Məhkəmə qərarları › İş №2(103)-6492/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6492/2020

27.08.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6492/2020 27.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “əmrin ləğv edilməsi və işə bərpa olunma” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2008-ci il tarixdən Bakı şəhəri, Səbail rayonu, Bül-bül prospekti 7 ünvanında yerləşən “Sahil” Ticarət Mərkəzinin 1-ci mərtəbəsindəki fiziki şəxs Cavabdeh məxsus bijuteriya köşkündə satıcı vəzifəsində çalışdığını, xx xxxxxx 2019-cu il tarixdə yaxın qohumu olan xalası X1 vəfat etməsi səbəbilə xalasının dəfni ilə bağlı Şamaxı rayonuna getdiyini, həmin günün onun istirahət gününə təsadüf etdiyini və getməsi barədə Cavabdeh köməkçisi X3 məlumat verdiyini, yas mərasiminin 3-cü günü X2 ona zəng edərək xx xxxxxx 2019-cu il tarixində işdə olmalı olduğunu bildirdiyini, dərhal müdiriyyətlə əlaqə saxlayıb 1 (bir) gün daha icazə istədiyini, lakin müdriyyət təkid etdiyi üçün xx xxxxxx 2019-cu il tarixində Bakıya gəldiyini, səhhətimdə narahatçılıq yarandığından , həkimə müraciət etdiyini və X4 ilə əlaqə saxlayıb bunu bildirdiyini, xx xxxxxx 2019-cu il tarixində iş yerinə getsə də, cavabdehin oğlu X5 əşyalarını yığıb işi tərk etməsini tələb etdiyini, xx xxxxxxxx 2019-cu il tarixdə elektron portalda işdən azad olunmağı barədə əmri gördüyünü və cavabdeh tərəfindən heç bir xəbərdarlıq edilmədən xx xxxxxxxx 2019-cu il tarixli 02 saylı əmrlə əmək müqaviləsinin birtərəfli ləğv edildiyini öyrəndiyini irəli sürmüş, buna görə dəcavabdehin xx xxxxxxxx 2019-cu il tarixli 02 saylı əmrinin qanunsuz hesab edilərək ləğv edilməsini və pozulmuş hüquqlarının bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv edilməsini və iddiasının təmin olunmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla birinci instansiya məhkəməsinin sübutlara düzgün qiymət vermədiyini, işə bərpa edilmək deyil, öz xahişi ilə işdən çıxmaq istədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı şikayətini müdafiə edərək öz xahişi ilə işdən çıxarılması barədə əmr verilməsini xahiş etmiş, cavabdeh isə məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. İşin müəyyən olunan və mübahisələndirilməyən hallarına görə iddiaçı, xx xxxxxxx 2018-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Bül-bül prospekti 7 ünvanında yerləşən “Sahil” Ticarət Mərkəzinin 1-ci mərtəbəsindəki fiziki şəxs Cavabdeh məxsus bijuteriya köşkündə satıcı vəzifəsinə işə qəbul olunmuş, xx xxxxxx 2019-cu il tarixdə xalasının vəfat etməsini əsas göstərərək 24-xx xxxxxx 2020-ci il tarixlərdə işə gəlməmiş, bu səbəblə də cavabdehin xx xxxxxxxx 2019-cu il tarixli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında əmək müqaviləsinə xitam verilmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, iddiaçı işdən çıxarılmış olduğunu xx xxxxxxxx 2019-cu il tarixdə öyrənmiş, xx.xx.2019-cu il tarixdə isə müvafiq əmr və əmək kitabçası ona təqdim olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, işçinin, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi belə halların sırasında göstərilmişdir. İddiaçının özünün də etiraf etdiyi kimi o, işəgötürənin icazəsi olmadan 3 gün işə gəlməmiş, buna səbəb kimi göstərdiyi hal isə qanunvericiliyin istisna kimi müəyyənləşdirdiyi hal olmamışdır - belə ki, birincisi, iddiaçının xalası onun yaxın qohumu hesab edilmir; ikincisi isə, qanunvericilik hətta yaxın qohumun vəfat etməsi halında belə yalnız bir iş günü işə gəlməməyi üzrlü səbəb kimi nəzərdə tutmuşdur. Qeyd olunanlardan əlavə kollegiya hesab edir ki, iddiaçı mübahisələndirdiyi əmrin ləğvi tələbi ilə həmin əmrin verilməsindən 5 aydan artıq müddət keçdikdən sonra məhkəməyə müraciət etməklə iddia müddətini də buraxmışdır. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci və 3-cü hissələrinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə müvafiq olaraq, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. X9 Məhkəməsi “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” işi üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2158/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar