sübut kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin nümayəndəsi sonuncu çıxarışın qanuni əsaslarla verildiyini göstərsədə, demək olarki, 1 ayın daxilində hansı mötəbər sənədlər əsasında mübahisəli mənzilin sahəsinin artırılması ilə bağlı yeni çıxarış verilməsinin səbəblərini izah edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28.3-cü maddəsinə əsasən mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. Həmin Məcəllənin 28.6-cı maddəsinə əsasən qəza vəziyyətində olan və bərpasının mümkün olmaması məhkəmə tərəfindən təsdiqlənmiş, lakin mülkiyyətçisi sökülməsindən və yenidən tikilməsindən imtina etmiş və ya onun tərəfindən məhkəmənin müəyyən etdiyi müddətdə sökülməsi həyata keçirilməmiş mənzil (yaşayış binası) bu Məcəllənin 28.4-cü maddəsinə əsasən açıq hərracda üç ay ərzində satılmadıqda həmin bina dövlət tərəfindən alınmalıdır. Həmin Məcəllənin 28.7-ci maddəsinə əsasən qəza vəziyyətində olan mənzildən (yaşayış binasından) köçürülən şəxslər barəsində bu Məcəllənin müvafiq hallara uyğun olaraq 85-ci maddəsinin müddəaları tətbiq edilir. Əvvəla kollegiya qeyd edir ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən irəli sürülmüş tələblər daxilində işə baxır. Belə ki, iddiaçı Cavabdeh hər kv.m üçün 1000 AZN olmaqla 143,0 kv.m mənzil üçün 143.000 AZN kompensasiya ödənilməklə, ailə üzvləri - X15, X16 və X21 ilə birlikdə yaşadığı mənzildən köçürülmələrinə dair qətnamə qəbul edilməsini xahiş edir. Lakin işdə olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” əsasən Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əsədullayev küçəsi 27 saylı binanın 13 saylı mənzili 191,90 kv.m sahə kimi 16.12.2019-cu il tarixdə Cavabdeh adına mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Göründüyü kimi, Cavabdeh mülkiyyətində 143 kv.m deyil, 191,90 kv.m sahə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin 27.08.2021-ci il tarixli, **********7 saylı məktubuna əsasən Cavabdeh mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən daşınmaz əmlakın ümumi sahəsi barədə məlumat verilməsi və daşınmaz əmlakın dövlət reyestindən çıxarışın verilməsinə əsas olmuş sənədlərin təqdim edilməsi barədə məktuba aidiyyəti üzrə baxılmışdır. 12.11.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda mənzilin ümumi sahəsi 143,0 kv.m qeyd olunmuşdur. Sonradan vətəndaşın ərizəsi ilə mənzildə aparılan texniki inventarlaşdırma işləri nəticəsində mənzilin ümumi sahəsinin 191,9 kv.m olduğu müəyyən edilmiş və tərtib edilmiş texniki pasport əsasında 19 dekabr 2019-cu il tarixli 111 ******* qeydiyyat nömrəli çıxarış hazırlanmışdır. Əlavə olaraq bildirilir ki, 12 saylı Notariat Ofisinin 17 yanvar 2020-ci il tarixli, 8İ-281 reyestr nömrəli bölgü sxeminə əsasən sözügedən mənzil 4 yerə bölünərək ünvan 7, ünvan 7B, ünvan 7C, ünvan 7D kimi daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmişdir. Həmin məktuba əlavə edilmiş və həmçinin cavabdeh tərəfindən təqdim edilmiş: 27.01.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış çıxarışın surətindən görünür ki, sahəsi 36 kv.m olan ünvan 7 xüsusi mülkiyyət kimi Cavabdeh adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reseytrində qeydiyyata alınmışdır. 27.01.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış çıxarışın surətindən görünür ki, sahəsi 47,8 kv.m olan ünvan 7B xüsusi mülkiyyət kimi Cavabdeh adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reseytrində qeydiyyata alınmışdır. 27.01.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış çıxarışın surətindən görünür ki, sahəsi 54,1 kv.m olan ünvan 7C xüsusi mülkiyyət kimi Cavabdeh adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reseytrində qeydiyyata alınmışdır. 27.01.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış çıxarışın surətindən görünür ki, sahəsi 54 kv.m olan ünvan 7D xüsusi mülkiyyət kimi Cavabdeh adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reseytrində qeydiyyata alınmışdır. Kollegiya hesab edir ki, iddiaçının mülkiyyətində 191,9 kv.m sahə olduğu halda, ona 143 kv.m üçün kompensasiya ödənilməklə, mənzildən köçürülmə barədə iddianı təmin etməklə, məhkəmə düzgün olmayan nəticəyə gəlmişdir. Buna görə də, ilkin iddia təmin edilə bilməz. Həmçinin kollegiya cavabdehin qarşılıqlı iddia tələbinə qiymət verərək, hesab edir ki, qarşılıqlı iddia əsassız olduğundan, təmin oluna bilməz. Belə ki, cavabdeh qarşılıqlı iddiasında Bakı şəhəri, İddiaçı tərəfindən ünvan 2 ünvanında, 27 saylı yaşayış binasında yerləşən (ümumi ərazisi 191.9 kv.metr olan bölgüyə əsasən dörd ədəd) mənzillərin mülkiyyətçisi onun ilə razılaşma: (ona söküləcək binada olan mənzillərimin ümumi ərazisinə qanunla nəzərdə tutulmuş qaydada ümumi ərazinin 25-30 faizi ölçüsündə əlavəsi hesablanmaqla həmin ölçüyə uyğun yeni tikiləcək binada mənzillərin verilməsi və təmir olunmuş yeni mənzillər ona verilənə kimi onun başqa yerdə yaşamağının təmin olunması barədə və yaxud ondan alınan mənzillərin əvəzinin layiqli kompensasiya edilməsi barədə) əldə olunmadan, razılaşma şərtləri əks olunan müqavilə bağlanmadan ona məxsus mənzillərə hər-hansı müdaxilə, qəsd mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməsini və cavabdehə qadağan edilməsini xahiş etmişdir. Kollegiya hesab edir ki, hazırkı vəziyyətdə iddiaçı tərəfindən birbaşa müdaxilə müəyyən olunmadığından, qarşılıqlı iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X15, X16 və X21 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(008)- 1198/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İlkin və qarşılıqlı iddialar təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar