Məhkəmə qərarları › İş №2(103)-6515/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6515/2024

11.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6515/2024 11.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4553/2024 saylı 07 avqust 2024-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 04 fevral 2019-cu il tarixli 2019/00528 nömrəli Kredit müqaviləsinə əsasən, 24 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 23000 (iyirmi üç min) manat məbləğində kredit verilmişdir.

2. 04 fevral 2019-cu il tarixli 2019/00528 nömrəli Kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən öhdəliklər icra olunmadığı səbəbindən, xx.xx.2021-ci il tarixində "xxxx" MMC aidiyyəti üzrə məhkəməyə müraciət etmişdir.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4472/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə iddiaçı "xxxx" BOKT MMC arasında bağlanmış 04 fevral 2019-cu il tarixli, 2019/00528 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh kredit müqaviləsi üzrə 18019.76 manat əsas borc, 15872.40 manat faiz borcu və 804 manat cərimə borcu olmaqla, cəmi 34696.16 manatın iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə tutulması, tələbin Cavabdeh məxsus olan ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında olan 5 mərtəbəli binanın zirzəmisində yerləşən 56.90 kv.m ümumi sahəsindən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin ilkin (likvid) qiyməti 100000 manat olmaqla açıq hərracdan satılsın, satışdan əldə olunmuş vəsait hesabına cavabdehin banka olan borcu ödənilməsi, ipotekaya qoyulmuş Cavabdeh məxsus olan ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında olan 5 mərtəbəli binanın zirzəmisində yerləşən 56.90 kv.m ümumi sahəsindən ibarət qeyriyaşayış sahəsinə tutma yönəldikdən sonra əmlak satıldıqda ən geci 1 ay ərzində mənzildə qeydiyyatda olan Cavabdeh mənzildən çıxarılması və həmin mənzilin onun tərəfindən boşaldılması, iddia qismən təmin edildiyi üçün iddiaçı "xxxx" BOKT MMC-si tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 50 %, yəni 15 manatın Cavabdeh tutularaq iddiaçıya ödənilməsi qalan 50 %, yəni 15 manatın iddiaçıya aid edilməsi qət edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2463/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehin nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 4472/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsinin “04 fevral 2019-cu il tarixli, 2019/00528 nömrəli kredit müqaviləsi üzrə 18019.76 manat əsas borc, 15872.40 manat faiz borcunun tutulması” hissəsində dəyişdirilməklə, əsas borc 17583,26 (on yeddi min beş yüz səksən üç manat, iyirmi altı qəpik) manat, faiz borcu isə 6172,90 (altı min bir yüz yetmiş iki manat, doxsan qəpik) manat müəyyən edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat pul Cavabdeh tutularaq Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Еkpеrtizаsı Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

5. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-97/2023 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 2463/2022 nömrəli mülki iş üzrə 20 iyul 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına qaytarılması qərara alınmışdır.

6. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2476/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4472/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh kredit müqaviləsi üzrə 17583,26 (on yeddi min beş yüz səksən üç manat, iyirmi altı qəpik) manat əsas borc, 6172,90 (altı min yüz yetmiş iki manat, doxsan qəpik) manat faiz borcu və 800 (səkkiz yüz) manat cərimə borcu olmaqla, cəmi 24556,16 (iyirmi dörd min beş əlli altı manat, on altı qəpik) manatın iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə tutulması, tələbin Cavabdeh məxsus olan ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında olan 5 mərtəbəli binanın zirzəmisində yerləşən 56.90 kv.m ümumi sahəsindən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin ilkin (likvid) qiyməti 100000 manat olmaqla açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehin banka olan borcun ödənilməsi,Cavabdeh ona məxsus olan ünvan 1 ünvanında olan 5 mərtəbəli binanın zirzəmisində yerləşən 56.90 kv.m ümumi sahəsindən ibarət qeyri-yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılması, iddianın qismən təmin edildiyi üçün iddiaçı "xxxx" BOKT MMC-si tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 50 %, yəni 15 manatın Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, qalan 50 %, yəni 15 manatın iddiaçıya aid edilməsi 300 manat qiymətləndirmə xərcinin 50%, yəni 150 manat Cavabdeh, 50%, yəni 150 manat iddiaçıdan tutularaq "xxxx" MMC-yə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pulun 50 manatının Cavabdeh, 50 manatın isə "xxxx" MMCdən tutularaq dövlət büdcəsinə köçürülməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun apellyatorun özünə aid edilməsi qət edilmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023 il tarixli, 2(102)-3004/2023 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanılmışdır.

8. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2476/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilmiş və qətnamədə göstərilən borc məbləği cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində ödənilmişdir

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı “X6 Kredit Təşkilatı” MMC Cavabdeh qarşı Cavabdeh dəymiş zərərə görə 1758.30 manat məbləğində vəsaitin və 38 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC–yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 04 fevral 2019-cu il tarixli 2019/00528 nömrəli Kredit müqaviləsinə əsasən, 24 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 23000 (iyirmi üç min) manat məbləğində kredit verilmişdir. 04 fevral 2019-cu il tarixli 2019/00528 nömrəli Kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən öhdəliklər icra olunmadığı səbəbindən, xx.xx.2021-ci il tarixində "xxxx" MMC aidiyyəti üzrə məhkəməyə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2476/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsində göstərilmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə 17583,26 (on yeddi min beş yüz səksən üç manat, iyirmi altı qəpik) manat əsas borc, 6172,90 (altı min yüz yetmiş iki manat, doxsan qəpik) manat faiz borcu və 800 (səkkiz yüz) manat cərimə borcu olmaqla, cəmi 24556,16 (iyirmi dörd min beş yüz əlli altı manat, on altı qəpik) manat iddiaçı "xxxx" MMCnin xeyrinə tutulsun. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2476/2023 saylı xx.xx.2023cü il tarixli qətnaməsində göstərilən borc məbləği cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində ödənilmişdir. Qeyd etmək istəyirik ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Pul məbləğinin ödənilməsi tərəfinizdən 2 (iki) il gecikdirildiyi nəticəsində "xxxx" MMC-yə maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, pul məbləğinin ödənilməsinin gecikdirilmiş vaxtı üçün illik beş faiz hesablanır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2476/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsində göstərilən 04 fevral 2019-cu il tarixli 2019/00528 nömrəli Kredit müqaviləsi üzrə əsas borc 17583,26 (on yeddi min beş yüz səksən üç manat, 26) manat məbləğinə gecikdirilmiş hər ilə görə beş faiz hesablanaraq (xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək-2 il)- 1758.30 (bir min yeddi yüz əlli səkkiz.30) manat (17583.26 X 5%=879.16 X 2=1758.30) manat məbləğində vəsait təşkil edir.

11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4553/2024 saylı 07 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakim Əminə Abbasova) iddianın təmin edilməməsi qət edilmişdir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 442, 445-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən iddiaçı "xxxx" MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

16. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə iclaslarına gəlməmidir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

17. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

18. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

19. 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

23. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4553/2024 saylı 07 avqust 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, dəymiş zərərə görə 1758.30 manat məbləğində vəsait, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 38 manat dövlət rüsumu və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 20 manat rüsumun 19 manat hissəsi tutularaq Cavabdeh İddiaçı MMC–yə ödənilməlidir.

30. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin)

b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.

31. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.

32. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

33. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı tərəf cavabdehin kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb etsə belə, mülki iş materiallarından göründüyü kimi tələbin icrasının gecikdirilməsi borclunun təqsirli və qərəzli hərəkətləri nəticəsində deyil, tərəflər arasında yaranmış mübahisənin həllinə yönəldilmiş, davam edən məhkəmə çəkişməsi ilə bağlı olmuşdur. Belə olan halda isə, cavabdehin hərəkətləri təqsirli və qanuna zidd hərəkətlər kimi qiymətləndirilə bilməz, çünki cavabdeh Azərbaycan Respublikası Konstitusiyası və qanunvericiliyində müəyyən edilmiş məhkəmə müdafiəsi hüququndan istifadə edərək, qəbul edilmiş məhkəmə qətnamələrindən şikayət vermiş, son nəticədə isə kreditor tərəfindən tələb edilən borc məbləğinin düzgün olmadığı müəyyən edilmiş və qəbul edilmiş yekun məhkəmə qətnaməsinə əsasən borc məbləği azaldılmışdır. Ona görə də kredit müqaviləsi üzrə hər iki tərəfin hüquqlarının bərpasına yönəlmiş məhkəmə prosesinin davam edən müddəti üzrə iddiaçı “X6 Kredit Təşkilatı” MMC tərəfindən öhdəliyin gecikdirilməsinə görə əlavə faizlərin hesablanması yolverilməzdir. Odur ki, “X6 Kredit Təşkilatı” MMC-nin Cavabdeh qarşı Cavabdeh dəymiş zərərə görə 1758.30 məbləğində vəsaitin tutulması tələbinə dair iddiası əsassız hesab edilərək rədd edilməlidir.

34. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmamaqla qətnaməni qanuni və əsaslı hesab etmir.

35. Belə ki, iş materiallarından görünür ki, iddiaçı “X6 Kredit Təşkilatı” MMC ilə Cavabdeh arasında bağlanmış 04 fevral 2019-cu il tarixli 2019/00528 nömrəli kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Nəticədə cavabdehin “X6 Kredit Təşkilatı” MMC -yə 04 fevral 2019-cu il tarixli 2019/00528 nömrəli nömrəli kredit müqaviləsinə əsasən 1758.26 manat əsas, 6172.90 manat faiz borcu yaranmışdır.

36. Məhkəmə kollegiyası iddia tələbinin müqavilənin müddəti bitdikdən sonra illik 5 faiz dərəcəsi ilə hesablama aparmaqla cavabdehdən 1758.30 manat məbləğində faiz borcunun tutulması ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir.

37. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər.

38. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir.

39. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir.

40. Nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.

41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

42. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.

43. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin müqavilənin müddəti bitdikdən sonra illik 5 faiz dərəcəsi ilə hesablama aparmaqla cavabdehdən faiz borcunun tutulmasının əsasını iddiaçının qazana və istifadə edə biləcəyi əldən çıxmış faydanın dəyərinin müəyyənləşməsi təşkil edir. Hazırkı iş üzrə kreditor bank olduğundan qeyd olunmalıdır ki, bankların fəaliyyətində kredit müqaviləsi ilə borcluya verilmiş pul vəsaitinin vaxtında qaytarılması, yaxud öhdəlik lazımi qaydada icra edilmədikdə faiz borcunun tutulması mühüm əhəmiyyət kəsb edir, belə ki, bankın iqtisadi təhlükəsizliyi, maliyyə sabitliyi digər xüsusatlarla yanaşı qeyd olunan hallardan da asılıdır.

44. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq hesab edir ki, borc müqaviləsi hər iki tərəf üçün müəyyən hüquq və öhdəliklər yaradır. Borc alan şəxs müqaviləyə əsasən borcu müəyyən edilmiş vaxtda qaytarmaq öhdəliyinə malikdir. Bu öhdəliyin vaxtında yerinə yetirilməməsi müqavilə şərtlərinin pozulması hesab olunur. Mülki Məcəllə prinsiplərinə əsasən, borcun vaxtında qaytarılmaması gecikmənin səbəbindən asılı olmayaraq, borcluya qarşı məsuliyyət yaradır (hətta gecikmə onun iradəsindən asılı olmayan səbəblərlə bağlı olsa belə). Hazırki iş üzrə tərəflər arasında məhkəmə proseslərinin mövcudluğu borc öhdəliyinin icrasına maneə kimi qəbul edilə bilməz, çünki borclu məhkəmə çəkişməsi dövründə də əsas borcunu ödəyə bilərdi və bu, onun hüquqi seçimidir. Bank, borc alan şəxsin müqavilə şərtlərini pozması səbəbindən itkiyə məruz qalırsa, onun zərərlərinin ödənilməsi məntiqi və hüquqi baxımdan əsaslıdır. Əks halda, borclu öz öhdəliyini pozaraq bankın maraqlarına zərər vurmuş olur.

45. Kollegiya həmçinin qeyd edir ki, bank borcun qaytarılmasında yaranan gecikməyə görə faiz tələb etməklə öz maliyyə zərərlərini kompensasiya etməyi hədəfləyir. Bu, hüquqi olaraq həm ədalət prinsipinə uyğun, həm də zəruri hesab olunur. Bu, borcun gecikdirilməsindən yaranan bankın maliyyə itkisini əvəzləmək üçündür. Bank borcu qaytarmalı olan vəsaiti vaxtında istifadə edə bilmir, nəticədə öz müştərilərinə və ya investorlarına qarşı öhdəliklərini yerinə yetirməkdə çətinliklə üzləşə bilər. Gecikmə faizinin ödənilməsi borc alan şəxsin öz öhdəliklərini vaxtında icra etmədiyi üçün məsuliyyət daşıdığını göstərir.

46. Məhkəmənin qərarı sui-istifadə hallarına yol açmamalıdır. Əgər məhkəmə borclunun məhkəmə proseslərini əsas gətirərək faiz ödənişindən azad edilməsini qanuni hesab edərsə digər borclular da məhkəmə çəkişmələrini uzadaraq, ödənişlərdən yayınmağa çalışa bilər. Bu, həm müqavilə münasibətlərində hüquq balansını pozar, həm də iqtisadi sistemdə sabitliyə zərər verər.

47. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməlidir.

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

49. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

50. Kollegiya hesab edir ki, hazırkı halda iddia tələbi təmin edildiyindən məhkəmə xərclərinə aid olan iddianın verilməsi üçün ödənilmiş 38 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 19 manat, ümumilikdə 47 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə veriməlidir.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4553/2024 saylı 07 avqust 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Dəymiş zərərə görə 1758.30 manat məbləğində vəsait, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 38 manat dövlət rüsumu və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 20 manat rüsumun 19 manat hissəsi tutularaq Cavabdeh İddiaçı MMC–yə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar