Məhkəmə qərarları › İş №2(103)-6511/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6511/2022

05.10.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6511/2022 05.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti, Cavabdeh2 və Cavabdeh3 1 saylı Rabitə xidmətləri mərkəzinə qarşı iş üzrə (Açar sözlər: sığorta ödənişinin ödənilməsi və.s tələbi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-139/2022 saylı 31 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. SSRİ Dövlət Sığortası Baş İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.1991-ci il tarixli, 330429 saylı sığorta şəhadətnaməsindən görünür ki, SSRİ Dövlət Sığortası Baş İdarəsi ilə İddiaçı arasında X2 xeyrinə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən İddiaçı Musa oğlu 1991-ci il tarixdən başlayaraq 2004-cü ilin avqust ayının 30-a kimi hər ay 50 manat 40 qəpik məbləğində sığorta haqqları verməyə borcludur, onun xx.xx.2004-cü il tarixdən sonra 8.000 manat almağa ixtiyarı vardır.

2. Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin xx.xx.2020 ci il tarixli, 06- 05/1814 nömrəli məktunun surətindən görünür ki, sabiq SSRİ Dövlət Sığorta Baş İdarəsinin təlimat və qaydalarının şərtləri əsasında bağlanılmış “Həyat sığortası“, o cümlədən “Uşaqların sığortası”, “Nigahadək (Toy) sığortası" müqavilələri üzrə daxil olmuş sığorta haqlarının infilyasiyası nəticəsində qiymətdən düşməsi, pulun alıcılıq qabiliyyətində əmələ gəlmiş dəyişikliklərə görə indeksləşdirilməsi nəzərdə tutulmamışdır.

3. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X9 Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Kollegiyasının xx.xx.2016-cı il tarixli 3/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısının” 211-ci bəndinin tələblərinə uyğun olaraq İddiaçı əmək haqqından tutulmalara dair sənədlərin saxlama müddəti (5 il) ötdüyünə görə arxivə təhvil verilmişdir.

4. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli arxiv arayışından görünür ki, 1993-cü il tarixdən 2004-cü il tarixədək X2 əmək haqqısından Dövlət Sosial Müdafiə Fonduna tutulmalar aparılmışdır.

5. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X9 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli arxiv arayışlarından görünür ki, 1993-cü il tarixdən 2004-cü il tarixədək X2 əmək haqqısından Dövlət Sosial Müdafiə Fonduna tutulmalar aparılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı (Cavabdeh2 və Cavabdeh3 1 saylı Rabitə xidmətləri mərkəzi (Yasamal rayon Telefon Qovşağı) üçüncü şəxs qismində cəlb edilməklə) “sığorta ödənişinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 avqust 2004-cü ilin manat dövriyyəsinin 8.000 manatı indeksləşdirilərək, qüvvədə olan manatla sığorta pulunun Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətindən tam tutularaq X4 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırımışdır ki, İddiaçı oglu, oğlu 12 yanvar 1987-ci ildə anadan olan, X2 adına, ”övlad sığortası” etmişdir. Sığorta müqaviləsi, seriya A 330429 nömrəli, sentyabır 1991-ci ildən 30 avqust 2004-cü ilə kimi hər ay 50 manat 40 qəpik sığorta üçün ödəmişdir. Sıgorta məbləği 8000 manat sıgorta pulu sığorta şirkətinə tam ödənilmişdir. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu, 1991-ci ildə SSRİ dağıldıqdan sonra Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdi və Azərbaycan Müstəqil Respublikası yaradıldı. SSRİ Dövlət Sığorta İdarəsi də dağıldı və Azərbaycan Dövlət Sığorta Şirkəti yaradıldı. 1992-ci ildə Azərbaycan Dövlət Sığorta Şirkəti olaraq adlandırıldı və “Azərsıgorta” kimi fəaliyyətini davam etdirdi. Sığorta müqaviləsinin bitmə tarixi artıq müstəqil Azərbaycanın qanunları tam işlək vəziyyətdə olmasına istinad edərək sigorta müqaviləsi Azərbaycan müstəqilliyin tam 14 il ərzində ödənişlərin aparılmasına baxmayaraq 30 avqust 2004 ci ildə tam ödəniş olunaraq 8.000 manat qüvvəyə minmişdir. 25 ildən artıqdır ki, Qarabağ Qaziləri çətinliklə də olsa ,öz pullarını 6.600 manat 1991-ci il və 1994-cü illərdə gedən Qarabağ uğrunda döyüşlərdə aldıqları xəsarətə və əlilliyə görə az —az miqdarda olsa da tam bu günki, manata uyğun olaraq, indeksləşməsinə istinad edərək 6.600 manat alınır. Qanun hamı üçün qanundur, vətəndaş öz halal pulunu hər ay 14 il ərzində ödəməsinə baxmayaraq ala bilmir. Pulunu 14 il almaq qanundur, qaytarmağa gələndə indeksasiya planı ortaya çıxır. Pulu qaldıqca faizlərdən sıgıorta şirkətinə xeyir gəlməyi realdır. O dövr üçün müqavilənin birinci ayında sığorta poza bilərdi ki sizin sənədlərdə pulların indeksasiyası müqaviləsi göstərilməyib. Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti, 14 il əvvəl, onunla ”SSRnin Dövlət Sığorta Baş İdarəsi” bağlanan müqaviləni pozmadan, bağlanan müqavilə əsasında sıgıorta şirkəti kimi xidmət göstərərək, özünü Dövlət Sığorta Kommersiya Şirkəti kimi 30 avqust 2004-cü ilə kimi onun əmək haqqından tutularaq köçürmə yolu ilə hər ay üçün müqavilə əsasında 50 manat 40 qəpik büdcəsinə Azərbayacan Respublikası Rabitə Nazirliyinin Yasamal Telefon Qovşagından Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin hessabına 14 il ərzində köçürmüşdür. Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti,etirazı əsassızdır və qanuna ziddir, vətəndaşın pulunu alır 14 illər ərzində sonra da ərizəsinə SSR-nin Dövlət Sığorta Baş idarəsi - dövründə bağlanmışdır müqaviləniz və indeksləşdirilmədiyi nəzərdə tutulmamışdır.

8. Daha sonra iddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, müstəqil tələb irəli sürə bilməyən 3-cü şəxslər Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Cavabdeh3 1 saylı Rabitə xidmətləri Mərkəzinin cavabdeh qismində cəlb edilməsini məhkəmədən xahiş etmişdir.

9. Daha sonra İddiaçı iddia tələblərinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, məhkəmə araşdırması nəticəsində aşkarlanan cavabdehdən ve ya cavabdehlərdən 30 avqust 2004-cü ilin manat dövriyyəsinin 8.000 manatı indeksləşdirilərək, qüvvədə olan manatla X11 oglunun adına olan sıgorta pulunun tam ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı oglu, 12 yanvar 1987-ci ildə anadan olan, X2 adına, ”övlad sığortası” etmişdir. Sığorta müqaviləsi, seriya A 330429 nömrəli, sentyabr 1991-ci ildən 30 avqust 2004-cü ilə kimi hər ay 50 manat 40 qəpik sığorta üçün ödənilmişdir. Sıgorta məbləği 8000 manat sıgorta pulu sığorta şirkətinə tam ödənilmişdir. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu, 1991-ci ildə SSRİ dağıldıqdan sonra Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdi və Azərbaycan Müstəqil Respublikası yaradıldı. SSRİ Dövlət Sığorta İdarəsi də dağıldı və Azərbaycan Dövlət Sığorta Şirkəti yaradıldı. 1992-ci ildə Azərbaycan Dövlət Sığorta Şirkəti olaraq adlandırıldı və “Azərsıgorta” kimi fəaliyyətini davam etdirdi. 1992-ci ildə Azərbaycan Respublikasının Dövlət Sığorta Şirkətı olaraq adlandırıldı və “Azərsığorta” kimi fəalliyətiini davam etdirdi. Sıgorta müqaviləsin bitmə tarixi artıq, Müstəqil Azərbaycanın qanunları tam işlək vəziyyətdə olmasına istinad edərək, sigorta müqaviləsi azərbaycan müstəqilliyin tam 14 il ərzində ödənişlərin aparılmasına baxmayaraq 30 avqust 2004-cü ildə tam ödəniş olunaraq 8.000 manat qüvvəyə minmişdir. Sığorta müqaviləsinin bitmə tarixi artıq, müstəqil Azərbaycanın qanunları tam işlək vəziyyətdə olmasına istinad edərək, sığorta müqaviləsi Azərbaycan müstəqilliyin tam 14 il ərzində ödənişlərin aparılmasına baxmayaraq 30 avqust 2004 ci ildə tam ödəniş olunaraq 8.000 manat qüvvəyə minmişdir. Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti, 14 il əvvəl, onunla ”SSR-nin Dövlət Sıgorta Baş İdarəsi” baglanan müqaviləni pozmadan, bağlanan müqavilə əsasında sığorta şirkəti kimi xidmət göstərərək, özünü Dövlət Sığorta Kommersiya Şirkəti kimi 30 avqust 2004-cü ilə kimi onun əmək haqqından tutularaq köçürmə yolu ilə hər ay üçün müqavilə əsasında 50 manat ( əlli manat) 40 qəpik (qırx qəpik) büdcəsinə AR Rabitə Nazirliyinin Yasamal Telefon Qovşagından Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin hesabına 14 il ərzində köçürmüşdür. Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin etirazı əsassızdır və qanuna ziddir, vətəndaşın pulunu alır, 14 il ərzində sonra da ərizəsinə “SSR-nin Dövlət Sıgorta Baş İdarəsi - dövründə baglanmışdır müqaviləniz və indeksləşdirilmədiyi nəzərdə tutulmamışdır”. Pulların ödənilməsi üçün oğlu dəfələrlə onun tərəfindən (nümayəndə tərəfindən) məhkəmə gedişatında Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsinə və hakimə bildirmişdir ki, hüquqi varis sayılırsız Azərbaycan SSR Dövlət Sıgorta Baş İdarəsinin və Sıgortanın 90 illiyi bayramını Respublika üzrə keçirirsiz. Bu əsas deyil ki, siz müqavilənin bir ay ləğv sonunda baglanmasını iddia etməyiniz. O məhkəmədən xahiş etmişdir ki, məhkəmə sorgusu Azərbaycan Respubkasının Mərkəzi Bankına, Dövlət Sıgorta Komersiya Şirkətinə, İqtisad Nazirliyinə Azərbaycan Respublikası SSR Dövlət Sığorta baş idarəsi əvəzinə, Azərsıgorta və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya yarananda baglanmış müqavilələr sentyabr 1991-ci il də qüvvəsini itirib-itirməməsi haqqında sorğunun verməsini təmin etməklə, Azərbaycan Resublikası Dövlət Sığorta Kommersiya şirkətinə arxiv sorğusunun atası, İddiaçı tərəfindən X11 oglunun adına baglanmış müqavilənin olması haqqında sorğu verməsini xahiş edir. Aparılan məhkəmə iclaslarında cavabdeh Azərbaycan Dövlət Sığorta Kommersiya heç bir sübutlar təqdim etməmişdir, axiv müqavilələri olub-olmamasına izah verməmişdir. O, yuxarıda qeyd olunanları nəzərə alaraq və iddia ərizəsində 3-cü şəxs Rabitə və Texnalogiya Nazrliyini və tərkibində olan Yasamal Telefon Qovşağını cavabdeh kimi əlavə edilsin. Buna da səbəb iddiaçı cavabdehlərin yetərincə öz vəzifələrini baglanmış sığorta müqaviləsində düzgün mövgeyi iddiaçıy ilə aparmamışdır. İddiçıya 8.000 min AZM son müqaviləyə istinad olunaraq (2004-cü ilin manatına uyğun) hər ay tutaraq hüquqi varisi olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinə köçürməsinə əsas “Sığorta Şəhadətnaməsidir”. Cavabdeh tərəflər “Sıgorta Şəadətnaməsinin” güvvədən düşməsini və Dövlət sənədi kimi güvvəsini itirməsini sübuta yetirə bilməmişlər. Hər bir Dövlət qurumunun Dövlət sənədlərinin, təhvil-təslimi müddəti vardır ki, qüvvəyə minmiş qərarlarda sənədləşmələrdə izahlı hesabatla, bir birinə verilir, buna da nəzarət edən dövlət qurumlarından Mərkəzi Bankla, İqtisadiyyət Nazirliyidir ki, bir başa nəzarət edir. Sentyabr 1991-ci ildə müqavilə baglanmasına baxmayaraq oktyabr 1991-ci ildə artıq Müstəqil Azrbaycan Sığortası adlanırdı.

11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-139/2022 saylı 31 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim Cəmilə Musayeva) İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti, Cavabdeh2 və Cavabdeh3 1 saylı Rabitə xidmətləri mərkəzinə qarşı “sığorta ödənişinin ödənilməsi və s.” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, və 448.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

16. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

17. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X8 apellyasiya şikayətinə etiraz edərək təmin edilməsini xahiş etdi.

18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

19. Maddə 425 öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

20. Maddə 448.1 əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, hazırki halda qətnamə bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası izahatı dinləyib apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-139/2022 saylı 31 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Belə ki, işin mübahisələndirilməyən hallarından göründüyü kimi iddiaçı ilə SSRİ Dövlət Sığortası Baş İdarəsi arasında xx.xx.1991-ci il tarixli sığorta müqaviləsi bağlanılmış, bununla da tərəflər arasında sığorta müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, bu müqaviləyə görə İddiaçı Musa oğlu 1991-ci il tarixdən başlayaraq 2004-cü ilin avqust ayının 30-a kimi hər ay 50 manat 40 qəpik (AZM) məbləğində sığorta haqqları verməyi, SSRİ Dövlət Sığortası Baş İdarəsi isə sığorta haqqları bütün müddət üçün edildiyi təqdirdə xx.xx.2004-cü il tarixdən sonra 8.000 manat (AZM) məbləğində sığorta ödənişini faydalanan şəxs olan X4 verməyi öhdəsinə götürmüşdür.

30. 18 oktyabr 1991-ci il tarixli “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”na əsasən Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul etmiş və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis etmişdir. Sənəddə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanmışdır.

31. Beləliklə işin müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti, mübahisəli sığorta müqaviləsi üzrə tərəf deyildir. Belə ki, müstəqil Azərbaycan Respublikası SSRİ-nin hüquqi varisi olmadığı kimi, Dövlət Sığorta Kommersiya Şirkəti Azərbaycan Respublikası öz müstəqilliyinə nail olmamışdan əvvəl Azərbaycan SSR-nin ərazisində fəaliyyət göstərən Dövlət Sığorta İdarələrinin hüququ varisi deyildir. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə heyətinin bazasında yaradılmış və Respublikada icbari sığortalamanın bütün növlərini həyata keçirmək həmin Şirkətə həvalə edilmişdir. Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti Azərbaycan Respublikası Dövlət Sığortası İdarə heyətinin hüquqi varisi olduğu müəyyən edilmişdir.

32. Məhkəmə haqlı olaraq digər cavabdehlərə münasibətdə də iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X9 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş arxiv arayışlarına əsasən İddiaçı aldığı əmək haqqından 1993cü il tarixdən 2004-cü il tarixədək tutulmaların yalnız Dövlət Sosial Müdafiə Fonduna aparıldığı müəyyən edilmiş, yuxarıda adı çəkilən dövlət qurumlarının və ya Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə mübahisəli sığorta müqaviləsi üzrə hər hansı tutulmaların aparılması öz təsdiqini tapmamışdır.

33. Göründüyü kimi, apellyasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilənlərə təkzib olunduğundan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətdə göstərilənlər məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz və birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-139/2022 saylı 31 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar