Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6487/2025 04.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Səadət Rəşid qızı Səlimova və Akif Əsgər oğlu İsgəndərovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Cavabdeh2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3813/2025 nömrəli xx.xx.2025ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qıının nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İş materiallarında olan Çıxarışın surətinə əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 14, mənzil 135, (Yeni qaydalarla: AZ 1012, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Mülkiyyət hüququ xx.xx.2025-ci il tarixdə qeydə alınmışdır.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2-1035/2004 nömrəli 29 aprel 2004-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X4 cavabdeh Yasamal Rayon İcra Hakimiyyətinə qarşı mənzilə hüququn tanınması tələbinə dair iddiasının təmin olunması və X4 Bakı şəhəri, Yeni Yasamal-1, 14 saylı evin 135 saylı mənzilinə yaşayış hüququnun tanınması və həmin mənzil üzrə icarə müqaviləsinin bağlanmasının Yasamal Rayon İcra Hakimiyyətinə həvalə edilməsi qət edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2836/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə maraqlı şəxslər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2-1035/2004 nömrəli 29 aprel 2004-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun apellyatorların özlərinə aid edilməsi qət edilmişdir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5740/2025 nömrəli xx.xx.2026-cı il tarixli qətnaməsi ilə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdehlər İddiaçı və X8 qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 1 saylı Bakı Ərazi İdarəsi və 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Kontoru cəlb edilməklə “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi”nə dair iddia tələbi təmin edilməmişdir.
5. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Bakı Apellyasiya Məhkəməsinin İddiaçı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-3813/2025 saylı 02 oktyabr 2025-ci il tarixli qətnaməsindən cavabdehlər – Cavabdeh1 və Cavabdeh2 Şuşa şəhərinə mərhələli qayıdış ilə bağlı siiyahıya alınıb-alınmaması, siyahıya alındığı təqdirdə köçürülmənin hansı tarixədək planlaşdırılması barədə məlumatın verilməsi ilə bağlı sorğusuna cavab məktubundan görünür ki, Şuşa şəhərindən məcburi köçkün Cavabdeh1 övladı Cavabdeh2 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1 yaşayış massivində yerləşən sıx məskunlaşma obyekti olan 14 saylı evin (zəbt siyahı üzrə X8 məxsus) 135 nömrəli mənzilində məskunlaşıb faktiki yaşayır və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışlar. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”na uyğun olaraq mərhələli şəkildə məcburi köçkün ailələrinin Şuşa şəhərinə ilkin mərhələ üzrə köçürülməsi başa çatmışdır. Növbəti mərhələlərdə köçürülmələr başlanan zamanı sözügedən üzvan üzrə ilkin sorğusu aparılan Şuşa şəhərindən məcburi köçkün Cavabdeh1 və övladı Cavabdeh2 doğma yurduna köçürülməsi məsələsinə baxılacaqdır. Köçürülmə zamanı mənzil boşaldılaraq mülkiyyətçiyə geri təhvil verilməsi üçün əvvəlcədən aidiyyəti üzrə (şəxslərə) xəbərdarlıq olunacaq.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 14, mənzil 135, (Yeni qaydalarla: AZ 1012, ünvan 2 ünvanında yerləşən mənzildən Cavabdeh1 və Cavabdeh2 çıxarılması və iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 14, mənzil 135, (Yeni qaydalarla: AZ 1012, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mükiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Həmin mənzil üzərində iddiaçının mülkiyyət hüququ Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə **********32- 05101- 093115 reyestr nömrəsi ilə qeydiyyata alınmaqla bu barədə ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı həmin mənzili 26 mart 2025-ci il tarixdə alqısatqı müqaviləsi əsasında X1 almışdır. Mənzil alqı-satqı qaydasında alınmamışdan əvvəl iddiaçıya məlum olmuşdur ki, həmin mənzildə Şuşa şəhərindən olan məcburi köçkün ailəsi yaşayır. Lakin, güman etmişdir ki, Qarabağ torpaqları düşmən işğalılndan azad olunduğu üçün məcburi köçkünlər öz yurd-yuvalarına qayımaq üçün dövlət tərəfindən evlə təmin olunacaqlarına görə həmin mənzildə yaşayan məcburi köçkün ailəsi mənzili könüllü boşaldacaqdır. Lakin, mənzildə yaşayan Şuşa şəhərindən olan məcburi köçkünlər Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətində olan mənzildən könüllü surətdə çıxmadıqlarına görə mənzili boşaltmaları üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı bu mənzili alan vaxtadək ailə üzvləri ilə kirayə evdə yaşamış, bu mənzildən başqa evi olmamışdır. Hal-hazırda kirayə pulunu ödəmək imkanı olmadığı üçün ailə üzvüləri ilə birlikdə ünvan 3 ünvanında yerləşən atasına məxsus evə köçüb orada yaşayırlar. Məcburi köçkün ailəsinin ona məxsus mənzildə qanunsuz yaşamaları onu mülkiyyətində olan daşınmaz əmlak üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə imkan vermir, mülkiyyətin toxunulmazlılğı ilə bağlı Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən edilmiş hüquqlarınnı kobudcasına pozur, ona görə də onlar qanunsuz zəbt etdikləri yaşayış sahəsindən məhkəmə qaydasında çıxarılmalıdır. Göstərilənlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi xahiş edilir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3813/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Fariz Əlizadə) iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 14, mənzil 135, (Yeni qaydalarla: AZ 1012, ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılmaları, mülki iş üzrə ödənilmiş 100 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 157.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1, 119.1, 216-220, 227, 358, 360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətlərinin dəlilləri
10. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qıının nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, cavabdehlərin ailəsi əslən Şuşa şəhərindəndir. Onların ailəsi Şuşa şəhərinin işğalından sonra didərgin düşərək məcburi köçkün kimi 1992-ci ilin may ayında Bakı şəhərinə gəlmişdir. Ailə başçısı mərhum X5, onun həyat yoldaşı Cavabdeh1, qızı Cavabdeh2, oğlu X6, oğlu X9 əvvəlcə ünvan 4 ünvanında məskunlaşmışdılar. Lakin həmin mənzilin sahibi olduğundan, ailə bir neçə müddətdən sonra mərhum X2 Bakı şəhər, Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən ünvanlanmış 1343/4 nömrəli, xx.xx.1992-ci il tarixli yazılı göstəriş əsasında ünvan 6 ünvanında yerləşən 4 (dörd) otaqlı mənzilə köçürülmüşdür. Həmin mənzilin hər hansı bir sakini və ya sahibi ümumiyyətlə olmamışdır. Mənzil tamamilə boş olmuşdur. Beləliklə də xx.xx.1992-ci ildən etibarən X12un ailəsi məhz bü unvanda-Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 yaşayış massivi, bina 14 ünvanında yerləşən 4 otaqlı 135 nömrəli mənzildə məskunlaşmışdır. Sonrakı illərdə oğulları öz həyat yoldaşları və övladları ilə birlikdə qeyd olunan ünvandan köçmüşdülər. X12, həyat yoldaşı Cavabdeh1 və qızı Cavabdeh2 isə sözü gedən mənzildə yaşamağa davam etmişdilər. Cavabdeh2 2002-ci ildə ailə həyatı qurmuş, 2003-cü ildə isə onun nikahı rəsmi şəkildə ləğv edilmişdir. O, həyat yoldaşından ayrılaraq ata evinə qayıtmışdır. X13 uzun sürən ağır xəstəlikdən sonra 2021ci ilin avqust ayında vəfat etmişdir. O, ailəsi, qohum-qonşu və digər tanışlar tərəfindən elə həmin mənzildən də son mənzilə yola salınmışdır. Mərhum Bakı şəhəri, Mehdiabad qəsəbəsi ərazisində yerləşən Pirşağı qəbiristanlığında dəfn olunmuşdur. Atasının ölümündən sonra Cavabdeh2 1938-ci il təvəllüdlü anası Cavabdeh1 bu günə qədər onun himayəsində yaşamaqdadır. Cavabdeh1 səhhətindəki problemləri (şəkərli diabet xəstəliyi) ilə əlaqədar daimi olaraq həkim nəzarəti altında yaşayır. Onlar hal-hazırda ünvan 6 ünvanında yaşamağa davam edirlər. Hətta, hələ 1992-ci il tarixində cavabdehlərin ünvanda məskunlaşma zamanı binada tam olaraq yaşayış olmamış və binanın bəzi hissələri natamam olmuşdur. Həmçinin, ilk növbədə Yasamal Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli, 2- 1035/2004 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilmiş, lakin həmin məhkəmə işinin icraatı itirilmiş hesab olunduğundan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5056/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkünsüz hesab olunmuşdur. Həmin qərardadla tövsiyə edilmişdir ki, itirilmiş məhkəmə işinin icraatı bərpa olunduqdan sonra qətnamədən apellyasiya şikayətinin verilməsi mümkün hesab olunacaqdır. Həmin qərardaddan kassasiya şikayəti verilsə də, şikayət təmin olunmamış və qərardad dəyişdirilmədən saxlanılmışdır. Nəticə etibarı ilə müvafiq ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət olunmuş və ərizə təmin olunaraq 2(004)-2267/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnamə çıxarılmışdır. Maraqlısı odur ki, itirilmiş məhkəmə icraatın bərpası haqqında ərizəyə baxan və bərpa üzrə çıxarılan qətnamə və hazırki qətnamə çıxaran eyni hakim olmuşdur. Yəni, hakim işin hallarından məlumatlı olan, lakin işin hallarına uyğun olmayan, ədalətsiz və qeyri-obyektiv bir qətnamə çıxarılmışdır. Bundan başqa, bu ailənin 1992-ci ildən bu günə qədər qeyd olunan ünvanda daima, fasiləsiz olaraq yaşadıqları onların qonşuları tərəfindən (qonşular tərəfindən tərtib olunaraq imzalanmış xx.xx.2024-cü il tarixli akt əlavə olunur), həmçinin AR Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin 3-36-3/2-264/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktub (əlavə olunur), Yasamal Rayon İcra Hakimiyyətinin 521/2 H-62-073/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktub (əlavə olunur), eləcə də Yasamal rayon 19 saylı MKİSinxx.xx.2024-сü il tarixli 19 nömrəli arayışla (əlavə olunur) təsdiq edilir. Cavabdehlər 32 ilə yaxındır ki, mənzilin kommunal xərclərini (qaz,işıq,su) əvvəllər AR Qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla məcburi köçkünlərin kommunal xidmətlərdən istifadəsi üçün nəzərdə tutulmuş güzəştlərdən (AR Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin 3-36-3/2- 264/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubu) istifadə etməklə, daha sonra isə öz hesablarına ödəməklə, həmçinin digər xərcləri (telefon, internet, lift xidməti, məişət tullantılarının yığılması və daşınması xidməti) ödəyərək fasiləsiz və daimi olaraq qanuni əsaslarla yaşayırlar. Bu illər ərzində də öz ailə üzvlərindən başqa hər hansı bir şəxs (və ya şəxslər) həmin mənzildə yaşamayıb. Onlar bir neçə vaxt öncə həmin mənzildə gücləri çatan səviyyədə təmir işləri də həyata keçirdiblər. Demək olar ki, onların bütün həyatı yaşadıqları Bakı şəhəri ilə bağlıdır. Cavabdeh2 uzun illərdir ki, keçmiş "xxxx" ASC-nin Yasamal rayon Sukanal İdarəsində (indiki Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində (ADSEA) kadrlar üzrə mütəxəssis vəzifəsində işləyir. Hüseynovlar ailəsini uzun illər boyu (1992-ci ildən etibarən) məskunlaşdıqları Yeni Yasamal-1 yaşayış massivi, bina 14, mənzil 135 ünvanında heç kim bu mənzildə yaşamaqları ilə əlaqədar narahat etməmişdir. Onlar 2020-ci ilə qədər yaşadıqları mənzilin (Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 1343/4 nömrəli, xx.xx.1992-ci il tarixli yazılı göstəriş əsasında) hansısa şəkildə tanımadıqları şəxslərin mülkiyyətinə çevrilməsindən xəbərsiz olmuşdular. Ümumiyyətlə, işə baxan məhkəmə məsələyə elə yanaşmışdır ki, sanki mənzilə dair mülkiyyət hüququnu Əhməd Qasımov qanuni yolla əldə etmişdir. Lakin, mənzilə dair Ə.Qasımovun adına tərtib olunmuş sərəncam və mənzil orderi tam olaraq qanunsuz verilmişdir. Belə ki, adı çəkilən sənədlər mövcud olmayan xx.xx.2003-cü il tarixli 2-2037/2003 nömrəli qətnamə əsasında verilmişdir. Daha doğrusu həmin qətnamə həqiqətdə çıxarılsa da, o tamamilə başqa şəxslər arasında və predmeti olan məhkəmə işi üzrə çıxarılmışdır. Bu fakt Bakı Apellyasiya Məhkəməsində 2(004)-2267/2025 nömrəli xx.xx.2025-ci il tarixli (xx.xx.2004cü il tarixli, 2-1035/2004 nömrəli qətnamə) qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxılan zaman müəyyən olunmuşdur (Ədliyyə Nazirliyindən daxil olan sorğuya cavab əsasında, surəti əlavə olunur). Məhz bu səbəbdən xx.xx.2003-cü il tarixli 2- 2037/2003 nömrəli qətnamə əsasında mənzil üzrə Əhməd Qasımovun adına verilmiş sərəncam və order, daha sonra isə 2019-cu ildə DƏRDX tərəfindən özəlləşdirilmə qeydə alınarkən müvafiq çıxarış Əhməd Qasımovun arvadı mərhum Qətibə Qasımovanın adına verildiyindən Bakı İnzibati Məhkəməsində nümayəndəsi və vəkili olduğu şəxslər tərəfindən iddia qaldırılmışdır. Həmin iddiaya əsasən, sözügedən sərəncam, order və çıxarış etibarsız hesab olunması haqqında qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Hazırda iddia üzrə məhkəmə icraatı aparılır. Digər tərəfdən isə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2836/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minməmiş və ondan kasassiya şikayətinin verilməsi hazırlanır. Bununla əlaqədar olaraq hazırki iş üzrə aparılmış məhkəmə icraatının dayandırılması haqqında qərardad çıxarılması məhkəmədən vəsatətlə xahiş olunsa da, işə baxan hakim vəsatəti təmin etməkdən tam əsassız olaraq imtina etmiş və bununla bağlı qərardad çıxarılmamışdır. Halbuki, icraatın dayandırılması haqqında məsələyə baxılarkən, nəticə olaraq iş üzrə qərardad çıxarılmalıdır. AR MPM-nin 258.1-ci maddəsinə əsasən iş üzrə icraatın dayandırılması və onun təzələnməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 254.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda iş üzrə icraatı dayandırmalıdır: 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa; Lakin bütün bunlara baxmayaraq işə baxan məhkəmə mülki prosessual normalarına zidd olaraq hərəkət etmişdir. İcraatında dayandırılmaması ilə bağlı Məhkəmə qətnamənin 3-cü səhifəsində qeyd edir ki, “Cavabdeh tərəfin icraatın dayandırılması barədə vəsatəti əsassız hesab edilir. Belə ki, mülkiyyətçinin mülkiyyət hüquqları təxirə salınmadan qorunmalıdır. Hazırki mübahisə üzrə icraatın dayandırılması uğurluluq ehtimalı müəyyən olmayan digər iddianın qaldırılması səbəbindən mülkiyyət hüquqlarının əsassız pozulmasına səbəb ola bilər.” Amma nədənsə, cavabdehlərin hüquqlarının bu qətnamə ilə pozulub-gətirilməsi məhkəməni maraqlandırmadı. Heç bir tərəfin digər tərəf üzərində hər hansı bir üstünlüyü yoxdur. Onlar bərabərdirlər. Bundan başqa, işə baxan məhkəmə iddiaçınınn mənzilə dair mülkiyyət hüququna əsaslanaraq işə baxmışdır. Halbuki, cavabdehlərin 35 ilə yaxındır ki, mənzilə dair sərbəst, maneəsiz, fasiləsiz və qanuni əsasla yaranan istifadə hüquqları vardır. Halbuki, Cavabdeh1 və qızı Cavabdeh2 yaranmış bu müəmmalı vəziyyətdən narahatlıq hissi keçirərək, məsələnin araşdırılması qərarına gəlmişdilər. Beləliklə araşdırmalar başlanılmış və nəticədə bir sıra faktlar aşkarlanmışdır. Belə ki, mərhum X13 ailəsi ilə birgə 1992-ci ilin may ayında baş vermiş məlum hadisələrlə əlaqədar erməni işğalçıların hərbi təcavüzü səbəbi ilə məcburi köçkün olaraq yuxarıda qeyd etdiyi mənzilə tam rəsmi olaraq Yasamal Rayon İcra Hakimiyyətinin sərəncamı əsasında məskunlaşmışdı. Həmin tarixdən etibarən (yəni, 1992ci ildə) atası və onun ailəsi orada fasiləsiz olaraq yaşayırlar. Bu günlərdə də orada yaşayırlar və mənzildə də bəzi təmir işlərini görmüşlər. Lakin bir neçə vaxt bundan öncə məlum oldu ki, Əhməd Qasımov 2003-2004-cü illərdə bizə məlum olmadan həmin mənzilə dair mənzil orderinin verilməsinə nail olmuşdur. Həmin mənzildə heç bir iş olmamış, orada ümumiyyətlə yaşamamış və ən vacibi isə həmin mənzillə hər hansı bir hüquqi bağlılığı olmadan həmin orderin alınmasına nail ola bilmişdir. Həmin order 2004- cü ildə cavabdeh Əhməd Qasımovun adına verilmiş və daha sonra isə, yəni 2019-cu ildə həyata keçirilmiş mənzil özəlləşdirilməsi əsasında mülkiyyət hüququnun qeydiyyata alınması haqqında çıxarış onun arvadı Qasımova Qətibənin adına verilmişdir. Bütün bunların əsası kimi, qanuna müvafiq qaydada qəbul olunmamış (ümumiyyətlə Yasamal Rayon Məhkəməsində elə bir qətnamə heç bir zaman çıxarılmamışdır və belə məhkəmə işinə heç bir zaman baxılmamışdır) 2-2037/2003 nömrəli xx.xx.2003-cü il tarixli məhkəmə qətnaməsi olmuşdur. Bu məlumatları əldə edən kimi bəzi sübutları topladıqdan sonra bizə məlum oldu ki, Yasamal Rayon Məhkəməsinin 2-2037/2003 nömrəli xx.xx.2003-cü il tarixli qətnaməsi (Ədliyyə Nazirlyinin arxivindən bu iş nömrəsi ilə tamamilə başqa iş mövcuddur) heç bir zaman həmin məhkəmədə çıxarılmamış, lakin bu mənzillə bağlı Yasamal Rayon Məhkəməsinin 2004-cü il tarixli qətnaməsi haqqında məhkəmə arxivindən məlumat əldə edilmişdir. Məhz bundan sonra həmin qətnamədən apellyasiya şikayəti ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdik. Orada maraqlı şəxs qismində tanınaraq, iş apellyasiya şikayəti ilə birgə (iş qismən bərpa olunaraq) Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Lakin iş məhv edildiyindən və arxiv bərpa olunmadığına görə apellyasiya şikayətinin mümkünlük məsələsinə baxılaraq, o mümkünsüz hesab olunmuşdur. Daha sonra yaranmış vəziyyətlə əlaqədar məhv edilmiş məhkəmə işinin arxivin bərpa olunması haqqında ərizə ilə müraciət etmişdik. Yasamal Rayon Məhkəməsinin 2(004)-2267/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə 2-1035/2004 nömrəli mülki iş üzrə məhv edilmiş (itirilmiş) məhkəmə icraatı bərpa edilmişdir. Daha sonra isə həmin qətnamədən apellyasiya şikayəti ilə müraciət etmişdik və bu şikayət bərpa olunmuş işlə birgə baxılması üçün apellyasiya instansiyasına göndərilmiş və hazırda həmin şikayət üzrə apellyasiya icraatı aparılıraq şikayətinin təmin olunmaması haqqında qətnamə çıxarılmışdır (hazrıda kassasiya şikayəti hazırlanır). Bu hazırki işin hallarıdı. Yəni, Əhməd Qasımovun mənzilə dair apardığı proseslər gizli və qismən qanunsuz yolla keçirilmiş və ən əsası odur ki, heç bir zaman nə özü, nə də ki, onun ailəsi və ya başqa bir şəxs belə mənzildə bir gün də olsa yaşamamışdır. Həmin mənzildə tam qanuni əsaslarla hazırki cavabdehlər yaşamış və bu günə qədər yaşayır. Lakin hazırki iddia ilə bağlı bildirir ki, Yasamal Rayon İcra Hakimiyyəti tam qanunsuz olaraq mövcud olmayan 2-2037/2003 nömrəli xx.xx.2003-cü il tarixli qətnamə əsasında Əhməd Qasımovun adına verilmiş 587 nömrəli xx.xx.2004-cü il tarixli Sərəncamı və xx.xx.2004-cü il tarixli 03728 nömrəli mənzil orderi etibarsızdır. Çünki mövcud olmayan qətnamə əsasında verilmişdir. mənzilə dair sərəncam və order verilmişdir! Həmin qanunsuzluqla əldə edilmiş mənzil (daha doğrusu yalnız mülkiyyət hüququnu əldə etmişdir, amma mənzilə heç bir zaman sahiblik etməmişdir), hazırki qanunsuzluqları gizlətmək üçün pərdələnmiş əqd həyata keçirərək onu özgəninkiləşdirməyə nail olmuşdur. Maraqlısı odur ki, hazırki iddiaçı (alıcı) İddiaçı mənzilə baxış keçirmədən, orada özünün deməsinə cavabdehlərin yaşamasından xəbəri olmuş, faktiki olaraq yüklü mənzili əldə etməsinə iddiaçını nə vadar etmişdir? Hazırda həmin alqısatqı müqaviləsi də mübahisələndirilir və Yasamal Rayon Məhkəməsinin icraatındadır. Həmçinin iddiaçının fəaliyyət qabiliyyətli olması da böyük şübhə altındadır. Verilmiş sorğular əsasında müəyyən olunmuşdur ki, bir neçə vaxt öncə paranoidal formasında olan şizofreniya xəstəliyi ilə əlaqədar ixtisaslaşmış Psixiatrik Mərkəzlərində davamlı olaraq uzunmüddətli müalicə alırdı (sənədlər əlavə olunur). Digər tərəfdən isə, etibarsız olan sərəncam və order əsasında mənzilin özəlləşdirilməsi belə də etibarsızdır və o da ləğv olunmalıdır. Bununla bağlı da Bakı İnzibati Məhkəməsində cavabdehlər AR İqtisadiyyat Nazirliyiyanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və Yasamal Rayon İcra Hakimiyyətinə qarşı müvafiq iddia verilmiş və iş artıq icraatdadır. Qətnamənin 3-cü səhifəsində məhkəmə qeyd edir ki, “İddiaçının mülkiyyət hüquqları pozulur. İddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına qanunvericiliklə müəyyən edilmiş legitim əsaslar müəyyən edilmir. Bu səbəbdən, iddiaçının mülkiyyət hüquqlarının müdafiəsi təmin edilməlidir. Cavabdehlərin məcburi köçkün olmaları və ya iş üzrə faktiki digər hallar mülkiyyət hüquqlarının pozulmasına haqq qazandıra, buna əsas qismində çıxış edəbilməz.” Bununla bağlı bildirir ki, hələ iddiaçı mənzil almamışdan öncə məlumatlı idi ki, mənzil boş və ümumiyyətlə satıcının sahibliyində də deyildir. Daha sonra məhkəmə qətnamənin 3- cü səhifəsində qeyd edir ki, “Bundan əlavə, cavabdehlərin həmin mənzildə uzun illərdir ki, qanunsuz yaşamaları onların həmin mənzilə mülkiyyət hüquqlarının yaranmasına əsas deyildir. Həmçinin, iddiaçının sözügedən mənzilə mülkiyyət hüquqlarının yaranması əsasının (alqı-satqının etibarsızlığı və s.) mübahisələndirilməsinə dair cavabdehlərin subyektiv hüququnun olması məsələsinə baxılmalıdır”. Əksinə, işin hallarından məhkəməyə də bəllidir ki, cavabdehlər heç də uzun illərdi mənzildə qanunsuz yaşamırlar, onlar hələ 1992-ci ildə Yasamal Rayon İcra Hakimiyyətinin yazılı göstərişi əsasında tamamilə boş olan və üzərində hər hansı bir sənəd əsasında sahibi olmayan mənzildə yerləşdirilmişdir. Bundan başqa qeyd edir ki, cavabdehlər məhkəmə işi, eləcə də iş üzrə keçirilmiş hazırlıq iclası haqqında lazımi qaydada və vaxtında məlumatlandırılmamışdır. Cavabdehlər yalnız baxış iclası haqqında sms vasitəsilə məhkəmə tərəfindən məlumatlandırılmışdır. Bu da ciddi prosessual pozuntudur və məhkəmədə müdafiələrini hazırlanması üçün kifayət qədər vaxtı olmamışdır. Halbuki, AR MPM-nin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Lakin nədənsə, bu prosessual qaydaya məhkəmə tərəfindən riayət olunmamışdır. Beləliklə, bütün yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, bu qətnamə işin hallarına uyğun deyil, işin bütün və faktiki halları nəzərə alınmamışdır. Buna görə də tamamilə ləğv olunmalıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
14. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
15. Məhkəmənin əvvəlki iclasınlarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər tərəflər və üçüncü şəxslər məhkəmə kollegiyasının iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxslər və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Digər prosessual hərəkətlər
17. Yasamal Rayon İcra Hakimiyyəti və Azərbaycan Qaçqınların və X7 üzrə Dövlət Komitəsi hazırki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb olunmuşlar.
Tətbiq edilən hüquq
18. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimovun Azərbaycana qarşı işi üzrə qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
19. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Həsənov Azərbaycana qarşı” 22 aprel 2010-cu il tarixli qərarında göstərmişdir: “Azərbaycanda məcburi köçkünlərin böyük sayının mövcudluğu məcburi köçkünlərin yaşayış sahəsi ilə təmin olunma hüquqlarına qarşı ərizəçinin 1 saylı Protokolun 1-ci maddəsi ilə təmin olunmuş mülkiyyətdən maneəsiz istifadə hüquqlarının tarazlaşdırılmasını tələb edirdi. Belə olan halda, cavabdeh Dövlətə geniş mülahizə həddi təqdim edilməlidir. Lakin dövlətin mülahizəsinin həyata keçirilməsi Konvensiyanın standartlarından fərqlənən nəticələrə səbəb olmamalıdır... Bununla bağlı, hazırkı işdə olan kimi vəziyyət toxunulmuş sosial və maliyyə yükünün ədalətli bölünməsini tələb edir. Bir qrupun və ya bütövlükdə cəmiyyətin maraqlarının necə əhəmiyyətli olmasından asılı olmadan bu yük konkret sosial qrupun və ya tək fərdi şəxsin üzərinə qoyula bilməz... Hazırkı işdə, onun xeyrinə olan yekun daxili qətnaməyə müvafiq olaraq, ərizəçi mənzilindən istifadə etmək üçün məcburi hüquqa malik olmuşdur. Parlamentin qəbul etdiyi qanunvericiliyə əsasən, bu hüquq mənzili zəbt edən məcburi köçkünləri alternativ yaşayış sahəsi ilə təmin etmək üzrə Dövlətin öhdəliyindən asılı olmuşdur. Hökumət tərəfindən qaçqınların və məcburi köçkünlərin mənzillə təmin olunmasına dair bəzi ümumi siyasətlərə istinad edilməsinə baxmayaraq, nə daxili araşdırmalarda, nə də məhkəmə qarşısında müəyyən edilməmişdir ki, daxili dövlət orqanları ərizəçinin spesifik işində öz vəzifələrini yerinə yetirmək üçün hər hansı addım atmışlar. Belə olan halda, icranın formal olaraq təxirə salınması üçün Prezidentin 01 iyul 2004-cü il tarixli Fərmanına daxili məhkəmələr tərəfindən sonrakı istinad üstünə gəlməklə yanaşı, qətnamənin icrasının bir neçə il ərzində təmin olunmaması ərizəçinin həddən artıq fərdi yükə məruz qaldığı vəziyyətin yaranması ilə nəticələnmişdir”.... ərizəçinin bu həddən artıq fərdi yükə məruz qalmasının müqabilində hər hansı kompensasiyanın olmadığı üçün dövlət orqanları məcburi köçkünləri yaşayış sahəsi ilə təmin etməkdə ifadə olunan ümumi maraqla ərizəçilərin mülkiyyətindən maneəsiz istifadə hüquqlarının müdafiəsi arasında tələb olunan ədalətli tarazlığa nail ola bilməmişlər. Qeyd olunanlar ona dəlalət edir ki, qaçqınların sosial problemləri, ayrı-ayrı fərdlərin hüquqlarının məhdudlaşdırılması hesabına həll edilə bilməz”.
20. Azərbaycan Respublikasının tərafdar çıxdığı İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz.
21. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
22. 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.
23. 152.1-cü maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
24. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
25. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının 21 may 1999-cu il tarixli Qanununun” 5-ci maddəsinə əsasən isə, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir (Nazirlər Kabineti, Qaçqınların və X7 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətləri orqanları öz səlahiyyətləri daxilində). Məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər”.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
29. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
34. Hazırki halda, cavabdehlər apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etdiyindən və iddianın təmin edilməməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3813/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
37. İş materiallarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 14, mənzil 135, (Yeni qaydalarla: AZ 1012, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Mülkiyyət hüququ xx.xx.2025-ci il tarixdə qeydə alınmışdır.
38. Kollegiya qeyd edir ki, iddia tələbinin hüquqi əsasını mülkiyyətin müdafiəsi ilə bağlı olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157-ci maddəsi təşkil edir. İlk olaraq, ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik və toxunulmazlıq prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə məhkəmə müdafiəsini nəzərdə tutur. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq, dövlət tərəfindən qorunur. Bu anlamda, hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Belə hüquqi müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaqdan ibarətdir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir.
39. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimovun Azərbaycana qarşı işi üzrə qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
40. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Həsənov Azərbaycana qarşı” 22 aprel 2010-cu il tarixli qərarında göstərmişdir: “Azərbaycanda məcburi köçkünlərin böyük sayının mövcudluğu məcburi köçkünlərin yaşayış sahəsi ilə təmin olunma hüquqlarına qarşı ərizəçinin 1 saylı Protokolun 1-ci maddəsi ilə təmin olunmuş mülkiyyətdən maneəsiz istifadə hüquqlarının tarazlaşdırılmasını tələb edirdi. Belə olan halda, cavabdeh Dövlətə geniş mülahizə həddi təqdim edilməlidir. Lakin dövlətin mülahizəsinin həyata keçirilməsi Konvensiyanın standartlarından fərqlənən nəticələrə səbəb olmamalıdır... Bununla bağlı, hazırkı işdə olan kimi vəziyyət toxunulmuş sosial və maliyyə yükünün ədalətli bölünməsini tələb edir. Bir qrupun və ya bütövlükdə cəmiyyətin maraqlarının necə əhəmiyyətli olmasından asılı olmadan bu yük konkret sosial qrupun və ya tək fərdi şəxsin üzərinə qoyula bilməz... Hazırkı işdə, onun xeyrinə olan yekun daxili qətnaməyə müvafiq olaraq, ərizəçi mənzilindən istifadə etmək üçün məcburi hüquqa malik olmuşdur. Parlamentin qəbul etdiyi qanunvericiliyə əsasən, bu hüquq mənzili zəbt edən məcburi köçkünləri alternativ yaşayış sahəsi ilə təmin etmək üzrə Dövlətin öhdəliyindən asılı olmuşdur. Hökumət tərəfindən qaçqınların və məcburi köçkünlərin mənzillə təmin olunmasına dair bəzi ümumi siyasətlərə istinad edilməsinə baxmayaraq, nə daxili araşdırmalarda, nə də məhkəmə qarşısında müəyyən edilməmişdir ki, daxili dövlət orqanları ərizəçinin spesifik işində öz vəzifələrini yerinə yetirmək üçün hər hansı addım atmışlar. Belə olan halda, icranın formal olaraq təxirə salınması üçün Prezidentin 01 iyul 2004-cü il tarixli Fərmanına daxili məhkəmələr tərəfindən sonrakı istinad üstünə gəlməklə yanaşı, qətnamənin icrasının bir neçə il ərzində təmin olunmaması ərizəçinin həddən artıq fərdi yükə məruz qaldığı vəziyyətin yaranması ilə nəticələnmişdir”.... ərizəçinin bu həddən artıq fərdi yükə məruz qalmasının müqabilində hər hansı kompensasiyanın olmadığı üçün dövlət orqanları məcburi köçkünləri yaşayış sahəsi ilə təmin etməkdə ifadə olunan ümumi maraqla ərizəçilərin mülkiyyətindən maneəsiz istifadə hüquqlarının müdafiəsi arasında tələb olunan ədalətli tarazlığa nail ola bilməmişlər. Qeyd olunanlar ona dəlalət edir ki, qaçqınların sosial problemləri, ayrı-ayrı fərdlərin hüquqlarının məhdudlaşdırılması hesabına həll edilə bilməz”.
41. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir.
42. İşin mübahisələndirilməyən hallarından müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 14, mənzil 135, (Yeni qaydalarla: AZ 1012, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Mülkiyyət hüququ xx.xx.2025-ci il tarixdə qeydə alınmışdır. Cavabdehlər məcburi köçkündürlər və 1993-cü il tarixdən etibarən həmin mənzildə yaşayırlar.
43. Kollegiya hesab edir ki, iddiaçı ona məxsus mənzildə müvəqqəti məskunlaşmış cavabdehlərin oradan çıxarılmasını tələb etməkdə haqlı olmuşdur. Hazırki işdən görünür ki, iddiaçının mülkiyyət hüquqları pozulur. İddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına qanunvericiliklə müəyyən edilmiş legitim əsaslar müəyyən edilmir. Bu səbəbdən, iddiaçının mülkiyyət hüquqlarının müdafiəsi təmin edilməlidir. Cavabdehlərin məcburi köçkün olmaları və ya iş üzrə faktiki digər hallar mülkiyyət hüquqlarının pozulmasına haqq qazandıra, buna əsas qismində çıxış edə bilməz. Cavabdehlər tərəfindən iddiaçının mülkiyyət hüquqlarının pozulması müəyyən edildiyindən iddia əsaslıdır və birinci instansiya məhkəməsinin mövqeyi düzgündür.
44. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər əsaslı sayıla və təmin oluna bilməz. Belə ki, cavabdehlər mübahisəli mənzilin əvvəlki mülkiyyətçisi Əhməd Qasımovun mənzilə dair hüquqmüəyyənedici sənədlərinin saxta olduğunu və dolayısı ilə iddiaçı ilə aralarında bağlanmış alqı-satqı müqaviləsinin də etibarsız olduğunu qeyd etsə də, iş materiallarından göründüyü kimi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2-1035/2004 nömrəli 29 aprel 2004-cü il tarixli qətnaməsi ilə X4 Bakı şəhəri, Yeni Yasamal-1, 14 saylı evin 135 saylı mənzilinə yaşayış hüququ tanınmış və həmin mənzil üzrə icarə müqaviləsinin bağlanması Yasamal Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2836/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə maraqlı şəxslər Cavabdeh1 və Cavabdeh2 qətnamədən verdikləri apellyasiya şikayəti təmin edilməmişdir. Həmçinin hazırki iş üzrə cavabdehlər Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5740/2025 nömrəli xx.xx.2026-cı il tarixli qətnaməsi ilə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdehlər İddiaçı və X8 qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 1 saylı Bakı Ərazi İdarəsi və 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Kontoru cəlb edilməklə “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi”nə dair iddia tələbi təmin edilməmişdir.
45. Göründüyü kimi, cavabdehlərin hər hansı məhkəmə aktı ilə mənzilə dair hüquqları tanınmamışdır. Cavabdehlər mübahisəli mənzildə faktiki məskunlaşsalar da, həmin mənzil üzrə order verilməmiş, icarə və ya istifadə müqaviləsi bağlanmamış, eləcə də mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. Cavabdehlərin apellyasiya şikayətində qeyd edilən dəlillər üzrə subyektiv hüquqları mövcud olmamışdır. Belə ki, cavabdehlər mübahisəli mənzildə daimi deyil, müvəqqəti məcburiyyət əsasında məskunlaşdırılmışlar. Yəni hazırda mübahisəli mənzilin mülkiyyətçisinin olduğu halda cavabdehlərin mübahisəli mənzildən çıxarılmaması mülkiyyətçinin mülkiyyət hüquqlarının həyata keçirilməsini mümkünsüz edərək onun hüquqlarını pozur. Nəzərə alınmalıdır ki, Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin könüllü və təhlükəsiz qaydada doğma yurdlarına qayıtmasına imkan yaranmışdır. Şuşa şəhərinə köçürülmə prosesinə başlanılıb və davam etməkdədir. Yəni cavabdehlərin mübahisəli mənzildə müvəqqəti məskunlaşmasına səbəb olan hal aradan qalxmışdır. Cavabdehlərin həmin mənzildə uzun illərdir ki, hər hansı bir qanuni və müqavilə əsası olmadan yaşamaqları onların həmin mənzilə mülkiyyət hüquqlarının yaranmasına əsas deyildir.
46. Kollegiya hesab edir ki, mülkiyyətçinin mülkiyyət hüquqları təxirə salınmadan qorunmalıdır. Mülkiyyət hüquqlarının əsassız pozulması yolverilməzdir.
47. Kollegiya şikayətin iddiaçı fəaliyyət qabiliyyətsiz olması, fiziki və əqli qüsuru ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, cavabdehin özü tərəfindən təqdim edilmiş arayışa əsasən müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdə iddiaçıya əlillik təyinatının aparılmasından imtina edilmişdir. Bundan əlavə, iddiaçının fiziki və ya əqli qüsuru ilə bağlı əlilliyi olsa da, şəxsin fəaliyyət qabiliyyətsiz hesab edilməsi yalnız məhkəmə qətnaməsi əsasında həyata keçirilə bilər. Odur ki, iddiaçı mülki hüquq münasibətlərinin subyekti kimi hüquq qabiliyyətli və tam fəaliyyət qabiliyyətlidir.
48. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər iddiaçıya məxsus mübahisəli yaşayış evində hər hansı bir qanuni və müqavilə əsası olmadan yaşadığından, iddiaçı mənzilin boşaldılmasını və cavabdehlərin həmin mənzildən çıxarılmasını tələb etməkdə haqlıdır. Odur ki, cavabdehlər mübahisəli fərdi yaşayış evindən çıxarılmalı və fərdi yaşayış evi boşaldılaraq iddiaçıya təhvil verilməlidir.
49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
51. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
52. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorlara aid edilməlidir.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qıının nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3813/2025 nömrəli xx.xx.2025ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.