Məhkəmə qərarları › İş №2(103)-6503/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6503/2021

25.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6503/2021 25.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, ərizəçinin vəkili və nümayəndəsi Vəkil və maraqlı şəxs Dövlət Sosial Müdafə Fondunun nümayəndəsi Şəfa Orucovanın iştirakı ilə, Ərizəçi Əkbər qızı tərəfindən verilmiş “əmək münasibətdə olma faktının müəyyən edilməsi barədə” ərizəyə dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək xahiş edib ki, 26.03.1975-ci ildən 26.03.1980-ci ilə qədər Ermənistan Respublikası Razdan rayonunun Meşə Yaşıllaşdırma İdarəsində işləməsi faktı hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilsin. Nərimanov Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli qərardadı ilə qərara alınıb ki, həmin ərizə baxılmamış saxlanılsın və ərizəçiyə iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardad onunla əsaslandırılıb ki, maraqlı şəxs DSMF ilə ərizəçinin arasında mübahisə var. Baxılmamış saxlamanın hüquqi əsası kimi Mülki-Prosessual Məcəllənin 259.0.10-cu maddəsinin göstərişinə istinad olunub. Ərizəçi şikayət verərək xahiş edib ki, qərardad ləğv edilsin. Şikayət təmin edilməlidir. Belə ki, Mülki-Prosessual Məcəllənin 259.0.10-cu maddəsinə görə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. O cümlədən MPM-in 306.4-cü maddəsinə görə xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Göründüyü kimi, həmin maddələrdə “mübahisə” deyil, “hüquq haqqında mübahisə” ifadəsindən istifadə olunub. Əgər “mübahisə” deyiləndə hər hansı məsələ haqqında fikir ayrılığı başa düşülürsə, “hüquq haqqında mübahisə” deyiləndə hüquq haqqında fikir ayrılığı başa düşülür. Hər mübahisə hüquq haqqında mübahisə hesab olunmur, çünki predmetinə görə müxtəlif mübahisələr ola bilər (elmi mübahisə, məişət mübahisəsi və s.), əgər mübahisənin predmeti hüquqdursa, bu mübahisə hüquq haqqında mübahisə hesab olunur. Nəzərə alınmalıdır ki, “hüquq” ifadəsi 2 mənada işlədilir: obyektiv hüquq (normaların məcmusu) və subyektiv hüquq (mümkün davranış qaydası). Həmin maddələrdə “hüquq haqqında mübahisə” deyildikdə subyektiv hüquq haqqında mübahisə nəzərdə tutulur, çünki normalar barədə mübahisənin iddia icraatına aidiyyəti yoxdur. Odur ki, ərizəçi ilə maraqlı şəxsin arasında mübahisənin (məs., işin faktiki halları barədə fikir ayrılığının) olması ərizənin baxılmamış saxlanılmasına əsas ola bilməz, mübahisə yalnız subyektiv hüquq haqqında olduqda ərizə baxılmamış saxlanıla bilər, bu zaman həmin hüququn adı, subyekti və baxılan işlə əlaqəsi göstərilməklə mübahisənin məzmunu açıqlanmalıdır. Bu qaydanın (hüquq haqqında mübahisə olduğu halda ərizənin baxılmamış saxlanılmasının) məntiqi ondan ibarətdir ki, mübahisəli hüququn müdafiəsi iddia verilməklə həyata keçirilə bilər. “İddia” anlayışına görə o, həm pozulmuş hüququn, həm də mübahisəli hüququn müdafiə vasitəsidir. Ona görə də kimin ki, hüququ mübahisələndirilir, o, hüququn müdafiəsi üçün iddia verməlidir (iddiaçı olmalıdır), kim ki, başqasının hüququnu mübahisələndirir, o, hüququ mübahisələndirdiyinə görə cavab verməlidir (cavabdeh olmalıdır). İddiaya xüsusi icraat qaydasında baxıla bilməz, habelə xüsusi icraatda iddiaçı və cavabdeh ola bilməz, bu səbəbdən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Əgər hüquq haqqında mübahisə yoxdursa, ərizənin baxılmamış saxlanılması məntiqsizdir: hüququ mübahisələndirilən (iddiaçı) və hüququ mübahisələndirən (cavabdeh) olmadan iddia icraatı mümkün deyil. Hazırkı işdə ərizəçi ilə maraqlı şəxsin arasında fikir ayrılığı var, lakin bu, hüquq haqqında mübahisə deyil. Beləliklə, birinci instansiya məhkəməsi hüquq haqqında mübahisə olduğunu müəyyən etmədən ərizənin baxılmamış saxlanılması barədə qərardad qəbul edib, bununla da Mülki-Prosessual Məcəllənin 259.0.10 və 306.4-cü maddələrinin tələbini pozub. Odur ki, qərardad ləğv edilməli və iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli qərardadı ləğv edilsin və iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar