Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6503/2025 11.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsi nəzdində X2 və X5 üzrə Mərkəzə qarşı “əmrin ləğv edilməsi, əvvəlki iş yerinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbi”nə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(009)-1751/2025 nömrəli qətnaməsindən cavabdeh Bakı şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsi nəzdində X2 və X5 üzrə Mərkəzinə qarşı «əmrin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli, K-97 nömrəli əmrin ləğv edilməsi, əvvəlki iş yerinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, o, 01 sentyabr 2000-ci il tarixdən “Balaxanıneft” NQÇS-nin A.İsgəndrov adına mədəniyyət mərkəzinin “Cocuq” studiyasına rəhbər qəbul olunaraq ilk əmək fəaliyyətinə başlamışdır. 2016-cı ilədək mədəniyyət sahəsində müvafiq təşkilarlarda işləmişdir. 16 may 2016-cı il tarixdən o, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı Şəhər Mədəniyyət Baş İdarəsi nəzdində X2 və X5 üzrə Mərkəzinin prodüser şöbəsində menecer vəzifəsinə qəbul olunmuşdur. Eyni təşkilatda 10 sentyabr 2018-ci il tarixdən MTTYGİM-nin Sabunçu rayon Asudə vaxt mərkəzində müdir vəzifəsinə təyin edilmiş və işdən azad edildiyi vaxta qədər həmin vəzifədə çalışmışdır. İşlədiyi müddət ərzində hər hansı bir intizam pozuntusuna yol verməmişdir. 13 iyun 2025-ci il tarixdə o, ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Bununla bağlı qeyd edir ki, işdən azad edilməmişdən qabaq, xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubu ilə işəgötürən yenilənmiş struktur və yeni ştat cədvəlinin təsdiqi ilə əlaqəli olaraq, ƏM-nin 77-ci maddəsinə əsasən tutduğu vəzifənin ixtisara düşməsi ilə əlaqədar, həmin tarixdən 9 təqvim həftəsi bitdikdən sonra onunla əmək müqaviləsinə xitam veriləcəyi barədə onu məlumatlandırmışdır. Xəbərdarlıqdan dərhal sonra faktiki iş yeri olan Sabunçu rayon X6 giriş qapısını bağlayaraq, xəbərdarlıq müddəti bitmədən onun iş otağıma daxil olmağa, yəni xəbərdalıq müddətində (iki ay) onu əmək fəaliyyətini davam etdirmək imkanından məhrum etmişdir. Bu səbəbdən də o, 10 iyun 2025-ci il tarixli ərizə ilə müdiriyyətə müraciət edərək, xəbərdarlıq müddəti əvəzinə ona müavinətin verilməsinə razılıq vermişdir. Aşağıdakı əsaslara görə hesab edir ki, işəgötürən tərəfindən verilmiş 10 iyun 2025-ci il tarixli əmr qanunsuz və əsassızdır, bu səbəbdən də məhkəmə tərəfindən ləğv olunmalıdır. Belə ki, müdriyyət tərəfindən struktur dəyişkənliyi və yeni ştat vahidlərinin yaranması zərurətindən irəli gələrək, ona tutduğu vəzifəyə uyğun digər bir vəzifə təklif olunmamış və ştatların ixtisarı zamanı işdə saxlanılmasına üstünlüyü olan işçilərin dairəsi belə müəyyən edilməmiş, bununla da mövcud qanunvericiliyin tələbləri pozulmuşdur. Onu da məhkəmənin diqqətinə xüsusi olaraq çatdırır ki, 10 iyun 2025-ci il tarixli əmrdə Həmkarlar Komitəsinin 02 iyun 2025-ci il tarixli qərarına istinad edilsə də, belə bir iclas qanunla müəyyən edilmiş qaydada və müddətdə keçirilməmiş, əmri əsaslandırmaqdan ötrü formal bir tərtibatla əmrə əlavə edilmişdir. Hesab edir ki, həmin iclas keçirilmiş olsa belə, qüvvədə olan qanunvericiliyin tələbinə görə ona müvafiq məlumat verilməmişdir. Bu baxımdan və qanun normalarına əsaslanaraq hesab edir ki, mübahisələndirilən əmr qanunsuz və əsassız olmaqla ləğv edilməlidir.
3. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, xx.xx.2025ci il tarixli, K-97 nömrəli əmrin ləğv edilməsi, Mərkəzdə yaradılmış yeni xx.xx.2025-ci il tarixli ştat cədvəlində iddiaçının əvvəlki tutduğu vəzifəyə və aldığı əmək haqqına uyğun olan vəzifəyə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi, 60 manat mediasiya xərci və 330 manat vəkil xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat:
4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(009)- 1751/2025 nömrəli qətnaməsi ilə (hakim İ.Rüstəmli) Bakı şəhər Mədəniyyət Baş İdarəsi ilə İddiaçı arasında bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsi barədə 10 iyun 2025-ci il tarixli əmrin ləğv edilməsi, İddiaçı Bakı şəhər Mədəniyyət Baş İdarəsi nəzdində X2 və X5 üzrə Mərkəzdə yaradılmış xx.xx.2025-ci il tarixli ştat cədvəlində əvvəlki tutduğu vəzifəyə və aldığı əmək haqqına uyğun olan vəzifəyə bərpa edilməsi, İddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, ödənilmiş 60 manat mediasiya xərcinin və 320 manat hüquqi yardıma görə ödənilmiş vəsaitin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir.
5. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işəgötürənin işçilərin ştat ixtisarı məqsədilə qəbul etdiyi əmrlə əslində faktiki olaraq heç bir ixtisar baş tutmamışdır. Belə ki, işdə olan 01 yanvar 2025-ci il və 01 iyun 2025-ci il üçün ştat cədvəllərindən görünür ki, ixtisar barədə əmr verilməzdən öncə ştat vahidlərinin sayı 88 olmuşdur. Əmrdən sonra da ştat vahidlərinin sayı azalmamış, 88 ştat vahidi olaraq qalmışdır. Buradan da görünür ki, əslində işəgötürən tərəfindən işçilərin ştat ixtisarı olmamış, sadəcə Mərkəzin fəaliyyəti ilə bağlı bəzi məsələlərin təkmilləşdirilməsi ilə əlaqədar mövcud şöbələr ləğv olunaraq onların bazasında yeni şöbələr yaradılmışdır. Belə olan halda, işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işçilərin sayı və ya ştatlarının ixtisar olunması əsası ilə xitam verilməsi qanunsuzdur. Çünki faktiki olaraq cavabdeh müəssisədə işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilə bilməsi ilə bağlı yuxarıda qeyd olunan əsas yaranmamışdır.
6. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, əgər işçilərin sayının və ya ştatının ixtisar olunması əsası ilə əmək müqaviləsi ləğv edilməsi nəzərdə tutulan işçi həmin müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının üzvüdürsə, həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalıdır. Lakin işdə olan həmkarlar ittifaqı təşkilatının 02 iyun 2025- ci il tarixli protokolundan görünür ki, işçi təşkilatın iclasına dəvət edilməmiş və iclas onun iştirakı olmadan, fikri öyrənilmədən keçirilmiş və qərar qəbul edilmişdir. Bundan başqa, həmkarlar ittifaqı təşkilatının 02 iyun 2025-ci il tarixli qərarına nəzər yetirərkən görünür ki, iclasın katibinin imzasının real olması şübhə yaradır. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş işçilərin ad-soyad və imza nümunələrini özündə əks etdirən vərəqə ilə həmkarlar ittifaqı təşkilatının 02 iyun 2025-ci il tarixli qərarını yanaşı yoxlayarkən katib Anar Salmanovun ad-soyadının qarşısında icra edilmiş imzaların tamamilə fərqli olduğunu vizual olaraq da müşahidə etmək mümkündür. Belə olan halda həmkarlar ittifaqı komitəsinin iclasının qanunvericiliyin tələbinə uyğun olaraq keçirilmədiyi nəticəsinə gəlmək olar.
7. Məhkəmə bundan başqa qeyd etmişdir ki, qanunvericiliyin tələbinə görə işçilərin sayının və ya ştatının ixtisarı zamanı işçinin peşəkarlığı, ixtisası nəzərə alınmaqla onun müvafiq işə keçirilməsi imkanı mütləq araşdırılmalıdır. Cavabdehin nümayəndəsi izahatında cavabdeh tərəfindən iddiaçıya başqa iş təklif edildiyini bildirsə də, iddiaçı bunu inkar etmiş və ona heç bir başqa vəzifə təklif edilmədiyini bildirmişdir. Cavabdehin nümayəndəsi bu faktı təsdiq etmək üçün 23 may 2025-ci il tarixli X2 və X5 üzrə Mərkəzinin əməkdaşları tərəfindən tərtib olunmuş aktı təqdim etmişdir. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, təcrübədə işçinin ştat vahidi ixtisar olunduğu zaman ona başqa iş təklif olunarkən, əgər işçi bundan imtina edərsə işəgötürən tərəfindən tərtib edilmiş aktla işçi tanış edilir və ona bununla bağlı akta imza etdirilir. Əgər işçi imza etməkdən imtina edərsə, bu hal aktda qeyd olunaraq öz əksini tapır. Lakin hazırki işdə olan və cavabdehin nümayəndəsi tərəfindən təqdim olunmuş 23 may 2025-ci il tarixli akta nəzər yetirərkən müəyyən olunur ki, akt direktor müavini, baş mühasib, baş mütəxəssis və iki mütəxəssislər olmaqla yalnız işəgötürənin nümayəndələri tərəfindən tərtib olunmuş və aktda iddiaçının iştirakı, onun aktı imzalaması yaxud imzalamasından imtina etməsi ilə bağlı heç bir qeyd öz əksini tapmamışdır. Aktın yalnız işəgötürən tərəfindən tərtib edildiyini və aktın tərtib edilməsində işçinin iştirakının təmin edilməməsini nəzərə alaraq, məhkəmə həmin aktı mötəbər sübut kimi qəbul etməmiş, cavabdeh tərəf isə iddiaçıya başqa iş təklif etdiyini təsdiq edə biləcək başqa heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) Apellyasiya şikayətinin dəlilləri:
8. Cavabdeh Bakı şəhər Mədəniyyət Baş İdarəsi qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ixtisar haqda əmri təhlil edərkən müəssisədə ciddi dəyişikliklər olması faktını qəbul etmiş, sonra isə sadəcə ştat sayının azalmamasını əsas gətirərək ixtisarın baş vermədiyini qeyd etmiş və beləliklə, hüquq normasını düzgün tətbiq etməyərək yanlış nəticəyə gəlmişdir. Nəzərə alınmalıdır ki, adi həyatda həmişə azaldılma kimi anlaşılan ixtisar sözü Əmək Məcəlləsi kontekstində sadəcə azalmanı deyil, konkret vəzifəyə münasibətdə ehtiyacın olmamasını nəzərdə tutur. Ona görə də məhkəmə məsələyə sözün leksik mənasından çıxış etməklə məhdud yanaşmaqda haqlı olmamışdır.
10. Bundan əlavə, apellyasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə sübutların qiymətləndirilməsində yanlışlığa yol vermişdir. Məhkəmənin qətnamədə etdiyi praktikada imzanın həqiqiliyinin müəyyən edilməsinin “vizual baxış” adlı metodu yoxdur. Hakimin bu sahədə hər hansı bilik və bacarığı təsdiq edilməmişdir. İmzaların həqiqi olub-olmaması peşəkar biliyə malik ekspertlərin işidir və məhkəmə səlahiyyət həddini aşmaqla, sadə şifahi mülahizə əsasında, “mənə elə gəlir ki” məntiqi ilə qiymətləndirilməsi peşəkar hazırlıq tələb edən sübutu özü qiymətləndirə bilməz. Qeyd edilməlidir ki, müəssisədə aparılmış struktur dəyişiklikləri ilə əlaqədar olaraq Həmkarlar İttifaqı Komitəsinin iclası keçirilmiş, iclas zamanı mövcud vəziyyət müəssisədə çalışan işçilərə ətraflı şəkildə izah edilmişdir. İclasın nəticəsi olaraq, işçilərlə yenilənmiş ştat cədvəlinə uyğun yeni əmək müqavilələrinin bağlanılması barədə razılıq əldə edilmişdir. Təşkilati dəyişikliklər nəticəsində yaradılmış yeni vəzifələr üzrə əmək münasibətləri qanunvericiliyin tələblərinə uyğun şəkildə rəsmiləşdirilmiş, yəni həmin vəzifələrdə işləməyə razılıq vermiş şəxslərlə yeni əmək müqavilələri bağlanmışdır. Eyni zamanda, yaradılmış yeni vəzifələrdə əmək funksiyalarını davam etdirmək istəməyən və ya bu barədə razılıq bildirməyən işçilərlə bağlanmış əmək müqavilələrinə Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq xitam verilmişdir.
11. Apellyasiya şikayətində həmçinin qeyd edilmişdir ki, işçiyə alternativ vəzifənin təklif edilməməsi ilə bağlı məsələdə məhkəmənin mövqeyi iddiaçının hər hansı xəbərdarlığa imza atmaması ilə bağlıdır və xəbərdarlıqla bağlı aktın sadəcə cavabdehin işçiləri tərəfindən imzalanmasıdır. Məhkəmə qətnamədə təcrübəyə istinad etsə də, bu halla bağlı həmin yanaşmadan imtina etmiş və həddindən artıq formal yanaşmaqla, “işçi imza atmamışdırsa deməli xəbərdar olunmamışdır” kimi həddindən artıq birtərfli yanaşma sərgiləmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, ixtisar işəgötürənin müəssisənin fəaliyyətini təmin etməklə bağlı maraqlarını təmin etməklə əlaqəlidir və bu halda işçi ilə işəgötürən arasında konfliktin yaranması qaçılmazdır. İşçini öz iş yeri düşündürür, işəgötürən isə müəssisənin fəaliyyətinə daha geniş perspektivdən baxır və baxmalıdır. Qanunvericilikdə işçilərə təklif olunan yeni vəzifələrin yazılı formada bildirilməsi tələbi imperativ qaydada qoyulmamışdır. Göstərilən hallara uyğun olaraq X2 və X5 üzrə Mərkəzin rəhbərliyi tərəfindən aparılmış iclaslarda işçilərə yeni vəzifələrin təklif edilməsi ilə bağlı məsələnin tərəflərinə təqdim edilən aktla sübuta yetirilməsi məsələsinə məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir. Konfliktli vəziyyət yarandıqda işçinin müqavimət göstərməsi, xəbərdarlıqları imzalmaqdan imtina etməsi təbiidir. Belə olduqda isə işəgötürən prosesi tənzimləmək üçün çıxılmaz vəziyyətdə qalır və xəbərdarlıq faktını təsbit etmək üçün “aktdan başqa hansı sənədi tərtib edə bilər” kimi ritorik sual yaranır. Məhkəmə isə nədənsə işin hallarını, tərəflər arasındakı münasibətlərin xarakterini qiymətləndirmədən həddindən artıq formallığa yol vermişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
12. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı etiraz verilərək, apellyasiya şikayətinin rədd edilməsi və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(009)-1751/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.
13. Etiraz onunla əsaslandırılmışdır ki, həmkarlar ittifaqının iclasının keçirilməsi qaydası və ştatların ixtisarı zamanı qanunvericiliklə müəyyən edilmiş tələblər cavabdeh tərəfindən kobud şəkildə pozulmuş və nəticədə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xilam verilməsi barədə qanunsuz əmr verilmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
14. Məhkəmə kollegiyasının xx.xx.2026-cı il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir.
15. İddiaçı öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq normaları:
16. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilər.
17. Həmin Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
18. Həmin Məcəllənin 77-ci maddəsinin 1, 2 və 3-cü hissələrinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq rəsmi xəbərdar edilməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq işdənçıxarma müavinəti ödənilir.
19. Həmin Məcəllənin 78-ci maddəsinin 1-ci hissəsinə görə isə müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.
20. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
Apellyasiya baxışının hədləri:
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
22. Hazırkı işdə iddia təmin edildiyindən və qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
23. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
24. İş materiallarında olan X2 və X5 üzrə Mərkəzin fəaliyyəti ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında xx.xx.2025-ci il tarixli əmrə əsasən Bakı şəhər Mədəniyyət Baş İdarəsi X2 və X5 üzrə Mərkəzin yeni struktur və ştat cədvəlinin hazırlanıb Nazirliyə təqdim edilməsi əmr edilmişdir.
25. İş materiallarında olan X2 və X5 üzrə Mərkəzinin fəaliyyəti ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında Bakı şəhər Mədəniyyət Baş İdarəsinin direktorunun xx.xx.2025-ci il tarixli əmrinə əsasən X2 və X5 üzrə Mərkəzin fəaliyyəti ilə bağlı bəzi məsələlərin təkmilləşdirilməsi ilə əlaqədar mövcud şöbələrin ləğv olunaraq onun bazasında “Maliyyə və satınalma şöbəsi”, “İnsan kapitalının idarə edilməsi və sənədlərlə iş şöbəsi”, “İnzibati şöbə”, “Yerli tədbirlərin idarə edilməsi şöbəsi”, “Beynəlxalq tədbirlərin idarə edilməsi şöbəsi”, “Tərəfdaşlarla iş şöbəsi”nin yaradılması əmr edilmişdir.
26. İş materiallarında olan X2 və X5 üzrə X1 Komitəsinə ünvanlanmış təqdimatda İddiaçı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi məsələsinə baxılması xahiş olunmuşdur.
27. İş materiallarında olan X2 və X5 üzrə X1 Komitəsinin Ümumi Yığıncağının 02 iyun 2025-ci il tarixli qərarında İddiaçı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinin qanunvericiliyə uyğun hesab edildiyi qeyd edilmişdir.
28. İş materiallarında olan 23 may 2025-ci il tarixli X2 və X5 üzrə Mərkəzinin əməkdaşları tərəfindən tərtib olunmuş aktda qeyd edilir ki, struktur dəyişikliyi ilə əlaqədar olaraq Mərkəzdə çalışan işçilərlə fərdi söhbətlər aparılmış və iclaslar keçirilmişdir. Təklif olunan yeni vəzifələrlə razılaşan 32 əməkdaş yeni ştat cədvəlinə uyğun yeni vəzifələrə təyin edilmişdirlər. Lakin İddiaçı təklif olunan vəzifəyə təyin olunmaqdan imtina etmişdir.
29. İş materiallarında olan 04 iyun 2025-cü il tarixli əmrin surətindən görünür ki, həmin əmrlə X4 fəaliyyətinin 04 iyun 2025-ci il tarixdən dayandırılmışdır.
30. İş materiallarında olan 10 iyun 2025-cü il tarixli İddiaçı tərəfindən yazılmış ərizədə qeyd edilir ki, o, xəbərdarlıq müddəti əvəzinə AR Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq müavinət verilməsinə razılıq bildirir.
31. İş materiallarında olan 10 iyun 2025-cü il tarixli əmrin surətindən görünür ki, həmin əmrlə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir.
32. Beləliklə, iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı Sabunçu rayon X6 müdiri vəzifəsində çalışmışdır. İddiaçının X2 və X5 üzrə Mərkəzdə aparılan struktur islahatları ilə əlaqədar vəzifə ştatının ixtisarı ilə bağlı cavabdeh tərəfindən Həmkarlar İttifaqına müraciət edilmişdir. Həmkarlar İttifaqı Komitəsinin üzvləri keçirdikləri iclasda iddiaçının əmək müqaviləsinə xitam verilməsinə etiraz edilməmiş və bu barədə cavabdeh qurumun rəhbərliyi məlumatlandırılmışdır. Bundan sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İddiaçı hazırda əmrin qanunsuz olduğunu əsas gətirərək məhkəməyə müraciət etmişdir.
33. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətlərində işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətləri (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) mövcuddur. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir.
34. Belə ki, əmək qanunvericiliyinin iş vaxtı, istirahət vaxtı və işçilərin məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normaları məhz işçilərin Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənərək, işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr yaradır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı).
35. Əmək münasibətlərində iqtisadi cəhətdən zəif tərəf olan işçinin işə qəbulu və işdən azad edilməsi üçün ədalətli şəraitin təmin edilməsi, o cümlədən işçinin iradəsindən və təqsirindən asılı olmayan səbəblərdən əmək müqaviləsinə xitam verilərkən, bunun işçi, habelə onun ailəsi üçün yarada biləcəyi maddi çətinlikləri azaltmaq, gəlirdən tamamilə məhrum olmalarının qarşısını almaq məqsədilə qanunvericilikdə müəyyən təminatlar nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin məhdud əsasları müəyyənləşdirilmiş, eləcə də həmin Məcəllənin on birinci Fəsli ilə əmək müqavilələrinə xitam verilərkən işçilər üçün təminatlar təsbit olunmuşdur.
36. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi məhkəmənin ixtisar haqda əmri təhlil edərkən müəssisədə ciddi dəyişikliklər olması faktını qəbul etməsini, sonra isə sadəcə ştat sayının azalmamasını əsas gətirərək ixtisarı baş vermədiyini qeyd edərək hüquq normasını düzgün tətbiq etməyərək yanlış nəticəyə gəlməsi barədə dəlilinə münasibət bildirərək qeyd edir ki, işəgötürən tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin xx.xx.2025-ci il tarixli əmrinə uyğun müvafiq struktur dəyişikliyi həyata keçirilsə, həmin əmrə istinad edilərək yeni şöbələr yaradılsa və struktur dəyişikliyi ilə əlaqədar olaraq yeni ştat cədvəli tərtib edilsə də, ştat vahidlərinin sayında hər hansı bir dəyişiklik aparılmamış, yəni ixtisardan əvvəl ştat vahidlərinin sayı 88 olduğu halda edilmiş struktur dəyişikliyi ilə əlaqədar ştat vahidlərinin sayı da 88 olmuşdur. Bu hal onu təsdiq edir ki, işəgötürən tərəfindən faktiki olaraq işçilərin ştat ixtisarı aparılmamış, mərkəzin fəaliyyəti ilə bağlı struktur dəyişikliyinin zəruriliyi nəzərə alınaraq və bəzi məsələlərin təkmilləşdirilməsi ilə əlaqədar mövcud şöbələrin ləğv olunaraq onun bazasından yeni şöbələr yaradılmışdır. Başqa sözlə, cavabdeh təşkilatda faktiki işçilərin ştat ixtisarı olmamışdır. Belə olan halda, məhkəmə kollegiyası cavabdehin bu dəlilini əsassız hesab edir.
37. Bundan əlavə, cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə sübutların qiymətləndirilməsində yanlışlığa yol vermiş və həmkarlar ittifaqı təşkilatının qərarında katibin imzasının həqiqiliyinə qiymət verərkən hakim ekspert rəyi olmadan, özünün mülahizəsi əsasında qiymət vermişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materillarında olan işçilərin ad-soyad və imza nümunələrini özündə əks etdirən vərəqə ilə həmkarlar ittifaqı təşkilatının 02 iyun 2025-ci il tarixli qərarını yanaşı yoxlayarkən müəyyən olunur ki, həqiqətən də katib Anar Salmanovun ad-soyadının qarşısında icra edilmiş imzaların, bu sahədə xüsusi biliyi olan hansısa ekspert rəyi olmadan da, tamamilə fərqli olduğunu görmək mümkündür. Buna görə məhkəmə kollegiyası cavabdehin bu dəlilini əsassız hesab edir.
38. Həmçinin, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi - işçiyə alternativ vəzifənin təklif edilməsi ilə bağlı xəbərdarlığa imza atmaması və bununla bağlı aktın tərtib olunması ilə bağlı dəlilinə münasibət bildirərək məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələbinə görə işçilərinin sayının və ya ştatların ixtisarı zamanı işçinin peşəkarlığı, ixtisası nəzərə alınmaqla onun müvafiq işə keçirilməsi imkanının cavabdeh tərəfindən araşdırılması və iddiaçıya başqa vəzifə təklif olunması, iş materialları ilə öz təsdiqini tapmamışdır. Həmçinin, cavabdehin tərəfindən tərtib olunmuş 23 may 2025-ci il tarixli aktdan görünür ki, akt direktor müavini, baş mühasib, baş mütəxəssis və iki mütəxəssislər olmaqla yalnız işəgötürənin nümayəndələri tərəfindən tərtib olunmuş və aktda iddiaçının iştirakı, onun aktı imzalaması yaxud imzalamasından imtina etməsi ilə bağlı heç bir qeyd öz əksini tapmamışdır. Aktın yalnız işəgötürən tərəfindən tərtib edildiyini və aktın tərtib edilməsində işçinin iştirakının təmin edilməməsini nəzərə alaraq, həmin akt mötəbər sübut kimi qəbul edilə bilməz. Buna görə, məhkəmə kollegiyası cavabdehin bu dəlilini də əsassız hesab edir.
39. Beləliklə, məhkəmə kollegiyası tərəflərin izahatlarını, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq qeyd edir ki, Bakı şəhər Mədəniyyət Baş İdarəsi nəzdində X2 və X5 üzrə Mərkəzi ilə İddiaçı arasında bağlanılmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsinə dair həmin Mərkəzin direktorunun xx.xx.2025-ci il tarixli, K-97 nömrəli əmri əsassız olmuşdur və birinci instansiya məhkəməsi həmin əmri ləğv etməklə, İddiaçı Bakı şəhər Mədəniyyət Baş İdarəsi nəzdində X2 və X5 üzrə Mərkəzdə yaradılmış xx.xx.2025-ci il tarixli ştat cədvəlində əvvəlki tutduğu vəzifəyə və aldığı əmək haqqıya uyğun olan vəzifəyə bərpa edilməsi, İddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, ödənilmiş 60 manat mediasiya xərcinin və 320 manat hüquqi yardıma görə ödənilmiş vəsaitin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə düzgün nəticəyə gəlmişdir. Buna görə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Bakı şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(009)-1751/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Vahid Sadıqov