Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6501/2023 23.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4398/2023 nömrəli, 15 sentyabr 2023-cü il tarixli qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Bəhmən oğluna qarşı “müqavilənin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi ilə bağlı İddiaçı ilə Cavabdeh Bəhmən oğlu arasında bağlanmış xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqısına dair ilkin müqavilənin ləğv edilməsinə, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evin cavabdehin qeyri-qanuni sahibliyindən götürülməsinə, həmin torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin qanuni sahibi olan iddiaçının əmlakdan istifadə etmək, ona sahiblik etmək kimi hüquqlarının pozulmasının aradan qaldırılmasına, cavabdehin torpaq sahəsindən və evdən çıxarılmasına, torpaq sahəsinin və evin iddiaçıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4398/2023 nömrəli iş üzrə qəbul etdiyi 15 sentyabr 2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmış, İddiaçı izah edilmişdir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan iddiaçının nümayəndəsi və vəkili Vəkil şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4398/2023 nömrəli, 25 sentyabr 2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və şikayətin baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4398/2023 nömrəli, 15 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddia ərizəsindən və AZEMİS vasitəsilə edilmiş çıxarışdan görünür ki, Cavabdeh Bəhmən oğlunun qeydiyyat ünvanı “Şərur rayonu, Xanlıqlar kəndi”dir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hazırki mübahisənin predmetini (hüquq haqqında mübahisə olduğunu) nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, işə Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehin qeydiyyatda olduğu yerin məhkəməsində baxılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı daşınmaz əmlakın alqı-satqısına dair müqavilənin ləğv edilməsini, fərdi yaşayış evinin cavabdehin qeyri-qanuni sahibliyindən götürülməsini, onun əmlakdan istifadə etmək, ona sahiblik etmək kimi hüquqlarının pozulmasının aradan qaldırılmasını, cavabdehin torpaq sahəsindən və evdən çıxarılmasını, torpaq sahəsinin və evin ona təhvil verilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əssən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Maddənin məzmunundan görünür ki, iddianın daşınmaz əşyanın olduğu yerə görə verilməsi üçün üç şərtin olması məcburidir: 1) daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; 2) daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi və 3) mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddia olması. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı daşınmaz əmlakından məhrum edilməsi ilə bağlı tələblərinin müqavilədən yaranmadığını, əksinə müqavilənin ləğvinin həmin tələblərdən yarandığını bildirsə də, hazırki iddianın daşınmaz əşyanın olduğu yerə görə verilməsi üçün qanunda nəzərdə tutulmuş heç bir şərt mövcud deyildir. Belə ki, hazırki mübahisə məhz tərəflər arasında bağlanmış müqavilədən yarandığı üçün iddia predmetinin əsasını “müqavilənin ləğv edilməsi” tələbi təşkil edir. Çünki iddia ərizəsindən də görüdüyü kimi tərəflər arasında mübahisə predmeti olan torpaq sahəsi və fərdi yaşayış evinin alğı-satqısına dair müqavilə bağlanmış və bütün mübahisələr məhz bu müqavilənin bağlanmasından meydana gəlmişdir. Müqavilənin ləğvi barədə tələb isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39-cu maddəsinin təsir dairəsinə düşmür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia ərizəsi cavabdehin qeydiyyatda olduğu yerin məhkəməsində baxılmalı olduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4398/2023 nömrəli, 15 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r а r а а l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4398/2023 nömrəli, 15 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6501/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6501/2023
23.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver