Məhkəmə qərarları › İş №2(103)-6516/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6516/2020

02.09.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6516/2020 02.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə İddiaçı, onun nümayəndəsi və vəkili X2, Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)-2738/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xx.xx.2020-ci il tarixli 213-K nömrəli əmrinin ləğv edilməsi, onun “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin müəssisədən kənar tibbi xidmətlərin təşkili şöbəsi, təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifəsinə bərpa edilməsi, xx.xx.2020-ci il tarixdən başlayaraq işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, İddiaçı ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC arasında xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi bağlanmış və İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin müəssisədən kənar tibbi xidmətlərin təşkili şöbəsi, təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən həmin müqavilə 1 il müddətinə yəni xx.xx.2020-ci il tarixədək bağlanmışdır. İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-də işlədiyi müddət ərzində öz əmək funksiyalarını layiqincə və vicdanla yerinə yetirmişdir. Belə ki, “xxxxxxxxxxx” Şirkəti ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC arasında xx.xx.2019-cu il tarixdə 007/129/19 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən sifarişçinin tələbi ilə icraçı, yəni “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC “MAERSK Explorer” platformasında növbəlilik üzrə iki həkimin iştirakını təşkil etməlidir. Bir növbə iki həftəyə bərabərdir. Bu səbəbdən, iddiaçı öz əsas əmək funksiyalarını növbə rejimində “MAERSK Explorer” dəniz platformasında icra etmişdir və onun növbətçiliyin müddəti 14 gün təşkil etmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçıya cavabdehin nümayəndəsi tərəfindən sms göndərilmiş və xx.xx.2020-ci il tarixdə onunla əlaqə saxlanılması xahiş edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdehin nümayəndəsi ilə əlaqə saxlayıb, ona idarəyə gəlməsi bildirilib, lakin müqaviləyə xitam veriləcəyi barədə məlumat verilməyib. İddiaçı həmin vaxt dənizdə növbətçilikdə olduğuna görə iş yerinə gedə bilməmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı növbətçilikdən evə qayıtmış və xx.xx.2020-ci il tarixdə iş yerinə, yəni “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin yerləşdiyi ünvana getmişdir. Lakin orada heç kimi tapmamış və xx.xx.2020-ci il tarixdə yenidən oraya getmişdir. Bu zaman iddiaçıya əmək müqaviləsinin 1 illik müddətinin xx.xx.2020-ci il tarixdə başa çatdığını bildirmişlər və təklif etmişlər ki, öz xahişi ilə işdən azad olunması barədə ərizə yazsın. İddiaçı ərizə yazmaqdan imtina etmişdir. Bundan sonra iddiaçıya əmək müqaviləsinə xatam verilməsinə dair “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xx.xx.2020-ci il tarixli 213-K nömrəli əmrini və əmək kitabçasını təqdim etmişlər. Həmin əmrə əsasən İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASCnin müəssisədən kənar tibbi xidmətlərin təşkili şöbəsi, təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifəsinə təyin edilməsi barədə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi əsasında xitam verilmişdir. Cavabdehin bu hərəkəti qanuna ziddir. Belə ki, Əmək Məcəlləsinin 73.1-ci maddəsinin tələblərinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir, həmin tarixdən etibarən bir həftədən çox müddət keçmişdir və xx.xx.2020-ci il tarixdən tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddəti uzadılmış kimi qəbul edilməlidir. Çünki, işəgötürən əmək müqaviləsinə xitam verəcəyi barədə işçiyə xx.xx.2020-ci ilə kimi xəbərdarlıq etməmişdir. İşdən azad olunması əmri və əmək kitabçası iddiaçıya xx.xx.2020ci il tarixdə təqdim olunmuşdur. Son haqq-hesabı isə xx.xx.2020-ci il tarixdə ödənilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)-2738/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən İddiaçı oğlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə hazırkı qətnaməni qəbul edərkən işi obyektiv araşdırmamış, nəticədə iddiaçının hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, iddia ərizəsində qeyd edildiyi kimi, iddiaçı müəssisədən kənar tibbi xidmətlərin təşkili şöbəsində təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifəsində işləmişdir. İddiaçının iş yeri isə Xəzər dənizində “MAERSK Explorer” platforması olmuşdur. Yəni, iddiaçı əmək müqaviləsi ilə üzərinə götürdüyü əmək funksiyalarını həmin platformada icra etmişdir. Lakin, məhkəmə bunu düzgün hüquqi qiymət verməyərək öz qətnaməsində qeyd edir ki, ... “iddiaçı həmin dövrdə dənizdə növbətçilikdə olduğuna görə, əmək müqaviləsinə xitam verilməmiş və onun növbədən iş yerinə qayıtması gözlənilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun rəsmi olaraq “MAERSK Explorer” dəniz platformasından iş yerinə qayıtdığı gün, yəni xx.xx.2020-ci il tarixdə (onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş) xitam verilmişdir”. Halbuki, iddiaçının iş yeri məhz sözügedən platforma olmuşdur. Daha sonra məhkəmə öz qətnaməsini əsaslandıraraq AR Əmək Məcəlləsinin 73.2-ci maddəsinə istinad edərək qeyd edir ki, “...İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər”. Hesab edilir ki, məhkəmə bu maddi normanı düzgün tətbiq etməmişdir, çünki iddiaçı əmək müqaviləsinə xitam verildiyi müddətdə iş yerində olmuşdur, həmin maddədə göstərilmiş səbəblərdən heç biri mövcud olmamışdır. “MAERSK Explorer” platforması iddiaçının daimi iş yeri olmuşdur. Məhkəmə obyektiv və düzgün araşdırma aparsaydı məlum olacaqdı ki, iddiaçının daimi iş yeri “MAERSK Explorer” platforması olmuş və o öz əmək funksiyalarını daimi olaraq məhz orada icra etmişdir. AR Maliyyə Nazirliyinin xx xxxxxx 2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “X3”na əsasən, dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonra-təşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. İddiaçı isə “MAERSK Explorer” platformasına ezamiyyətə getməmiş, bu platforma onun daimi iş yeri idi. Bundan əlavə, qeyd etmək istəyirik ki, AR Əmək Məcəlləsinin 73.1-ci imaddəsinə əsasən, əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İddiaçının cavabdehlə bağladığı əmək müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdə bitirdi və bu müddət bitdikdən sonra bir həftə ərzində cavabdeh müqaviləyə xitam verilməsini iddiaçıdan tələb etmədiyindən iddiaçı öz əmək funksiyalarının icrasını davam etdirmişdir. Lakin, buna baxmayaraq, cavabdeh xx.xx.2020-ci il tarixli əmri ilə əmək müqaviləsinə xitam vermişdir. Yəni müddətin bitməsindən bir həftə ərzində yox, 11 gün sonra əmək müqaviləsinə xitam verilmişdir. Halbuki, cavabdeh hər gün iddiaçı ilə əlaqə saxlamış və iddiaçı ona işi ilə əlaqədar olaraq gündəlik hesabat vermişdir. Məhkəmə isə işə tətbiq edilməli hüquq norması olan AR Əmək Məcəlləsinin 73.1- ci maddəsinə ümumiyyətlə istinad etməmiş və buna öz münasibətini bildirməmişdir. Əksinə, heç bir əsas olmadan hazırkı işin hallarına uyğun gəlməyən AR Əmək Məcəlləsinin 73.2-ci maddəsini (düzgün olmayan hüquq normasını) tətbiq etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili X5 apellyasiya şikayətin müdafiə etdilər, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında cavabdeh xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi və vəkili X4 apellyasiya şikayətini qəbul etmədi, izahat verərək göstərdi ki, İddiaçı ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müddətli əmək müqaviləsinə əsasən İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin müəssisədən kənar tibbi xidmətlərin təşkili şöbəsi, təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən həmin müqavilə 1 il müddətinə, yəni xx.xx.2020-ci il tarixədək bağlanmışdır. İddiaçı öz əsas əmək funksiyalarını növbə rejimində “MAERSK Explorer” dəniz platformasında icra etmişdir və onun növbətçilik müddəti 14 gün təşkil etmişdir. Çünki, “xxxxxxxxxxx” Şirkəti ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 007/129/19 nömrəli xidmət müqaviləsinə əsasən sifarişçinin tələbi ilə icraçı, yəni “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC “MAERSK Explorer” platformasında növbəlilik üzrə iki həkimin iştirakını təşkil etməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. Lakin, iddiaçı həmin dövrdə dənizdə növbətçilikdə olduğuna görə, əmək müqaviləsinə xitam verilə bilməzdi. Çünki, Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinin tələbinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Göründüyü kimi, iddiaçı iş yerində üzürlü səbəbdən, yəni ezamiyyətdə olduğuna görə olmamışdır. Bu səbəbdən, onunla bağlanmış əmək müqaviləsinə onun rəsmi olaq “MAERSK Explorer” dəniz platformasından qayıtdığı gün, yəni xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. Belə ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xx.xx.2020-ci il tarixli 213-K nömrəli əmrinə əsasən İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin müəssisədən kənar tibbi xidmətlərin təşkili şöbəsi, təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifəsinə təyin edilməsi barədə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi əsasında xitam verilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı əmri və əmək kitabçasını şəxsən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən almışdır, son haqq-hesabı xx.xx.2020-ci il tarixdə ona ödənilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl edilmişdir. Xahiş etdi ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılsın. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)-2738/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Belə ki, işdə olan sənədlər və işin həqiqi halları ilə müəyyən edildi ki, İddiaçı ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müddətli əmək müqaviləsinə əsasən İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin müəssisədən kənar tibbi xidmətlərin təşkili şöbəsi, təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən həmin müqavilə 1il müddətinə, yəni xx.xx.2020-ci il tarixədək bağlanmışdır. İddiaçı öz əsas əmək funksiyalarını növbə rejimində “MAERSK Explorer” dəniz platformasında icra etmişdir və onun növbətçilik müddəti 14 gün təşkil etmişdir. Çünki, “xxxxxxxxxxx” Şirkəti ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 007/129/19 nömrəli xidmət müqaviləsinə əsasən sifarişçinin tələbi ilə icraçı, yəni “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC “MAERSK Explorer” platformasında növbəlilik üzrə iki həkimin iştirakını təşkil etməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. Lakin, iddiaçı həmin dövrdə dənizdə növbətçilikdə olduğuna görə, əmək müqaviləsinə xitam verilməmiş və onun növbədən iş yerinə qayıtması gözlənilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun rəsmi olaraq “MAERSK Explorer” dəniz platformasından iş yerinə qayıtdığı gün, yəni xx.xx.2020-ci il tarixdə (onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş) xitam verilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xx.xx.2020-ci il tarixli 213-K nömrəli əmrinə əsasən İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin müəssisədən kənar tibbi xidmətlərin təşkili şöbəsi, təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifəsinə təyin edilməsi barədə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, müqavilənin müddətinin bitməsi əsası ilə xitam verilmişdir. İstifadə etmədiyi məzuniyyətə görə 30 təqvimin günü üçün pul əvəzi ödənilmiş və işçi ilə son haqq-hesab aparılmışdır. İddiaçı işdən çıxma əmrini və əmək kitabçasını xx.xx.2020-ci il tarixdə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən şəxsən almışdır, xx.xx.2020-ci ildə son haqq-hesabı ödənilmişdir. Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması, əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Göründüyü kimi, işəgötürənin xx.xx.2020-ci il tarixli əmri ilə (onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş) Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən müddətli müqavilə əsasında çalışan iddiaçı əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar tutduğu vəzifədən azad edilərkən və onunla xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam verillərkən, Əmək Məcəlləsinin 68, 73-cü maddələrinin tələblərinə əməl edilmişdir. Bu səbəbdən iddia tələbi təmin edilməmişdir. Həmçinin məhkəmə iddia tələbi əsassız olduğuna görə, iddia müddətinin tətbiqinə dair cavabdehin ərizəsinə qiymət verməyə lüzüm olmadığını qeyd etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olmuş sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcburi halda hüquqi qiymət verməklə düzgün hesab etmişdir ki, iddia təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)- 2738/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar