Məhkəmə qərarları › İş №2(103)-6483/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6483/2024

25.11.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6483/2024 25.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov X6 Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4366/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadından cavabdehlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 nümayəndəsi vəkil Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 qarşı “sökülən mənzillərin əvəzinə yeni mənzillərin verilməsi və köhnə mənzillərin verilməsi və köhnə mənzillərin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4366/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 qarşı “sökülən mənzillərin əvəzinə yeni mənzillərin verilməsi və köhnə mənzillərin verilməsi və köhnə mənzillərin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə icraat ayrılması, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 qarşı “sökülən mənzillərin əvəzinə yeni mənzillərin verilməsi və köhnə mənzillərin verilməsi və köhnə mənzillərin boşaldılaraq təhvil verilməsi” tələbinə dair hissəsnin 2(004)-4366/2024 saylı mülki iş üzrə davam etdirilməsi, iddianın ikinci hissəsi, İddiaçı cavabdehlər Cavabdeh1 qarşı “sökülən mənzillərin əvəzinə yeni mənzillərin verilməsi və köhnə mənzillərin verilməsi və köhnə mənzillərin boşaldılaraq təhvil verilməsi” tələbinə dair hissəsinin yeni nömrə ilə ayrıca icraata ayrılaraq ümumi iddia icraatında baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi yazılı vəsatət təqdim edərək, iş üzrə məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4366/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə 2(004)-4366/2024 saylı mülki iş üzrə kompleks məhkəmə-tikintitexniki və məhkəmə-əmtəəşünaslıq ekspertizalarının təyin edilməsi, Məhkəmə-tikintitexniki ekspertizası üzrə ekspert qarşısında aşağıdakı suallar qoyulması: 1. ünvan 1 ünvanında yerləşən Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və X4 paylı mülkiyyətində olan, çıxarışda ümumi sahəsi 117,8 m2 göstərilən fərdi yaşayış evinin ayrılıqda faktiki sahəsi (içdən-içə ölçülərlə və azalma əmsalı tətbiq edilmədən, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun sahə hesab oluna biləcək hissələr nəzərə alınmaqla) nə qədər təşkil edir? Məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə ekspert qarşısında aşağıdakı sualların qoyulması: 1. ünvan 1 ünvanında yerləşən Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və X4 paylı mülkiyyətində olan evlərin faktiki vəziyyəti nəzərə alınmaqla 1m2 -nin dəyəri nə qədərdir? 2. ünvan 1 ünvanında yerləşən Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və X4 paylı mülkiyyətində olan evlərə uyğun tikililərin kirayə dəyəri nə qədərdir? Ekspertizanın aparılmasının tərəflərin iştirakları ilə yerli baxış keçirilməklə “X7 Mərkəzi” MMC-yə tapşırılması və rəyin verilməsi üçün ekspertə mülki işin materiallarının təqdim olunması və ekspertizanın keçirilməsi və rəyin verilməsi müddətinin 30 (otuz) gün müəyyən edilməsi, ekspertiza aparılarkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan hallar müəyyən edilərsə, bu hallar barədə mülahizələr ekspert rəyinə daxil edilməsi, ekspert rəyi məhkəməyə daxil olanadək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4366/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-4366/2024 saylı qərardadında yol verilmiş yalnışlığın düzəldilməsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 4366/2024 saylı qərardadında “məhkəmə-tikinti-texniki ekspertizası üzrə ekspert qarşısında aşağıdakı suallar qoyulsun: 1. ünvan 1 ünvanında yerləşən Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və X4 paylı mülkiyyətində olan, çıxarışda ümumi sahəsi 117,8 m2 göstərilən fərdi yaşayış evinin ayrılıqda faktiki sahəsi (içdən-içə ölçülərlə və azalma əmsalı tətbiq edilmədən, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun sahə hesab oluna biləcək hissələr nəzərə alınmaqla) nə qədər təşkil edir?” hissəsində ekspertizanın aparılmasının Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsi qərara alınmışdır. Apelyasiya şikayəti, etiraz, məhkəmənin mövqeyi: Cavabdehlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 nümayəndəsi vəkil Nümayəndə2 qərardaddan şikayət verərək, MPM-nin 269.1 və 269.2-ci maddələrinə əsaslanaraq, xx.xx.2024-cü il tarixli, 2(004)-4366/2024 saylı qərardadın ləğv olunaraq, mülki iş üzrə icraatın davam etdirilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.2, 85.1, 87.1, 87.3, 87.4, 267.1, 268.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, işə baxılarkən – 04 oktyabr tarixindəki hazırlıq iclasında iddiaçının ekspertiza təyin olunması barədə vəsatəti müzakirə olunarkən hakimdən xahiş etmişdilər ki, onların sübutların təmin olunması barədə ərizələrinə qiymət verilənə qədər ekspertiza təyin olunması barədə vəsatətə baxılması açıq saxlanılsın. Ona görə ki, müvafiq sübutlar təmin olunduqdan sonra iddiaçının iddiasının ünumiyyətlə, əsassız olması, iddiaçının bu iddianı qaldırmağa subyektiv hüququnun olmaması, iddiaçının yuxarıda göstərilən Sərəncamdakı şərtləri yerinə yetirməməsi səbəbindən mübahisəli ərazidə tikinti işlərinin aparılmasına səlahiyyətinin olmaması, mübahisəli daşınmaz əmlakların iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşməməsi kimi hallar məlum ola bilər ki, bu halda ekspertiza keçirilməsinə ehtiyac qalmayacaq. Bu hallar araşdırılmadan, tez-tələsik ekspertiza təyin olunması və iş üzrə icraatın ekspertiza keçirilməsi dövründə dayandırılması ekspert rəyi təqdim olunduqdan sonra, iş üzrə icraat bərpa olunduqda və yuxarıda göstərdikləri iddianın əsassız olması barədə hallar məlum olarsa, ekspertiza dövründə iş üzrə icraatın dayandırılmasının əsassız olduğunu sübut edəcək və nəticə etibarı ilə bu hal işə baxılmanın süni şəkildə gecikdirilməsinə gətirib çıxaracaq. Lakin hakim Ü.A.Xəlil bütün bu hallara qiymət vermədən, 04 oktyabr 2024-cü il tarixli qərardadla göstərilənləri nəzərə almadan mülki iş üzrə icraatı dayandırıb. Göstərilən hal qeyri-qanuni xarakter daşıyır. Sərəncamda göstərilən tələblərin MTK tərəfindən yerinə yetirilməsinin və MTK-nin yuxarıda göstərilən ərazidə tikinti işlərinin aparılmasına icazəsinin olmasının aydınlaşdırılması üçün Yasamal rayon məhkəməsindən xahiş etmişdilər ki, iddiaçıya məhkəməyə aşağıda göstərdikləri sənədləri və sübutları təqdim etməyi təklif etsin: 1. Cavabdehlərin mülkiyyətində və istifadəsində olan daşınmaz əmlakların sərəncamla MTK-nə ayrılmış 2,04 ha torpaq sahəsinin hüqudları daxilində yerləşməsini təsdiq edən sübutlar. 2. MTK ilə Bakı şəhər İcra Hakimiyyəti nəzdində “İnterservis” Müdiriyyəti arasında bağlanmış icarə müqaviləsinin notarial qaydada təsdiq olunmuş surəti (Sərəncamın 2.3-cü bəndinin tələbinə uyğun olaraq). 3. Torpaq sahəsinə dair icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması bardə Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın notarial qaydada təsdiq olunmuş surəti (Sərəncamın 2.4-cü bəndinin tələbinə uyğun olaraq). 4. Tikinti işlərinə başlamazdan əvvəl obyektin tikinti layihəsinə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 X1 Ekspertiza Baş İdarəsinin müsbət rəyinin notarial qaydada təsdiq olunmuş surəti (Sərəncamın 2.5-ci bəndinin tələbinə uyğun olaraq). 5. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən tikinti işlərinin başlanılması üçün əsas olan obyektin tikintisinə icazənin notarial qaydada təsdiq olunmuş surəti (Sərəncamın 2.5-ci bəndinin tələbinə uyğun olaraq). Göstərilən sənədlərin və sübutların məhkəməyə təqdim olunması iddiaçının göstərilən iddianı qaldırmağa subyektiv hüququnun olması məsələsinin araşdırılması və işin ədalətli həll olunması üçün vacib əhəmiyyəti olduğundan bu sənədlərin iddiaçıdan alınması, məhkəmənin araşdırmasının əsasını təşkil etməlidir. Həmçinin göstərilən sübutların təmin olunması işə baxılarkən bərabərlik prinsipi əsasında cavabdehlərin də hüquqlarının təmin olunması üçün böyük əhəmiyyət kəsb edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 2(004)-4366/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışının hədləri, müəyyən edilən hallar, tətbiq edilən hüquq və Mülki Kollegiyanın mövqeyi: Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 98.2. Ekspertiza təyin etmək barədə qərardadda məhkəmə tərəfindən aşağıdakılar göstərilməlidir: məhkəmənin adı; ekspertizanın təyin edilməsi vaxtı; baxılan iş üzrə tərəflərin adı; ekspertizanın adı; təsdiq edilməsi və ya rədd edilməsi üçün ekspertiza keçirilən faktlar; ekspertiza qarşısında qoyulan suallar; ekspertin soyadı, adı və atasının adı və ya ekspertizanın keçirilməsi tapşırılan idarənin adı; ekspertə göndərilən materiallar; ekspertizanın keçirilməsi və rəyin verilməsi müddəti. 255.0.5. məhkəmə tərəfindən ekspertiza təyin olunduqda Məhkəmə işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandıra bilər; 258.2. İş üzrə icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət verilə bilər; 267.1. Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər.267.2. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. 267.3. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80; “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385-398-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni müzakirə edərək qeyd edir ki, ekspertizanın keçirilməsi ilə bağlı qərardaddan şikayət verilməsi prosessual qanunvericiliklə nəzərdə tutulmamış, yalnız qərardadın dayandırmaya aid hissəsindən şikayət vermək hüququ müəyyən edilmişdir. Bu hissədə də şikayətin əsasları üzrə işin dayandırılmasını istisna edən hallar müəyyən edilmir. Qeyd edilənlərə görə formal mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Şikayət verən şəxslərin diqqətinə çatdırılmalıdır ki, şikayət sübutetmə vəzifələri ilə əlaqəlidir. Sübutlara sonda qiymət verilməli, cavabdehin vəsatətində göstərilənləri (zəruri olduğu halda iddiaçı tərəfindən təqdim edilmədiyi halda) ekspert rəyi daxil olduqdan sonra da qiymətləndirilə bilər və aidiyyəti üzrə iddianın sübut ediməməsi isə müvafiq nəticələrə səbəb olur. Tərəflərin əldə edilməsi mümkün olmadığı halda etirazın əsasını təşkil edən sübutların təmin edilməsi (mülki prosessual qanunvericiliklə müəyyən edilmiş) qaydasında həll edilə bilər. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən, şəxsin məhkəmə müdafiə hüququnun təmin edilməsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: Cavabdehlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 nümayəndəsi vəkil Nümayəndə2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4366/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar