Məhkəmə qərarları › İş №2(103)-6514/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6514/2025

23.12.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6514/2025 23.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Şəhər Mədəniyyət Baş İdarəsi nəzdində X4 və Yaradıcı Gənclərlə iş üzrə Mərkəzə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun nümayəndəsi X3 və İddiaçı iştirakı ilə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi haqqında” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onunla bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi haqqında cavabdehin verdiyi xx.xx.2025-ci il tarixli, K-157 nömrəli əmrin ləğv edilməsi, Mərkəzdə yaradılmış yeni xx.xx.2025-ci il tarixli ştat cədvəlində iddiaçının əvvəlki tutduğu vəzifəyə və aldığı əmək haqqıya uyğun olan vəzifəyə bərpa edilməsi, məcburi işburaxmaya görə əmək haqqının, mediasiya prosesinin keçirilməsi üçün çəkilmiş xərcin əvəzi olaraq 60 manat, hüquqi yardım almaq üçün vəkilə çəkilmiş xərcin əvəzi olaraq 500 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, xx.xx.2016-cı il tarixdən etibarən xx.xx.2025-ci il tarixədək cavabdeh Mərkəzdə referent – səs rejissoru vəzifəsində işləmişdir. Onunla bağlanmış “Əmək müqaviləsinə” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2025-ci il tarixdən xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixdə əmr verilmişdir. İşdən azad edilməmişdən əvvəl, yəni xx.xx.2025-ci il tarixi xəbərdarlıq məktubu ilə işəgötürən yenilənmiş struktur və yeni ştat cədvəlinin təsdiqi ilə əlaqəli olaraq, Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən iddiaçının tutduğu vəzifənin ixtisara düşməsi ilə əlaqədar, həmin tarixdən 9 təqvim həftəsi bitdikdən sonra iddiaçı ilə əmək müqaviləsinə xitam veriləcəyi barədə iddiaçını məlumatlandırmışdır. İddiaçı hesab edir ki, verilmiş qanunsuzdur və bu səbəbdən də əmr məhkəmə tərəfindən ləğv olunmalıdır. Belə ki, rəhbərlik tərəfindən struktur dəyişkənliyi və yeni ştat vahidlərinin yaranması zərurətindən irəli gələrək, iddiaçıya tutduğu vəzifəyə uyğun digər bir vəzifə təklif olunmamış və ştatların ixtisarı zamanı işdə saxlanılmasına üstünlüyü olan işçilərin dairəsi belə müəyyən edilməmiş, bununla da mövcud qanunvericiliyin tələbləri pozulmuşdur. Bundan başqa, cavabdeh tərəfindən iddiaçının uzun müddət ərzində həmin təşkilatda işləməsi və iddiaçının ailədə yeganə qazanc gətirən olması nəzərə alınmamışdır. b) cavabdehin iddiaya etirazı barədə məlumat

3. Cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda və yazılı etirazda bildirmişdir ki, aparılmış yoxlamalar nəticəsində Mərkəzin fəaliyyətinin müasir dövrün tələblərinə cavab verməsi, dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin səmərəli istifadəsi məqsədilə Mərkəzdə struktur dəyişikliyinin həyata keçirilməsinə zərurət yaranmışdır. Çünki Mərkəzin fəaliyyəti dövründə faydalı iş əmsalı aşağı olmuş, Mərkəzin fəaliyyət istiqamətlərinə uyğun şəkildə işlər görülməmişdir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xx.xx.2025-ci il tarixli əmrinə uyğun olaraq Mərkəzdə struktur dəyişikliyi həyata keçirilmiş, nəticədə əvvəlki şöbələr ləğv edilmiş, onların yerində yeni şöbələr yaradılmış və yeni ştat cədvəli hazırlanmışdır. İddiaçının çalışdığı konkret vəzifə yeni ştat cədvəlində artıq nəzərdə tutulmamışdır. Bu səbəbdən həmin vəzifə faktiki olaraq ləğv olunmuş hesab olunur. Qanunvericiliyə uyğun olaraq, işəgötürən struktur dəyişikliyi zamanı mövcud olan vakant vəzifələri təklif edə bilər. İddiaçıya da yeni yaradılmış struktur daxilində uyğun vəzifə təklif olunmuşdur. Məhkəmə tərəfindən iş üzrə keçirilmiş hazırlıq iclası zamanı iddiaçı özü də bu təklifi aldığını təsdiqləmişdir. Lakin iddiaçı, bu təkliflə razılaşmayaraq yaradılmış yeni vəzifədə əmək müqaviləsini imzalamaqdan imtina etmişdir. Nəticədə, əmək münasibətlərinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə, yəni struktur dəyişiklikləri ilə bağlı ştat ixtisarına əsasən xitam verilmişdir. Bu proses zamanı əmək qanunvericiliyinin bütün tələblərinə əməl olunmuş, əməkdaşlara, o cümlədən iddiaçıya seçim imkanı verilmiş və yeni vəzifələrə qəbul 3 aylıq sınaq müddəti ilə həyata keçirilmişdir. Qeyd olunanlara əsasən iddiaçının əvvəlki vəzifəyə bərpası mümkün deyil, çünki həmin vəzifə artıq strukturda mövcud deyildir. İddiaçı alternativ vəzifə təklif edilsə də, o, bu təklifi qəbul etməmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə, iddianın təmin edilməsini, iddiaçı ilə bağlanılmış “Əmək müqaviləsinə” Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli əmrin ləğv edilməsini, iddiaçının Mərkəzdə yaradılmış xx.xx.2025-ci il tarixli ştat cədvəlində əvvəlki tutduğu vəzifəyə və aldığı əmək haqqıya uyğun olan vəzifəyə bərpa edilməsini, məcburi iş buraxma müddəti üçün əmək haqqının, mediasiya prosesinin keçirilməsi üçün çəkilmiş xərcin əvəzi olaraq 60 manat, hüquqi yardım almaq üçün vəkilə çəkilmiş xərcin əvəzi olaraq 500 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı, X4 və Yaradıcı Gənclərlə iş üzrə Mərkəzində səs rejissoru vəzifəsində işləmiş və onunla bağlanmış “Əmək müqaviləsinə” Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İddiaçı hazırda əmrin qanunsuz olduğunu əsas gətirərək məhkəməyə müraciət etmişdir. Rayon Məhkəməsi qeyd etmişdir ki, təcrübədə ştat ixtisarı dedikdə müəyyən olunmuş vəzifə üzrə bir və yaxud bir neçə ştat vahidinin ləğvi, eləcə də işlərin həcminin azaldılması başa düşülür. İşçilərin sayının və ya ştatının ixtisarı müəssisədə istehsalın və idarəçiliyin təşkilini təkmilləşdirmək, təsərrüfat fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə işəgötürənin əmri ilə həyata keçirilir. İşəgötürən tərəfindən işçilərin sayının və ya ştatının ixtisarı haqqında müvafiq qərar qəbul edildikdə, əvvəlcə müəssisədə boş vəzifələr ləğv olunur və yalnız bundan sonra işləyənlərin hesabına ixtisar həyata keçirilir. Mübahisənin yaranması halında işçilərin sayının və ya ştatının ixtisarının həqiqətən aparıldığının təsdiqi kimi digər sənədlərlə yanaşı eyni zamanda ştat cədvəlləri də çıxış edə bilər. Lakin hazırki işdən görünür ki, işəgötürənin işçilərin ştat ixtisarı məqsədilə qəbul etdiyi əmrlə əslində faktiki olaraq heç bir ixtisar baş tutmamışdır. Belə ki, işdə olan əvvəlki və sonrakı ştat cədvəllərindən görünür ki, ixtisar barədə əmr verilməzdən öncə ştat vahidlərinin sayı 88 olmuşdur. Əmrdən sonra da ştat vahidlərinin sayı azalmamış, 88 ştat vahidi olaraq da qalmışdır. Buradan da görünür ki, əslində işəgötürən tərəfindən işçilərin ştat ixtisarı olmamış, sadəcə Mərkəzin fəaliyyəti ilə bağlı bəzi məsələlərin təkmilləşdirilməsi ilə əlaqədar mövcud şöbələr ləğv olunaraq onların bazasında yeni şöbələr yaradılmışdır. Belə olan halda işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işçilərin sayı və ya ştatlarının ixtisar olunması əsası ilə xitam verilməsi qanunsuzdur. Çünki faktiki olaraq cavabdeh müəssisədə işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilə bilməsi ilə bağlı yuxarıda qeyd olunan əsas yaranmamışdır. Bundan başqa qeyd edilməlidir ki, qanunvericiliyin tələbinə görə işçilərin sayının və ya ştatının ixtisarı zamanı işçinin peşəkarlığı, ixtisası nəzərə alınmaqla onun müvafiq işə keçirilməsi imkanı mütləq araşdırılmalıdır. Cavabdehin nümayəndəsi izahatında işəgötürən tərəfindən iddiaçıya başqa iş təklif edildiyini bildirsə də, iddiaçı bunu inkar etmiş və ona heç bir başqa vəzifə təklif edilmədiyini bildirmişdir. Cavabdehin nümayəndəsi bu faktı təsdiq etmək üçün Mərkəzin əməkdaşlarının tərtib etdikləri xx.xx.2025-ci il tarixli akta istinad etmişdir. Lakin həmin akta nəzər yetirərkən müəyyən olunur ki, akt Mərkəzin əməkdaşları tərtib olunmuş və aktda iddiaçının iştirakı, onun aktı imzalaması yaxud imzalamasından imtina etməsi ilə bağlı heç bir qeyd öz əksini tapmamışdır. Aktın yalnız işəgötürən tərəfindən tərtib edildiyini və aktın tərtib edilməsində işçinin iştirakının təmin edilməməsini nəzərə alaraq, məhkəmə həmin aktı mötəbər sübut kimi qəbul etmir. Cavabdeh tərəf isə iddiaçıya başqa iş təklif etdiyini təsdiq edə biləcək başqa heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. d) apellyasiya şikayəti barədə məlumat

6. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

7. Əsasları iddia tələbinə qarşı verilmiş etirazın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Bundan başqa qeyd edilməlidir ki, Rayon Məhkəməsi ixtisara anlayış verərkən Əmək Məcəlləsinin normalarını səhv, ixtisar anlayışını isə həddindən artıq məhdud təfsir etmiş və bu anlayışı işçilərin sayının azaldılması ilə çərçivələmişdir. Halbuki hüquq norması təhlil edilərkən həm tekst, həm də kontekst nəzərə alınmalıdır. Bu məsələdə Rayon Məhkəməsinin mövqeyi iddiaçının hər hansı xəbərdarlığa imza atmaması ilə bağlıdır və xəbərdarlıqla bağlı aktın sadəcə cavabdehin işçiləri tərəfindən imzalanmasıdır. Rayon Məhkəməsi işin hallarına formal yanaşmış və qeyd etmişdir ki, “işçi xəbərdarlığı imzalamaışdırsa, deməli ixtisarla bağlı xəbərdar olunmamışdır” nəticəsinə gəlmişdir. e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və izahatları barədə məlumat

8. Cavabdehin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. Cavabdehin nümayəndəsi əlavə olaraq bildirdi ki, iddiaçıya Mərkəzdə başqa iş təklif edilsə də, iddiaçı bu kimi təklifi qəbul etməmişdir.

9. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdi. O əlavə olaraq bildirdi ki, işəgötürən tərəfindən ona başqa işlə bağlı təklif edilməmişdir. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

10. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

11. Belə ki, işdə olan sənədlərdən görünür ki, iş üzrə iddiaçı, xx.xx.2016-cı il tarixdən etibarən xx.xx.2025-ci il tarixədək X4 və Yaradıcı Gənclərlə iş üzrə Mərkəzdə işləmişdir. Onun sonuncu vəzifəsi səs rejissoru olmuşdur.

12. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “X4 və Yaradıcı Gənclərlə iş üzrə Mərkəzin fəaliyyəti ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” xx.xx.2025-ci il tarixli, 3-24/3-1-f-110/2025 saylı əmrdən görünür ki, bu əmr həmin Mərkəzin yeni struktur və ştat cədvəlinin hazırlanıb Nazirliyə təqdim edilməsi ilə bağlı verilmişdir.

13. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin “X4 və Yaradıcı Gənclərlə iş üzrə Mərkəzin fəaliyyəti ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” xx.xx.2025-ci il tarixli, 3-24-5/3-1-f-56/2025 saylı əmrdən görünür ki, bu əmr Mərkəzin mövcud şöbələrin ləğv olunaraq Mərkəzin bazasında “Maliyyə və satınalma şöbəsinin”, “İnsan kapitalının idarə edilməsi və sənədlərlə iş şöbəsinin”, “İnzibati şöbənin”, “Yerli tədbirlərin idarə edilməsi şöbəsinin”, “Beynəlxalq tədbirlərin idarə edilməsi şöbəsinin”, “Tərəfdaşlarla iş şöbəsinin” yaradılması ilə bağlı verilmişdir.

14. Mərkəzin direktor müavini F.Nəcəfovun, baş mühasib N.Rzayeva, baş mütəxəssis K.Xaniyev, mütəxəssis F.Abbasova və mütəxəssis T.İlyasova tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş və Mərkəzin direktoru B.Bəbirov tərəfindən təsdiq edilmiş aktdan görünür ki, struktur dəyişikliyi ilə əlaqədar olaraq Mərkəzdə çalışan işçilərlə fərdi söhbətlər aparılmış və iclaslar keçirilmişdir. Təklif olunan yeni vəzifələrlə razılaşan 32 əməkdaş yeni ştat cədvəlinə uyğun yeni vəzifələrə təyin edilmişlər. Lakin bir sıra işçi (o cümlədən İddiaçı) təklif olunan vəzifələrə təyin olunmaqdan imtina etmişlər.

15. Mərkəz üzrə verilmiş xx.xx.2025-ci il tarixli əmrdən görünür ki, bu əmr iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi ilə bağlı verilmişdir.

16. Həmin əmrin əsaslılığı ilə bağlı iş üzrə tərəflərin mövqeyi, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəsi və əsaslanması yuxarıda artıq qeyd edildiyindən Məhkəmə həmin məsələləri bir daha sadalamaq üçün lüzum görmür.

17. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli ilə bağlı Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətlərində işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətləri (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) mövcuddur. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir.

18. Belə ki, əmək qanunvericiliyinin iş vaxtı, istirahət vaxtı və işçilərin məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normaları məhz işçilərin Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənərək, işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr yaradır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı).

19. Əmək münasibətlərində iqtisadi cəhətdən zəif tərəf olan işçinin işə qəbulu və işdən azad edilməsi üçün ədalətli şəraitin təmin edilməsi, o cümlədən işçinin iradəsindən və təqsirindən asılı olmayan səbəblərdən əmək müqaviləsinə xitam verilərkən, bunun işçi, habelə onun ailəsi üçün yarada biləcəyi maddi çətinlikləri azaltmaq, gəlirdən tamamilə məhrum olmalarının qarşısını almaq məqsədilə qanunvericilikdə müəyyən təminatlar nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin məhdud əsasları müəyyənləşdirilmiş, eləcə də həmin Məcəllənin on birinci Fəsli ilə əmək müqavilələrinə xitam verilərkən işçilər üçün təminatlar təsbit olunmuşdur.

20. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “ə” bəndinə görə, işəgötürənin Əmək Məcəlləsinin və digər normativ hüquqi aktlarların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüquqları vardır.

21. Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə görə, əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə ləğv edilə bilər.

22. Həmin Məcəllənin 71-ci maddəsinə görə, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

23. Məcəllənin 77.1-ci maddəsinə görə, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

24. Məcəllənin 80.1-ci maddəsinə görə, bu Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

25. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” xx.xx.2025-ci il tarixli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İddiaçı, xx.xx.2025-ci il tarixi xəbərdarlıq məktubu ilə işəgötürənin yenilənmiş struktur və yeni ştat cədvəlinin təsdiqi ilə əlaqəli olaraq, Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən onun tutduğu vəzifənin ixtisara düşməsi ilə əlaqədar, həmin tarixdən 9 təqvim həftəsi əvvəl məlumatlandırılmışdır.

26. İş üzrə Rayon Məhkəməsinin qəbul etdiyi qətnamədən görünür ki, Rayon Məhkəməsi ştatların ixtisarı ilə bağlı qeyd etmişdir ki, təcrübədə ştat ixtisarı dedikdə müəyyən olunmuş vəzifə üzrə bir və yaxud bir neçə ştat vahidinin ləğvi, eləcə də işlərin həcminin azaldılması başa düşülür. İşçilərin sayının və ya ştatının ixtisarı müəssisədə istehsalın və idarəçiliyin təşkilini təkmilləşdirmək, təsərrüfat fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə işəgötürənin əmri ilə həyata keçirilir. İşəgötürən tərəfindən işçilərin sayının və ya ştatının ixtisarı haqqında müvafiq qərar qəbul edildikdə, əvvəlcə müəssisədə boş vəzifələr ləğv olunur və yalnız bundan sonra işləyənlərin hesabına ixtisar həyata keçirilir. Mübahisənin yaranması halında işçilərin sayının və ya ştatının ixtisarının həqiqətən aparıldığının təsdiqi kimi digər sənədlərlə yanaşı eyni zamanda ştat cədvəlləri də çıxış edə bilər.

27. Cavabdeh tərəf həmin qətnamədən verdiyi apellyasiya şikayətində Rayon Məhkəməsinin bu mövqeyini səhv hesab etsə də, Məhkəmə apellyasiya şikayətinin dəlilini əsaslı hesab etmir. Çünki işdən görünür ki, işəgötürənin işçilərin ştat ixtisarı məqsədilə qəbul etdiyi əmrlə əslində faktiki olaraq heç bir ixtisar baş tutmamışdır. İşdə olan xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə təsdiq edilmiş “Ştat cədvəllərindən” görünür ki, ixtisar barədə əmr verilməzdən öncə ştat vahidlərinin sayı 88 olmuşdur. Əmrdən sonra da ştat vahidlərinin sayı azalmamış, 88 ştat vahidi olaraq da qalmışdır. Buradan da görünür ki, əslində işəgötürən tərəfindən işçilərin ştat ixtisarı olmamış, sadəcə Mərkəzin fəaliyyəti ilə bağlı bəzi məsələlərin təkmilləşdirilməsi ilə əlaqədar mövcud şöbələr ləğv olunaraq onların bazasında yeni şöbələr yaradılmışdır. Belə olan halda işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işçilərin sayı və ya ştatlarının ixtisar olunması əsası ilə xitam verilməsi qanunsuzdur. Çünki faktiki olaraq cavabdeh müəssisədə işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilə bilməsi ilə bağlı yuxarıda qeyd olunan əsas yaranmamışdır.

28. Digər tərəfdən qeyd edilməlidir ki, qanunvericiliyin tələbinə görə işçilərin sayının və ya ştatının ixtisarı zamanı işçinin peşəkarlığı, ixtisası nəzərə alınmaqla onun müvafiq işə keçirilməsi imkanı mütləq araşdırılmalıdır. Cavabdehin nümayəndəsi izahatında işəgötürən tərəfindən iddiaçıya başqa iş təklif edildiyini bildirsə də, iddiaçı bunu inkar etmiş və ona heç bir başqa vəzifə təklif edilmədiyini bildirmişdir.

29. Cavabdehin nümayəndəsi işəgötürən tərəfindən iddiaçıya başqa işin təklif edilməsini təsdiq edə biləcək sübut kimi hazırkı qətnamənin 14-cü bəndində qeyd edilmiş xx.xx.2025-ci il tarixli aktda istinad etsə də, Məhkəmə bununla bağlı qeyd edir ki, təcrübədə işçinin ştat vahidi ixtisar olunduğu zaman ona başqa iş təklif olunarkən, əgər işçi bundan imtina edərsə işəgötürən tərəfindən tərtib edilmiş aktla işçi tanış edilir və ona bununla bağlı akta imza etdirilir. Əgər işçi imza etməkdən imtina edərsə, bu hal aktda qeyd olunaraq öz əksini tapır. Lakin cavabdehin nümayəndəsinin həmin aktdan müəyyən olunur ki, Mərkəzin əməkdaşları tərəfindən tərtib olunmuş aktda iddiaçının iştirakı, onun aktı imzalaması yaxud imzalamasından imtina etməsi ilə bağlı heç bir qeyd öz əksini tapmamışdır. Bu isə onu göstərir ki, işəgötürən tərəfindən işçinin müvafiq işə keçirilməsi imkanı müəyyən edilməmiş, formal akt tərtib edilməsi yolu ilə işçinin iradə ifadəsi müəyyən edilməmişdir.

30. İşəgötürən tərəfindən iddiaçıya başqa işin təklif edilməsini təsdiq edə biləcək başqa heç bir mötəbər sübutu məhkəmələrə təqdim edilməmişdir.

31. Bunlara görə də, Məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə (işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulmuş və Rayon Məhkəməsi bu kimi nəticəyə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır.

32. Rayon Məhkəməsi iddiaçı tərəfindən iş üzrə çəkilmiş xərcləri cavabdeh tərəfə aid etmişdir.

33. Bununla bağlı Məhkəmə qeyd edir ki, MPM-in tələblərinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir (maddə 107.). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (maddə 119.1.).

34. Odur ki, qeyd edilən prosessual normaların tələblərini, həmin xərclərin iddiaçı tərəfindən real olaraq çəkildiyini nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi məhkəmə xərclərini cavabdeh tərəfə aid etməkdə haqlı olmuşdur. g) apellyasiya baxışının nəticəsi

35. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

36. Buna görə də MPM-in 385.2-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə əsasən iddiaçının özünə aid edilməlidir.

37. Məhkəmə həmçinin bildirir ki, iddianın təmin edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, iş üzrə iddiaçı hazırki qətnamədən kassasiya şikayəti verə bilməz. Cavabdeh isə hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

38. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 392, 393, 402, 405 maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 oktyabr 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyator hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar