Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6490/2022 19.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehlər Azərbaycan Respublikası Cavabdeh2nə və Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: mənzilə köçürülmə, mənzildə yaşamaq və oradan istifadə hüqununun tanınması və ümumi istifadə qaydasının müəyyən edilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh1, Cavabdeh Azərbaycan Respublikası Cavabdeh2n nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehlər Azərbaycan Respublikası Cavabdeh2nə və Cavabdeh1 qarşı “mənzilə köçürülmə, mənzildə yaşamaq və oradan istifadə hüqununun tanınması və ümumi istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 2(001)-3577/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 19 oktyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Mingəçevir şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli AZ-İ № 529218 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh1 ilə X5 xx.xx.2009-cu il tarixdə nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 390 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Məmmədova soyadı verilmişdir.
2. Ağdam rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli AZ-İİ № 442289 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh1, anası İddiaçıdır.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-3138/2021 saylı qətnaməsindən müəyyən olunur ki, Cavabdeh1 ilə İddiaçı arasında Mingəçevir şəhər qeydiyyat şöbəsində bağlanmış xx.xx.2009-cu il tarixli 390 saylı nikah qeydinin ləğv edilməsi, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2010-cu il təvəllüdlü X3 anası İddiaçı yanında saxlanılması, xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh1 hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir.
4. Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ-İ 398184 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh1 ilə İddiaçı arasında başlanmış nikah Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 528 saylı qeyd edilmişdir.
5. Ağdam rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ-İİ № 414093 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh1 ilə X2 xx.xx.2021-ci il tarixdə nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 250 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Məmmədova soyadı verilmişdir.
6. Azərbaycan Respublikası Cavabdeh2 Mülki müdafiə qoşunlarının xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, Cavabdeh2 Mülki müdafiə qoşunlarının hərbi qulluqçusu baş gizir Cavabdeh1 ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanına pasport qeydiyyatına götürlməsi barədə müvafiq göstəriş verilməsi Bakı şəhəri Binəqədi rayon polis idarəsindən xahiş olunmuşdur.
7. Milli Onkoligiya Mərkəzinin xx.xx.2013-cü il tarixli US müayinəsindən müəyyən olunur ki, İddiaçı hər iki süd vəzisinin mikrofibroadenomları diaqnozu təyin edilmişdir.
8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestiri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh1 adına Respublika ərazisi üzrə daşınmaz əmlak aşkar edilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Cavabdeh2nə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il təvəllüdlü X3 ilə birlikdə ünvan 1 saylı evin 4 saylı mənzilinə köçürülmələrinə, həmin mənzildə yaşamaq və istifadə etmək hüquqlarının tanınmasına, mənzilin köməkçi və kommunal sahələrindən ümumi istifadə qaydasının müəyyən edilməsinə və mediasiya xərci kimi ödədiyi 50 manatın Cavabdeh1 tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh X4 ilə xx.xx.2009-cu ildə Mingəçevir şəhər qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X3 dünyaya gəlmişdir. 2009-cu ildən 2016-cı ilin mart ayına kimi cavabdehin əllər yaşadığı və işlədiyi Binəqədi rayonunda müxtəlif ünvanlarda kirayədə yaşamışdır. xx.xx.2016-cı il tarixdə o, övladı 2 nəfər ailə üzvü olaraq nəzərə alınmaqla Cavabdeh1 Azərbaycan Respublikası Cavabdeh2 Mülki Müdafiə qoşunlarının hərbi qulluqçusu və baş giziri kimi Biləcəri qəsəbəsi R.İsmayılov küçəsi 124 mənzil 4 ünvanında yerləşən bütün zəruri əmlak və avadanlıqlarla təmin olunmuş 2 otaqlı mənzil verilmiş və həmin vaxtdan ailə həmin mənzildə yaşamağa başlamışdır. Hesab edir ki, 2010-cu il təvvəllüdlü övladı ilə həmin vaxtdan mənzildə yaşamaq, mənzilin yaşayış sahəsindən, həmçinin köməkçi və kommunal-məişət sahələrindən cavabdehlə bərabər surətdə istifadə etməklə orada yaşamaq hüququ qazanmışdır. Həmin mənzildə yaşadıqları vaxtda onun səhhətində onkoloji problemlər olduğu məlum olduqda cavabdehin ona və uşağına münasibəti tam mənfiyə doğru dəyişmişdir. Valideynlərinin maddi dəstəyi ilə o, Türkiyədə və Bakı şəhərindəki MOM-də dəfələrlə müayinə və müalicə olunmasına baxmayaraq cavabdeh ona heç bir maddi və mənəvi dəstək verməmişdir. Əksinə, onun atasının ölümündən sonra həkimlərin bunun qəti yolverilməz olmasını bildirdiyinin cavabdehə də məlum olmasına baxmayaraq cavabdeh ona qarşı yolverilməz qaydada hədsiz şiddət və təzyiq göstərməyə, daimi dözülməz stress yaşatmağa başlamışdır. Belə vəziyyətində əlavə stresslərin ona hayatı bahasına başa gələ biləcəyi üzündən nikahın pozulması üçün məhkəməyə müraciət etmək və ayrılmaq məcburiyyətində qalmışdır. Bunun ardınca isə cavabdeh onun və uşağının həmin mənzildə yaşamasına imkan verməmişdir. Bir ilə yaxın olar ki, azyaşlı uşağı ilə birlikdə o, çox çətin və qeyri-normal şəraitdə kirayədə yaşamağa məcbur qalmışdır. Artıq hazırkı ağır yaşayış şərtləri və şaraitində kirayədə yaşamağının mümkün olmadığını bildirmişdir. Onun qeyd olunan mənzilin yaşayış sahəsində müvafiq hüquqlarının həyata keçirməyə tam əsasları mövcuddur.
11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 2(001)- 3577/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hərbi qulluqçuya xidməti mənzil xidmət etdiyi müddət ərzində ailə üzvləri ilə birlikdə yaşamaq üçün ayrıldığından, müddətin bitməsi xidməti yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi üçün əsas olduğundan, Bakı şəhəri ünvan 1 saylı evin 4 saylı mənzili Cavabdeh1 xidməti mənzil olaraq ayrıldığından, İddiaçı Cavabdeh1la bağladığı nikahı ləğv olunduğu üçün onların ailə münasibətlərinə xitam verildiyindən, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2010-cu il təvəllüdlü X3 anasının yanında saxlanıldığından iddia tələbləri təmin edilə bilməz. Belə ki, İddiaçı ilə Cavabdeh1 arasında olan ailə münasibətlərinə xitam verildiyi üçün iddiaçının hərbi qulluqçunun ailə üzvü statusu ilə hərbi qulluqçuya xidmət etdiyi müddət ərzində yaşaması üçün ayrılan mənzildən istifadə etmək hüququna da xitam verilmişdir.
13. Məhkəmə gəldiyi nəticəni Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 may tarixli, 86 nömrəli qərarı ilə təsdiq edilmiş Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydasının 1.1-ci, 1.5-ci, 2.1-ci, 2.2-ci, 2.5-ci, 2.6-ci, 2.7-ci, 2.8-ci, 3.1ci, 3.2-ci, 3.5-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1-ci, 92-ci, 98.2-ci, 99.1-ci, 99.2-ci, 103.3-cü eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
14. Qətnamədən iddiaçı tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
15. Apelyasiya şikayətində göstərilmişdir ki, işə baxan məhkəmə işin faktiki hallarını nəzərə almamış, iddia tələbi üzrə çox səthi araşdırma aparmış, mənzilin növbəlik, yoxsa xidməti yolu ilə cavabdehə verilməsi və hansı əsaslarla verilməsi məsələsini tam, hərtərəfli və obyektiv araşdırmamış, heç bir hüquq normasına əsaslanmadan, işin hallarını cavabdehlərin xeyrinə saxtalaşdırmaqla özünün qanunsuz və əsassız, eləcə də ədalətsiz hesab etdiyi 28 iyul 2022-ci il tarixli qətnaməsi ilə həmin mənzilin xidməti mənzil olduğuna və cavabdehlə aralarında qeyd edilmiş nikahın pozulduğuna görə onun azyaşlı uşağı ilə birlikdə həmin mənzildən istifadə hüququnu itirdiyi əsas göstərməklə iddia tələbini rədd etmiş, onu qanuni yolla əldə etdiyi həmin mənzildən istifadə hüququndan məhrum etmiş və bununla da maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, mübahisə predmeti olan mənzil Cavabdeh1 ilə birgə nikahda olduqlarına – O, ailəli olduğuna görə, azyaşlı uşaqları daxil olmaqla növbəlik əsassında 3 nəfərdən ibarət ailəyə verildiyindən, o və azyaşlı uşağı ailə üzvləri olduğuna görə digər cavabdeh Azərbaycan Respublikası Cavabdeh2 tərəfindən növbəlik əsasında veridiyindən artıq iddiaçı uşağı ilə birlikdə həmin mənzildən istifadə hüququ qazanmışdır. Həmin mənzilin verilməsi qaydalarında ər-arvad arasında nikaha xitam verildikdə ailənin digər üzvlərinin həmin mənzildən istifadə hüququna xitam verilməsi nəzərədə tutulmamışdır. Həmçinin işə baxan məhkəmə mənzil barədə iddiaçı tərəfin vəkilinin sorğusuna cavabdeh Azərbaycan Respublikası Cavabdeh2 tərəfindən cavab verilmədiyini nəzərə almamış, məhkəmə tərəfindən bu barədə cavabdeh orqana 02 iyun 2022-ci il tarixdə sorğu göndərilməsini, iki aya yaxın müddətdə və ümumiyyətlə sorğuya həmin cavabdeh orqan tərəfindən rəsmi cavab verilməməsini nəzərə almamış, yalnız cavabdehlərin heç bir hüquq əsasları olmadan mənzilin guya xidməti mənzil olması kimi fərziyyələrini əsas göstərməklə mübahisəli mənzili xidməti mənzil kimi qəbul edərək iddia tələbini təmin etməməklə səhv nəticəyə gəlmiş, bununla da tətbiq etdiyi maddi hüquq normasının tələblərini pozmuşdur, işin əsas mahiyyəti üzrə sorğuya cavab verilməsini belə təmin edə bilməmiş, cavabdehlərin xeyrinə olduğundan hüququ fakt barədə “bilərəkdən susmuş”, saxtakarlığa yol vermişdir. Birinci instansiya məhkəməsi qətnamədə “Qaydalar”ın 3.1-ci bəndinə istinad edərək göstərir ki, kirayəçi kirayə mənzili başqa şəxslərin istifadəsinə, kirayəsinə verə bilməz. Ardınca qətnamənin 6-cı səhifəsinin 2-ci abzasında göstərir ki, məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, Cavabdeh1 iddiaçı ilə nikahı pozulduqdan sonra, o ikinci dəfə nikaha daxil olmuş, hal-hazırda mənzildə ikinci nikahından olan həyat yoldaşı və valideynləri yaşayır. Cavabdehlər tərəfindən mübahisəli mənzilin səlahiyyətli orqanın əsaslandırılmış qərarına və səlahiyyətli orqanla bağlanmış kirayə müqaviləsinə əsasən Cavabdeh1 xidməti mənzil kimi verilməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim etmədiklərinə görə iddiaçı tərəf hesab edir ki, həmin mənzil Cavabdeh1 və onun həmin vaxt mövcud olmuş ailə üzvləri (iddiaçı və bir nəfər azyaşlı uşağı) nəzərə alınmaqla növbəlik əsasında mülkiyyətinə verilmişdir. İşə baxan məhkəmə Cavabdeh1 onu mənzildən zorla çıxardıqdan sonra onun başqa yerdə yaşamağa yeri olmadığına görə acınacaqlı vəziyyətdə azyaşlı uşağı ilə birlikdə dözülməz olaraq kirayələrdə yaşamasını nəzərə alaraq qətnamə qəbul edərəkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan RespublikasıMənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarının göstərişlərinə əməl etməklə qətnamə qəbul edərkən Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə istinad etməli idi.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayəti ilə razılaşmayaraq, izahatında əlavə olaraq bildirdi ki, mübahisəli mənzil iddiaçı ilə birgə nikah dövründə ona verilsə də həmin mənzil xidməti mənzil olmaqla xidmət etdiyi dövrdə yaşamaq üçün verilmişdir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Cavabdeh2n nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq izahatında əlavə olaraq bildirdi ki, mübahisəli mənzil xidməti mənzil olmaqla Cavabdeh2 balansındadır və hansısa fiziki şəxsin mülkiyyətində olmamışdır. Həmçinin xidməti mənzil hərbi qulluqçuya xidmətdə olduğu müddət ərzində ailəsi ilə birlikdə yaşamaq üçün verilir, hazırda isə iddiaçının Cavabdeh1la ailə münasibətlərinə xitam verildiyindən iddia tələbi əsassızdır.
19. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlmədiyindən işə iddiaçının iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən maddi hüquq normaları:
20. Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 may tarixli, 86 nömrəli qərarı ilə təsdiq edilmiş Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydasının 1.1.-ci bəndinə əsasən xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası (bundan sonraQayda) Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli, 153 nömrəli Fərmanının 1.3.10-cu bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və xidməti yaşayış sahələrinin verilməsi hallarını və qaydasını müəyyən edir.
22. Qaydaların 1.5.-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92-ci və 98.2-ci maddələrinə uyğun olaraq, xidməti yaşayış sahələri müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin edilməyən əmək münasibətlərinin xarakterinə görə dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyinedilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir.
23. Qaydaların 2.1.-ci bəndinə əsasən xidməti yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xidməti yaşayış sahələrinin kirayə müqavilələri (bundan sonra — kirayə müqaviləsi) əsasında verilir.
24. Qaydaların 2.2.-ci bəndinə əsasən kirayə müqaviləsi bu Qaydanın 1.5-ci bəndində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir.
25. Qaydaların 2.5.-ci bəndinə əsasən kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır.
26. Qaydaların 2.6.-cı bəndinə əsasən kirayə müqaviləsində müqavilənin predmeti, xidməti yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir.
27. Qaydaların 2.7.-ci bəndinə əsasən xidməti yaşayış sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi mənzil sahəsinin ayrılma norması nəzərə alınmaqla verilir.
28. Qaydaların 2.8.-ci bəndinə əsasən xidməti yaşayış sahəsi verilərkən ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstənin olması nəzərə alınır, həmçinin ərarvad istisna olmaqla, ayrı cinslərdən olan 9 yaşından yuxarı şəxslərin bir otağa köçürülməsinə yol verilmir (ayrı cinslərdən olan yetkinlik yaşına çatmış şəxslərin bir otağa köçürülməsinə dair razılığı olduğu hallar istisna olmaqla).
29. Qaydaların 3.1.-ci bəndinə əsasən xidməti yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Xidməti yaşayış sahələri özgəninkiləşdirilə, subicarəyə və ya ikinci əldən kirayəyə verilə bilməz.
30. Qaydaların 3.2.-ci bəndinə əsasən kirayə müqaviləsi əsasında xidməti yaşayış sahəsindən istifadəyə dair Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir.
31. Qaydaların 3.5.-ci və 3.5.1.-ci bəndlərinə əsasən bu Qaydanın 1.5-ci bəndində göstərilən əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır.
32. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1-ci maddəsinə əsasən xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.1 xidməti yaşayış sahələri.
33. Həmin Məcəllənin 92-ci maddəsinə əsasən xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir.
34. Həmin Məcəllənin 98.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir.
35. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir.
36. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır.
37. Həmin Məcəllənin 103.3-cü maddəsinə əsasən xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır.
Apelyasiya baxışının hədləri
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
40. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etdiyindən birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılmalıdır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası izahatları bu kontekstdə dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Belə ki, Azərbaycan Respublikası Cavabdeh2 balansında olan Bakı şəhəri ünvan 1 saylı evin 4 saylı mənzili (Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsi ev 1) FHN-nin Mülki müdafiə qoşunlarında baş gizir rütbəsində həqiqi hərbi xidmətdə olan Cavabdeh1 ailə üzvləri ilə birlikdə ayrılmış, 2021-ci ildə Cavabdeh1la İddiaçı arasında bağlanmış nikah pozulmuş, sonuncu himayəsində olan xx.xx.2010-cu il təvəllüdlü X3 ilə birlikdə mənzildən çıxmışdır.
43. İstinad edilən normaların tələblərindən göründüyü kimi hərbi qulluqçuya xidməti mənzil xidmət etdiyi müddət ərzində ailə üzvləri ilə birlikdə yaşamaq üçün ayrıldığından, müddətin bitməsi xidməti yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi üçün əsas olduğundan, Bakı şəhəri ünvan 1 saylı evin 4 saylı mənzili Cavabdeh1 xidməti mənzil olaraq ayrıldığından, İddiaçı Cavabdeh1la bağladığı nikahı ləğv olunduğu üçün onların ailə münasibətlərinə xitam verildiyindən, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2010-cu il təvəllüdlü X3 anasının yanında saxlanıldığından birinci instansiya məhkəməsi düzgün olaraq iddia tələblərinin təmin edilməməsi barədə nəticəyə gəlmişdir. Həmçinin qeyd edilməlidir ki, İddiaçı ilə Cavabdeh1 arasında olan ailə münasibətlərinə xitam verildiyi üçün iddiaçının hərbi qulluqçunun ailə üzvü statusu ilə hərbi qulluqçuya xidmət etdiyi müddət ərzində yaşaması üçün ayrılan mənzildən istifadə etmək hüququna da xitam verilmişdir.
44. Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir.
45. Apellyasiya şikayətlərinin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla qətnamənin ləğvi üçün əsas deyildir.
46. Belə ki, iddiaçı apellyasiya şikayətində göstərmişdir ki, “birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarının göstərişlərinə əməl etməklə qətnamə qəbul edərkən Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə istinad etməli idi”. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, istinad edilən qərar məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra yaranan mübahisələrə baxılarkən Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiq edilməli olması göstərilmişdir. Hazırda isə işin faktiki halları ilə müəyyən edilmişdir ki, mübahisəli mənzil xidməti mənzil olmaqla Cavabdeh1 mülkiyyətində olmamış və mənzil ona xidmət etdiyi dövr ərzində yaşamaq üçün verilmişdir.
47. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzil xidməti mənzil olmaqla Cavabdeh1 xidmət etdiyi dövr ərzində yaşamaq üçün verildiyindən, eləcə də iddiaçı ilə Cavabdeh1 arasında olan ailə münasibətlərinə xitam verildiyindən və iddiaçının hərbi qulluqçunun ailə üzvü statusu ilə hərbi qulluqçuya xidmət etdiyi müddət ərzində yaşaması üçün ayrılan mənzildən istifadə etmək hüququna da xitam verildiyindən iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
48. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
49. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
50. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
51. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
53. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 2(001)-3577/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov