Məhkəmə qərarları › İş №2(103)-6509/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6509/2025

21.01.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6509/2025 21.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarş mülki iş üzrə (Açar sözlər: işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Səadət Rəşid qızı Səlimova və Akif Əsgər oğlu İsgəndərovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3923/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. 04 noyabr 2013-cü il tarixli K-13-2672 saylı əmrdən görünür ki, İddiaçı 01 noyabr 2013-cü il tarixdən "xxxx" ASC Nərimanov RETSİ-nin enerji satış şöbəsinin 9 N-li sahəsinin 3N-li ərazisinə 1 aylıq sınaq müddəti ilə nəzarətçi mühəndis vəzifəsinə təyin olunmuşdur. Əmək haqqı ştat cədvəlinə uyğun olaraq müəyyən edilmişdir. Əmrin verilməsinə əsasİşə qəbul komisiyasının 68 saylı xx.xx.2013-cü il tarixli protokolu, ərizə və əmək müqaviləsi göstərilmişdir.

2. İddiaçı "xxxx" ASC-nin sədrinə 21 aprel 2025-ci il tarixli ərizəsindən görünür ki, onu 22 aprel 2025-ci il tarixdən öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir.

3. 22 aprel 2025-ci il tarixli K/25-01424 saylı əmrdən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən xitam verilmişdir. Əmrdə iddiaçının Əmək Məcəlləsində təsbit olunmuş hüquqlarının təmin edilməsi üçün göstərişlər verilmişdir (son haqq-hesabın ödənilməsi ilə bağlı).

4. İş materiallarına cavabdeh tərəfindən təqdim edilmiş, Nərimanov RETSİ-nin rəisi tərəfindən İddiaçı fərqli tarixlərda alınan iltzam xarakterli ərizələr əlavə edilmişdir.

5. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli MSB2-00445/25 saylı arayışdan görünür ki, "xxxx" ASC-nin nümayəndəsi ilkin mediasiya sessiyasına gəlməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, 60 manat mediasiya xərcini ödəmişdir.

6. ünvan 1 ünvanladığı məlumata əsasən, mediasiya arayışında qeyd olunan xx.xx.2025-ci il tarixin texniki səhvlik olduğu, mediasiya sessiyasının xx.xx.2025-ci il tarixində keçirildiyi və arayışın tərəflərə xx.xx.2025-ci ildə təqdim olunduğu bildirilmişdir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 avqust 2025 ci il tarixli 4/1287 saylı rəyinin tədqiqatın nəticəsi hissəsində qeyd olunur ki, ekspertə təqdim edilmiş, İddiaçı adından "xxxx" ASC-nin sədrinə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədə “Mustafayev B” əlyazmaları və həmin əlyazmaların qarşısındakı imza İddiaçı tərəfindən icra olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «işə bərpa, məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən qəbul edilmiş 22 aprel 2025-ci il tarixli, xxxxxxx000104 saylı əmrin ləğv edilməsini, əvvəlki iş yeri olan "xxxx" ASC Nərimanov RETSİ-nin enerji satış şöbəsində nəzarətçi mühəndis vəzifəsinə işə bərpa olunması və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2013-cü il tarixdən "xxxx" ASC Nərimanov RETSİ-nin enerji satış şöbəsində nəzarətçi mühəndis vəzifəsində işləmiş,nəzarətçi mühəndis işlədiyi dövrlərdə Nərimanov RETSİ-nin rəisi Nadir Şiriyev və Nərimanov RETSİ-nin satış rəisi Seymur Rzayev mütəmadi olaraq vətəndaşlardan ödənişlərin yığılmayacağı təqdirdə onu və digər əməkdaşları işdən çıxarmaqla hədələdiyini,bütün bunlar hər ay üzrə ödənişlərin yığılması dövründə müxtəlif vasitələrlə, yəni Nərimanov RETSİ-nin sahə aparıcıları vasitəsilə bizim ödənişlərin yığılması istiqamətində işlərindən razı olmadıqlarını bildirir və belə olacağı təqdirdə onlarla yollarını ayıracaqlarını bildirdiklərini, halbuki, həmin rəhbər vəzifədə çalışan şəxslərin bizdən tələb etdikləri metodlar vətəndaşların hüquqlarının pozulmasına səbəb olacağını, bu səbəbdən də bəzi əmrlərin yerinə yetirilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflərindən mümkün olmadığını, daha sonra xx.xx.2025-ci il tarixdə işə gələrkən ona əvvəlcədən heç bir xəbərdarlıq edilmədən xx.xx.2025-ci il tarixli əmrlə artıq işdən azad edildiyi bildirilmişdir. Bunun hansı əsaslarla və hansı səbəblərlə baş verdiyi soruşulduqda ona “öz xahişinlə ərizə yazmısan” deyə cavab verildiyini, lakin tərəfindən belə bir ərizə yazılmadığını qeyd etdikdə isə “istəyirsənsə başqa maddə ilə çıxaraq sonra heç bir yerdə işləyə bilməyəsən” cavabı verildiyini, qanunsuz olaraq işdən azad edilməsinə baxmayaraq, bu günədək ona heç bir təzminat ödənilməmiş, bununla da konstitusion hüquqlarının kobud şəkildə pozulduğunu, bu səbəbdən tərəfindən xx.xx.2025-ci il tarixdə məsələnin həll edilməsi istiqamətində Bakı 2 saylı Mediasiya Təşkilatına müraciət edildiyini, lakin qarşı tərəfin bütün dəvətlərə baxmayaraq İMS-də iştirak etmədiyini bildirmişdir. "xxxx" ASC tərəfindən qəbul edilmiş 22 aprel 2025-ci il tarixli, xxxxxxx000104 saylı əmr ləğv edilməsi, əvvəlki iş yeri olan, "xxxx" ASC Nərimanov RETSİ-nin enerji satış şöbəsində nəzarətçi mühəndis vəzifəsinə işə bərpa olunması və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3923/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Gülşən Fərəcova) iddia tələbinin rədd edilməsi, iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 138 manatın İddiaçı alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi (VÖEN **********, müxbir hesab AZ41NABZ********************) qət edilmişdir.

11. Məhkəmə gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 69-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1, 97.1, 107, 217.3, 217.4, 216-220, 227, 233, 360-cı maddələrinə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının qanununun 29.2, 35.1, 35.2-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2023-cü il tarixdən "xxxx" ASC Nərimanov RETSİ-nin enerji şöbəsində nəzarətçi mühəndis vəzifəsində işləmişdir. Nəzarətçi mühəndis işlədiyi dövrlərdə Nərimanov RETSİ-nin rəisi Nadir Şiriyev və Nərimanov RETSİ-nin mühəndis işlədiyi dövrlərdə Nərimanov RETSİ-nin rəisi Nadir Şiriyev və Nərimanov RETSİ-nin satış rəisi Seymur Rzayev mütəmadi olaraq vətəndaşlardan ödənişlərin yığılmayacağı təqdirdə onu və digər əməkdaşları işdən çıxarmaqla hədələyirdilər. Bütün bunlar hər ay üzrə ödənişlərin yığılması istiqamətində işlərindən razı olmadıqlarını bildirir və belə olacağı təqdirdə onlarla yollarını ayıracaqlarını çatdırırdılar. Halbuki, həmin rəhbər vəzifədə çalışan şəxslərin onlarda tələb etdikləri metodlar vətəndaşların hüquqlarının pozulmasına səbəb olurdu. Bu səbəbdən də bəzi əmrlərin yerinə yetirilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq mümkün olmamışdır. Daha sonra xx.xx.2025-ci il tarixdə işə gələrkən İddiaçı əvvəlcədən heç bir xəbərdarlıq edilmədən xx.xx.2025-ci il tarixli əmrlə artıq işdən azad edilməsi barədə məlumat verildimişdir. İddiaçı bunun hansı əsaslarla və hansı səbəblərlə baş verdiyini soruşduqda ona “öz xahişinlə ərizə yazmısan” deyərək cavabı verilmişdir. Lakin iddiaçı tərəfindən həmin dövrdə belə bir ərizə yazılmadığı bildirildikdə “istəyirsənsə başqa maddə ilə çıxaraq sonra heç bir yerdə işləyə bilməyəcəksən” cavabı verilmişdir. Qanunsuz olaraq işdən azad olunmasına baxmayaraq bu günədək iddiaçıya heç bir təzminat ödənilməmiş və bununla da konstitusion hüquqları kobud şəkildə pozulmuşdur. Bu səbəbdən də iddiaçı xx.xx.2025ci il tarixdə məsələnin həll edilməsi istiqamətində Bakı 2 saylı Mediasiya Təşkilatına müraciət etmiş, lakin qarşı tərəfin bütün dəvətlərə baxmayaraq İMSdə iştirak etmədiyindən Bakı şəhər Nəsimi rayon Məhkəməsinə müraciət edərək "xxxx"ASC tərəfindən qəbul edilmiş 22 aprel 2025-ci il tarixli, xxxxxxx00014 saylı əmrin ləğv edilməsini, əvvəlki iş yeri olan "xxxx" ASC Nərimanov RETSİ-nin enerji satış şöbəsində nəzarətçi mühəndis vəzifəsinə işə bərpa olunması və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Gülşən Fərəcova cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “işə bərpa, məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddianın rədd edilməsini qətetmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin çıxardığı qətnamə əsassız, qanunsuz və ədalətsiz hesab edir. Çünki iddia tələbində qeyd edildiyi kimi iddiaçıya işdən çıxarılma barədə əvvəlcədən heç bir xəbərdarlıq edilməmiş və Əmək Məcəlləsinin tələbləri pozulmaqla xx.xx.2025-ci il tarixli əmrlə işdən azad edilmişdir. Bundan başqa məhkəmə prosesi zamanı təkrar xəttşünaslıq ekspertizasının keçirilməsi barədə şifahi vəsatət verilməsinə baxmayaraq məhkəmə tərəfindən vəsatəti təmin edilməmişdir. Bakı şəhər Nəsimi rayon Məhkəməsi işin faktiki hallarını araşdırmayaraq iddiaçının izahatında qeyd etdiyi işdən xəbəri olmadan çıxarılması və işdən çıxarılması barədə yazılan ərizənin özü tərəfindən yazılmaması xüsusatları ətraflı araşdırılmamış və qəbul edilmiş qətnamədə həmin hallara münasibət bildirilməmişdir. Halbuki, məhkəmə iclasında onlayn qaydada izahat vermiş ekspertin də izahatında qeyd edilmişdir ki, şəxsin imzasının ərizəsində olan imzaya oxşamamasının səbəblərindən biri də onun işdən çıxmaq istəyinin olmaması olmuşdur. "xxxx" ASC Nərimanov RETSİ-nin rəhbərliyi işə qəbul zamanı işçilərin bəzilərindən öz xahişi işdən çıxma barədə ərizə yazdırılması kimi məlumatların sonradan əldə olunduğundan daha ədalətli qərar verilməsi üçün məhkəmə prosesi zamanı həmin şəxslərin ifadələrinin alınması zəruridir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

15. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilmişdir. Müəyyən olunmuşdur ki, ərizə iddiaçı tərəfindən yazılıb və yazı onun əlyazısıdır.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq Səbail RPİ-nin icraatında olan ********* saylı cinayət işi üzrə müdafiəçi qismində istintaq hərəkətlərində iştirakının zəruri olduğundan məhkəmənin baxış iclasında iştirakının mümkün olmadığını,. göstərilənləri nəzərə alaraq məhkəmə baxış iclasının növbəti tarixə təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsinin

17. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

18. Maddə 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

19. Maddə 69.1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

20. Maddə 69.2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

21. Maddə 69.3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

22. Maddə 69.3-1. Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda xidmət keçən, yaxud müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən xaricdə beynəlxalq təşkilatın orqanına işləməyə göndərilən diplomatik xidmət orqanı əməkdaşının dövlət orqanında, dövlətin adından yaradılan publik hüquqi şəxsdə, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxsdə və büdcə təşkilatında təyinatlı vəzifədə (peşədə) işləyən arvadının (ərinin) ərizəsində göstərdiyi gün onun əmək müqaviləsi ləğv edilə bilər.

23. Maddə 69.4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

24. Maddə 69.5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.

25. Maddə 69.6. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.

26. Maddə 69.7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

35. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3923/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur.

38. İddia tələbindən və apellyasiya şikayətindən görünür ki, iddiaçı işdən çıxma barədə ərizənin özü tərəfindən yazılmadığını və imzalanmadığını bildirmişdir. Qeyd olunan hal xüsusi bilik tələb etdiyindən, həmin halın araşdırılması məqsədilə birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 avqust 2025 ci il tarixli 4/1287 saylı rəyinin tədqiqatın nəticəsi hissəsində qeyd olunur ki, ekspertə təqdim edilmiş, İddiaçı adından "xxxx" ASC-nin sədrinə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədə “Mustafayev B” əlyazmaları və həmin əlyazmaların qarşısındakı imza İddiaçı tərəfindən icra olunmuşdur. Beləliklə, ekspertizanın nəticəsində imzanın və xəttin iddiaçıya məxsus olduğu müəyyən olunmuşdur.

39. Əmək Məcəlləsinin 69.5-ci maddəsinə əsasən, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Maddənin məzmunundan görünür ki, xəbərdarlıq müddəti bitmədən yalnız o halda əmək müqaviləsinə xitam verilə bilər ki, işçi ərizəsində əmək münasibətlərinin dayandırılmasını istədiyi günü göstərmiş olsun. Deməli, əgər işçi işdən azad olunmaq istədiyi günü qeyd edibsə, bu zaman işəgötürən işçinin ərizəsinə əsasən, xəbərdarlıq müddətini gözləmədən əmək müqaviləsinə xitam verə bilər.

40. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirir ki, iddiaçı tərəfindən bu qaydada yazılı ərizə təqdim olunmuş və işəgötürən həmin ərizəyə əsaslanaraq əmək müqaviləsinə xitam vermişdir. Yəni, əmək münasibətlərinə xitam işçinin təşəbbüsü ilə baş vermiş hesab edilir. İşəgötürən tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq işçinin ərizəsinə əsasən xitam verilmişdirsə, sonradan həmin işçinin işə bərpası üçün hüquqi əsas mövcud deyildir. Yalnız hər iki tərəfin – işçinin və işəgötürənin qarşılıqlı razılığı ilə əmək münasibətlərinin bərpası mümkün ola bilər. Lakin işəgötürən tərəfindən bu barədə razılıq verilmədiyindən, işçinin işə bərpa tələbi hüquqi cəhətdən əsassız hesab edilməlidir.

41. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı ərizəni hədə-qorxu və ya təzyiq altında yazdığını deyil , özünün yazmadığını iddia etsə də, mülki mühakimə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı işdə iddiaçının həmin ərizəni yazmadığını göstərən hər hansı sübut yoxdur. İş materiallarında olan ekspert rəyini təkzib edəcək hər hansı sübut da mövcud deyil. Bundan əlavə, iddiaçı işdən çıxarma əmrinin qanunsuz olmasını təsdiq edən digər bir əsas göstərməmiş və bu əsasa dair hər hansı sübut təqdim etməmişdir.

42. Kollegiya hesab edir ki, iddiaçının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsaslı olmuşdur. Hazırki işdə işəgötürən Əmək qanunvericiliyinə riayət etməklə, əmək müqaviləsinə xitam vermiş və iddiaçını işdən azad etmişdir. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.

43. Kollegiya hesab edir ki, iddiaçının digər tələbi törəmə tələb olduğu üçün həmin hissədə də iddianın təmin edilməməsində birinci instansiya məhkəsi düzgün nəticəyə gəlmişdir.

44. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

46. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.

47. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

48. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir.

49. Beləliklə, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3923/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar