Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6506/2024 06.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı “ödənilmiş təhsil xərclərinin geri qaytarılması barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)-1831/2024 nömrəli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Tərəflərin arasında müqavilədən əmələ gələn öhdəlik münasibəti mövcuddur. 2.Belə ki, iddiaçı Təhsil Nazirliyi ilə Cavabdeh (xaricdə təhsil alanın) arasında xx.xx.2013-cü ildə yazılı formada müqavilə bağlanıb (iş v. 22). Müqavilənin 1.1-ci bəndinə görə, müqavilənin predmetini Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2090 nömrəli sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın reallaşdırılması zamanı tərəflər arasında yaranan münasibətlərdir. Müqavilənin 1.2-ci bəndinə görə, “Dövlət Proqramı” təqaüdünə namizədlərin seçilməsi üzrə müsabiqənin nəticələrinə əsasən, Təhsil Nazirliyi təhsil alanın Böyük Britaniyanın “London School of Economics” təhsil müəssisəsində “mühasibat uçotu, təşkilatlar və institutlar” ixtisası üzrə magistr dərəcəsi alması məqsədilə 2013-cü ildən 2014-cü ilə kimi tədrisini təşkil edir. 3.İddiaçı təhsil xərci kimi 42.702,96 manat ödəyib. Həmin vəsait hissələrə bölünməklə şəxsi hesaba, ali təhsil müəssisəsinin hesabına və "xxxx" MMC-nin hesabına köçürülüb. İddiaçı köçürmələrin tarixi və məbləği barədə arayışı məhkəməyə təqdim edib (iş v. 54). 4.Lakin cavabdeh təhsilini başa çatdıra bilməyib. Cavabdeh bunun səbəbinin şəxsi məsələlər olduğunu qeyd edib. O, xx.xx.2019-cu il tarixli ərizə ilə bu barədə iddiaçıya məlumat verib, habelə xahiş edib ki, təhsil üçün çəkilən xərcin əvəzi ondan tutulmasın (iş v. 87). İddiaçının xx.xx.2021-ci il tarixli əmri ilə cavabdehin adı xaricdə dövlət proqramı çərçivəsində təhsil alanların siyahısından xaric edilib (iş v. 55). 5.Göründüyü kimi, cavabdeh müqavilə öhdəliyini pozub. Belə ki, tərəflərin bağladığı xx.xx.2013-cü il tarixli müqavilənin 2.3.2 və 2.3.5-ci bəndlərinə görə, təhsil alan üzərinə öhdəlik götürüb ki, müqaviləyə uyğun olaraq müəyyən edilmiş təhsil xərcləri daxilində təhsilini müvəffəqiyyətlə başa çatdıracaq, təhsil müəssisəsinin təyin etdiyi müddət ərzində seçdiyi ixtisas üzrə tədris planlarını və tədris proqramlarını yerinə yetirəcək. Lakin cavabdeh təhsilini başa çatdıra bilməyib. 6.Cavabdeh müqavilə öhdəliyini pozduğuna görə iddiaçının hüququ yaranıb ki, təhsilə çəkilmiş xərcin əvəzinin ödənilməsini cavabdehdən tələb etsin. Belə ki, müqavilənin 2.2.4-cü bəndinə görə, təhsil alan tərəfindən bu müqavilənin şərtləri pozulduqda çəkilən xərclərin geri qaytarılmasını tələb etmək Təhsil Nazirliyinin hüququdur. İddiaçının hüququ yarandığına görə cavabdehin müvafiq öhdəliyi - təhsilə çəkilmiş xərcin əvəzini qaytarmaq öhdəliyi yaranıb. Birinci instansiya məhkəməsində icraat 7.İddia ərizəsi xx.xx.2024-cü ildə verilib. İddiada tələb olunub ki, təhsilə çəkilmiş xərcin əvəzi kimi 42.702,96 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun. 8.Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Qətnamə onunla əsaslandırılıb ki, iddia müddəti keçib. Apellyasiya instansiyası məhkəməsində icraat 9.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. 10.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsaslı oılduğunu bildirdi. 11.Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 12.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində müəyyən edilmiş “öhdəlik anlayışı”na uyğun olaraq, iddiaçı (kreditor) təhsilə çəkilmiş xərcin əvəzinin ödənilməsini cavabdehdən (borcludan) tələb edə bilər. 13.Lakin iddia müddəti ötürülüb. Belə ki, iddiaçının həmin tələbi müqavilədən əmələ gəldiyinə görə müqavilə tələbi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Cavabdeh üç illik iddia müddətinin keçdiyini bildirərək iddia müddətinin tətbiqi barədə ərizə verib (iş v. 87). İddiaçı buna etiraz edir, iddia müddətinin keçmədiyini bildirir. İddiaçı etirazını belə əsaslandırır ki, müqavilənin 5.2-ci bəndinə görə, təhsil alan üzrsüz hesab edilən səbəblərə görə təhsil proqramından çıxarıldıqda, təhsilinə çəkilmiş bütün xərcləri 2 aydan gec olmayaraq qaytarmalıdır. Cavabdehin adı xaricdə dövlət proqramı çərçivəsində təhsil alanların siyahısından iddiaçının xx.xx.2021-ci il tarixli əmri ilə xaric edilib. Ona görə də iddia müddətinin axımı əmrin verildiyi tarixdən hesablanmalıdır. İddia ərizəsi isə həmin əmrin verildiyi tarixdən hesablanmaqla 3 il bitməmiş – xx.xx.2024-cü ildə verilib. 14.İddiaçının etirazı qanuna uyğun deyil. Birinci, iddiaçının istinad etdiyi şərt (5.2-ci bənd) onun özünün məhkəməyə təqdim etdiyi müqavilədə nəzərdə tutulmayıb. İkinci, AR Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 128 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim Qaydaları”nın 5.4-cü bəndinə görə, təqaüdçü Komissiya tərəfindən üzrsüz hesab edilən səbəblərə görə təhsil proqramından çıxarıldığı və ya müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirmədiyi hallarda, müqavilədə nəzərdə tutulmuş müddət ərzində onun təhsilinə sərf edilmiş bütün vəsaitləri qaytarmalıdır. Göründüyü kimi, Qaydalara görə, təhsil alanın təhsilə sərf edilmiş vəsaiti qaytarmaq vəzifəsi iki haldan biri baş verdikdə yanır: birinci, təhsil proqramından çıxarıldıqda; ikinci, müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirmədikdə. İki haldan hansı biri daha əvvəl baş veribsə, vəsaiti qaytarmaq vəzifəsi (öhdəliyi) həmin andan yaranır. İddia müddətinin axımı isə öhdəliyin icrası müddəti bitdikdən sonra başlayır. Müqavilədə bu müddət müəyyən edilməyib. Buna baxmayaraq iddiaçı həmin müddətin 2 ay olduğunu bildirir, cavabdeh isə etiraz etmir, ona görə də hesab olunur ki, öhdəliyin icrası müddəti 2 aydır. 15.İkinci hal daha əvvəl baş verib. Belə ki, cavabdeh xx.xx.2019-cu il tarixli ərizə ilə iddiaçıya məlumat verib ki, şəxsi məsələlərə görə təhsilini başa çatdıra bilmir. O, həmin ərizədə həm də xahiş edib ki, təhsil üçün çəkilən xərcin əvəzi ondan tutulmasın (iş v. 87). Ərizə xx.xx.2019-cu ildə iddiaçı tərəfindən qeydiyyata alınıb (iş v. 88). İddiaçının aparat rəhbəri xx.xx.2019-cu il tarixdə Təhsil nazirinə xidməti məlumat ünvanlayıb (iş v. 90). Xidməti məlumatda qeyd olunub ki, cavabdeh müqavilənin 2.3.5-ci bəndinin tələbini pozaraq akademik müvəffəqiyyətsizlik göstərib və təhsilini başa vura bilməyib. Xidməti məlumata bu faktı təsdiq edən sənədlər əlavə olunub. Xidməti məlumatda bildirilib ki, iddiaçının adının dövlət proqramı çərçivəsində təhsil alanların siyahısından çıxarılması və təhsilə çəkilmiş vəsaitin geri qaytarılması üçün tədbir görülməsi məqsədəuyğun hesab edilir və bu barədə əmrin hazırlanması təklif edilir. Bununla da cavabdehin öhdəliyinin icrası müddətinin (2 ayın) axımı xx.xx.2019-cu ildən başlayıb və xx.xx.2019-cu ildə həmin müddət bitib. xx.xx.2019-cu ildən isə 3 illik iddia müddətinin axımı başlayıb və həmin müddət xx.xx.2022-ci ildə bitib. İddia isə iddia müddəti bitdikdən 1 il 6 ay sonra - xx.xx.2024-cü ildə verilib. 16.Mülki Məcəllənin 377.1-ci maddəsində iddia müddətinin axımının başlanma ana belə müəyyən olunub: “İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır”. İddiaçı hüququnun pozulduğunu əmrin verildiyi gün deyil, cavabdehin ərizəsinin Təhsil Nazirliyində qeydə alındığı və bu barədə xidmətin məlumatın tərtib olunduğu vaxtdan 2 ay sonra bilib, çünki cavabdehin vəsaiti qaytarmaq öhdəliyinin icrası müddəti həmin zaman bitib. Əmr xidmətin məlumatdan 1 il 8 ay sonra verilib. Əmrin vaxtında verilməməsinə görə iddiaçının özü məsuliyyət daşıyır. Əmrin daha gec (məsələn, 10 il sonra) verilməsi və ya ümumiyyətlə verilməməsi mümkündür. Odur ki, əmrin verilmə tarixi iddia müddətinin hesablanmasında cavabdehin əleyhinə istifadə oluna bilməz. 17.Beləliklə, iddia müddəti keçib, cavabdeh isə müddətin tətbiqi barədə ərizə verib. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Ona görə də birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib. 18.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)-1831/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6506/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6506/2024
06.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver