Məhkəmə qərarları › İş №2(103)-6498/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6498/2021

09.06.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6498/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14 və Cavabdeh15 qarşı «digər yaşayış sahəsi verilməklə yaşayış sahəsindən cıxarılma və qəzalı vəziyyətdə olan mənzillərin sökülməsinə maneələrin aradan qaldırılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 fevral 2019-cu il tarixli, 2(006)- 1234/2019 saylı qətnaməsindən cavabdeh X2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh X1 və qeyrilərinə qarşı «digər yaşayış sahəsi verilməklə yaşayış sahəsindən cıxarılma və qəzalı vəziyyətdə olan mənzillərin sökülməsinə maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 fevral 2019-cu il tarixli, 2(006)- 1234/2019 saylı qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia təmin edilmiş, qətnamədən cavabdehlər Cavabdeh5, Cavabdeh14 və Cavabdeh15 tərəfindən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 30 may 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 fevral 2019-cu il tarixli, 2(006)- 1234/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sonradan, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 fevral 2019-cu il tarixli, 2(006)- 1234/2019 saylı qətnaməsindən cavabdeh X2 apellyasiya şikayəti vermiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi artıq bir dəfə (cavabdehlər Cavabdeh5, Cavabdeh14 və Cavabdeh15 verdikləri apellyasiya şikayəti üzrə) apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış və Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 30 may 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 30 may 2019-cu il tarixli qətnaməsindən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız apellyasiya şikayətləri vermiş şəxslərə münasibətdə deyil, bütövlükdə dəyişdirilmədən saxlanılmışdır. Həmçinin hazırki apellyasiya şikayətindən görünür ki, şikayətin dəlillərinə bu və ya digər formada əvvəlki şikayətlərə baxılarkən apellyasiya instansiyası tərəfindən ümumi qaydada hüquqi qiymət verilmişdir (hətta qətnamənin əsaslandırıcı hissəsində həmçinin hazırda apellyasiya şikayəti vermiş cavabdeh X1 məxsus yaşayış sahəsi ilə bağlı da hallar qeyd edilmişdir). Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının «apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair» 14 oktyabr 2020-ci il tarixli qərardadına əsasən, məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətlərə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır. Şikayətin bu əsasla geri qaytarılması apelyasiya instansiyası məhkəmələri tərəfindən şikayətin mümkünlüyünün yoxlanılması mərhələsində, onun qeyri-mümkün hesab edilməsinə dair qərardadın qəbulu yolu ilə, kassasiya instansiyası məhkəməsi tərəfindən isə şikayətin icraata qəbulu mərhələsində şikayətin icraata qəbulundan imtina haqqında qərardadın qəbulu yolu ilə həyata keçirilməlidir. Beləliklə, Azərbaycan Respublikası Ali Məhkəməsi qeyd edilən qərardadında bu nəticəyə gəlmişdir ki;

1. Apelyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

2. Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apelyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apelyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

3. Məhkəmə aktlarının apelyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apelyasiya şikayəti (və ya şikayətləri) apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən qeyrimümkün hesab edilməlidir.

4. Məhkəmə aktlarının kassasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş kassasiya şikayətinin (və ya şikayətlərinin) icraata qəbulundan kassasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 411-ci maddəsinə əsasən imtina edilməlidir. Göründüyü kimi, məhkəmə aktlarının bir tərəfin apelyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apelyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Qeyd edilənlər apellyasiyanın qeyri-mümkün sayılması barədə Bakı Apellyasiya Məhkəməsinin əvvəlki qərardadında da göstərilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi yenə də bu hallara münasibət bildirmədən, apellyasiya şikayətini təkrarən baxılması üçün göndərmişdir (birinci instansiya məhkəməsi yalnız prosessual müddəti bərpa etməklə kifayətlənmiş, əvvəlki qərardadda göstərilən digər halların mövcud olub-olmamasını ümumiyyətlə yoxlamamışdır). Həmçinin qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi buraxılmış prosessual müddəti cavabdeh X1 münasibətdə bərpa etsə də, qərardadın surətini işdə iştirak edən digər şəxslərə göndərməmiş (işdə bu barədə sübut yoxdur), bununla da müvafiq tərəfin həmin qərardaddan şikayət vermə hüquqları məhdudlaşmışdır (Halbuki, mülki iş o zaman apellyasiya şikayətinə baxılması üçün apellyasiya instansiyasına göndərilir ki, buraxılmış prosessual müddətin bərpasına dair qərardad işdə iştira edən şəxslərə rəsmi qaydada göndərilsin və qərardaddan şikayət verilməsi müddəti bitsin). Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-nin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı MMC-nin cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14 və Cavabdeh15 qarşı «digər yaşayış sahəsi verilməklə yaşayış sahəsindən cıxarılma və qəzalı vəziyyətdə olan mənzillərin sökülməsinə maneələrin aradan qaldırılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 fevral 2019-cu il tarixli, 2(006)- 1234/2019 saylı qətnaməsindən cavabdeh X2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətlərinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar