Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6489/2021 23.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elşən Kazımov və İlham Kərimlidən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" BOKT QSC-nə qarşı “əmrin ləğv edilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 14.02.2020-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, cavabdeh tərəfindən verilmiş, iddiaçı ilə olan əmək müqaviləsinin ləğv edilməsi barədə 17.10.2019cu il tarixli, 43 №-li əmri ləğv edilsin, iddiaçının Əmək Məcəlləsinin 69.1-ci maddəsinə əsasən işdən azad edilməsi barədə əmrin verilməsi və müvafiq qeydin əmək kitabçasında aparılması öhdəliyi cavabdehin üzərinə qoyulsun, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamənin ləğv edilsin və iddia rədd olunsun. Şikayətin dəlillərindən görünür ki, cavabdeh qətnamənin bir hissəsindən – iddianın təmin edilməsinə aid olan hissəsindən narazıdır. Ona görə də qətnamənin əsaslılığı yalnız iddianın təmin edilməsinə aid olan hissədə yoxlanılmışdır Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı cavabdeh təşkilatın Gəncə filialında qrup rəhbəri vəzifəsində işləyib. O, əmək müqaviləsinin ləğv edilməsi üçün 13.09.2019-cu il tarixli ərizə ilə (iş v. 15) işəgötürənə müraciət edib. Yəni işçi əmək müqaviləsinə xitam verilməsi barədə təşəbbüs irəli sürüb. Lakin əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam verilib. Belə ki, işəgötürənin 17.10.2019-cu il tarixli, 43 №-li əmri (iş v. 103) ilə əmr edilib ki, əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilsin. Əmr belə əsaslandırılıb: 1) intizam tənbehindən nəticə çıxarmayaraq yenidən əmək funksiyasını pozub; 2) öz təqsiri üzündən yaranmış problemli kreditlərin həllinə dair verilmiş tapşırıqlara əməl etməyib. Əmr qanunsuzdur. Bunun 3 səbəbi var: Birinci, əmrin giriş hissəsində, o cümlədən 1-ci bəndində işdən azad edilən işçinin adı qeyd olunmayıb, yəni şəxsiyyəti bilinməyən şəxs barədə əmr verilib. Bundan başqa, əmrin məzmununda işdən azad edilən işçinin vəzifəsi qeyd olunmayıb, yəni vəzifəsi bilinməyən şəxs barədə əmr verilib. Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin məzmununda işçinin adı, atasının adı və soyadı, habelə əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı göstərilməlidir. İkinci, əmr əsaslandırılmayıb. Belə ki, əmrdə qeyd olunub ki, intizam tənbehindən nəticə çıxarmayaraq yenidən əmək funksiyasını pozub. Lakin yenidən yol verilən pozuntunun nədən ibarət olması əmrdə göstərilməyib. Daha sonra, əmrdə qeyd olunub ki, öz təqsiri üzündən yaranmış problemli kreditlərin həllinə dair verilmiş tapşırıqlara əməl etməyib. Lakin verilmiş tapşırıqların nədən ibarət olması əmrdə göstərilməyib. Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası göstərilməlidir. Bu maddədə “əsası göstərilməlidir” deyiləndə əmrin əsaslandırılması nəzərdə tutulur. Üçünçü, əmrin məzmununda əmrin verilməsi üçün əsas hesab edilən hər hansı rəsmi sənəd göstərilməyib. Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin məzmununda əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. Yuxarıda göstərilən 3 hal kifayətdir ki, əmr ləğv edilsin. Məhkəmə əmək mübahisəsini həll edərkən qəbul etdiyi qətnamədə əmək müqaviləsinin ləğvini işəgötürənin əvəzinə əsaslandırmalı deyil. Bunu işəgötürən əmrdə əsaslandırmalı, məhkəmə isə əsaslandırmanın düzgün olub-olmadığını yoxlamalıdır. Hazırkı əmrdə əsaslandırma olmadığına görə əsaslandırmanın düzgünlüyünü yoxlamaq mümkün deyil. Ona görə də hesab olunur ki, əmək müqaviləsinin ləğv edilməsi üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində müəyyən edilmiş əsas olmayıb. Birinci instansiya məhkəməsi düzgün olaraq əmri ləğv edib və əmək müqaviləsinin işçinin təşəbbüsü ilə ləğv edilməsi barədə əmrin verilməsi öhdəliyini cavabdehin üzərinə qoyub. Bu, Əmək Məcəlləsinin 69-cu maddəsinin 2-ci hissəsinin göstərişinə uyğundur. Belə ki, iddiaçı əmək müqaviləsinin ləğv edilməsi barədə ərizə verib və ərizənin verildiyi gündən 1 təqvim ayı keçib. Beləliklə, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti rədd olunsun.. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 14.02.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6489/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6489/2021
23.07.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver