Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6489/2023 12.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 31 avqust 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları 42 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 X8 ilə əlbir olaraq iddiaçının etibarından sui-istifadə edərək iddiaçıdan 12.000 ABŞ və 8.000 manat məbləğində pul alaraq qeyd edilən evi iddiaçıya satmışlar. İddiaçını inandırmaq məqsədi ilə Cavabdeh2 iddiaçı ilə xx.xx.2018-ci il tarixdə hətta rəsmi nikaha daxil olmuş və pulu ələ keçirmişdir. İddiaçı bildirir ki, 5 il ərzində evin işıq pulu, su pulu və qaz pulu onun adına olmuşdur. 2022-ci ilin yanvar ayında Cavabdeh2 və anası (digər cavabdeh) Cavabdeh1 iddiaçıya fiziki zor tətbiq edərək, iddiaçının evə görə ödədiyi pulu qaytarmadan iddiaçını, 5 il ərzində yaşadığı evdən qovmuşlar. İddiaçı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102 xidmətinə” dəfələrlə müraciət etmiş, Səbail Rayon Prokurorluğunda olmuş və ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) tərəflərin birinci instansiya məhkəməsinin iclaslarında verdiyi izahatlar barədə məlumat
3. İddiaçı məhkəmə baxışı iclasında iştirak edərək Rayon Məhkəməsinə verdiyi izahatla iddia ərizəsində göstərilən xüsusatları təsdiq etmiş və əlavə olaraq bildirmişdir ki, Murad Tarverdiyev ilə nikahı formal xarakter daşımış, bir ailə kimi yaşamamışlar, çünki Murad Tarverdiyev sənədlərində olan problemi aradan qaldırmaq üçün soyadını dəyişdirmək istəyirdi və bunun üçün onlar nikaha daxil olmaq qərarına gəlmişlər. Daha sonra isə nikah pozulmuşdur.
4. Rayon Məhkəməsinin hazırlıq iclasında iştirak etmiş Cavabdeh1 izahatında göstərmişdir ki, onun keçmiş əri Rasim Mirzəyev 1990-cı ildə evlərindən çıxıb getmiş və başqa ünvanda yaşamışdır. Rasim Mirzəyevdən ayrıldıqdan sonra Səbail Rayon İcra Hakimiyyəti tərəfindən ona güzəştli şərtlə həmin mənzil təklif edilmişdir. Çünki himayəsində 4 uşağı var idi və o, aztəminatlı şəxs sayılırdı. Ona ev verilsə də, maddi çətinliklər ilə üzləşmişdir. Bu səbəbdən də o, uşaqları ilə birlikdə Rusiya Federasiyasına köçmüşdür. Bakı şəhərinə qayıdanda isə görmüşdür ki, keçmiş əri Rasim Mirzəyev ilə iddiaçı həmin evə gəlib-gedirmiş. Soruşanda iddiaçı ona bildirmişdir ki, mənzil Rasim Mirzəyevindir. İddiaçı bir gün evə gəlib ağlayaraq ona demişdir ki, Rasim Mirzəyev ona əziyyət verir. Sonra oğlunun – (cavabdeh) Muradın sənədlərində soyadı səhv olduğuna görə iddiaçı ilə oğlu nikaha daxil olmuş və sənədin əldə edilməsində iddiaçı onlara kömək etmişdir. Bu yaxşılığı nəzərə alaraq, iddiaçıya həmin daxmada 1-2 il yaşamasına icazə vermişdir. Sonradan o, bir daha Rusiya Federasiyasına getmişdir. Rusiyadan qayıdandan sonra o, iddiaçı ilə əlaqə saxlamaq istəmiş, lakin bu mümkün olmamışdır, iddiaçı onun zənglərinə cavab vermirdi. 2022-ci ildə bir daha ölkəyə qayıdıb iddiaçının mənzili tərk etməsini tələb etmiş, iddiaçı isə mənzildən çıxmamışdır. İddiaçının mənzildən çıxarılması üçün məhkəməyə müraciət etmişdir, məhkəməyə müraciət etdikdən sonra MKİS-nin nümayəndəsinin iştirakı ilə iddiaçı əşyalarını evdən götürüb çıxmışdır. İddiaçı evdən çıxdığına görə o, iddia ərizəsini geri götürmüşdür. İddiaçının iddia etdiyi sahə onun evinin tərkib hissəsidir və “Reyestrdən çıxarışda” göstərilən sahənin içindədir. Belə ki, o, Bankdan kredit götürüb evi təmir edərkən əlavə (mübahisə predmeti olan) otağı tikdirmişdir. Bir daha Rusiya Federasiyasına gedəndən sonra bilmişdir ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.
5. Rayon Məhkəməsinin hazırlıq iclasında iştirak etmiş Cavabdeh2 izahatında göstərmişdir ki, iddiaçı onunla nikahda olan dövrdə (2018-ci ildən 2022-ci ilin fevral ayına qədər) orada yaşamışdır. X8 vəfat edəndən sonra o, anası Cavabdeh1 ilə birlikdə Azərbaycan Respublikasına qayıtmışdır. Birinci mərtəbəyə dair 2005-ci ildə sərəncam verilmişdir. İkinci və üçüncü mərtəbələrlə bağlı sənədləşməyə dair müvafiq səlahiyyətli orqana müraciət etmişdir. İddiaçı ilə nikaha daxil olsalar da, bu nikah formal xarakter daşımışdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
7. İşə baxmış Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlərin iddiaçını yaşadığı sahədən zorla qovması və həmin sahənin də iddiaçıya məxsus olması (su və qaz xidməti kodunun onun adına olmasına baxmayaraq) heç bir mötəbər və tutarlı sübutlar ilə təsdiq olunmur. Həmçinin yaşadığı sahədən köçüb gedəndən sonra yenidən əvvəl müvəqqəti yaşadığı sahəyə köçməsinə dair iddiaçının irəli sürdüyü dəlillər heç bir hüquqi əsasa söykənmir. Qeyd edilənlərə əsasən, iddiaçının yaşadığı sahəni pul ilə alması və onun pulunun qaytarılmadan zorla cavabdehlər tərəfindən həmin sahədən çıxarılması ilə bağlı irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. d) apellyasiya şikayəti barədə məlumat
8. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının 5 ilə yaxın mübahisəli mənzildə yaşaması, kommunal ödəmələri həyata keçirməsi, mənzildən cavabdehlər tərəfindən zorla çıxarılmasının təqdim edilmiş sübutlarla öz təsdiqini tapmasına baxmayaraq, Rayon Məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
10. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətinin, habelə iddianın məzmununa uyğun izahat verdi.
11. Cavabdehlər işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə cavabdehlərin iştirakı olmadan baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
12. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
13. Belə ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(009)-3322/2018 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə hazırki iş üzrə iddiaçı ilə hazırki iş üzrə cavabdehlərdən biri olan Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixdə bağlanmış nikahın pozulması qət edilmişdir.
14. Səbail RPİ-nin 8-ci PB-nin xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, hazırki iş üzrə iddiaçı, polis orqanına müraciət edərək hazırki iş üzrə cavabdehlər tərəfindən hüquqlarının pozulmasını, yəni Cavabdeh1 keçmiş əri, Cavabdeh2 isə X8in onun pulunu alaraq satdığı sahədən qovduqlarını bildirmişdir. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir iddiaçının müraciətində göstərilən hal mülki mühakimə qaydasında həll oluna biləcək məsələdir.
15. Səbail Rayon Prokurorluğunun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilərək materialların əlavə yoxlamaya qaytarılması barədə” xx.xx.2022-ci il tarixli qərarından görünür ki, hazırki iş üzrə iddiaçı şikayət ərizəsi ilə rayon prokurorluğuna müraciət edərək bildirmişdir ki, hazırki iş üzrə cavabdeh Murad Tanverdiyev X8 ilə əlbir olub cinayət əlaqəsinə girərək onun etibarından sui-istifadə edib ünvan 3 ünvanda yerləşən mənzili 12.000 ABŞ dolları və 8.000 manat müqabilində ona satmış, sonradan öz cinayətkar əməllərini pərdələmək məqsədilə Cavabdeh2 onunla rəsmi nikaha daxil olmuş, 5 ildən artıq həmin mənzildə yaşayaraq bütün kommunal xidməti xərclərini ödəsə də, 2022-ci ilin yanvar ayında Cavabdeh2 anası Cavabdeh1 ilə birlikdə qeyd olunan mənzilə gəlib zor tətbiq etməklə mənzilə daxil olub zorla həmin mənzili onun əlindən almışlar. Həmin faktı araşdırmış Səbail RPİ-nin 8-ci PB toplanmış material üzrə qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərar vaxtından əvvəl və əsassız olaraq qəbul edilmişdir. Bu səbəbdən qərar ləğv edilməli və əlavə araşdırma aparılması üçün material həmin PB-nə qaytarılmalıdır.
16. Səbail RPİ-nin 8-ci PB-nin xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qeyd edilən material üzrə əlavə araşdırma aparılmış və müəyyən edilmişdir ki, hazırki iş üzrə iddiaçının müraciətində göstərilən hal mülki mühakimə qaydasında həll oluna biləcək məsələdir. Bu səbəbdən də toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməli və müraciət edənə izah olunmalıdır ki, o, mübahisəli yaşayış sahəsi ilə bağlı müvafiq iddia tələbi ilə mülki qaydada məhkəməyə müraciət etmək hüququna malikdir.
17. Səbail Rayon 46 saylı MKİS-nin xx.xx.2022-ci il tarixli, 128 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları 42 ünvanda hazırki iş üzrə iddiaçının neçə il yaşamasını dəqiqləşdirmək məqsədi ilə həmin ünvanda yerində tərtib olunmuş aktla qonşular yazılı imza etməkdən imtina ediblər və neçə il yaşaması barədə şifahi məlumat verməyiblər. Şifahi alınan təxmini məlumatlara görə, iddiaçı 2022-ci ilin fevral ayından indiki zamana kimi həmin ünvanında yaşamır.
18. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Baki Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********48 nömrəli məktubundan görünür ki, yuxarıda qeyd edilən ünvanda yerləşən 4 saylı mənzil xx.xx.2022-ci il tarixdə Cavabdeh1 adına ilkin qeydiyyatdan keçmişdir və hazırda da mülkiyyətindədir.
19. “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş 653203 nömrəli “Çıxarışdan” da görünür ki, mübahisəli 4 saylı mənzil (ümumi sahəsi 72.2 kv.metr) xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi xx.xx.2022-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır.
20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən işə baxmış Rayon Məhkəməsinə təqdim edilmiş 10/1376 saylı, xx.xx.2023-cü il tarixli rəydən görünür ki, Cavabdeh1 məxsus olan 4 saylı mənzilin və mənzilə daxil olan digər hissələrin sahəsi 72,2 kv.metr təşkil edir. Mənzilin və mənzilə daxil olan digər hissələrin həmin mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş **********68-05101-093011 nömrəli “Çıxarışa” və xx.xx.2022-ci il tarixli, inventar nömrəsi 04/3353 olan “Texniki pasporta” daxil edildiyi müəyyən edilir. “Texniki pasportda” göstərilən anbar tikilisinin sol tərəfində, 2 mərtəbəli tikili inşa edildiyi, tikilinin birinci mərtəbəsinin ümumi sahəsinin 18,9 kv.m, ikinci mərtəbəsinin ümumi sahəsinin isə 23,2 kv.m təşkil etdiyi və həmin 2 mərtəbəli tikilinin “Reyestrdə çıxarışa” və “Texniki pasporta” daxil edilmədiyi müəyyən edilmişdir. Cavabdeh1 məxsus 4 saylı mənzilin və anbar tikilisinin təmirli olduğu, lakin anbar tikilisinin sol tərəfində inşa edilmiş 2 mərtəbəli tikilidə isə faktiki olaraq təmir işlərinin davam etdirildiyi müəyyən edilmişdir.
21. Səbail Rayon Məhkəməsinin 2(009)-578/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardaddan görünür ki, iddiaçı (hazırki iş üzrə cavabdehlərdən biri olan) Cavabdeh1 cavabdehlər (hazırki iş üzrə iddiaçı) X1, (hazırki iş üzrə tərəf olmayan) X6 və (hazırki iş üzrə tərəf olmayan) X3rşı irəli sürdüyü “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbi barədə” iddiasının baxılmamış saxlanılması qərara alınmışdır.
22. Göstərilənlərə və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlara əsasən müəyyən edilir ki, yuxarıda qeyd edilən və sahəsi 72,2 kv.metr olan 4 saylı mənzil hazırki iş üzrə cavabdehlərdən biri olan Cavabdeh1 məxsusdur. Mənzil xx.xx.2022-ci il tarixdə onun adına ilkin qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Rasim Mirzəyev Cavabdeh1 əri olmuş və onların nikahı pozulmuş, bu barədə xx.xx.1990-cı il tarixdə müvafiq şəhadətnamə verilmişdir. Rasim Mirzəyev 2021-ci ilin iyun ayında vəfat etmişdir. Hazırki iş üzrə iddiaçı yuxarıda qeyd edilən ünvana məhz Rasim Mirzəyevin vasitəsilə köçmüş, müəyyən müddət ərzində həmin ünvanda yaşamış və 2022-ci ilin əvvəlində həmin ünvanı tərk etmişdir.
23. İddiaçı həmin mübahisəli (“Reyestrdən çıxarışda” nəzərdə tutulmamış və ikinci mərtəbədə yerləşən) sahəyə köçürülməsinin əsası kimi Rasim Mirzəyevin və sonuncunun övladı olan Cavabdeh2 əlbir olaraq və onun etibarından sui-istifadə edərək sahəni ona 12.000 ABŞ və 8.000 manat müqabilində satması faktını göstərir.
24. Bununla bağlı Məhkəmə bildirir ki, iddiaçı, onunla Rasim Mirzəyev və Cavabdeh2 arasında mübahisəli sahəyə dair “Alğı-satqı müqaviləsinin” şifahi qaydada bağlandığını bildirsə də, bu halı təsdiq edə biləcək sübutları təqdim etməmişdir.
25. Bu halı təsdiq edə biləcək sübutlar təqdim edilmiş olsa idi belə onda nəzərə alınmalıdır ki, iddiaçının köçmək istədiyi sahə alğı-satqının predmeti ola bilməzdi. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikili sayılır.
26. İş üzrə tərəflər arasında mübahisə doğurmur ki, iddiaçının Cavabdeh1 keçmiş əri Rasim Mirzəyevdən aldığını iddia etdiyi otaq buna lazımi icazələr alınmadan inşa edilmiş özbaşına tikilidir.
27. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçı mübahisəli sahəyə istifadə etmək hüququnu qazanmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 139-cu maddəsinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə, daşınmaz əmlaklara dair bütün hüquqlar dövlət qeydiyyatına alınmalı və həmin qeydiyyat daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilməlidir. Mülki Məcəllənin 180.2-ci maddəsinə görə, özbaşına tikintiyə hər hansı əmlak hüquqlarının əldə edilməsi qeyri-mümkündür.
28. Göründüyü kimi, iddiaçının yaşayış sahəsindən istifadə etmək, həmin sahədə yaşamaq hüququ yaranmamışdır.
29. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində bildirdiyi dəlillər: onun uzun müddət ərzində mübahisəli yaşayış sahəsində yaşaması, orada yaşadığı dövrdə kommunal xərcləri ödəməsi və sair bu kimi dəlilər iddiaçının mübahisəli yaşayış sahəsinə köçməsi üçün əsas deyil. Çünki, qanunverici ümumiyyətlə bu kimi hallar mövcud olduğu halda da özbaşına tikiliyə hər hansı hüququnun yaranmasını nəzərdə tutmamışdır.
30. İddiaçının dediyinə görə o, həmin otağı onunla Rasim Mirzəyev arasında şifahi qaydada bağlanmış müqaviləyə əsasən almışdır.
31. Bununla bağlı Məhkəmə bildirir ki, mübahisəli sahə özbaşına tikili olmasaydı belə, iddiaçının qeyd etdiyi hal onun həmin otağa köçürülməsi üçün əsas ola bilməzdi.
32. Belə ki, Mülki Məcəllənin tələblərinə görə, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir (maddə 394.). Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla) (maddə 146.1.). Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır (maddə 146.3.).
33. Qeyd edilən maddi hüquq normalarının tələblərindən işin hallarına yanaşdıqda müəyyən edilir ki, daşınmaz əmlak ilə bağlı iddiaçının bildirdiyi (şifahi və notariat orqanından kənar) qaydada “Alğı-satqı müqaviləsi” bağlanıla bilməz və iddiaçının bildirdiyi qaydada bağlanmış müqavilə etibarsızdır və heç bir hüquqi nəticə yaratmır – iddiaçı həmin sahəyə istifadə hüququ qazanmamışdır.
34. Bu səbəbdən də müəyyən edilir ki, iddiaçının mübahisəli otağa köçməsi üçün əsas yoxdur.
35. Mübahisəli otağa köçməsini iddiaçı həmçinin onunla əsaslandırır ki, o, həmin otaqda yaşadığı müddət ərzində su və qaz xidmətlərinin kodu onun adına olmuş və o, kommunal xərcləri özü ödəmişdir.
36. Məhkəmə hesab edir ki, bu halın mövcudluğu iddiaçının mübahisəli otağa köçməsi üçün əsas ola bilməz.
37. Belə ki, Cavabdeh1 Rayon Məhkəməsinə verdiyi izahatdan görünür ki, o, Rusiya Federasiyasına köçən zaman iddiaçıya icazə vermişdir ki, iddiaçı mübahisəli otaqda yaşasın (bax: hazırki qətnamənin 4-cü bəndinə).
38. İddiaçı həmin ünvanda yaşayıbsa, deməli kommunal xidmətlərdən istifadə edib. Kommunal xidmətlərdən istifadə edibsə, həmin xidmətlərin əvəzini ödəməli idi. Bunun üçün isə su və qaz xidmətlərinin kodu onun adına da rəsmiləşdirilə bilərdi.
39. Bu baxımdan müəyyən edilir ki, iddiaçının müzakirə edilən bu dəlili də əsassızdır.
40. Məhkəmə həmçinin iddiaçı ilə Cavabdeh2 rəsmi nikahda olması halına da qiymət verərək bildirir ki, həmin nikahın formal və müvəqqəti xarakter daşıması hər iki tərəfin izahatları ilə təsdiq olunur.
41. Məhkəmə hesab edir ki, həmin nikahın formal xarakter daşıyıb-daşımaması hazırki işin həlli üçün əhəmiyyət kəsb etmir. Çünki yuxarıda qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evi Cavabdeh1 məxsusdur. Belə olan halda iddiaçının Cavabdeh1 münasibətdə ailə üzvü sayılıb-sayılmaması müəyyən olunmalıdır.
42. Lakin işin hallarından müəyyən olunur ki iddiaçı ilə Cavabdeh1 arasında etibarlı ailə münasibətləri yoxdur və olmamışdır.
43. Odur ki, iddiaçının mövcud mənzil qanunvericiliyin tələbləri baxımından (Mənzil Məcəlləsi; maddələr 30 və 68) da həmin mübahisəli yaşayış sahəsinə köçürülməsi üçün əsas yoxdur. g) apellyasiyanın nəticəsi
44. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə faktlar nöqteyi-nəzərindən əsaslıdır və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.
45. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
46. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
48. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 31 avqust 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.