Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6486/2022 18.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı və Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı müavinətin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli 2(005)-1840/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı müavinətin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona ödənilməli olan aylıq 42 manat ödəncin toplum şəkildə alınıb verilməsi və sonrakı illərdə hansı qaydada verilməli olmasının cavabdeh "xxxx" ASC-nin üzərinə vəzifə olaraq qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli 2(005)-1840/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmuş, cavabdeh "xxxx" ASC-dən 2011-ci ilin iyul ayından qətnamə elan olunan tarixədək ödənilməmiş müavinət məbləğinin tutularaq İddiaçı ödənilməsi, qətnamə elan olunduğu tarixdən hər ay 42 manat olmaqla müavinət ödənişlərinin ardıcıl olaraq davam etdirilməsi "xxxx" ASC-yə həvalə edilmişdir. Həmin qətnamədən cavabdeh "xxxx" ASC tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İddiaçı bu prosedura əməl etmədiyi halda, məhkəmə həmin qanunun tələblərini pozaraq, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmamışdır. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçı isə şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli 2(005)-1840/2022 saylı qətnaməsi ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsinə əsasən, aşağıdakı tələblərin birinə əməl edilmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır: 21.9.1. bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə; 21.9.2. tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı halda bu Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokol məhkəməyə edilmiş müraciətə əlavə edilmədikdə; 21.9.3. tərəflər arasında mediasiyaya dair qeyd-şərt olduğu halda bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlamış mediasiya prosesinə bu Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilmədikdə; 21.9.4. bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hallarda tərəf həmin maddədə nəzərdə tutulmuş arayışı məhkəməyə etdiyi müraciətə əlavə etmədikdə. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən, əmək münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq, mediasiya vasitəsilə həll oluna bilər: 27.1.1. fərdi əmək mübahisələri; 27.1.2. kollektiv əmək mübahisələri. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 288-ci maddəsinə əsasən, bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: ...i) istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində işçiyə və ya onun ailə üzvlərinə vurulan ziyana görə əvəzin məbləğinin müəyyən edilməsi və ödənilməsi; İddiaçı iddia ərizəsindən görünür ki, iddia tələbi istehsalat qəzası nəticəsində işçiyə vurulan ziyana görə əvəzin məbləğinin müəyyən edilməsi və ödənilməsi barədədir. Konkret halda bu mübahisə əmək münasibətlərindən irəli gələn mübahisə olduğundan, Azərbaycan Respublikası MPM-in 4.6-cı maddəsinə və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarından görünür ki, İddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-in 259.0.13-cü maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli 2(005)- 1840/2022 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı müavinətin ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-6486/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6486/2022
18.10.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver