Məhkəmə qərarları › İş №2(103)-6495/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6495/2022

19.10.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6495/2022 19.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, e-2(010)-3157/2021 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə 19 oktyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. AR DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AD seriyalı 500649 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Khazar Samand” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi "xxxx" MMCdir.

2. “Minik avtomobili üçün yol vərəqəsi”ndən görünür ki, X2 “Khazar Samand” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək idarə etmişdir.

3. AR DİN BDYPİ QİŞ tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Tofaş Şahin” markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh2dur.

4. X4 Xidməti Baş İnspektor polis kapitanı Babaşov Müşviq Əli oğlu tərəfindən tərtib edilmiş İXP ******* №-li inzibati tənbeh vermə haqqında protokoldan görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixdə, saat 23:00-da AR İXM-nin 332.1 və 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir.

5. 12.08.2020-ci il tarixli sığorta aktından görünür ki, Sığortalanmış avtomobil xx.xx.2020- ci il tarixdə Abşeron rayonu ərazisində hərəkət edərkən, mülkiyyət hüququ Cavabdeh2 məxsus olan və hadisə zamanı Cavabdeh1 tərəfindən idarə edilən ** MC *** dövlət qeydiyyat nişanlı, “Tofaş Şahin” markalı avtomobillə toqquşmuş və nəticədə sığortalı avtomobilə zərər dəyərək sığorta hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" MMC-yə məxsus “Khazar Samand” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə LPO "xxxx" ASC tərəfindən 3092 manat sığorta ödənişi həyata keçirilmişdir.

6. “İnter Continental” avtomobillərə texniki xidmət stansiyası tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli Qüsur Aktından görünür ki, hadisə nəticəsində “Khazar Samand” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 3092 manat məbləğində zərər dəymişdir.

7. 14.08.2020-ci il tarixli 836 saylı ödəniş tapşırığından görünür ki, LPO "xxxx" ASC tərəfindən vurulmuş zərərin əvəzi olaraq "xxxx" MMC-yə 3092 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilmiş 3092 (üç min doxsan iki) manat məbləğində sığorta ödənişinin, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və qırx qəpik bank xidməti daxil olmaqla cəmi 3122,40 (üç min yüz iyirmi iki manat qırx qəpik) manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq LPO "xxxx" ASC-yə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixdə sığorta müqaviləsi bağlanmış və Mİ010640 №-li şəhadətnamə üzrə ** PV *** dövlət qeydiyyat nişanlı, “Khazar Samand” markalı avtomobil 3 (üç) il müddətinə sığortalanmışdır. Sığortalanmış avtomobil xx.xx.2020-ci il tarixdə Abşeron rayonu ərazisində hərəkət edərkən, mülkiyyət hüququ Cavabdeh2 məxsus olan və hadisə zamanı Cavabdeh1 tərəfindən idarə edilən ** MC *** dövlət qeydiyyat nişanlı, “Tofaş Şahin” markalı avtomobillə toqquşmuş və nəticədə sığortalı avtomobilə zərər dəyərək sığorta hadisəsi baş vermişdir. Hadisə yerinə gəlmiş Baş DYPİ Ekoloji Nəzarət üzrə TPXB əməkdaşı tərəfindən tərtib edilmiş GP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən, yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs Cavabdeh1 göstərilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi nəticəsində zərərə uğramış sığortalı avtomobilin təmiri, müştərinin müraciətinə müvafiq olaraq, “İnter Kontinental” avtomobillərə texniki xidmət stansiyasında həyata keçirilmiş və tərtib edilən xx.xx.2020-ci il tarixli “Qüsur aktı”na əsasən, avtomobilə dəymiş zərər 3092 manat məbləğində hesablanmışdır. “X1 Sığortası üzrə Sığorta Şəhadətnaməsinin” əlavə şərtlərinə dair razılaşmanın “c” bəndinə əsasən sığortalanmış avtomobil üzrə sığorta hadisəsi baş verdiyi zaman aşkar şəkildə bilinən subroqasiya tələbi mövcud olduqda azadolma məbləği də subroqasiya şəklində qarşı tərəfdən alınır, başqa sözlə sığortalıdan azadolma məbləği tutulmur. Bununla əlaqədar olaraq azadolma məbləği çıxılmadan 3092 manat məbləğində sığorta ödənişi tərəflərindən sığortalı "xxxx" MMC-yə ödənilmiş və bu ödəniş bu ödəniş xx.xx.2021-ci il tarixli 836 №-li ödəniş tapşırığında öz əksini tapmışdır.

10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, e-2(010)- 3157/2021 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3092 (üç min doxsan iki) manat məbləğində pul tutularaq ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödəniməsi və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, X4 Xidməti Baş İnspektor polis kapitanı Babaşov Müşviq Əli oğlu tərəfindən tərtib edilmiş İXP ******* №-li inzibati tənbeh vermə haqqında protokoldan görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixdə, saat 23:00-da AR İXM-nin 332.1 və 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu hal, iddiaçıya ödədiyi sığorta ödənişinin geri tələb etmək hüququ verir. Hazırkı işdə ziyan vuran nəqliyyat vasitəsi mülkiyyətçisi onu etibarnamə olmadan bilavasitə ziyan vuran üçüncü şəxsin qanunsuz istifadəsinə verdiyi üçün, məhkəmə hər iki cavabdehin müştərək qaydada mülki hüquq pozuntusuna görə cavabdehlik daşımalı olduqları qənaətinə gəlmişdir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci, 936.5-ci, 1097.1-ci, 1108.1-ci, 1114.1-ci maddələrinə eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci, 107-ci, 119.1-ci və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apelyasiya şikayətinin dəlilləri

13. Qətnamədən Cavabdeh2 tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin Cavabdeh2 qarşı olan hissədə təmin edilməməsi xahiş edilmişdir.

14. Apelyasiya şikayətində göstərilmişdir ki, iddiaçı iddia ərizəsində və qətnamədə qeyd edildiyi kimi heç də öz müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Bu faktı təsdiq edə biləcək sübutlar tərəfindən təqdim olunacaqdır. Həmçinin birinci instansiya məhkəməsi cavabdeh olaraq onun tərəfindən qanunun hansı tələbinin konkret pozulması halı müəyyən edilməmişdir. Baxmayaraq ki, digər cavabdeh iddia tələbini özü etiraf etmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi cavabdehlərin iştirakını təmin etmədən, həmin vəzifələri yalnız iddiaçının mövqeyinə münasibətdə icra edərək heç bir mötəbər dəlilə əsaslanmamışdır. Bundan başqa Cavabdeh1 avtomobili olmadan idarə edərək, təqsirli olduğu yol-nəqliyyat hadisəsi nəticəsində maddi zərər vurduğundan və həmin zərər bağlanmış icbari sığorta müqaviləsinin şərtlərinə əsasən sığortaçı tərəfindən ödənildiyindən, sonuncu da «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının 25.1.3-cü maddəsinə əsasən verilmiş sığorta ödənişi həcmində yalnız Cavabdeh1 vurulmuş zərəri tələb edə bilər. Çünki tərəfindən mülkiyyətində olan ** MC *** dövlət qeydiyyat nişanlı, “Tofaş Şahin” markalı avtomobilin idarə edilməsi üçün Cavabdeh1 verdiyi etibarnamənin müddəti xx.xx.2019-cu il tarixdə bitmişdir və hadisə isə xx.xx.2020-ci il tarixdə sonuncu tərəfindən törədilmişdir. Göründüyü kimi yol-nəqliyyat hadisəsi törətmiş avtomobilin mülkiyyətçisi olsa da belə, baş vermiş hadisə zamanı məsuliyyət və təqsiri olmadığından «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinə əsasən sığorta ödənişinin Cavabdeh1 ilə yanaşı ondan da tutulmasına dair iddiaçının tələbi əsassızdır.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti ilə razılaşmayaraq, izahatında əlavə olaraq bildirdi ki, tərəflərindən sığorta ödənişi həyata keçirildiyindən, subroqasiya hüquqları yaranmışdır. Hazırda isə yol-nəqliyyat hadisəsi baş verən zaman avtomobili idarə edən şəxsin etibarnaməsi olmadığından, iddia tələbi hər iki cavabdehə münasibətdə təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

17. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Cavabdeh2 nümayəndəsi eyni zamanda vəkili Vəkil məhkəmə ərizə ilə müraciət edərək, səhhəti ilə bağlı işdə iştirak edə bilməcəyindən məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim edilmədiyindən məhkəmə kollegiyası işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən maddi hüquq normaları:

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2.-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

19. Həmin Məcəllənin 936.5-ci maddəsinə görə, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

20. Həmin Məcəllənin 1097.1.-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

21. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə, Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

22. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

23. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

Apelyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin ona qarşı olan hissədə təmin edilməməsini xahiş etdiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 münasibətdə yoxlanılmalıdır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası izahatı bu kontekstdə dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

28. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Sığortalanmış “Khazar Samand” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdə Abşeron rayonu ərazisində hərəkət edərkən, mülkiyyət hüququ Cavabdeh2 məxsus olan və hadisə zamanı Cavabdeh1 tərəfindən idarə edilən ** MC *** dövlət qeydiyyat nişanlı, “Tofaş Şahin” markalı avtomobillə toqquşmuş və nəticədə sığortalı avtomobilə zərər dəyərək sığorta hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" MMC-yə məxsus “Khazar Samand” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə LPO "xxxx" ASC tərəfindən 3092 manat sığorta ödənişi həyata keçirilmişdir.

29. İstinad edilən normaların tələblərindən göründüyü kimi subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir.

30. Hazırki iş üzrə də LPO "xxxx" ASC tərəfindən vurulmuş zərərin əvəzi olaraq "xxxx" MMC-yə 3092 manat məbləğində sığorta ödənişi həyata keçirdiyindən, iddiaçının subroqasiya hüququ yaranmışdır.

31. Cavabdeh2 isə apellyasiya şikayətində qeyd etmişdir ki, yol-nəqliyyat hadisəsi törətmiş avtomobilin mülkiyyətçisi olsa da belə, baş vermiş hadisə zamanı məsuliyyət və təqsiri olmadığından «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinə əsasən sığorta ödənişinin Cavabdeh1 ilə yanaşı ondan da tutulmasına dair iddiaçının tələbi əsassızdır.

32. Cavabdehin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, ilk öncə avtomobilin Cavabdeh1 istifadəsinə verilmiş olmasında Cavabdeh2 təqsirli olubolmamasının müəyyən edilməsi zəruridir.

33. Belə ki, Mülki Məcəllənin 1108.2-ci maddəsinə görə, “yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər”.

34. Məhkəmə kollegiyası qeyd edir ki, yüksək təhlükə mənbəyi hesab edilən “Tofaş Şahin” markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 tərəfindən etibarnamə olmadan Cavabdeh1 idarəçiliyinə verməsi və Cavabdeh1 sürücülük hüququ olmadan avtomobilin idarə olunmasında Cavabdeh2 təqsirli olduğu aşkardır və Mülki Məcəllənin 1108.2-ci maddəsinin üçüncü cümləsinin mənasına görə o, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımalıdır.

35. Bununla yanaşı qeyd edilməlidir ki, Cavabdeh2 «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinə istinad etsə də iş materiallarından görünür ki, “Tofaş Şahin” markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobil “kasko sığorta” ilə sığortalanmış və belə olan halda da «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun tələbləri hazırki iş üzrə tətbiq edilə bilməz. Eyni zamanda Avtonəqliyyat vasitələrinin (kasko) sığortası qaydalarının 27.1-ci bəndinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 27.5-ci bəndinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

36. Bu baxımdan məhkəmə kollegiyasının qənaətinə görə, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi zərərə görə Cavabdeh2 məsuliyyət daşımaması barədə Cavabdeh2 dəlilləri əsassızdır və vurulmuş zərərin əvəzini ödəmək vəzifəsi həm də - Cavabdeh2 da üzərinə qoyulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.

37. Cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı dəlilinə gəlincə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, cavabdehlərə məhkəmə iclasları barədə bildirişlər iş materiallarında olan və məhkəməyə məlum olan ünvanına göndərilmişdir. Bu əsasdan kollegiya məhkəmə araşdırmasının tərəflərin çəkişmə prinsipinin pozulması ilə aparılması ilə bağlı cavabdehin mövqeyini əsassız hesab edir.

38. Göründyü kimi apellyasiya şikayətlərinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla qətnamənin ləğvi üçün əsas deyildir.

39. Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir.

40. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

41. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

43. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 münasbətdə dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh2 tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

45. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, e-2(010)- 3157/2021 nömrəli qətnaməsi Cavabdeh2 münasbətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh2 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar