Məhkəmə qərarları › İş №2(103)-6487/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6487/2022

05.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6487/2022 05.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “hərrac protokolunun nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə QƏRARİ İş №2(007)-6487/2022 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 2(004)-3087/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.”Nikoyl” İKB ASC ilə iddiaçı arasıda bağlanmış 18 dekabr 2014-cü il tarixli 6-G-1-0-2454-14 nömrəli kredit müqaviləsinə əsasən bank ona 48 ay müddətinə, illik faiz dərəcəsi 26 olmaqla 80.000 manat məbləğində kredit vermişdir. Həmin müqavilənin təminatı kimi "xxxx" İKB ASC ilə onun arasında 18 dekabr 2014-cü il tarixli 6-G-1-0-2454-14 nömrəli ipoteka müqaviləsi bağlanmış, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.04 ha ölçüdə torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. 2.Həmin kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka pretmetinə yönəldilməsi ilə bağlı qüvvədə olan məhkəmə qərarları əsasında hərrac keçirilmiş, hazırda iddiaçı hərracın nəticələrini mübahisələndirir. a) Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “hərrac protokolunun nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Sumqayıt şəhəri, 20-ci mikrorayonda 0,04 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 179,6 kv.m olan 72A nömrəli fərdi yaşayış evinin hərracda satılmasının nəticələri haqqında 683/21 nömrəli, 09 fevral 2022-ci il tarixli yekun protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 4.İddia tələbini onunla əsaslandırdı ki, "Nikoyl İKB ASC ilə iddiaçı arasıda bağlanmış 18 dekabr 2014-cü il tarixli, 6-G-1-0-2454-14 nömrəli kredit müqaviləsinə əsasən bank ona 48 ay müddətinə, illik faiz dərəcəsi 26 olmaqla 80.000 manat məbləğində kredit vermişdir. Həmin müqavilənin təminatı kimi "xxxx" İKB ASC ilə onun arasında 18 dekabr 2014-cü il tarixli 6-G-1-0- 2454-14 nömrəli ipoteka müqaviləsi bağlanmış, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.04 ha ölçüdə torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. 2019-cu ilin aprel axında "xxxx" İKB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borclu İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən banka 70445.24 manat məbləğində əsas kredit borcunun, 59513.77 manat məbləğində faiz borcunun, 10752.08 manat cərimə, 18 dekabr 2018-ci il tarixdən 04 aprel 2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faiz hesabı ilə 1067.2 manatməbləğində borcunun, cəmi 141778.29 manat məbləğində borcunun yaranmasını əsas göstərməklə həmin borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 13/2020 saylı, 10 yanvar 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh İddiaçı Cavabdeh2 ASC-nin (keçmiş "xxxx" İKB ASC) xeyrinə əsas borca görə 70445.24 manat, faiz borcuna görə 59513.77 manat, cəriməyə görə 200 manat, gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 1067.2 manatın, cəmi 131226.21 manatın tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, fərdi yaşayış evinin ilkin satış qiymətinin 200000 manat məbləğində müəyyən olunması, evin hərracdan satılması və əldə olunmuş vəsaitin hesabına borcun ödənilməsi, evə tutma yönəldikdən və o satıldıqdan ən geci bir ay ərzində İddiaçı evdən çıxarılması qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, kredit müqaviləsi üzrə əsas və faiz borcunun və eləcə də evin ilkin satış qiymətinin məbləği ilə razı olmadığını əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)1561/2020 saylı, 06 noyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli 2(060)-13/2020 saylı qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunmasına dair hissədə dəyişdirilmiş və evin ilkin satış qiymətinin 210.000 manat məbləğində müəyyən olunması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3234/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1561/2020 nömrəli iş üzrə olan 06 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Sumqayıt şəhəri, 20-ci mikrorayonda 0.04 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 179.6 kv.m olan 72A nömrəli fərdi yaşayış evi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri üzrə İcra İdarəsinin sifarişi üzrə açıq hərraca çıxardılmış və Bakı Hərrac Mərkəzi MMC-nin 683/21 nömrəli, 09 fevral 2022-ci il tarixli, yekun protokoluna görə əmlakın ilkin satış qiyməti 210000 (iki yüz on min) manat məbləğində müəyyən edilmiş, lakin ilkin satış qiymətinin enmiş faizləri: "İpoteka haqqında" AR qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərracda- 15% və 43.7-ci maddəsinə əsasən 25 % əmlakın son satış qiyməti isə 133.875 (yüz otuz üç min səkkiz yüz yetmiş beş) manat müəyyən edilmiş və keçirilən iki hərrac baş tutmadığına görə "İpoteka haqqında" AR qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan "xxxx" ASC-nin (keçmiş "Nikoyl İKB ASC) əmlakı 133.875 (yüz otuz üç min səkkiz yüz yetmiş beş) manata almışdır. Bununla bağlı Cavabdeh2 ASC-yə AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarış verilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, hərracın keçirilməsi ilə əlaqədar bildirişlər iddiaçının ünvanına gəlməmiş, hərracın vaxtı və yeri barədə ona məlumat verilməmiş, hərracın keçirilməsindən xəbəri olmamışdır. Eyni zamanda Sumqayıt Şəhəri İcra İdarəsinin icra məmuru tərəfindən hərracın keçirilməsi ilə əlaqədar məlumatlandırılmamışdır. O, hərracın keçirilməsində iştirak hüququndan məhrum edilmişdir. Hərracın keçirilməsindən təxminən 40-45 gün sonra xəbəri olmuşdur. Hətta vəkili tərəfindən hərracın keçirilməsi barədə 683/21 nömrəli, 09 fevral 2022-ci il tarixli protokolun surətinin alınması ilə bağlı cavabdeh "xxxx" MMC-yə sorğu verilsə də, qeyd olunan protokol cavabdeh tərəfindən təqdim olunmamışdır. İddiaçı protokolun surətini icra məmurundan əldə etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Sumqayıt şəhəri,20-ci mikrorayonda 0,04 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 179,6 kv.m olan 72A nömrəli fərdi yaşayış evinin hərracda satılması nəticələri haqqında 683/21 nömrəli, 09 fevral 2022-ci il tarixli yekun protokolun etibarsız hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. 5.Bakı şəhər Yasamal Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 27 iyul 2022-ci il tarixli, 2(004)-3087/2022 saylı qətnaməsi ilə (hakim-Gülnar Babazadə) iddia təmin edilməmiş, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilmişdir. 6.Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1561/2020 nömrəli icra vərəqəsinin surətindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilərək həmin mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli, 2(060)-13/2020 saylı qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilmiş, İddiaçı məxsus Sumqayıt şəhəri, 20-ci mikrorayonda 0,04 ha torpaq sahəsində yerləşən, 6 otaqlı, 179,6 kv.m ümumi, 117,5 kv.m yaşayış, 62.1 kv.m yardımçı sahədən ibarət 72 A nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 210000 manat müəyyən edilmiş, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun 10 manatı cavabdehin özünə aid edilsin, 5 manatı iddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətindən (əvvəlki "xxxx" İKB ASC) tutularaq cavabdeh İddiaçı verilməsi müəyyən edilmişdir. Qətnamə qalan hissədə- cavabdeh İddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin (əvvəlki "xxxx" İKB ASC) xeyrinə 18 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 70445,24 (yetmiş min dörd yüz qırx beş manat iyirmi dörd qəpik) manat əsas, 59513,77 (əlli doqquz min beş yüz on üç manat yetmiş yeddi qəpik) manat faiz, 200 (iki yüz) manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1067,2 (min altmış yeddi manat iyirmi qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 131226.21 (yüz otuz bir min iki yüz iyirmi altı manat iyirmi bir qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanm yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqının tutulması, tutmanm ipoteka ilə yüklü edilmiş cavabdeh İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 20-ci mikrorayonda yerləşən, 6 otaqlı, 179,6 kv.m ümumi, 117,5 kv.m yaşayış, 62.1 kv.m vardımçı sahədən ibarət 72 A nömrəli fərdi yaşayış evinə və 0,04 ha torpaq sahəsinə yönəldilməsi və açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına iddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə (əvvəlki "xxxx" İKB ASC) ümumilikdə 131226.21 (yüz otuz bir min iki yüz iyirmi altı manat iyirmi bir qəpik) məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqının ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədikdə, qalan məbləğin cavabdeh İddiaçı tutulub iddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin (əvvəlki "xxxx"KB ASC) xeyrinə ödənilməsi, cavabdeh İddiaçı fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ən geci bir ay ərzində həmin fərdi yaşayış evindən çıxarılması, cavabdeh İddiaçı ekspertiza tədqiqatının dəyəri qismində 150 (bir yüz əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Plesab AZ34CTREOOO0ÖOOOOÖOOO2O885O1) hesabına keçirilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. 7."xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı ünvanlanmış açıq hərracın keçirilməsinə dair 17 dekabr 2021-ci il tarixli 683/21 nömrəli bildirişinin surətindən görünür ki, Sumqayıt şəhəri, 20ci mikrorayonda 0,04 ha torpaq sahəsində yerləşən, 6 otaqlı, ümumi sahəsi 179,6 kv.m olan 72 A nömrəli fərdi yaşayış evinə 210.000 (iki yüz on min) manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi 12 yanvar 2022-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Müvafiq poçt qəbzinin surətindən görünür ki, qeyd edilən bildiriş 22 dekabr 2021-ci il tarixdə İddiaçı qeydiyyatda olduöu ünvandan qəbul edilmişdir. 8."xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı ünvanlanmış açıq hərracın keçirilməsinə dair 14 yanvar 2022-ci il tarixli 683/21 nömrəli bildirişin surətindən görünür ki, Sumqayıt şəhəri, 20-ci mikrorayonda 0,04 ha torpaq sahəsində yerləşən, 6 otaqlı, ümumi sahəsi 179,6 kv.m olan 72 A nömrəli fərdi yaşayış evinə 178,500 (yüz yetmiş səkkiz min beş yüz) manat məbləğində (105.000-15%=89.250) açıq auksion formasında təkrar hərracın keçirilməsi 31 yanvar 2022-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Müvafiq poçt qəbzinin surətindən görünür ki, qeyd edilən bildirişlər 19 yanvar 2022-ci il və 21 yanvar 2022-ci il tarixdə İddiaçı qeydiyyatda olduğu ünvandan qəbul edilmişdir. 9."xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Sumqayıt şəhəri İcra idarəsinə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və İddiaçı ünvanladığı 14 yanvar 2022-ci il tarixli məktubun müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, müvafiq icra şöbəsinin 12 noyabr 2021-ci il tarixli 187 nömrəli sifariş məktubuna əsasən İddiaçı məxsus Sumqayıt şəhəri, 20-ci mikrorayonda 0,04 ha torpaq sahəsində yerləşən, 6 otaqlı, ümumi sahəsi 179,6 kv.m olan 72 A nömrəli fərdi yaşayış evinin satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq keçirilmiş hərrac baş tutmamış, müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə “MARKET” qəzetində elan dərc edilmişdir. 10.İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə 09 fevral 2022-ci il tarixli protokol və eyni tarixli müqavilənin surətindən görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 20-ci mikrorayonda 0,04 ha torpaq sahəsində yerləşən, 6 otaqlı, ümumi sahəsi 179,6 kv.m olan 72 A nömrəli fərdi yaşayış evi 133.875 (yüz otuz üç min səkkiz yüz yetmiş beş) manat dəyərində Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən alınmışdır. 11.İş materiallarına əlavə edilmiş İddiaçı məxsus AZE C03442163 nömrəli pasportun surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən ölkədən çıxış etmiş, xx.xx.2022-ci il tarixdə ölkəyə giriş etmişdir. 12.Məhkəmə müəyyən etmişdir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1561/2020 nömrəli icra vərəqəsi icra şöbəsinin 12 noyabr 2021-ci il tarixli 187 nömrəli sifariş məktubuna əsasən İddiaçı məxsus Sumqayıt şəhəri, 20-ci mikrorayonda 0,04 ha torpaq sahəsində yerləşən, 6 otaqlı, ümumi sahəsi 179,6 kv.m olan 72 A nömrəli fərdi yaşayış evinin satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq keçirilmiş hərraclar baş tutmamış, müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə “Market” qəzetində elan dərc edilmişdir. İddiaçı keçirilmiş müvafiq hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, keçirilmiş hərraclarla bağlı məlumatı olmadığından, hərracın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 13.Məhkəmə qeyd etmişdir ki, İddiaçı məxsus Sumqayıt şəhəri, 20-ci mikrorayonda 0,04 ha torpaq sahəsində yerləşən, 6 otaqlı, ümumi sahəsi 179,6 kv.m olan 72 A nömrəli fərdi yaşayış evi ilə bağlı hərracların təşkili və keçirilməsi barədə bildirişlər iddiaçı şəxsə göndərilmiş və bunu təsdiq edən müvafiq poçt qəbzləri mövcuddur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hərracın təşkili və keçirilmə qaydasının tələbləri pozulmamışdır. 14.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcələsinin 337.1, 415.2, 416.1, 416.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 42.1, 42.3 və 46.1-ci maddələrinə, “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.10-cu maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 15.İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 16.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hərracın keçirilməsi ilə əlaqədar bildirişlər iddiaçının ünvanına gəlməmiş, hərracın vaxtı və yeri barədə ona məlumat verilməmişdir, hərracın keçirilməsindən xəbəri olmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 17.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır c)Məhkəmə icraatı iştirakçılarının izahatları 18.Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. 19.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı məhkəməyə gəlməmiş, onun nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə göndərərək, Sumqayıt şəhər Məhkəməsində daha əvvəl təyin edilmiş məhkəmə iclasında iştirakı ilə bağlı işin baxılmasının təxirə salınmasını xahiş etsə də, bununla bağlı mötəbər sübutlar təqdim etməmişdir. Həmçinin cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin üzürlü səbəbləri barədə sübutlar təqdim etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 20.Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 21.Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 22.Maddə 416.1-ci və 416.2. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununu: 23.Maddə 41.2.Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 24.Maddə 42.1.Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir 25.Maddə 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 26.Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən o olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı və həmin müddət uzadılmasın. 27.Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 28.Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 29.Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 30.Maddə 14.2.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 31.Maddə 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 32.Maddə 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Apellyasiya baxışının hədləri 33.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 34.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanunililiyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 35.Məhkəmə kollegiyası məhkəmənin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 36.Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən, kollegiya belə qənaətə gəlir ki, ipoteka predmeti olmuş İddiaçı məxsus Sumqayıt şəhəri, 20-ci mikrorayonda 0,04 ha torpaq sahəsində yerləşən, 6 otaqlı, ümumi sahəsi 179,6 kv.m olan 72 A nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilmiş hərracın etibarsızlığı üçün hər hansı bir əsaslar yoxdur. Belə ki, hərrac təşkilatçısı olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qanunun tələblərinə riayət edilməklə ipoteka saxlayana, ipoteka qoyana keçiriləcək hərracla bağlı məlumat verilməsi istiqamətində tədbirlər görüldüyü, həmçinin kütləvi informasiya vasitələrində elanların dərc edildiyi iş materiallarında olan sənədlərlə sübut olunur. 37.Göründüyü kimi, hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş, bildirişlər tələb edilən müddətlərdə göndərilmiş, hərrac iştirakçıları məlumatlandırılmışlar. 38.F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2008-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, MM-in 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. 39.Göründüyü kimi, hərracla bağlı kütləvi informasiya vasitələrində də, məlumat dərc edilmiş, tərəflər məlumatlı olmuşlar. 40.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 41.Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 42.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 43.MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 44.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 2(004)-3087/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar