Məhkəmə qərarları › İş №2(103)-6504/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6504/2025

21.01.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6504/2025 21.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: sənədlərin etibarsız hesab edilməsi və sair) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Səadət Rəşid qızı Səlimova və Akif Əsgər oğlu İsgəndərovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1575/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, 96 saylı evin 59 saylı mənzili üzərində X3 xüsusi mülkiyyət hüququ xx.xx.1996-cı il tarixində dövlət qeydiyyatından keçirilmişdir.

2. xx.xx.2002-ci il tarixli etibarnamədən görünür ki, X5 Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, 96 saylı evin 59 saylı mənzilin satmağı, bağışlamağı, bu barədə müqavilənin imzalanmağı, pul almağı və bu tapşırığın yerinə yetirilməsilə əlaqədar olan bütün hərəkətləri etməyi Cavabdeh etibar etmişdir.

3. Notarial qaydada təsdiqlənmiş xx.xx.2002-ci il tarixli, 134933 saylı müqavilədən görünür ki, Cavabdeh etibarnamə əsasında X4 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, 96 saylı evin 59 saylı mənzili X7 yüz iyirmi milyon manata satmışdır.

4. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 112568 saylı Qeydiyyat Vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, 96 saylı evin 59 saylı mənzili üzərində X6 xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatından keçirilmişdir.

5. X3 ərizəsindən görünür ki, o, qaynatası X7 məxsus olan 3 otaqlı mənzili yoldaşı Cavabdeh oğluna bağışlanmasına heç bir etirazı yoxdur.

6. Notarial qaydada təsdiqlənmiş xx.xx.2002-ci il tarixli, 134974 saylı müqavilədən görünür ki, Cavabdeh oğlu Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, 96 saylı evin 59 saylı mənzili Cavabdeh bağışlamışdır.

7. "Nikahın pozulması haqqında" AZ-İ seriyalı 059766 saylı xx.xx.2006-cı il tarixdə verilmiş şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı Cavabdeh ilə X5 arasında bağlanmış nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.1992-ci ildə qeydiyyat aparılmışdır.

8. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 143774 saylı xx.xx.2003-cü il tarixli Qeydiyyat Vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, 96 saylı evin 59 saylı mənzili üzərində Cavabdeh xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatından keçirilmişdir.

9. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 aprel 2011-ci il tarixli, 2 inz (81)-468/2011 saylı qararı ilə iddiaçı Cavabdeh iddiasının təmin edilməsi, X3 ünvan 1 ünvan üzrə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

10. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-12478/2025 nömrəli məktubundan məlum olur ki, ünvan 3 ünvanı, Bakı şəhəri 48 saylı notariat kontorunun 4Ə-1/72 reyestr nömrəli xx.xx.2002-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh adına qeydiyyata alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı Cavabdeh qarşı "sənədlərin etibarsız hesab edilməsi və sair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mənimsənilmiş evinə mülkiyyət hüququ yaradan bütün sənədlərin ləğv edilməsi, onun mənzilinə aid cavabdehin adına verilmiş bütün sənədlər etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddia onunla əsaslandırılmışdır ki, ona məxsus olan ev hazırki vətəndaş Cavabdeh tərəfindən mənimsənilmişdir və üzərində mülkiyyət hüququ onun razılığı olmadan onun tərəfindən öz adına sənədləşdirilmiş, nəticədə onun hüquqları kobud şəkildə pozulmuşdur. O, 1982-ci ildə Cavabdeh ilə nikaha daxil olmuş, 1988-ci ildə onlar boşandıqdan sonra, yəhudi milləti olan xanımla evləndi. Cavabdeh, ünvan 5 ünvanında yerləşən mənzilin sahiblik və sərəncam hüquqlarını ona həvalə etdi, bunun əsasında o, pasport qeydiyyatına düşdü və cavabdeh evlə bağlı bütün sahiblik və sərəncam hüquqlarını ona verdi. O isə, Cavabdeh sözügedən mənzildə yaşaması üçün imkan yaratdı. 2002-ci ildə o Amerikaya getdi və onun qızı Zeynalova Leyli, həmin evdə yaşadığına görə, o həmin evin çıxarışını və “Nİssan” markalı mexanika maşının texniki pasportunu keçmiş qayınatası Aslanov Tofiqə verdi, o isə iddiaçıya vəd verdi ki, onun və ailə üzvlərinin bu mənzilə pretenziyası ola bilməz. Məhkəməyə izah etmək istəyir ki, o vəfat edən keçmiş qayınatasına vaxtında bildirmişdir ki, sözügedən mənzil ancaq o Amerikada vəfat etdiyi halda, qızı Zeynalova Leylinin adına rəsmiləşdirilə bilər.

13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1575/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Əfsanə Heydərova) iddianın rədd edilməsi qət edilmişdir.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.1, 329.1, 337.1, 337.2, 334.1, 334.2, 334.3.1, 338, 339, 340.1, 340.2, 354.2, 647.1, 666.1, 668.1.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” xx.xx.2023-cü il tarixli Qərarına, Azərbaycan Respublikası MPM-in 14.2, 76.1, 76.2, 217.3, 217.4, 227, 233, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, şikayət olunan qətnamədə göstərilənlər işin hallarına uyğun deyil. Qeyd edir ki, irəli sürdüyü tələbləri sübut edən halları məhkəmənin diqqətinə çatdırmışdır. Qətnamədə iddia olunur ki, guya tərəfindən irəli sürülən iddiaları sübut edən faktları məhkəmənin nəzərinə çatdırmamışdır. Bu iddia həqiqətə uyğun deyil. İddiaçının adından yazılan razılıq ərizəsində adından qoyulan imzanın ona məxsus olmadığını qeyd edir. Lakin, qətnamədə yazılır ki guya iddiaçı bunun əksini təsdiq etmişdir. Halbuki, məhkəmə qətnaməsinin özündə də göstərilir ki, iddiaçı ekspertiza keçirilməsini tələb etmiş, lakin məhkəmə prosesi başa çatmaq üzrə olduğundan vəsatət rədd edilmişdir. Məhkəmə gəldiyi bu nəticədə həqiqəti əks etdirmir. İş materiallarından göründüyü kimi, məhkəmə vəsatəti təmin edərək iş üzrə ekspertiza keçirlməsi barədə qərar qəbul etmişdir. Lakin, bu qərarının icrasını təmin etmədən məhkəmə prosesini başa vurmuşdur. Bu isə prosessual qanunvericiliyin ən kobud formada pozulması deməkdir. Məhkəmə belə bir qənaətə gəlir ki, iş üzrə ədalətli və qanuni qərar çıxarılması üçün ekspertiza keçirilməsi və mütəxəssis rəyi alınması zəruridir. Yəni, bu rəy alınmadan iş üzrə qanuni və əsaslı qətnamə çıxarıla bilməz. Lakin, eyni zamanda qəbul etdiyi qərarın icrasını təmin etmədən yəni iddia etdiyi kimi razılıq ərizəsində imzanın iddiaçıya məxsus olduğunu rədd etdiyi halda bu məsələ açıq qalmışdır. Qeyd edir ki, iddiaçının adından yazılan və ona məxsus olduğu bildirilən razılıq ərizəsinin mətni də zamanla uzlaşmır. Belə ki, razılıq ərizəsinin mətnində göstərilir ki, cavabdeh məni həyat yoldaşım Tofiq Aslanovu isə qaynatası kimi təqdim edir. Halbuki, əqd bağlanan dövrdə bu şəxslərlə heç bir qohumluq və ailə münasibətləri mövcud olmamışdır. Cavabdehlə hələ 1993-cü ildən aralarında olan ailə münasibətlərinə xitam verildiyindən onun atasını qaynatası kimi təqdim edə bilməzdi. Eyni zamanda qeyd edir ki, razılıq ərizəsində tarix göstərilməmiş və imzası notariat qaydasında təsdiq olunmamışdır. Bu isə notariat haqqında qanunun müvafiq normalarını və qaydalarının tələblərinə ziddir. Və imzanın iddiaçıya məxsus olmadığına dair iddialarının həqiqət olduğunu təsdiq edir. Eyni zamanda məhkəmənin nəzərinə çatdırır ki, mübahisə predmetinə çevrilən mənzil Nəsimi rayon ərazisindədir və ərazi adiyyatına uyğun olaraq bu mənzilə dair əqdlər Nəsimi rayon ərazisində bağlamalı idi və mənzilin yerləşdiyi ərazidə 150 metr kənarda notariat kontoru mövcud olmasına baxmayaraq bu saxta əqd Xırdalan şəhərində yerləşən notariat kontorunda həyata keçirilmişdir. Məhkəmə qətnaməsinin çıxarıldığı gün proses zamanı vəsatət qaldıraraq mübahisələndirdiyi əqdlərin notariat qaydalarının tələblərinə uyğun olub olmadığının müəyyən edilməsi üçün Ədliyyə Nazirliyinin Notariat idarəsinə müvafiq sorğu ilə müraciət edilməsi barədə vəsatət qaldırmışdır. Məhkəmə vəsatətə münasibət bildirmək üçün müşavirə otağına getmiş, lakin geri qayıdarkən qaldırdığı vəsatə münasibət bildirmədən iş üzrə çıxardığı yekun qətnaməni elan etmişdir. Bu isə yenə də AR MPM-nin müvafiq normalarının tələblərinin kobud surətdə pozulması kimi qiymətləndirilməlidir. Bununla da məhkəmə prosesi iddiaçı kimi məhkəmə çıxışına imkan verilmədən sona yetirilmişdir. Məhkəmə qətnaməsində iddia tələbi rədd olunarkən həmçinin AR MPM-nin 354.2–ci maddəsinə istinad etməklə iddia müddətinin buraxıldığını diqqətə çəkmişdir. Bununla bağlı qeyd edir ki, əsaslı dəlillərlə və məhkəmə təqdim etdiyi rəsmi sənədlərlə sübuta yetirir ki, uzun müddət xaricdə yaşamışdır. Müxtəlif vaxtlarda ağır xəstəliklər keçirmiş və bu səbəblərdən də bağlanmış əqdlərdən xəbəri olmamışdır. İddia müddətinin axını yalnız əqdin bağlandığını bildiyin və ya bilməli olduğun gündən hesablanmalıdır. Bu əqdin mövcudluğu barədə yalnız cavabdehin iddiaçıdan polis orqanlarına verdiyi təsdiqini tapmamış şikayət ərizəsindən sonra məlumat almışdır. Qeyd edir ki, artıq 17 ildir ki, ağır xəstəlikdən əziyyət çəkir, uzun müddətli stasionar şəraitdə müalicələr qəbul etmiş və halhazırda İİ qrup əlilliyi mövcuddur. Hər iki halı təsdiq edən müvafiq sənədləri var. Lakin məhkəmə prosesində bu sənədlərə ehtiyac olunmadan təqdim olunmamışdır. Bu halların təsdiq edən sənədləri məhkəmə kollegiyasına təqdim etməyə hazır olduğunu qeyd etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçıbapellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh oğlunun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyasının

20. 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

21. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

22. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

23. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

24. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

25. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

26. Maddə 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.

27. Maddə 334.2. Əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir.

28. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

29. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

30. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

31. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.

32. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

33. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

34. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

35. Maddə 668.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır: 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə;

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarı:

36. Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).

37. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.

38. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir.

39. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisələndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2- ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir.

40. Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” xx.xx.2023-cü il tarixli Qərarı:

41. İddia müddətləri və kəsici müddətlərin mahiyyəti və fərqləndirici xüsusiyyətləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun artıq formalaşmış hüquqi mövqeyi mövcuddur. B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etmişdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin burada bəzi istisnalar mövcuddur. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə cavabdehin ərizə verib-verməməsindən asılı olmayaraq, məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz.

42. Göstərilənlərlə yanaşı iddia müddətləri kəsici müddətlərdən digər xüsusiyyətlərinə görə də fərqlənir. Belə ki, iddia müddəti pozulmuş hüququn müdafiə edilməsi üçün xarakterikdir. Kəsici müddət isə hüququn pozulub-pozulmamasından asılı olmayaraq ona xitam verir. Digər tərəfdən, iddia müddəti konkret borclunun konkret tələb üzrə müdafiə vasitələrindən biridir (bu səbəbdən də cavabdehin ərizəsi ilə tətbiq edilir), kəsici müddət isə üçüncü şəxslərin və ümumiyyətlə mülki dövriyyənin maraqları naminə müəyyən edilir (bu səbəbdən də məhkəmənin öz təşəbbüsü ilə (ex officio) tətbiq edilir).

43. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

47. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

48. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

49. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

50. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

51. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1575/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. İş materialları ilə müəyyən edilir ki, ünvan 3 ünvanında yerləşən mənzil əvvəlcə iddiaçının xüsusi mülkiyyətində olmuş və bu hüquq xx.xx.1996-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. Daha sonra, xx.xx.2002-ci il tarixli notarial qaydada təsdiqlənmiş etibarnamə ilə iddiaçı həmin mənzili satmaq, bağışlamaq, bu barədə müqavilələr imzalamaq, müvafiq dövlət orqanlarında qeydiyyat işlərini aparmaq və bu tapşırığın yerinə yetirilməsi ilə bağlı bütün zəruri hərəkətləri yerinə yetirmək səlahiyyətlərini Cavabdeh etibar etmişdir. Etibarnamə qüvvədə olduğu müddətdə cavabdeh göstərilən səlahiyyətlərdən istifadə edərək xx.xx.2002-ci il tarixli notarial qaydada bağlanmış alqısatqı müqaviləsinə əsasən mənzili atasına – X2, bu müqavilə əsasında mənzilin mülkiyyət hüququ alıcı X6 adına dövlət qeydiyyatına alınmışdır. Sonradan, xx.xx.2002-ci il tarixli notarial qaydada təsdiqlənmiş bağışlama müqaviləsinə əsasən X9 həmin mənzili qızı Cavabdeh bağışlamış, nəticədə cavabdehin mənzil üzərində mülkiyyət hüququ yaranmış və bu hüquq xx.xx.2003-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan X3 ərizəsindən görünür ki, o, keçmiş qayınatası X6 mənzili qızı Cavabdeh bağışlamasına etiraz etmədiyini bəyan etmişdir.

54. İş materiallarında olan notarial qaydada təsdiqlənmiş etibarnamə iddiaçı tərəfindən könüllü şəkildə verilmiş, qanuni qaydada tərtib olunmuş və ləğv edilməsi barədə notariat orqanlarına müraciət edilmədiyindən, o, qüvvədə olduğu müddət ərzində hüquqi qüvvəyə malik olmuşdur. Etibarnamə əsasında cavabdeh tərəfindən mənzilin üçüncü şəxsə – X1 nəticəsində mənzil üzərində mülkiyyət hüququ artıq iddiaçının deyil, alıcının adına keçmişdir.

55. Belə ki, bağışlama müqaviləsi əvəzsiz əqd olmaqla daşınmaz əmlaklar barəsində notariat qaydasında təsdiq edildiyi andan etibarlı olur və daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı andan əldə edənə keçir. Bağışlama müqaviləsinə əsasən hədiyyə verən sağ ikən öz əmlakının bir hissəsinin heç bir cavab xidməti ilə şərtləndirilmədən hədiyyə alana bağışlayaraq onu zənginləşdirir. Bağışlama müqaviləsi şəxsin təmənnasız xeyirxah iradəsinin ifadəsinə əsaslanır. Lakin bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Tərəflərin iradəsinə əsasən bağlanılmış müqavilə başlıca olaraq onların iradələrinə əsaslanan razılaşmaları ilə ləğv edilə bilər. Bu müddəa müqavilə azadlığı prinsipindən irəli gəlir. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya müqavilədə nəzərdə tutulmuş hallarda ləğv edilə bilər.

56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarına əsasən arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).

57. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.

58. Kollegiya apellyasiya şikayətinə münasibətdə hesab edir ki, iddiaçı həmin ərizədəki imzanın ona məxsus olmadığını bildirərək tələbinin əsasını bununla əsaslandırsa da, alqı-satqı müqaviləsinin bağlanmasından sonra mənzilin artıq X6 mülkiyyətinə keçməsi səbəbindən, onun həmin mənzili qızına bağışlaması üçün iddiaçının razılığına hüquqi baxımdan ehtiyac qalmamışdır. Hətta iddiaçının bağışlama ilə bağlı yazılı razılığının etibarsız hesab edilməsi belə, bağışlama müqaviləsinin hüquqi qüvvəsini şübhə altına almır, çünki bu müqavilə artıq mənzilin yeni mülkiyyətçisi tərəfindən bağlanmışdır. Həmçinin, iş materiallarında cavabdeh tərəfindən etibarnamə səlahiyyətlərinin aşılması, saxta sənədlərin tərtib olunması və ya iddiaçının hüquqlarının pozulması hallarını təsdiqləyən hər hansı etibarlı sübut yoxdur. Cavabdeh mülkiyyət hüququ qanunla müəyyən edilmiş qaydada və etibarlı hüquqi əsas üzərində yaranmış, daşınmaz əmlakın mülkiyyətinin qeydiyyatı dövlət reyestrində təsdiqlənmiş, bu hüquq sonradan heç bir hüquqi əsasla ləğv edilməmişdir. İddiaçının “mənzilinin mənimsənilməsi” barədə dəlilləri ümumi və subyektiv xarakter daşımaqla iddia tələbinin və apellyasiya şikayətinin təmin edilməsinə əsas vermir.

59. Kollegiya birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının bəzi orqanlara sorğu verilməsinə dair vəsatətinin təmin edilməməsinə münasibətdə qeyd edir ki, məhkəmənin də qeyd etdiyi kimi işin artıq işə baxış mərhələsində olması və faktların kifayət qədər araşdırılmış hesab edilməsi səbəbi ilə həmin sorğuların verilməsinə ehtiyac qalmamışdır.

60. Bundan əlavə nə qədər ki, iddiaçı tərəfindən razılıq ərizəsindəki imzanın ona məxsus olmadığı mübahisələndirilmiş və işin halları və qanunverciliyə əsasən alqı-satqı müqaviləsinin bağlanmasından sonra mənzilin artıq X6 mülkiyyətinə keçməsi səbəbindən onun həmin mənzili qızına bağışlaması üçün iddiaçının razılığına hüquqi baxımdan ehtiyac qalmadığı müəyyən edilmişdir, bununla belə kollegiya onu da qeyd edir ki, İddiaçı uzun müddətdir Azərbaycan Respublikasında yaşamadığını bildirsə də, o, bu müddət ərzində mənzilə dair hər hansı iddia və ya mülkiyyət hüququnun pozulması barədə məhkəməyə müraciət etmədiyini mötəbər sübutlarla əsaslandıra bilməmişdir.

61. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının sənədlərin etibarsızlığına dair iddiası sübut olunmamış, bu tələbin təmin edilməsinə hüquqi və faktiki əsas müəyyən edilməmişdir.

62. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir.

63. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisələndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2- ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir.

64. Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.

65. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur.

66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” xx.xx.2023-cü il tarixli Qərarına əsasən iddia müddətləri və kəsici müddətlərin mahiyyəti və fərqləndirici xüsusiyyətləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun artıq formalaşmış hüquqi mövqeyi mövcuddur. B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etmişdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin burada bəzi istisnalar mövcuddur. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə cavabdehin ərizə verib-verməməsindən asılı olmayaraq, məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz.

67. Göstərilənlərlə yanaşı iddia müddətləri kəsici müddətlərdən digər xüsusiyyətlərinə görə də fərqlənir. Belə ki, iddia müddəti pozulmuş hüququn müdafiə edilməsi üçün xarakterikdir. Kəsici müddət isə hüququn pozulub-pozulmamasından asılı olmayaraq ona xitam verir. Digər tərəfdən, iddia müddəti konkret borclunun konkret tələb üzrə müdafiə vasitələrindən biridir (bu səbəbdən də cavabdehin ərizəsi ilə tətbiq edilir), kəsici müddət isə üçüncü şəxslərin və ümumiyyətlə mülki dövriyyənin maraqları naminə müəyyən edilir (bu səbəbdən də məhkəmənin öz təşəbbüsü ilə (ex officio) tətbiq edilir).

68. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.

69. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

70. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilmə bilməz.

71. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1575/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar