Məhkəmə qərarları › İş №2(103)-651/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-651/2023

18.01.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-651/2023 18.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: əmək mübahisələri, əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı tələbi) Hakimlər: X2 (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Babayev Fuad Fikrət oğludan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2478/2022 saylı, 29 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 18 yanvar 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi, A.Müzəffərov adına 2 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışmışdır.

2. İddiaçının xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və 03.03.22-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək qabiliyyəti olmamışdır. 15 mart 2022-ci il tarixdə işə başlamalı idi.

3. Azərbaycan Respublikası Təhsil Nazirinin K-239 nömrəli, 14 mart 2022-ci il tarixli əmrinə əsasən Abşeron rayonu Saray qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, əmək funksiyası və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə 14 mart 2022-ci il tarixdən ləğv edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli K- 239 saylı əmrinin ləğv edilməsi, İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi, A.Müzəffərov adına 2 saylı tam orta məktəbin direktoru vəzifəsinə bərpa olunması, ona xx.xx.2022-ci il tarixdən i şə bərpa olunduğu tarixədək məcburi işburaxmaya görə kompensasiya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, uzun illər Abşeron rayonu, Saray qəsəbəsi, A.Müzəffərov adına 2 saylı tam orta məktəbin direktoru vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli K-239 saylı əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə tutduğu vəzifədən azad edilmişdir. Hesab edir ki, cavabdehin həmin əmri ləğv edilməli, o, işlədiyi vəzifəyə bərpa olunmaqla, ona xx.xx.2022-ci il tarixdən işə bərpa olunduğu tarixədək məcburi işburaxmaya görə kompensasiya ödənilməldir. Çünki, o, əmək qabiliyyətinin olmadığı müddətdə işdən azad edilmişdir.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 2478/2022 saylı, 29 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli K-239 saylı əmək müqaviləsinə xitam verilmə barədə əmrinin İddiaçı münasibətdə ləğv edilməsi, İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi, A.Müzəffərov adına 2 saylı tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilməsi, xx.xx.2022-ci il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının İddiaçı ödənilməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək səhhəti ilə əlaqədar əmək qabiliyyətli olmamış və göstərilən müddət aralığında işdən azad edilmişdir, xx.xx.2022-ci il tarixdən işə başlamalı idi. Məhkəmə hesab etmişdir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun büllütendə olduğu dövrdə, yəni əmək qabiliyyətini müvəqqəti itirdiyi müddətdə xitam verilməsi qanunsuzdur, əmək qanunvericiliyinin tələblərinə ziddir. Bu səbəbdən Azərbaycan Respublikasının Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli K-239 saylı əmri İddiaçı münasibətdə ləğv edilməli və İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi, A.Müzəffərov adına 2 saylı tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilməlidir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3, 42.1, 45, 47, 56.2, 70, 71, 72, 79, 287, 288, 292, 300-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apelyasiya şikayətinin dəlilləri

9. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov rayon məhkəməsinin e-2(005)-2478/2022 saylı, 29 iyul 2022-ci il tarixli qətnaməsinin tam ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayətində göstərilmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli, K-474 nömrəli əmrinə əsasən, xx.xx.2021-ci il tarixində Abşeron rayonu, Saray 2 nömrəli tam orta məktəbində nazirliyin əməkdaşları tərəfindən yoxlama aparılmışdır. Yoxlama zamanı məktəbin fəaliyyətində bir sıra nöqsanlar aşkar edilmiş və bu səbəblə xx.xx.2021-ci il tarixli akt tərtib edilmişdir. Akta əsasən yoxlama zamanı direktor iş yerində olmamış, məktəb sənədləri yoxlamaya təqdim olunmamış, bir neçə işçi işdə olmamış, məktəbin texniki işçisi olmuş Ülviyyə Hüseynovanın işlədiyi müddət ərzində işə gəlmədiyi məlum olmuş, məktəbdə dərnək və dərsdənkənar məşğələlərə aid jurnallar aşkar olunmamış, evdə təhsil jurnalları araşdırılarkən şagirdlərin illik və yarımillik qiymətləri yazılmamış və jurnalların formal olaraq doldurulduğu aşkar olunmuşdur.Yoxlamanın nəticəsi olaraq, təhsil nazirinin xx.xx.2021-ci il tarixli, K-1162 saylı əmri imzalanmış, lakin həmin dövrdə iddiaçı əmək qabiliyyətini müvəqqəti itirdiyi üçün onun barəsində işə çıxana qədər intizam tənbehinin tətbiqi təxirə salınmışdır. Təhsil nazirinin xx.xx.2022-ci il tarixli, K- 239 saylı əmrinə əsasən, onunla bağlanmış əmək müqaviləsi ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilmişdir. İşə baxan məhkəmə iddia tələbini təmin etməklə maddi və prosessual hüquq normalarının tətbiqində kobud pozuntuya yol vermişdir. Belə ki, məhkəmə işəgötürən tərəfindən iddiaçıya münasibətdə tətbiq olunan ƏM-nin 70-ci maddəsinin “ç” bəndini qanunsuz hesab edərək, ƏM-nin 79-cu maddəsinə əsaslanaraq iddia tələbini təmin etmişdir. Bununla da məhkəmə prosessual pozuntuya yol vermişdir. Məhkəmə işin faktiki hallarına hüquqi qiymət verməmiş və qətnamədə yoxlama aktında aşkar olunan faktlara, o cümlədən iddiaçının işdə hesab edilməsi barədə ərizəsinə münasibət bildirməmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı xx.xx.2022- ci il tarixdə Həmkarlar Təşkilatının onun əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilməsi ilə bağlı iclasında iştirak etmiş, lakin bülletendə olmasına dair heç bir məlumat verməmişdir. Digər tərəfdən iddiaçının Təhsil Nazirliyinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən məlum olur ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər bülletendə olmuş, xx.xx.2022-ci il tarixdən əmək qabiliyyətini bərpa etdiyini və bu tarixdən işdə hesab olunmasını bildirmişdir. Eyni zamanda ərizədə xx.xx.2021-ci ildən COVİD-19 xəstəsi olmasını nəzərə alaraq, ona 14 gün müddətində əlavə məzuniyyət verilməsini xahiş etmişdir. Qeyd edilən ərizənin məhkəməyə təqdim olunmasına baxmayaraq, məhkəmə ərizəyə hüquqi münasibət bildirməmiş, 03-15 mart 2022-ci il tarixlərində bülletendə olması qənaətinə gəlmişdir. Əmək qabiliyyətini müvəqqəti itirən işçilərin əmək müqaviləsinin ləğv edilməsi qadağan olunur. Məhkəmə bu maddəyə istinad edərkən iddiaçının Təhsil nazirinin adına yazdığı ərizəni nəzərə almamış və həmin ərizəyə heç bir hüquqi münasibət bildirməmişdir. Eyni zamanda iddiaçı işdə olması barədə ərizə verdikdən sonra yenidən xəstəlik vərəqəsinin açılması barədə işəgötürənə məlumat verməmiş və yazdığı ərizənin etibarsızlığına dair yeni ərizə təqdim etməmişdir. Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli, K-1162 saylı əmrinin 6.2-ci bəndindən görünür ki, iddiaçının xəstə olması səbəbindən onun barəsində intizam tənbehi tətbiq etməmişdir. Məhkəməyə yoxlamanın keçirilməsinin hüquqi əsası barədə sənədlər və yoxlama aktı, əmr və direktorun izahatı və digər sənədlər təqdim olunmuşdur. İş materiallarına əlavə olunmuş sübutlara hüquqi qiymət verilməmişdir. Birinci instansiya məhkəməsi yalnız iddiaçının təqdim etdiyi bülletenlə kifayətlənmiş və təqdim olunan sübutlara əhəmiyyət verməmişdirİşə baxan məhkəmə qətnamədə yalnız ƏM-nin 79-cu maddəsinə istinad etməklə kifayətlənmişdir. Lakin, işəgötürən iddiaçının işdə olmasına dair ərizəni əsas götürərək onunla bağlanmış əmək müqaviləsini ləğv etmişdir. İddiaçı tərəfindən işəgötürənə ərizənin təqdim olunmasını məhkəmə nəzərə almalı olduğu halda bunu etməmişdir. Məhkəməyə təqdim olunmuş iddiaçının işdə hesab olunması barədə xx.xx.2022-ci il tarixli ərizəsinə hüquqi qiymət verilməmiş, iş materiallarında olan subutlara formal yanaşaraq məhkəmə qanunsuz qərar qəbul etmişdir. İddiaçının ərizəsindən sonra yenidən bülleten açdırması onun intizam məsuliyyətindən yayınması kimi qiymətləndirilməlidir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apelyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, məktəbdə keçirilən yoxlamanın nəticəsi əsasında əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının işə qayıtma barədə ərizəsi təmin edilməyib, təmin edilməməsi barədə cavab verilməsinə zərurət olmayıb. Çünki direktor tədris zamanı məzuniyyətdə ola bilməz.

13. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, yoxlamadan 3 gün əvvəl Təhsil Şöbəsinin müdir əvəzi Pərviz Əliyevin qəbuluna gedib. Çünki səhhətilə bağlı ciddi problemləri var idi. Ona deyib ki, 3 saylı Şəhər Klinik Xəstəxanasında KT üçün olub, vəziyyəti pisdir, ona ya bülleten, ya da sistem köçürməyə icazə versin. Pərviz Əliyev ona deyib ki, bülletenə çıxmasın, sistem köçürtsün. Onun həmin zaman vəziyyəti çox pis idi, o da sistem köçürməyə gedib. Daha sonra ona zəng gəlib ki, yoxlamalar başlayıb. Həmin zaman məktəbdə 8 otağın 7-də dərs keçirilmişdir. Yoxlama günü Aydın Rəhimov onun kabinetində yoxlama aparırdı. Bildiyinə görə baş məsləhətçi idi. İddiaçı ona bildirib ki, icazə alıb, istəsələr soruşub maraqlana bilərlər. Hər bir sənədlər də qaydasındadır. Bütün jurnallar və sənədlər qaydasında olmasına baxmayaraq sənədlərin və jurnalların düzgün tərtib olunmadığını bildiriblər. xx.xx.2022-ci tarixdə Təhsil Şöbəsinə gedib, Həmkarlar Təşkilatının yığışdığını görüb. Amma nəyə görə yığışmaqlarını bilməyib. O, Təhsil Şöbəsinin müdir əvəzinə deyib ki, bülletendədir. xx.xx.2022-ci il tarixdə nevroloji problemləri olduğuna görə bulletenə çıxıb. xx.xx.2022-ci il tarixdə ərizə yazma səbəbi o olmuşdur ki, COVİD-19 xəstəsi olub. O məzuniyyət dövründə COVİD-19 xəstələyinə tutulub. Keçirtdiyi COVİD-19 xəstəliyi çox ağır olmuşdur. Ona icazə verməyiblər o da bülletenə çıxmağa məcbur olub. Səhhətində ciddi problemlər olub. xx.xx.2022-ci tarixdə işə çıxmayıb. O məlumat vermək üçün Təhsil Şöbəsinə gedib, onu heç kim çağırmayıb.

14. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli K-239 saylı əmri ilə İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə tutduğu vəzifədən azad edilmişdir. Əmrdə qeyd edilmişdir ki, İddiaçı işçilərin işə gəlməsini təmin etməmişdir. Həmin dövr pandemiya dövrü idi. İşçilərin hamısının işə gəlməsini təmin etmək mümkün deyildi. İddiaçı bülletendə ola-ola izahat verə bilməzdi. Onun izahat vermə hüququ təmin edilməyib.

Tətbiq edilən maddi hüquq normaları:

15. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

16. Həmin Məcəllənin 70-ci maddəsində qeyd edilir ki, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.

17. Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

18. Həmin Məcəllənin 300-cü maddəsində əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

23. İş materialları ilə müəyyən edilir ki, İddiaçı əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli, K-239 №-li əmrlə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.

24. İşə baxan birinci instansiya hesab etmişdir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun əmək qabiliyyətini müvəqqəti itirdiyi müddətdə xitam verilməsi əmək qanunvericiliyinin tələbinə zidd olduğundan iddiaçının iddia tələbi təmin edilməlidir.

25. Cavabdeh apellyasiya şikayətində iddiaçının xx.xx.2021-ci ildən COVİD-19 xəstəsi olması ilə bağlı ona 14 gün müddətində əlavə məzuniyyət verilməsi ilə bağlı Təhsil Nazirliyinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsinə istinad edərək ərizənin işə baxan məhkəmə tərəfindən nəzərə alınmadığını qeyd etmişdir.

26. Məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur.

27. Belə ki, iddiaçının xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək qabiliyyətinin olmaması cavabdeh tərəfindən mübahisələndirilmir. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçı ərizə ilə müraciət edərək onun işdə hesab edilməsini xahiş etmişdir və işə baxan rayon məhkəməsi bunu nəzərə almamışdr. Apellyasiya şikayətinin bu dəlili ilə bağlı məhkəmə kollegiyası müəyyən edir ki, iddiaçı əmək qabiliyyətinin bərpa olunmasına görə onun işdə hesab edilməsi, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək COVİD -19 xəstəsi olması səbəbindən məzuniyyətindən istifadə edə bilməməsi və 14 gün əlavə məzuniyyət verilməsini xahiş edərək xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Məhkəmə kollegiyası müəyyən edir ki, iddiaçının ərizəsinə işəgötürən tərəfindən yazılı cavab verilməmişdir. Bundan sonra iddiaçının 03.03.22-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək qabiliyyətinin olmadığı müəyyən olunur. İddiaçı 15 mart 2022-ci il tarixdə işə başlamalı idi. Lakin artıq cavabdehin xx.xx.2022-ci il tarixli əmri ilə o, işdən azad edilmişdir. Cavabdehin nümayəndəsi iddiaçının yenidən əmək qabiliyyəti olmamasından xəbərsiz olması barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, əgər işəgötürənin işçinin əmək qabiliyyətinin olmaması barədə məlumatı yox idisə işçinin üzrsüz səbəbdən işə gəlməməsi ilə bağlı əmək qanunvericiliyinə uyğun müvafiq tədbir görə bilərdi, lakin belə tədbirin görülməsi müəyyən olunmur. Habelə işçinin mart ayında işə müntəzəm gəlməsinə dair sübut da təqdim olunmamışdır. Digər tərəfdən cavabdeh apellyasiya şikayətində iddiaçının intizam məsuliyyətindən yayınmağa çalışdığını qeyd etsə bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh o cümlədən qeyd edir ki, iddiaçı Abşeron Rayon Təhsil X3 təşkilatının xx.xx.2022-ci il tarixində keçirilən növbədənkənar iclasında iştirak etsə də xəstəlik vərəqəsi ilə bağlı məlumat verməmişdir. İddiaçı isə əksinə iclasda bu barədə məlumat verdiyini qeyd edir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 03.03.22-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək qabiliyyətini müvəqqəti itirməsi işdə olan General Hospital” klinikası tərəfindən verilmiş SN00007 seriyalı ******* saylı sənədlə öz təsdiqini tapmışdır. Əmək Məcəlləsinin 79-cu maddəsi əmək qabiliyyətini müvəqqəti itirən işçi ilə əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla ləğv edilməsini birbaşa qadağan edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun xəstəliyi ilə əlaqədar üzürlü səbəbdən işdə olmadığı müddətdə xitam verməklə əmək qanunvericiliyinin tələbini pozmuşdur.

29. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

30. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2478/2022 saylı, 29 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: İkram Şirinov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar