Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6516/2025 03.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhər 30 nömrəli Uşaq Musiqi Məktəbinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunması və pul” tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: qətnamədən apellyasiya şikayəti verilməsi üçün müddətin ötürülməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı cavabdeh Bakı şəhər 30 nömrəli Uşaq Musiqi Məktəbinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunması və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 30 nömrəli Uşaq Musiqi Məktəbinin direktor vəzifələrini müvəqqəti icra edən Nümayəndə tərəfindən qəbul edilmiş 02 aprel 2025-ci il tarixli 40 saylı əmrin ləğv edilməsi, işə bərpa olunmağı və məcburi işburaxmağa görə ödənilməyən əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İş üzrə qəbul olunmuş məhkəmə aktları:
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-5810/2025 nömrəli qətnaməsinə əsasən iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
3. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-5810/2025 nömrəli qərardadına əsasən apelyasiya şikayəti geri qaytarılmışdır.
5. Xətai Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qətnamədən şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür.
Şikayətin dəlilləri:
6. İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)- 5810/2025 nömrəli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.
7. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-5810/2025 nömrəli qətnaməsi xx.xx.2025-ci il tarixdə saat 12:54 radələrində iddiaçıya rəsmi qaydada təqdim edilmiş və o, xx.xx.2025-ci il tarixində prosessual müddəti ötürmədən apellyasiya şikayəti vermişdir.
Tətbiq edilən hüquq normaları:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.3-cü maddəsinə əsasən ilərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.
9. Həmin Məcəllənin 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.
10. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
11. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildikdə geri qaytarılmalıdır.
12. Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
13. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
14. Məhkəmə kollegiyası mülki iş materiallarını nəzərdən keçirib hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-5810/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
15. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5810/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi xx.xx.2025-ci il tarixdə İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmişdir.
16. Bundan əlavə, qətnamə həmçinin sifarişli-xəbərnaməli poçt vasitəsilə iddiaçıya göndərilmiş və xx.xx.2025-ci il tarixdə ona təhvil verilmişdir.
17. Beləliklə, qətnamə iddiaçıya həm elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixdə, həm də poçt vasitəsilə xx.xx.2025-ci il tarixdə təhvil verilmişdir.
18. İddiaçı şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini xx.xx.2025-ci il tarixində təhvil aldığını əsas gətirərək, xx.xx.2025-ci il tarixində prosessual müddəti ötürmədən apellyasiya şikayəti verdiyini iddia edir.
19. Lakin, qətnamə xx.xx.2025-ci il tarixində iddiaçının və onun vəkili və nümayəndəsinin elektron kabinetlərinə yerləşdirildiyindən, həmin tarixdən qətnamə rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi iddiaçı tərəfindən 1 aylıq prosessual müddət ötürülmüşdür.
20. Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, İddiaçı tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-5810/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti xx.xx.2025-ci il tarixində verilmiş və bununla da qətnamədən şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürüldüyü, şikayətə isə prosessual müddətin bərpa olunması barədə vəsatətin əlavə edilmədiyi müəyyən edilmişdir.
21. Buna görə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfin şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 397.2, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)- 5810/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Rəşid Səmədov Hakimlər imzalar: Xumar Mərdanova Vahid Sadıqov