Məhkəmə qərarları › İş №2(103)-6506/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6506/2022

13.10.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6506/2022 13.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 Məmməd oğlu və Vəliyeva (Şirinzadə) Dilarə Əhliman qızına qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: mənzildən çıxarma) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 Məmməd oğlu və Vəliyeva (Şirinzadə) Dilarə Əhliman qızına qarşı “mənzildən çıxarılma və ondan istifadə hüququ olmayan hesab edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)- 880/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. X3 və İddiaçı arasında bağlanmış xx.xx.2002-ci il tarixli Daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən İddiaçı (əvəzindən X5 çıxış etmişdir), Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 938 keçid küçəsi 32 saylı evin 55 saylı mənzilini 78.570.000 manata almışdır.

2. Həmin mənzilin xx.xx.2002-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmasına dair İddiaçı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı İdarəsinin ÖM 128277 seriya nömrəli qeydiyyat vəsiqəsi verilmişdir.

3. Cavabdehlərdən Cavabdeh1 iddiaçının qardaşı X4 arvadı, Cavabdeh3 Məmməd oğlu qardaşının oğlu, Vəliyeva (Şirinzadə) Dilarə Əhliman qızı isə Cavabdeh3 Məmməd oğlunun arvadıdır.

4. Cavabdehlər Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 938 keçid, 32 saylı evin 55 saylı mənzilində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayırlar.

5. İddiaçı hazırda iddia qaldıraraq mülkiyyətçi kimi hüquqlarının pozulduğuna istinad edir və cavabdehlərin həmin mənzildən çıxarılmalarını, mənzilin iddiaçıya təhvil verilməsi və cavabdehlərin həmin mənzildən istifadə hüquqlarının olmayan hesab edilməsini xahiş edir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 Məmməd oğlu və Vəliyeva (Şirinzadə) Dilarə Əhliman qızına qarşı “mənzildən çıxarılma və ondan istifadə hüququ olmayan hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 938-ci keçid, 32 saylı evin 55 saylı mənzilindən özlərinə məxsus ev əşyaları ilə birlikdə çıxarılmaları, mənzilin iddiaçıya təhvil verilməsi və cavabdehlərin həmin mənzildən istifadə hüquqlarının olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 938 keçid küçəsi 32 saylı evin 59,85 kv.m yaşayış sahəsindən ibarət olan 4 otaqlı 55 saylı mənzili xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilərək, bu barədə 1073 saylı reyestr kitabının 161153 səhifəsində 30/19788 qeydəalınma nömrəsi ilə xx.xx.2002 il tarixdə qeydiyyat aparılaraq İddiaçı seriya ÖM 128277 seriya nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Həmin mənzili Bakı şəhəri 24 saylı notariat kontorunda təsdiq olunmuş xx.xx.2002-ci il tarixli, 160226 saylı alqı-satqı müqaviləsinə əsasən X1 almışdır. Cavabdeh1 onun qardaşı X4 həyat yoldaşı, Cavabdeh3 Məmməd oğlu qardaşının oğlu, Cavabdeh2 sonuncunun həyat yoldaşıdır. O, qeyd olunan mənzili alan vaxt Cavabdeh1 və uşaqlarının Bakı şəhərində yaşamağa evləri olmamışdır. Onların xahişi ilə əvvəlcə müvəqqəti olaraq həmin evdə yaşamağa, daha sonra uşaqların məktəbə getmələri ilə əlaqədar onların müvəqqəti qeydiyyata düşmələrinə icazə vermişdir. Özü hazırda Rusiya Federasiyasında yaşayır, xəstədir, öz evinə gəlib yaşamaq istəyir, lakin cavabdehlər həmin mənzilin üzərində mülkiyyətçi hüquqlarını həyata keçirməyə mane olur.

8. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)- 880/2022 saylı qətnaməsi ilə (hakim H.Mahmudova) iddia təmin edilmişdir.

9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 938-ci keçid, 32 saylı evin 55 saylı mənzili üzərində davamlı şəkildə maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılması Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulmasıdır, hazırkı iş üzrə cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, onların həmin mənzilə istifadə hüquqları yaranmamışdır.

10. Məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Vəliyeva (Şirinzadə) Dilarə Əhliman qızı, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 32 saylı evin 55 saylı mənzilindən onlara məxsus əşyaları ilə birlikdə çıxarılmalı, həmçinin Cavabdeh1 ilə Cavabdeh3 həmin məzildən istifadə hüquqları olmayan hesab edilməlidirlər.

11. Məhkəmə öz mövqeyini AR Konstitusiyasının 13-cü maddəsinə, Mülki Məcəllənin 152.1, 152.5, 157.4, 228.1, 228.1-ci maddələrinə, İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokola istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh1 apellyasiya şikayəti verərək, Sabunçu rayon Məhkəməsinin 2(008)-880/2022 saylı,xx.xx.2022-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilərək,yeni qərar qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır, ona görə ki, İddiaçı Cavabdeh1 ilə baldız-gəlin münasibətləri nəzərə alınmayıb. Həmin evdə İddiaçı qardaşı arvadı Tamara, oğlu,gəlini, azyaşlı nəvəsi ilə birgə daimi qeydiyyatda olaraq, yaşamaları nəzərə alınmayıb. 20 ilə yaxın bu mənzilin Cavabdeh1 və ailə üzvlərinin saibliyində və istifadəsində olması, bütün kommunal xərclərin ödənilməsi nəzərə alınmayıb. İşgüzar adətlərə uyğun olaraq evin dəyər qiymətinin o vaxtkı qiymətlərə uyğun olaraq qardaşı Vəliyev Məmməd tərəfindən arvadının iştirakı ilə bacısı Vəliyeva Mələyə ödənilməsi faktı araşdırılmayıb. İddiaçı Bakıda Alman proyektli 2 otaqlı mənzili olması və həmin ünvanda qeydiyyatda olması faktı araşdırılmayıb. Yazılı müqavilə olmasa da, şifahi razılaşmaya əsasən evə faktiki sahibliyi 20 ilə yaxındır ki, İddiaçı qardaşı arvadı Cavabdeh1 və onun ailə üzləri edir. Cavabdeh1 20 ilə yaxın yaşadıqları, daimi qeydiyyatda olduqları, bütün kommunal xərcləri ödədikləri, 2 dəfə əsaslı təmir etdirdikləri mənzilə əmlak hüquqları pozulur. İddiaçı evin pulunu bazar qiyməti dəyərinə alıb-xərcləyib. Vəkilə etibarnaməni verən də Mələk yox, onun Marina adlı gəlinidir. Məqsədi 4 nəfərdən ibarət azərbaycanlı ailəsini küçəyə atıb, onların evlərini satıb, Rusiyadakı bizneslərini genişləndirməkdir. Qətnamə çıxarılarkən İddiaçı mülkiyyət hüququ nəzərə alınsa da, Cavabdeh1 bu hüququ nəzərə alınmayıb. İddiaçı məhkəmə baxışında iştirak etməməsi, onun vəkili və nümayəndəsinin 20 il ərzində bu ailədaxili gedən proseslərdən xəbərsiz olması mübahisənin vəziyyətinin müzakirə edilməsinə imkan verməmişdir. Qətnamə çıxarılarkən yalnız iddiaçının hüquqları nəzərə alınmışdır. Cavabdehin isə sahiblik və istifadə hüquqları pozulmuşdur. Qətnamə çıxarılarkən iddiaçı və cavabdehin qarşılıqlı münasibəti nəzərə alınmamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.

17. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. İşə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Apellyasiya baxışının hədləri

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

21. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yöndəldiyindən, apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyasının:

22. 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

23. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

24. 152.5-ci maddəsinin tələbinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin huquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın.

25. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

26. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətçiyə mülkiyyətdən məhrum etmədən maneələr törədilirsə, o, bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

27. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

28. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

AR Mülki Prosessual Məcəlləsinin:

29. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

32. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

33. İddiaçı hazırda cavabdehlərin ona məxsus mənzildən çıxarılmasını tələb edir.

34. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 228-ci maddəsinə əsaslanaraq gəldiyi nəticəni belə əsaslandırmışdır ki, mənzilin mülkiyyətçisi olan iddiaçı ilə cavabdehlər arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və cavabdehlərin istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, nəticə etibarilə cavabdehlərin mübahisəli mənzilə istifadə hüququ yaranmadığından, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

35. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, onu əsaslı hesab edir.

36. Belə ki, işin mübahisəsiz hallarından göründüyü kimi mübahisə predmeti olan mənzil İddiaçı tərəfindən alqı-satqı müqaviləsi əsasında əldə edilmiş və həmin mənzil üzərində onun xüsusi mülkiyyət hüququ xx.xx.2002-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdehlər qeyd edilən mənzildə 2002-ci il tarixdən yaşayırlar və mənzil hazırda onların sahibliyində və istifadəsindədir.

37. Lakin cavabdehlərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı ilə bağlı mülkiyyətçi, yəni İddiaçı ilə aralarında notariat qaydasında təsdiqlənən yazılı razılaşma olmamış və həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.

38. Kollegiya hesab edir ki, hazırkı mübahisənin düzgün həlli üçün ilk növbədə cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarının yaranıb-yaranmadığı məsələsi araşdırılmalıdır.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

40. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinin tələblərinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın (228.1). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər (228.2).

41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki: “Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi).

42. İşin mübahisəsiz hallarının qeyd edilən qanunvericilik normaları və onların şərhinə dair Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqe baxımından dəyərləndirilməsi əsasında bu nəticəyə gəlmək olur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3 Məmməd oğlu və Vəliyeva (Şirinzadə) Dilarə Əhliman qızı İddiaçı xüsusi mülkiyyətində olan mübahisəli mənzildə uzun müddət ərzində yaşasalar da, onların bu mənzildən istifadə hüquqları mövcud olmamışdır.

43. Bu səbəbdən kollegiya hesab edir ki, cavabdehlərin iddiaçıya məxsus olan mübahisəli mənzildə onun razılığı olmadan yaşayaraq istifadə etmələri İddiaçı mülkiyyət hüququnu əsassız yerə məhdudlaşdırır və qanunla müəyyən edilmiş mülkiyyətçi hüquqlarının pozulması ilə nəticələnmiş olur.

44. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçı xüsusi mülkiyyətində olan mənzildən həmin mənzildə yaşayan və bu mənzilə münasibətdə hər hansı hüquq əldə etməmiş cavabdehlərin çıxarılmasını tələb etməkdə haqlı olmuşdur.

45. Cavabdeh1 verdiyi apellyasiya şikayətində sözügedən mənzilin əslində Cavabdeh1 əri X5 tərəfindən əldə edildiyini, lakin bacısı İddiaçı adına rəsmiləşdirildiyini, sonradan isə həmin evi öz adlarına keçirə bilmədiklərini qeyd etsə də, bununla bağlı əsaslı dəlillərini və mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.

46. Kollegiya qeyd edir ki, sadalanan halların mövcud olması müəyyən edilsə belə, bu, hazırkı iddianın rədd edilməsi üçün əsas hesab edilə bilməz.

47. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin müəyyən edilən halları əsasında hüquqi cəhətdən qiymətləndirərək onları əsassız hesab edir. Kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən məhkəmənin mübahisə üzrə gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-880/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar