Məhkəmə qərarları › İş №2(103)-6504/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6504/2021

01.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6504/2021 01.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X17 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə İddiaçı nümayəndəsi və vəkili X9, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(004)-529/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Yasamal rayonu, 14-cü Nərimanov döngəsi, 8 saylı fərdi yaşayış evinə köçürülməyi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Mürsəliyeva (Səmədova) Səbinə Aydın qızı iddiaçının bacısı oğlu X1 həyat yoldaşıdır. Cavabdeh Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 25 iyul 2008-ci il tarixli, 2(004)-1146/2008 saylı qətnaməsi ilə həyat yoldaşından boşandıqdan 8 il sonra, yəni 2016-cı ildə Bakı şəhəri Yasamal rayonu, 14-cü Nərimanov döngəsi, 8 saylı evə köçürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12 iyul 2016-cı il tarixli, 2(004)-7003/2016 saylı qətnaməsi ilə X2 2 oğul övladları ilə birlikdə heç vaxt yaşamadıqları (bu evdə onun keçmiş həyat yoldaşı X10 yalnız qeydiyyatı olmuşdur) Bakı şəhəri, Yasamal rayonu, 14-cü Nərimanov döngəsi, 8 saylı evdə yerləşən 2 otaq və mətbəxdən ibarət mənzilə köçürülməsi qət edilmişdir. Mülki iş üzrə iddiaçı cavabdeh tərəf olsa da, mübahisəli evdə yaşasa da, ona heç bir məhkəmə bildirişi göndərilməmiş, bu səbəbdən də heç bir məhkəmə iclaslarında iştirak etməmiş və təbii ki, məhkəmənin qəbul etdiyi mübahisəli qətnaməsindən xəbəri olmamışdır. Belə bir məhkəmə qətnaməsinin mövcud olması barədə bu yaxınlarda məlumatı olmuş və onu məhkəmədən əldə etmişdir. Sözügedən fərdi ev onun ata evi olmaqla, heç kəsin şəxsi mülkiyyətində deyil. İddiaçı xx.xx.1959-cu il tarixdə bu evdə doğulmuş, bütün ömür boyu da bu evdə yaşamış, qeydiyyatı da ailə üzvləri ilə birlikdə 1976-cı ildən həmin evədir. 2016-cı ilin yay aylarında cavabdeh X8 oğlanları ilə birlikdə iddiaçıya məxsus evə qonaq qismində gəlmiş, sonradan bu evdən getmək istəməmiş, onu sıxışdırmağa, öz şərtlərini diktə etməyə başlamış, evdə özünün müəyyənləşdirdiyi qaydalarla yaşamağa məcbur etməyə cəhdlər etmişdir. Bir müddət sonra isə evin qapısına onun qoydurduğu qıfılı qıraraq yenisi ilə əvəz etdirmiş, açarını isə ona verməkdən imtina etmişdir. Bu üsulla o, iddiaçını yaşadığı öz doğma ata evindən qovub, əşyalarının bir qismini də küçəyə çıxartdırmışdır. Evindən qovulduqdan sonra yaşamağa yeri olmadığı üçün məcburən Bakı şəhərinin Xətai rayonunda mənzil kirayələmişdir. Hal-hazırda həmin mənzildə yaşayır. Maddi vəziyyətinin cox ağır olduğu bu dönəmdə üstəlik hər ay kirayə haqqı ödəmək onu çıxılmaz duruma salmışdır. Ona görə də dəfələrlə doğulub böyüdüyü ata evinə qayıtmağa, orada yaşamağa cəhdlər göstərsə də cavabdeh X8 hər dəfə buna qətiyyətlə mane olmuş, nəinki o evdə yaşamağa, hətta evə daxil olub onunla söhbət etməyinə belə ona icazə verməmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(004)-529/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(004)-529/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, hal-hazırda cavabdeh X8 Bakı şəhəri, Yasamal rayonu, 14-cü Nərimanov döngəsi, 8 saylı evdə yaşamır və həmin evdə ona aid hər hansı bir əşya yoxdur. Onun məqsədi mübahisəli evdə yaşamaq deyil, ev plana düşərək söküldükdə, dövlət tərəfindən kompensasiya almaqdır. İddiaçı xalası oğlu X10 Bakı şəhəri, Yasamal rayonu, 14-cü Nərimanov döngəsi, 8 saylı evdə ağır yataq xəstəsi olması barədə məlumat alan kimi, dərhal onun yanma getmiş, vəziyyəti ağır olduğu üçün qohumları ilə birlikdə 2 aya yaxın ona baxıb qulluq etmişdir. Səmədov Arif 06.05.2021-ci il tarixdə vəfat etmişdir. Cavabdeh keçmiş həyat yoldaşı Arifin xəstə olmasından, vəfat etməsindən, dəfn olunmasından xəbəri olmamış, o yalnız 3 mərasiminə gəlib çıxmışdır. Sözügedən fərdi yaşayış evi iddiaçının ata evi olmaqla, hal-hazırda heç kəsin şəxsi mülkiyyətində deyildir. İddiaçı xx.xx.1959-cu il tarixdə bu evdə doğulmuş, ömrü boyu bu evdə yaşamışdır, qeydiyyatı da ailə üzvləri ilə birlikdə 1976-cı ildən həmin evdədir. O, sonuncu dəfə yaşadığı evi 2016-cı ildə təmir etdirmişdir. Bakı şəhəri Yasamal rayonu İH MKTB 40 saylı Mənzil Kommunal İstismar sahəsinin 09.09.2020-ci il tarixli, 47 saylı cavab məktubunda İddiaçı Bakı şəhəri, Yasamal rayonu, 14-cü Nərimanov döngəsi, 8 saylı fərdi evdə 5 nəfər ailə üzvləri ilə birlikdə 1976-cı ildən qeydiyyatda olduğu göstərilmişdir. Həmçinin mülki işə 6 aydan çox müddət ərzində baxılmış və 07 aprel 2021-ci il tarixdə iddiası əsassız, qanunsuz olaraq rədd edilmişdir. Bu müddət ərzində cəmi bir dəfə, yəni 01 mart 2021-ci il tarixdə məhkəmənin yeri və vaxtı barədə iddiaçıya məlumat verilmişdir. İddiaçının 1959-cu ildə mübahisəli evdə doğulduğu, ömür boyu o evdə yaşadığını və sonradan Cavabdeh tərəfindən evinə buraxılmadığını təsdiq edən 3 nəfər şahid məhkəməyə dəvət olunmuş, lakin işə baxan hakim onları dinləməyərək, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə sorğu verməklə kifayətlənmiş və məhkəmənin növbəti baxış iclasını 07 aprel 2021-ci il, saat 09:40-a təyin etmişdir. 29 mart 2021-ci il tarixdə nümayəndəsi və vəkili Yasamal rayon Məhkəməsinə müraciət edərək, həmin gün, yəni 07 aprel 2021-ci il tarixdə 1) saat 09-35-ə məhkum X3 müdafiəçisi qismində Ali Məhkəməyə, 2) 11-15-də ididaçı X5 nümayəndəsi və vəkili qismində Bakı Apellyasiya Məhkəməsinə dəvət olunduğunu və bu barədə ərizəyə məhkəmə bildirişləri əlaıə edərək, onun iddia tələbi üzrə 07 aprel 2021-ci il tarixə, saat 09-40-a təyin olunmuş mülki işin baxış iclasında iştirak edə bilməyəcəyini və baxış iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin məhkəmə ərizəni təmin etməyərək, 07 aprel 2021-ci il tarixdə Cavabdeh istəyinə uyğun olaraq, heç bir araşdırma aparmayaraq işə baxmış və MPM-nin tələblərinə əməl etməyərək, iddia ərizəsini əsassız olaraq rədd etmişdir. Bununla da, onun məhkəmədə iştirakı təmin olunmamışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili X18 apellyasiya şikayətini müdafiə edərək, iddia tələbi və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etmədi, izahatında qeyd etdi ki, o, iddiaçının bacısı oğlu X19 ilə 2002-ci ildə ailə quraraq, həmin evə gəlin gəlib. Həmin mənzil qaynansı və həmçinin iddiaçının ata xətti ilə babasına məxsus olub. Əri narkotik aludəçisi olduğundan, onun təzyiqlərinə dözməyərək, 2008-ci ildə evi tərk ektmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 25 iyul 2008-ci il tarixli qətnaməsi ilə nikahı pozulmuş, uşaqları öz yanında qalmışdır. Bundan sonra o, valideynlərinin yanında yaşamışdır. Əri 2010-cu ildə azadlıqdan məhrum edilmiş, islah olunmadığına görə 2016-cı ildə təkrar həbs olunmuşdur. Bundan sonra əri ona xəbər göndərərək, orada yaşamasını təklif etmişdir. O, orada yaşamaq üçün gələndə, qapının iddiaçı tərəfindən qıfıllandığını görmüşdür. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12 iyul 2016-cı il tarixli qətnaməsi ilə o, uşaqları ilə mübahisəli evə köçürülmüşdür. İddiaçı evin damını və qapısını düzəltdirib. Digər təmirləri isə o, özü edib. Xahiş etdi ki, iddia təmin edilməsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı tərəf əsaslı olaraq işin baxılmasının təxirə salınmasını xahiş etsə də, məhkəmə iddiaçı tərəfin iştirakı olmadan işə baxmışdır. Beləliklə də məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı olan apellyatorun iştirakı olmadan işə baxılmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipini pozmuşdur. Təsadüfi deyildir ki, Mülki Prosessual Məcəllənin 387.2.2-ci maddəsi işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan baxılmasını, şikayətin dəlillərindən asılı olmadan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas kimi nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və iddiaçının apellyasiya şikayətlərinin dəlili olmaqla yanaşı, şikayətin digər dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalırının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.2-ci maddəsinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq edilmiş surətindən, həmçinin Yasamal RİH-nin MKTB-nin 40 saylı MKİS-nin 09.09.2020-ci il tarixli, 47 saylı arayışından görünür ki, Qəhrəmanova X30 1976-cı ildən 5 nəfər ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, 14-cü N.Nərimanov döngəsi 8 saylı fərdi evdə qeydiyyatdadırlar. X15 2005-ci ildən Bakı şəhəri, Yasamal rayonu, 14-cü N.Nərimanov döngəsi 8 saylı fərdi evdə qeydiyyatdadır və yaşayır. İş materiallarından Bakı şəhəri Yasamal rayonu 12 iyul 2016-cı il tarixli, 2(004)-7003/2016 saylı qətnaməsinin surətindən görünür ki, X6 cavabdehlər X19 və İddiaçı qarşı övladları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, 14-cü Nərimanov döngəsi 8 saylı evdə yerləşən 1 otaqlı, 1 balkon və 1 mətbəxdən ibarət mənzilə köçürülməsinə dair iddiası təmin edilmişdir. Həmin qətnamədən görünür ki, iddiaçı X11 iddia ərizəsində qeyd etmişdir ki, o, 23.07.2002-ci ildə X19 ilə rəsmi nikaha daxil olaraq, Bakı şəhəri, Yasamal rayonu, 14-cü Nərimanov döngəsi 8 saylı evdə yerləşən 1 otaqlı, 1 balkon və 1 mətbəxdən ibarət mənzilə gəlin gəlmiş, cehiz əşyaları həmin mənzilə yerləşdirilmişdir. Mübahisəli mənzil A.Səmədovun ana xətti üzrə babasına məxsus olmuş, hal-hazıradək həmin şəxsin adına qeydiyyatdadır. O, həmin ünvana qeydiyyata alınmışdır. Həyat yoldaşı ilə münasibətləri pisləşdiyindən, 2008-ci ildə evi tərk edərək, valideynləri ilə və kirayədə yaşamışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 25 iyul 2008-ci il tarixli qətnaməsi ilə onların nikahları pozulmuş, azyaşlı uşaqlar onun yanında qalmışdır. Həyat yoldaşı A.Səmədov narkotik aludəçisi olduğundan, mübahisəli evdə yaşamaqdan imtina etmişdir. A.Səmədov 2010-cu ildə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilsə də, islah olunmamış, 2016-cı ildə təkrarən həbs olunmuşdur. A.Səmədov ona uşaqları ilə mübahisəli mənzildə yaşamağı təklif etmişdir. O, həmin mənzilə köçmək istəyərkən, evin qapısının həyat yoldaşının xalası İddiaçı tərəfindən qıfıllandığını aşkar etmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12.04.2021-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, 14-cü Nərimanov döngəsi 8 saylı fərdi yaşayış evi tarixsiz olaraq X27, Pikə Səməd qızının, Sona Səməd qızının, Xanlar İskəndər oğlunun, Səkinə İskəndər qızının adlarına ilkin qeydiyyatdan keçmişdir. 12 saylı DNK-nun 03.09.1970-ci il tarixli, 388 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən fərdi yaşayış evinin 1/5 hissəsi 04.09.1970-ci il tarixdə X7 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən X12 ifadə verərək göstərdi ki, iddiaçı onun əmisi qızı, cavabdeh isə əmisi qızının gəlinidir. O, özü mübahisəli ünvanda qeydiyyatda olmaqla, hazırda kirayədə yaşayır. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, 14-cü Nərimanov döngəsi 8 saylı evdə dünyaya gəlib, orada qeydiyyatda olmaqla yaşayıb. Gülçöhrə oranı təmir edib, orada yaşamaqla anasına, xəstə bacısına baxıb. Cavabdeh ora köçəndən bir müddət sonra Gülçöhrəni mənzilə buraxmamışdır. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən X20 ifadə verərək göstərdi ki, iddiaçı onun həyat yoldaşının bacısıdır. Cavabdeh həyat yoldaşının bacısının gəlinidir. Bakı şəhəri, Yasamal rayonu, 14-cü Nərimanov döngəsi 8 saylı ev Gülçöhrənin ata-baba yurdudur. Gülçöhrə orada dünyaya gəlib, bu günə kimi ailəsi ilə orada qeydiyyatdadır. Gülçöhrə 2013-cü ildə orada təmir işləri aparıb, tavanı rəngləyib, qapı qoyub. Cavabdeh ora köçəndən bir müddət sonra Gülçöhrəni mənzilə buraxmadı. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən X4 ifadə verərək göstərdi ki, iddiaçı onun bibisi, cavabdeh isə bibisinin gəlinidir. Bakı şəhəri, Yasamal rayonu, 14-cü Nərimanov döngəsi 8 saylı ev Gülçöhrənin ata-baba yurdudur. Gülçöhrə orada dünyaya gəlib, bu günə kimi ailəsi ilə orada qeydiyyatdadır. Gülçöhrə ailə qurandan sonra həyat yoldaşı ilə münasibətləri pis olduğundan, ata-baba evində yaşayıb, anasına baxıb. Gülçöhrənin orada əşyaları var. Səbinə həmin evə köçəndən bir müddət sonra qapını bağlayıb, Gülçöhrəni ora buraxmır. Evin təmirini Gülçöhrə və Səbinə hər ikisi edib. Hal-hazırda Səbinə evin qapısını bağlayıb, özü də orada yaşamır. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən X16 ifadə verərək göstərdi ki, iddiaçı onun bacısı, cavabdeh isə bacısının gəlinidir. İddiaçı və onun özü həmin evdə dünyaya gəlib. Ev onun ata xətti ilə babasının olub. Atasının anası X13 mülkiyyətçi olub. Onların şikəst bacısına cavabdehin qaynanası olan onun bacısı Sevil baxmış, Sevil vəfat edəndən sonra isə digər bacısı Gülçöhrə baxmışdır. Səbinənin əri olan bacısı oğlu Arif çəzaçəkmə müəssisəsindən çıxandan sonra həmin evdə qalmaq istədiyini demişdir. Onlar buna etiraz etməmişlər. Səbinə həmin evə qeydiyyata düşüb, ev balaca olduğuna görə orada yaşamayıb. Arif orada qalanda evin üstü sökülmüşdü. Gülçöhrə evin üstünü təmir etdirməyə başladı. Evin açarı Gülçöhrədə olub. Gülçöhrə evə nəzarət edirdi. Səbinə ora köçəndən bir müddət sonra Gülçöhrəni mənzilə buraxmadı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya şahid ifadələrinə tədqiq edilmiş digər sübutlarla birlikdə qiymət verərək, hesab edir ki, həmin ifadələr mötəbər sübut kimi qəbul edilməlidir. Belə ki, cavabdeh tərəf şahid ifadələrini təkzib edən sübutları təqdim etməmiş, əksinə şahidlərin iddiaçının mübahisəli mənzildə təmir işləri aparması ilə bağlı verdikləri ifadəyə münasibətdə cavabdeh özü də bildirmişdir ki, iddiaçı evin damını və qapısını təmir etmişdir. Beləliklə tədqiq edilmiş sübutlar əsasında müəyyən olunur ki, iddiaçı ata xətti ilə paylı mülkiyyətdə olan mübahisəli mənzildə doğulub boya-başa çatmış, ailə üzvləri ilə birlikdə qeydiyyatda olmaqla, orada yaşamış, mənzildə təmir işləri aparmış, mənzilin açarları onda olmuşdur. Mənzilin açarlarının iddiaçıda olması halı Bakı şəhəri Yasamal rayon Məhkəməsində 2(004)-529/2021 saylı mülki işə baxılarkən, hazırki iş üzrə cavabdeh tərəfindən verilmiş iddia ərizəsində də öz əksini tapmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(004)-529/2021 saylı qətnaməsi əsasında cavabdeh həmin mənzilə köçürüldükdən sonra, tərəflər arasında bir müddət normal münasibət olsa da, cavabdeh sonradan iddiaçını mübahisəli mənzilə buraxmamış, mənzilin qıfılını dəyişməklə, açarları hal-hazırda cavabdehdədir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. MM-nin 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Məlum olduğu kimi, yaşayış sahəsinə köçürülmə barədə iddialar həll edilərkən iddiaçının köçmək istədiyi yaşayış sahəsində yaşayıb-yaşamadığı, yaşadığı halda həmin yaşayış sahəsindən məhrum edilib-edilmədiyi və məhrum edilmə müəyyən edildiyi halda isə onun qanuniliyi araşdırılmalıdır. Hazırkı işin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı köçmək istədiyi yaşayış sahəsində yaşamış, həmin yaşayış sahəsindən məhrum edilmiş, məhrum edilmə qanunsuz olmuşdur. Buna görə də, iddia təmin edilməli, iddiaçı mübahisəli mənzilə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(004)- 529/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, 14-cü Nərimanov döngəsi, 8 saylı fərdi yaşayış evinə köçürülsün. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar