Məhkəmə qərarları › İş №2(103)-6508/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6508/2022

26.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6508/2022 26.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı “məlumat verilməsi vəzifəsinin qoyulması” tələbinə dair mülki iş üzrə QƏRARİ İş № 2(103)-6508/2022 Açar sözlər: (məlumat vermək vəzifəsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı, Cavabdeh ASC-in nümayəndəsi X5 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(006)-2616/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı anası X6 21 aprel 2020-ci il tarixdə kəskin qaraciyər çatışmazlığı xəstəliyindən vəfat etmişdir. 2.X1 Cavabdeh ASC-də ******************** nömrəli cari hesabı olmuşdur. 3.X6 14 fevral 2020-ci ildə notariat qaydada vəsiyyətnamə verərək, özünə məxsus olan bütün əmlakı İddiaçı vəsiyyət etmişdir. 4.İddiaçı vəsiyyətnamə üzrə vərəsə kimi hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. a) Birinci instansiya məhkəməsində icraat 5.İddiaçı Cavabdeh ASC-yə qarşı “məlumat verilməsi vəzifəsinin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X1 adına Cavabdeh ASC-də açılmış bank hesabında olan vəsaitlərlə bağlı məlumatın ona verilməsi vəzifəsinin Cavabdeh ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 6.İddiaçı tələbi onunla əsaslandırmışdır ki, anası X6 21 aprel 2020-ci il tarixdə kəskin qaraciyər çatışmazlığı xəstəliyindən vəfat etmişdir. Anası sağlığında 14 fevral 2020-ci il tarixdə Sumqayıt “ASAN xidmət” Mərkəzində rəsmiləşdirilmiş 2V-173 reyestrlə qeydə alınmış vəsiyyətnaməyə əsasən özünə məxsus olan bütün əmlakını ona vəsiyyət etmişdir. Bundan başqa, onun bacısı X3 və qardaşı X7 mərhum anasından miras qalmış bütün əmlaklardan özlərinə çatası vərəsə payından imtina etmiş və bu barədə notarial qaydada təsdiq olunmuş ərizə vermişlər. X10 Laçın rayonundan məcburi köçkün olmuş və 2017-ci ilə qədər Bakı şəhəri Binəqədi rayonunda yaşamış və Cavabdeh ASC-də ******************** nömrəli cari hesab olmuş, həmin hesabda pul vəsaitləri yerləşdirilmişdir. Belə ki, o, öz şəxsi topladığı vəsaiti də anasına vermiş, anası həmin vəsaiti bank hesabına köçürmüşdür və sağlığında həmin vəsaitdən istifadə etməmişdir. Hətta anası yataq vəziyyətində olduğu vaxtda bank hesabında böyük məbləğdə vəsaitinin olduğunu bildirmiş və həmin pulun böyük bir hissəsini Cavabdeh ASC-nin Binəqədi filialında işləyən X4 verərək adına olan hesaba mədaxil etdirdiyini bildirmişdir. Təxminən hesaba köçürülən pul vəsaiti 200.000 manata yaxındır. Anası qohum kimi bu qadına etibar etmiş və 30 ildən artıq bank sistemində işləyən Elnurə Əliyeva anasının qocalığından, savadsızlığından, qohumluğundan istifadə edərək anasının verdiyi pul vəsaitlərini anasının adına olan hesaba vermişdir. Hətta həmin bank əməkdaşı bank kitabçası, əmanət müqaviləsini də özündə saxlamışdır. Anasının vəfatından sonra o, anasından miras qalan əmlaklara, o cümlədən də Cavabdeh ASC-də anasının adına olan depozit hesabındakı pul vəsaitinə vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi ilə bağlı Biləsuvar rayon Notariat kontoruna müraciət etmiş, vərəsəlik işi açılmış, lakin ona izah olunmuşdur ki, hesabda olan vəsait barədə bank arayışı, məlumatı təqdim edildikdən sonra ona vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir. O, bundan sonra xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankına ərizə ilə müraciət etmişdir. Ona bildirilmişdir ki, onun ərizəsi cavabdeh banka göndərilmiş və bank tərəfindən xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 967-ci maddəsinə və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən X2 aid məlumatların ona verilməsi mümkün deyil. Cavabdehin bu imtinası tam əsassızdır, belə ki, anası dünyasını dəyişmişdir və həyatda olmayan şəxsin nümayəndəsi deyə anlayış hüquq elmində mövcud deyil. Bundan başqa, onun tərəfindən təqdim olunmuş sənədlərlə həmin şəxsin sağlığında bütün əmlaklarını ona vəsiyyət etməsi qeyd olunur, bu isə o deməkdir ki, anasının ölümü ilə bağlı ondan miras qalan bütün əmlaklar üzərində mülkiyyət hüququ sahiblik, istifadə, sərəncam hüququ ona məxsusdur. Cavabdehin imtinası onun mülkiyyət hüquqlarını pozur, Mülki Məcəllənin 157-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinin tələblərinə ziddir. 7.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 14 iyul 2022-ci il tarixli, 2(006)-2616/2022 saylı qətnaməsi ilə (sədrlik edən-Səməd Cəfərov) iddia tələbi təmin edilməmişdir. 8.Məhkəməyə mərhumə X1 21 aprel 2020-ci il tarixdə kəskin qaraciyər çatmamazlığından Sumqayıt şəhərində vəfat etməsini təsdiq edən AZ-İİ seriyalı 074032 saylı ölüm haqqında şəhadətnamə, iddiaçının atası ilə anasının nikahlarının pozulmasına dair 13 noyabr 1973-cü il tarixli 5 saylı akt qeydi barədə arayış, iddiaçının qardaşının və bacısının analarından irs (miras) qalmış əmlakdan və digər əmlak hüquqlarından imtina etmələrinə dair notarial qaydada təsdiq olunmuş ərizələri, 14 fevral 2020-ci il tarixli vəsiyyətnamə təqdim edilmişdir.

9. Cavabdeh ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına və İddiaçı ünvanladığı 01 aprel 2022-ci il tarixli, 125000/1-04-0788 saylı məktubuna əsasən vətəndaş İddiaçı mərhum X1 bank hesabına dair məlumatla bağlı müraciətinə baxılmışdır. Müraciətə nümayəndəliyi təsdiq edən sənədlər əlavə edilmədiyindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 967-ci maddəsinə və “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 41-ci maddəsinə əsasən X2 aid məlumatların vətəndaş İddiaçı verilməsi mümkün deyil. Əlavə olaraq bildirilmişdir ki, Banka daha əvvəl vətəndaşın özündən daxil olmuş eyni məzmunlu müraciət 05 noyabr 2021-ci il tarixdə 125000/1-02-2478 saylı məktubla cavablandırılmışdır. 10.Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2022-ci il tarixli, 05/3802-16 saylı və xx.xx.2022-ci il tarixli və 05/3802-16 saylı İddiaçı ünvanlanmış məktublarda qeyd olunmuşdur ki, mərhum ananız X1 Cavabdeh ASC-də mövcud bank hesabında olan pul vəsaitlərinin qohumlarınız tərəfindən ələ keçirilməsi barədə müraciətiniz əsasında Binəqədi RPİ-nin 4-cü PŞ-nin təhqiqatçısı Malik Əhmədov tərəfindən araşdırma aparılmış, izahatlar alınmış, 16 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən tələbinizin mülki xarakterli olması əsası ilə material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul olnmuşdur. Binəqədi rayon prokurorluğunda 02 mart 2022-ci il tarixdə daxil olmuş müraciətiniz əsasında toplanmış material tələb edilərək öyrənilmiş, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 16 yanvar 2022-ci il tarixli qərar 17 mart 2022-ci il tarixdə ləğv edilərək, material əlavə araşdırma aparılması üçün Binəqədi rayon polis idarəsinin 4-cü polis şöbəsinə qaytarılmışdır. 11.Binəqədi RPİ-nin 4-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru Şəhriyar Hacıyev tərəfindən 11 aprel 2022-ci ildə qəbul olunmuş “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və vətəndaş İddiaçı mülki mühakimə qaydasında məhkəməyə müraciət etməsi izah olunmuşdur. 12.Cavabdeh ASC tərəfindən Biləsuvar rayon notariat ofisinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 187000/2-5505 saylı məktubdan görünür ki, bankdaxili axtarış sistemində araşdırma aparılmışdır. Təqdim edilən məlumatlar üzrə X1 xx.xx.2021-ci il tarixə qalığı 0,00 olan ******************** nömrəli cari hesabı aşkar edilmişdir. 13.Məhkəmə hesab etmişdir ki, mərhum anası X1 adına Cavabdeh ASC-də açılmış hesabın əvvəlki dövriyyəsi ilə bağlı, həmin vəsaitlərin olub olmaması ilə bağlı məlumatın ona verilməsi vəzifəsinin Cavabdeh ASC-nin üzərinə qoyulmasının hüquqi əsası müəyyən edilməmişdir. Eyni zamanda məsələ ilə bağlı materiallar hazırda polis oqranları tərəfindən araşdırılır. 14.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 77.1 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

15.İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 16.Apellyasiya iddia tləbi ilə eynilik təşkil etməklə, əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə qəbul etdiyi qətnamədə hər hansı bir maddi hüququ normaya istinad etməmiş, bir sıra prosessual normalara istinad etməklə belə qənaətə gəlmişdir ki, guya iddiaçının vərəsəsi olduğu miras qoyanın bank hesabında olan vəsaitlər barədə cavabdeh bankın iddiaçıya məlumat verməsi vəzifəsinin hüquqi əsası müəyyən olunmamışdır. Halbuki, bank miras qoyanın vərəsəsinə onun bank hesablarında olan vəsaitlər barədə məlumat verməyə borcludur. Belə ki, “Banklar və Bank fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 5-ci bəndinə əsasən hesabların və əmanətlərin sahibləri vəfat etdikdə onların hesabları və əmanətləri barəsində arayışlar hesab və ya əmanət sahibinin banka verdiyi vəsiyyətnamədə göstərdiyi şəxslərə, vəfat etmiş əmanətçilərin əmanətləri haqqında dövlət notariat kontorlarının icraatında olan vərəsəlik işləri ilə əlaqədar həmin kontorlara, habelə notarial funksiyalarını həyata keçirərkən xarici konsul idarələrinə verilir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 17.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18.Məhkmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin və iddia tələbinin təmin edilməsini xahiş etdi. 19.Məhkmə kollegiyasının iclasında Cavabdeh ASC-nin nümayəndəsi X8 apellyasiya şikayətini qəbul etməti, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi, izahatında qeyd etdi ki, “Banklar haqqında” Qanunun 41.3-cü maddəsinə əsasən hesabların və əmanətlərin sahibləri vəfat etdikdə onların hesabları və əmanətləri barəsində arayışlar notariuslara onların icraatında olan vərəsəlik işləri üzrə, habelə müvafiq notariat hərəkətlərini icra edən konsulluq idarələrinə verilir. İddiaçı iddia ərizəsində qeyd edir ki, vərəsəlik işinin açılması üçün notariat ofisinə müraciət etmiş, lakin notarius vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün bank tərəfindən arayışın verilməli olduğunu bildirmiş, bununla əlaqədar o, banka müraciət etmiş, lakin bankdan ona məlumat verilməmişdir. Bu səbəbdən, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin bildirir ki, qeyd olunan məlumatlar bank sirri olduğundan və bu məlumatların təqdim olunması qaydası “Banklar haqqında” Qanunla müəyyənləşdirildiyindən həmin məlumatlar notariusa təqdim oluna bilər. Bunun üçün notarius tərəfindən banka yazılı sorğu təqdim olunmalıdır. Notarius sorğusuna əsasən Cavabdeh ASC-də mərhum anası X1 xx.xx.2021-ci il tarixə qalığı 0,00 olan cari hesab aşkar edilməsi barədə məlumat verilmişdir. Hesabın əvvəlki tarixlər üzrə çıxarışı bank sirini təşkil edən məlumatlar olduğundan təqdim edilə bilməz. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

“Banklar haqqında” Azərbaycan Respublikası Qanunu: 20.Maddə 41.3.Hesabların və əmanətlərin sahibləri vəfat etdikdə onların hesabları və əmanətləri barəsində arayışlar notariuslara onların icraatında olan vərəsəlik işləri üzrə, habelə müfaviq notariat hərəkətlərini icra edən konsulluq idarələrinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 21.Maddələr 14.2, 77.1, 88.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

Apellyasiya baxışının hədləri

22.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 23.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 25.Belə ki, işin araşdırılmış halları ilə müəyyən olunur ki, Cavabdeh ASC tərəfindən Biləsuvar rayon notariat ofisinə xx.xx.2021-ci il tarixdə mərhum X1 xx.xx.2021-ci il tarixə qalığı 0,00 olan ******************** nömrəli cari hesabı barədə məlumat verilmişdir.

26. Cavabdeh ASC-nin xx.xx.2021-ci il tarixli, 187000/2-5505 saylı məktubuna əsasən mərhum X1 cari hesabında pul qalığı olmaması səbəbindən Biləsuvar rayon notariat ofisinin notariusu Zanoğlan Məmmədov 28 iyul 2022-ci il tarixli qərarı ilə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmişdir. 27.Göründüyü kimi, cavabdeh “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41.3-cü maddəsinin tələblərinə uyğun olaraq öz üzərinə düşən vəzifəni yerinə yetirərək, notariusun sorğusu əsasında mərhum X1 adına olan hesabla bağlı notariat ofisinə məlumat vermişdir. Hesabın əvvəlki tarixlər üzrə çıxarışı bank sirini təşkil edən məlumatlar olduğundan məlumat verməmişdir. 28.Kollegiya qeyd edir ki, iddiaçı anasının adına olmuş hesabdakı pul vəsaitlərinin kənar şəxslər tərəfindən mənimsənilməsini iddia etdiyi halda, cinayət təqibi qaydasında müvafiq orqanlara müraciət edə bilər. 29.Kollegiya iddiaçının istinad etdiyi “Banklar və bank fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 5-ci bəndi ilə bağlı qeyd edir ki, həmin qanun bütünlüklə 16 yanvar 2004-cü ildə qüvvədən düşmüş, hüquq münasibətlərinin yarandığı zamanı “Banklar Haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvədə olmuşdur. 30.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 31.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(006)-2616/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Namiq Cəfərov

Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar