Məhkəmə qərarları › İş №2(103)-6516/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6516/2023

01.11.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6516/2023 01.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2 qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürmə” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X11 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3464/2023 nömrəli, 22 avqust 2023-cü il tarixli qətnaməsindən cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Xətai rayonu İcra hakimiyyətinin Başçısı tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli Sərəncamdan çıxarışa əsasən, Pivzavod küçəsindəki 24 nömrəli evin yaşayış sahəsi 38.0. kv.m olan 3 otaqlı 2 nömrəli mənzili vətəndaş Cavabdeh əvəzsiz şəxsi mülkiyyətinə verilmişdir.

2. Bakı şəhəri Xətai rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi 2 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş yaşayış yeri haqqında arayışa əsasən, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Pivzavod küçəsi 24 nömrəli evin 2 nömrəli mənzilində anası X3 Ö.H.Ş əsasında AZ-İ №635248 tarixli xx.xx.2013-cü ildə vəfat etmişdir. Ölən günə kimi birlikdə yaşayıblar. Dəfn xərcini çəkmişdir.

3. DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında №6222934 arayışa əsasən, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər X14 və Cavabdehdur. AZ-İV 117857 nömrəli Doğum haqqında Şəhadətnaməyə əsasən, X8 xx.xx.1985-ci ildə anadan olmuşdur. Onun atası Cavabdeh, anası isə X4.

4. Bakı şəhəri İcra Hakimiyyəti başçısının aparatı texniki invertarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinə əsasən, ünvan 1 ünvanı xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydiyyatdan keçirilmişdir.

5. X10 ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli kirayə müqaviləsinə əsasən, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 57 kv.m, yaşayış sahəsi isə 23 kv.m, yardımçı sahəsi 34 kv.m olan 1 otaqlı mənzil İddiaçı kirayəyə verilmişdir. Kirayəyə götürən aylıq 450 manat kirayə haqqı ödəməyi öz öhdəsinə götürmüşdür.

6. Bakı şəhəri Xətai rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi 2 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən “Arbitrium” vəkil bürosuna ünvanlanmış xx.xx.2023cü il tarixli məktuba əsasən, İddiaçı 1985-ci ildən ünvan 1 ünvanında qeydiyyatdadır.

7. Azərbaycan Respublikası İN yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21- 3-30/2-28766/2023 nömrəli məktuba əsasən, Bakı şəhəri, Xətai rayonu, Kamran Kazımov küçəsi (əvvəlki adı: Pivzavod küçəsi) ev 24 2 nömrəli mənzil xx.xx.2023-cü il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş Çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, Kamran Kazımov küçəsi (əvvəlki adı: Pivzavod küçəsi) ev 24 mənzil 2 xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh məxsusdur. Qeydiyyat tarixi xx.xx.2023-cü ildir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 3 ünvanında yerləşən mənzilə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən mənzil 30/43367 nömrəli qeydiyyat vəsiqəsi əsasında xx.xx.1994-cü il tarixində Cavabdeh adına özəlləşdirilmişdir. İddiaçı doğulduğu vaxtdan, yəni xx.xx.1985-ci ildən atasına, yəni cavabdehə məxsus yuxarıda qeyd olunan mənzildə yaşamışdır. İddia ərizəsinə əlavə olunmuş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan da bəlli olur ki, İddiaçı xx.xx.2002-ci il tarixindən həmin mənzildə qeydiyyatdadır. Həmçinin iddiaçının anası X5 vəfat edənə qədər (şəxs xx.xx.2013-cü il tarixində vəfat etmişdir) onunla birgə həmin mənzildə yaşamışdır. Eyni zamanda qeyd etmək lazımdır ki, cavabdeh ölkə xaricində olduğu üçün artıq xeyli müddətdir ki, həmin mənzildən istifadə etmir. İddiaçının bildirdiyinə görə bir müddət öncə Cavabdeh onu döyərək həmin mənzildən çıxarmış və mənzildən istifadə hüququnu məhdudlaşdırmışdır. Həmin vaxtdan etibarən iddiaçının başqa yaşayış yeri olmadığından Bakı şəhərində başqa mənzildə kirayə yaşayır. Hesab edir ki, iddiaçı cavabdehin ailə üzvü kimi həmin mənzildə doğulduğu gündən yaşamala bərabər mənzildən istifadə hüququnu əldə etmişdir. Belə ki, 1982-ci ildə qüvvəyə minmiş Mənzil Məcəlləsinin (30 iyun 2009-cu il tarixli 845-İİİQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən düşmüş hesab edilmişdir) 123-cü maddəsinə əsasən -Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Həmin Məcəllənin 53- cü maddəsinə əsasən -İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarına əsasən - 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Hesab edir ki, iddiaçı doğulduğu vaxtdan, yəni xx.xx.1985-ci ildən həmin mənzildə yaşamaqla istifadə hüququnu əldə etmişdir. Lakin qeyd etmək lazımdır ki, iddiaçı və cavabdehin münasibətləri korlanmış və bu səbəbdən də iddiaçının həmin mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülməsi zəruridir.

10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3464/2023 nömrəli, 22 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim X15) iddia tələbi təmin edilmiş, İddiaçı ünvan 4 ünvanına istifadə hüququnun tanınması və İddiaçı həmin mənzilə köçürülməsi qət edilmişdir.

11. Məhkəmə iddia tələbini təmin edərkən ona istinad etmişdir ki, iddiaçı mübahisəli mənzili könüllü olaraq tərk etməmişdir. Mənzildə iddiaçı ilə qonşuluqda yaşayan şəxslər, o cümlədən cavabdeh iddiaçının doğulduğu gündən 2023-cü ilin yanvar ayının ortalarına qədər həmin mənzildə yaşamasını, o cümlədən mənzildən getməsinə cavabdehlə aralarında baş vermiş mübahisənin səbəb olduğunu bildirmişlər. (§7,8) 32. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçının başqa mülkiyyəti yoxdur, o kirayəyə ev götürmüşdür. Məhkəmə qeyd edilənlərə əsasən hesab etmişdir ki, iddia əsaslıdır. İddiaçı ünvan 3 ünvanında yerləşən mənzilə istifadə hüququ tanınmalıdır və iddiaçı həmin mənzilə köçürülməlidir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu, 43-cü, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında 195-ci il Avropa Konvensiyasının 8-ci, 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü, 60-cı, 123-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 217.2-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən cavabdeh X6 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Nina Xadirnəbiyeva yaşadığı mənzili tərk edib getdiyi vaxtdan yəni xx.xx.2023-cü il tarixdən hal-hazıradək bir dəfə də olsun buraya qayıtmamışdır. Nina ona qarşı tamamilə sayqısızlıq göstərərək hətta, harada yaşaması barədə belə məlumat verməmişdir. Qızı Ninanın valideyn-övlad münasibətlərinə tamamilə zidd olan nalayiq davranışı nəticəsində onların artıq eyni mənzildə yaşamaqları mümkün deyildir. Eyni zmanda hazırda qüvvədə olan mülki qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qaydasında X7 Bakı şəhəri, Xətai rayonu, Pivzavod küçəsi, ev 24, 2 saylı mənzildən (evdən) istifadə hüququna kompensasiya ödəməklə xitam verilməsi qərarına gəlmişdir. Məhkəmə iclasında iddia tələbini qəbul etməsi barədə ərizə yazsada Azərbaycan dilində bilmədiyi üçün məhkəmədə deyiləni yazmışdır. Lakin mənasını başa düşməmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

16. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

17. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və onun nümayəndəsi və vəkili Vəkil2 tərəfindən elektron məhkəmə sistemi vasitəsi ilə ərizə təqdim edilmiş, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və təxirə salınmasını xahiş etmişdir. Kollegiya ərizədə məhkəmə iclasının təxirə salınmasına əsas ola biləcək hər hansı zəruri əsas göstərilmədiyindən ərizəni nəzərə almadan işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

d) Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

18. 152.3-cü maddəsinə əsasən istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Bu səlahiyyət əsasında fiziki şəxs əşyadan istifadə etməklə öz maddi və mənəvi tələbatını ödəyir (hazırkı halda mənzildə yaşayır). Əşyadan istifadə etmək əşyaya münasibətdə şəxsin öz mənafeləri üçün hərəkət etməsini (müxtəlif ehtiyacı və tələbatı ödəmək, fayda götürmək, gəlir, artım və bəhər əldə etmək və s.), onun köməyi ilə istehsal və ya istehlak ehtiyaclarının ödənilməsini, əşyanın sosial-təsərrüfat təyinatına uyğun olaraq istismar edilməsini ifadə edir. İstifadə obyekti mənzil olduğu halda, bu əmlakdan (mənzildən) istifadəni həmin mənzildə yaşamaq təşkil edir.

19. 2009-cu il 01 oktyabrınadək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:

53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 54-cü maddəsinin tələblərinə görə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

e) Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və yeni qətnamənin qəbul edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətlərini düzgün qiymətləndirməklə, iddianın mənzilə köçürülməsi barədə düz nəticəyə gəlsə də, iddiaçının istifadə hüququnun tanınması hissəsində iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlməmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilməli və həmin hissədə iddia tələbi təmin edilməməməlidir.

25. İşin faktiki hallarından göründüyü kimi iddiaçı cavabdehin qızıdır, o 1985-ci ildən mübahisəli mənzildə yaşayır. Tərəflər arasındakı hüquq münasibətləri 2000-ci il sentyabrın 1-dək olan dövrdə yaranmışdır. Ona görə də mübahisə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Belə ki, Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsınin xx.xx.2001-ci il tarixli Qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

26. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya Bakı şəhəri Xətai rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi 2 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sənədə əsasən, İddiaçı 1985-ci ildən ünvan 1 ünvanında qeydiyyatdadır. Hazırda qüvvədən düşmüş Mənzil Məcəlləsinin yuxarıda qeyd edilən müddəaları əsasında iddiaçının həmin mənzildən istifadə hüququ həmin dövrdən yaranmış, hal hazıradək də davam edir. Belə ki, iddiaçının evdən çıxma səbəbi aralarında olan mübahisə olmuşdur. Hazırda da cavabdeh olan atası onun istifadə hüquqlarına kompensasiya verilməklə xitam verilməsi barədə qərara gəldiyini apellyasiya şikayətində də qeyd etmişdir.

27. 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin yuxarıda göstərilən 60-cı maddəsinin 1-ci hissəsində icarədar və ya onun ailə üzvlərinin müvəqqəti başqa yerə getdikləri halda istifadə hüquqularının saxlanılması müddəti dəqiq göstərilmişdir ki, bu müddət altı ayla məhdudlaşdırılmışdır. Qeyd edilən müddəanın mənasından belə nəticə əldə olunur ki, icarədar və ya onun ailə üzvləri həmin müddətdən artıq yaşayış sahəsindən getdikdə, əgər onlar yaşayış sahəsini iradələrindən kənar tərk etməmişlərsə, yaxud bu müddət keçdikdən sonra onların yaşayış sahəsinə qayıtması özlərindən asılı deyildirsə, istifadə hüquqları qeyd-şərtsiz itirilir. Göründüyü kimi, iddiaçının mənzildən getməsi iradəsindən kənar hadisəyə görə baş vermiş və iddiaçı altı aydan qısa bir müddətdə məsələni məhkəmədə mübahisələndirmişdir.

28. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.

29. İşin faktiki hallarından göründüyü kimi iddiaçı mübahisəli mənzili könüllü olaraq tərk etməmişdir. Mənzildə iddiaçı ilə qonşuluqda yaşayan şəxslər, o cümlədən cavabdeh iddiaçının doğulduğu gündən 2023-cü ilin yanvar ayının ortalarına qədər həmin mənzildə yaşamasını, o cümlədən mənzildən getməsinə cavabdehlə aralarında baş vermiş mübahisənin səbəb olduğunu bildirmişlər. Eyni zamanda iddiaçının başqa yaşayış və yeri və mülkiyyətində başqa daşınmaz əmlakı yoxdur. Bu baxımdan məhkəmənin iddiaçını həmin mənzilə köçürülmə barədə iddiası təmin etməkdə halı olmuşdur. Hazırda da cavabdeh olan atası onun istifadə hüquqlarına kompensasiya verilməklə xitam verilməsi barədə qərara gəldiyini apellyasiya şikayətində də qeyd etmişdir. Qanunverici istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda mülkiyyətçinin məhkəmə qaydasında bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə iddia qaldırmaq hüququ vardır.

30. Eyni zamanda apellyasiya şikayətində cavabdeh iddia tələbinin qəbul edilməsi barədə birinci instansiya məhkəməsinə veridiyi ərizənin mənasını Azərbaycan dilində biimədiyi üçün başa dümədiyini bildirsə də, işdən göründüyü kimi, ərizə eyni zamanda rus dilində də yazılmaqla özü tərəfindən imzalanmışdır.

31. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının mübahisəli mənzilə istifadə hüququ möcud olmaqla xitam verilməmişdir. Yəni, məhkəmə özü də istifadə hüququnun olmasını əsas gətirməklə iddiaçının həmin mənzilə köçürülməsi barədə tələbini əsaslı hesab etmişdir. Lakin buna baxmayaraq mövcud olan istifadə hüququnun yenidən tanınması barədə səhv nəticəyə gəmişdir. Bu baxımdan kollegiya hesab edir ki, həmin hissədə qətnamə ləğv edilməklə iddia tələbi təmin edilməməlidir.

32. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3464/2023 nömrəli, 22 avqust 2023-cü il tarixli qətnaməsi qismən- İddiaçı ünvan 4 ünvanına istifadə hüququnun tanınması hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

X1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3464/2023 nömrəli, 22 avqust 2023cü il tarixli qətnaməsi qismən- İddiaçı ünvan 4 ünvanına istifadə hüququnun tanınması hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar