Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6518/2023 28.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə (Açar sözlər: maddi və mənəvi zərər) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2752/2023 nömrəli 24 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 28 noyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. "xxxx" MMC-nin 1 nömrəli istehsalatda bədbəxt hadisə barədə xx.xx.2023-cü il tarixli aktına əsasən Bədbəxt hadisənin təfsilatına görə MMC-nin fəhləsi İddiaçı xx.xx.2021ci il tarixdə saat 11:00-da MMC-nin ünvan 1 ünvanında yerləşən mərkəzə işə gəlmiş və soyunub-geyinmə otağında iş paltarlarını geyinmişdir. Daha sonra binanın və park sahəsinin inzibati və istismar xidmətləri üzrə nəzarətçi X6 İddiaçıa və digər fəhlələrə görəcəkləri işlər barədə tapşırıqlar vermiş və həmin işlərin xüsusiyyətinə uyğun olaraq onları əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına dair şifahi talimatlandıraraq, iş vaxtı ehtiyatlı olmalarını, əməyin mühafizəsi qaydalarına riayət etmələrini tapşırmışdır. Aparılmış iş bölgüsü zamanı nəzarətçi Aslan Nuriyev fəhlələr İddiaçı, X1 və digərlərinə “X9 11” modeli səbət tipli qaldırış qurğunu təmirə göndərmək məqsədi ilə yük məntəqəsinə aparmalarını tapşırmışdır. Tapşırığına uyğun olaraq İddiaçı və digər fəhlələr “X10 11” modeli səbət tipli qaldırıcı qurğunu yük məntəqəsinə gətirmişlər. Orada qurğu üfüqi vəziyyətə gətirildikdən sonra qurğu çəngəlli avtoyükləyici vasitəsi ilə yük avtomobilinə yüklənərək təmirə göndərməli idi. Təxminan saat 11:00 radələrində "xxxx" MMC-nin yük məntəqəsində fəhlələr “X9 11” modeli səbət tipli qaldırıcı qurğunu üfüqi vəziyyətə gətirən zaman, İddiaçı qurğunun yan tərəfində deyil, ön tərəfində dayanmış, iş yoldaşları ilə birlikdə qurğunu qaldıran zaman İddiaçı qurğunu özünə tərəf çəkməsi səbəbindən qurğu onun üzərinə aşmışdır. Nəticədə İddiaçı sağ çiynindən və sağ ayağından xəsarətlər almışdır. Binanın və park sahəsinin inzibati və istismar xidmətləri üzrə nəzarətçisi A.Nuriyev zərərçəkmiş İddiaçıa ilkin yardım göstərmiş və hadisə barədə təcili tibbi yardıma məlumat vermişdir. Hadisə yerinə gəlmiş təcili tibbi yardım briqadası İddiaçı “Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstutu” publik hüquqi şəxsinə aparmışdır. "xxxx" MMCnin “Fəhlə vəzifə təlimatı”nın vəzifə öhdəlikləri bölməsinin 7-ci bəndinin (əməyin mühafizəsi, əmək-icra intizamı, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, sanitar gigiyena və mülki müdafiə qaydalarına riayət edilməlidir) tələblərinə riayət edilməməsi və "xxxx" MMC ilə binanın və park sahəsinin inzibati və istismar xidmətləri üzrə nəzarətçisi X6 arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin “Əməyin mühafizəsi” bölməsinin 4.9-cu bəndinin (işçi özünün və iş yoldaşlarının həyatının və sağlamlığının qorunması üçün müəyyən edilmiş əməyin mühafizəsi qaydalarına və normalarına əməl etməyə borcludur) tələblərinə riayət edilməməsi bədbəxt hadisənin səbəbidir. İddiaçı ehtiyatsızlığı və X3 nəzarətsizliyi nəticəsində əmək qanunvericiliyinin pozuntusuna yol verilmişdir.
2. xx.xx.2022-ci il tarixli qaimə fakturaya görə İddiaçı iki adda implant üçün 1500 manat ödəniş etməsi nəzərdə tutulmuşdur.
3. Nərimanov rayon prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas Elvin Məmmədlinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı xx.xx.2021-ci il tarixdə iş yerində ehtiyatsızlıqdan az ağır xəsarət alması faktında cinayət hadisəsi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
4. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, BKM-04/03-90 saylı xəbərdarlıq məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə açılmış son xəstəlik vərəqəsi Tibbisosial ekspertiza komissiyası tərəfindən imtina aktı alandan sonra xx.xx.2023-cü il tarixdə bağlanmışdır. İddiaçı sözügedən xəstəlik vərəqəsini "xxxx" MMC-yə martın 28-i təqdim edərək həmin vərəqənin ona gec verildiyini bildirmiş, ona şifahi müraciət olunmuş və artıq işə çıxmağını bildirmişlər. Lakin, İddiaçı xx.xx.2023-cü il tarixdən sonra heç bir üzrlü səbəb gətirmədən işə gəlməmiş və bununla bağlı heç bir məlumat təqdim etməmişdir. İddiaçı işə gəlməməyi səbəbləri barədə (müvafiq arayış və ya hüquqverici sənədlər əlavə olunmaqla) ən tez zamanda rəsmi məlumat verilməsini xahiş etmişdir.
5. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli aktında göstərilmişdir ki, İddiaçı işə gəlməməsi üçün hüquq verən hər hansı bir sənədin təqdim edilmədiyi halda xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işə gəlməməsi onun barəsində inzibati hərəkətlərin edilməsi üçün əsas yaradır.
6. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli aktına əsasən İddiaçı üzrlü səbəb olmadan işə gəlməməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq işçi qeyd olunan tarixdən xx.xx.2023-cü il tarixinə qədər heç bir üzrlü səbəb göstərmədən iş yerinə gəlməməsini imzaları ilə təsdiq edirlər.
7. İddiaçı xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-yə ünvanlandığı ərizədə onun iş qüvvəsi olmadığı üçün işə çıxa bilmədiyini bildirmişdir.
8. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 3-23-70/2-196/2023 saylı xəbərdarlıq məktubunda İddiaçı xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq onun heç bir üzrlü səbəb göstərmədən işə gəlməməkdə davam etdiyi, üzrlü səbəb gətirmədən işə gəlməməyi davam etdirdiyi halda əmək qanunvericiliyinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi bildirilmişdir.
9. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli aktında İddiaçı üzrlü səbəb olmadan işə gəlməməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq işçi qeyd olunan tarixdən xx.xx.2023-cü il tarixinə qədər heç bir üzrlü səbəb göstərmədən iş yerinə gəlməməsini imzaları ilə təsdiq edirlər.
10. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, K-101/2023 saylı əmrinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdə açılmış son xəstəlik vərəqəsinin 6 ay müddəti bitdiyi zaman İddiaçı tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə Tibbi-sosial ekspertiza həkim məsləhət komissiyasının müraciət etməsini və xx.xx.2023-cü il tarixdə imtina aktı almasını, həmçinin "xxxx" MMC-nin direktor müavini, İnsan Resursları üzrə mütəxəssis, binanın inzibati və istismar işləri üzrə koordinatoru və Hüquqşunas tərəfindən imzalanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli aktlarda öz əksini tapan, işçi İddiaçı daimi olaraq heç bir üzrlü səbəb təqdim etmədən xx.xx.2023-cü il tarixdən bu günədək işə çıxmaması halını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən sorğuya verilmiş cavabı, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini və 72-ci maddəsinin “a” bəndini rəhbər tutaraq İddiaçı ilə xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı həmin tarixdə əmrlə tanış edilmiş və müvafiq imza etmişdir.
11. "xxxx" MMC-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli hesabdan çıxarışa əsasən İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi müxtəlif məbləğlərdə 12 dəfə əmək haqqı, 5 dəfə mükafat, 1 dəfə maddi yardım, 1 dəfə son haqq hesab, 1 dəfə isə xəstəlik vərəqəsi təyinatı ilə ödəniş edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona vurulmuş maddi zərər görə 8770 manat, mənəvi zərərə görə 8000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, "xxxx" MMC-yǝ xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə əsasən səhnə quraşdıran fəhlə kimi işə qəbul edilmişdir. “Haulett Qucik UP 11” 450 kq ağırlığında olan qaldırıcı qurğunun nasaz olması səbəbindən təmir olunması üçün servisə göndǝrilməsi məqsədi ilə cavabdehin bina və park sahəsinin inzibati və istismar xidmətləri üzrə nəzarətçisi X6 xx.xx.2021-ci il tarixdə qaldırıcı səbət kranın təmirə gedəcəyini bildirilmişdir. Ona, Elşən və Çingiz adlı digər iki işçiyə qaldırıcı qurğunu, kranı yerə endirməklə avtokara yüklənməsinə dair göstəriş verilmişdir. Baxmayaraq ki, bu onun əmək funksiyasına daxil olmamış, Aslan Nuriyev ona kranın ön tərəfindən, Elşən və Çingizə isə kranın arxa tərəfindən tutaraq endirməyi tapşırmışdır. Həmin qurğunun çəkisini nəzərə alsaq üç nəfər işçinin həmin qurğunun digər qurğunun üzərinə yükləməsi fiziki gücü xaricində olmuş və qaldırıcı qurğunun ağırlığına nəzarət edə bilmədikləri üçün onlar kranı qaldırmaq istədikdə Elşən və Çingiz adlı şəxs fiziki cəhətdən zəif olduqları üçün kranın əsas ağırlığı onun üzərinə düşmüş, bu zaman ağırlığa tab gətirə bilmədiyi üçün, kran onun üzərinə aşmış, nəticədə boğaz və diz nahiyəsindən xəsarət almışdır. "xxxx" MMC tərəfindən “istehsalatda bədbəxt hadisə haqqında” 01 saylı akt tərtib edilmişdir. Cavabdeh tərəfindən əməyin mühafizəsi normaları və qaydalarını müəyyən edən qanunvericilik pozulmuşdur. Baş vermiş hadisə nəticəsində xəsarətlər almış, Travmatologiya İnstitutuna aparılmış, ona sağ diz oynağında ön çarpaz bağın qopması diaqnozu qoyulmuş, 4 həftə həkim nəzarətində olmağı tövsiyə edilməklə evə buraxılmışdır. Lakin dizində ağırlaşma halı olduğu üçün xx.xx.2022-ci il tarixdə “Oksigen” klinikasında müayinədə olmuş, dizi MRT müayinə olunmuş və dizində medial menisk arxa buynuzunda horizontal yırtığı olduğu müəyyən edilmiş və əməliyyat olunmaq tövsiyə edilmişdir. xx.xx.2022-ci il tarixdə “Ege hospitala” da sağ diz oynağının menisk yırtığı diaqnozu ilə əməliyyat olunmuş və xx.xx.2022-ci ildə evə buraxılmışdır. Əməliyyatdan sonra dizində ağrılar keçməmiş, yenidən MRT müayinə olunmuş, dizində ön çarpaz bağın qopması müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə “Olimp” hospitalında əməliyyat olunmuş və dizinə implant qoyulmuşdur. Bu əməliyyata 1500 manat pul ödəmişdir. Cavabdeh dəymiş zərərin əvəzini ödəməmiş, hazırda dizində ağrılar olduğu üçün müalicə olunmalıdır, lakin maddi imkanı olmadığı səbəbindən müalicə oluna bilmir. Qeyd olunanlara əsasən dizində olunan əməliyyatlara bağlı 3000 manat, 25 gün Reabilitasiya xərci olaraq, bir seansın dəyəri 70 manatdan ümumilikdə 1750 manat, dizinə implantın qoyulması ilə bağlı əməliyyata 1500 manat, 3 dəfə MRT müayinə olmuş, ümumi dəyəri 450 manat və diz korset dəyəri 150 manat. Müalicə müayinə və əməliyyatlara 6850 manat məbləğində pul ödənilmişdir. Həmçinin cavabdeh tərəfindən mükafat və iki aydır əmək haqqı ödənilmir. İki aylıq əmək haqqı 1280 manat edir və mükafat olaraq 640 manat cavabdehdən tutulmalıdır. Həmin vaxtdan uzun müddətli müalicələrdə olmuş, iş qabiliyyətini itirmiş və həmin vaxtdan da işsizdir, işləyə bilmir. Müalicələr hazırda da davam edir. Artıq uzun müddətdir bu xəsarətin fəsadlarından əziyyət çəkir. Bütün bunlara baxmayaraq cavabdeh ona heç bir maddi yardım göstərməmiş, bu hadisə nəticəsində iş qabiliyyətimi itirmiş, işsizdir və ömrü boyu işləmək qabiliyyətindən məhrum olmuş, külli miqdarda maddi zərərə məruz qalmışdır. Həmçinin bu vəziyyətə düşməyi, iş qabiliyyətini itirməyi, maddi zǝrǝrǝ məruz qalmağı dəfələrlə stress keçirməyinə səbəb olmuş və bu səbəblərdən də mənəvi zərərə məruz qalmış, psixologiyasına ciddi şəkildə təsir etmiş, sağlamlığı pozulmuşdur. Hadisə baş verərkən öləcəyi qorxusu onun şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmuşdur.
14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 24 avqust 2023-cü il tarixli 2(005)-2752/2023 nömrəli qətnaməsi ilə (hakim Ramin Quliyev) iddia təmin edilməmişdir.
15. Məhkəmə göstərmişdir ki, iddiaçı qeyd edir ki, o, xx.xx.2022-ci il tarixdə “Olimp” hospitalında əməliyyat olunmuş və dizinə implant qoyulmuşdur. Bu əməliyyata 1500 manat pul ödəmişdir. Məhkəmə iclasında iddiaçı işə çıxmasa da, ona iki dəfə mükafat, bir dəfə isə maddi yardım verildiyini etiraf etsə də, ödənilən məbləğ hazırki tələb məbləğlinə aid deyil. İddiaçı müayinə və əməliyyatlara 6850 manat məbləğində pul ödənildiyini bildirsə də, məhkəmə iclasında bu məbləğin ona ödənilməmiş əmək haqqı və iddia ərizəsində ona ödənilməli olan məbləğin cəmi olduğunu qeyd etmişdir.
16. İddiaçı 3 dəfə MRT müayinə olunduğunu, bunun ümumi dəyərinin 450 manat olduğunu və diz korset dəyəri 150 manat olduğunu bildirmiş, lakin bununla bağlı ödəniş qəbzlərini məhkəməyə təqdim etməmişdir. İddiaçı mübahisələndirdiyi halları sübut edə bilməmiş, məhkəmə araşdırması zamanı sübuta yetməmişdir.
17. Məhkəmə iddianın iki aylıq əmək haqqı 1280 manat və mükafat 640 manat hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia həmin hissədə də təmin edilməməlidir. Belə ki, iddiaçı öz izahatında da etiraf etmişdir ki, işləmədiyi aylar üçün əmək haqqı və mükafat tələb edir. Belə olan halda həmin aylar üzrə əmək haqqı və mükafatın tələb edilməsi yolverilməzdir.
18. İddiaçının bildirdiyinin əskinə olaraq özünün ehtiyatsızlığından istehsalatda bədbəxt hadisə baş vermiş, iradə ifadəsinə zidd əməyin istismarı faktı, eləcə də onun formal təlimatlandırılması və s. hallar öz təsdiqini tapmamış, məhkəmə araşdırması zamanı bunun təsdiq edən əsaslarlar müəyyən olunmamışdır.
19. İddiaçı işdə "xxxx" MMC tərəfindən onun işdən azad edilməsi ilə bağlı əmri mübahisələndirməmiş, yalnız baş vermiş bədbəxt hadisəni əsas göstərək, əmək haqqı ödənişlərinin ödənilməyən hissəsinin ödənilməsi, sağlamlığının itirilməsi ilə bağlı çəkdiyi xərclərin və s. tələbi ilə bağlı MMC-yə qarşı tələb irəli sürmüşdür. Lakin, iddiaçının "xxxx" MMC-nin ona əmək haqqı ödəməməsinə, həmçinin əmək müqaviləsi qüvvədə olduğu müddətdə ona sağlamlığının bərpası ilə bağlı maddi yardım etməməsinə dair hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir və belə bir sübut iş materiallarında yoxdur. Üstəlik məhkəmə təkrar vurğulayır ki, "xxxx" MMC-nin istehsalatda baş vermiş bədbəxt hadisə ilə bağlı hər hansı təqsiri müəyyən edilməmiş, bunlar iddiaçının əmək funksiyalarını yerinə yetirən zaman özünün ehtiyatsızlığından irəli gəlmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, habelə əmək qanunvericiliyinin tələblərini nəzərə alaraq hesab edir ki, məhkəmə iddia ərizəsindəki dəlilləri əsassız hesab edir. Həmin dəlillər məhkəmə tərəfindən yoxlanmış, lakin öz təsdiqini tapmamışdır.
20. Məhkəmə mübahisələndirilən iddia tələbi üzrə digər hissələrdə əlavə araşdırmaya lüzum görməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn “prosessual qənaət” prinsipinə uyğun hesab etmişdir.
21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 35, Əmək Məcəlləsinin 215, 216, 219.5, 239.1, 239.2, Mülki Məcəllənin 21.1, 1099.1, 1099.2, Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
22. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Apellyasiya şikayətinin əsasları iddia ərizəsi ilə eynilik təşkil etməklə, göstərilmişdir ki, qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Qətnamədə cavabdeh tərəfin yalan izahatlarına əsaslanmışlar, guya ona maddi yardım göstərilmişdir, buna dair heç bir sübut təqdim edilməmişdir. Guya o, texniki təhlükəsizlik qaydalarını pozaraq qaldırıcı qurğunu üstünə aşırmışdır. Bu həqiqətə uyğun deyildir. Onun sağlamlığı pozulmuşdur və ona dəymiş maddi zərər və müalicə üçün çəkdiyi xərclər və gələcəkdə çəkiləcək xərclər cavabdeh tərəfindən ödənilməlidir. Cavabdeh tərəfindən əməyin mühafizəsi və təhlükəsizlik normalarının pozulması nəzərə alınmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, əməliyyatın pulunu sığorta, implantın pulunu isə özü ödəmişdir. Həmçinin MRT müayinəsi üçün 140 manat ödənişi də özü etmişdir.
26. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
27. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
28. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
Azərbaycan Respublikası Əmək Məcəlləsi
29. Maddə 191. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.
30. Maddə 192. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.
31. Maddə 195. «c» bəndinə görə, işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə, işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır.
32. Maddə 215. Müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər: əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini; binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsini; bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmasını; işçilərə lazımi sanitariyaməişət və müalicə-profilaktik xidmətinin təşkilini; əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi profilaktiki yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməsini; normal əmək və istirahət rejiminə riayət edilməsini; işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsini; işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsini və əməyin mühafizəsinin təbliğini; kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaları daxil etməyi və onlarda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsini; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə və formada əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında statistik hesabatın verilməsini.
33. Maddə 216. Əməyin mühafizəsi üzrə işçilərin vəzifələrinə aşağıdakılar daxildir: əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara əməl etmək; əmək funksiyasını özünü və başqa işçiləri təhlükəyə məruz qoymayacağı təqdirdə icra etmək, şəxsi buraxılışı olmadan qurğularda, dəzgahlarda, partlayış və həyat üçün təhlükəli digər mənbələrdə iş görməmək; verilmiş xüsusi geyimdə və ayaqqabıda işləmək, texnoloji prosesdə, əməyin mühafizəsi üzrə normalarda, qaydalarda və təlimatlarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək; əməyin mühafizəsi qaydalarının bütün pozuntuları haqqında, həmçinin baş vermiş qəzalar və bədbəxt hadisələr haqqında işəgötürənin nümayəndələrinə dərhal məlumat vermək; müntəzəm olaraq əməyin mühafizəsi normaları və qaydaları barədə biliklərini artırmaq; əməyin mühafizəsi məsələləri ilə əlaqədar işəgötürənin, iş yeri üzrə rəhbərinin, mütəxəssislərin tapşırıqlarına, məsləhətlərinə, tövsiyələrinə əməl etmək.
34. Maddə 219.5. Zərərli, ağır istehsalatlardakı iş yerlərinə, peşələrə (vəzifələrə) və yüksək təhlükə mənbəyi olan maşın, mexanizmlərdə, avadanlıqlarda işləmək üçün işə götürülən işçilərin qabaqcadan əməyin mühafizəsi üzrə təlimatlandırılması keçirilmədən əmək funksiyasının icrasına başlamasına yol verilmir. İşəgötürən bu təlimatlandırmaların xüsusi jurnallarda qeydiyyatını və onların uçotunu aparmağa borcludur.
35. Maddə 239.1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.
36. Maddə 239.2. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir.
37. Maddə 239.5. Bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
43. İddiaçı tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir.
45. İşdə olan xx.xx.2023-cü il tarixli İZ aktından müəyyən olunur ki, iddiaçı xx.xx.2021-ci il tarixdə saat 11:00-da binanın və park sahəsinin inzibati və istismar xidmətləri üzrə nəzarətçi X3 göstərişini icra edərkən istehsalat xəsarəti almışdır, iddiaçının özünün ehtiyatsızlığı və X3 nəzarətsizliyi nəticəsində əmək qanunvericiliyinin pozuntusuna yol verilmişdir.
46. İşin mübahisəsiz halları ilə müəyyən olunur ki, hadisə (istehsalat qəzası) baş vermiş, hadisə əməyin təhlükəsizlik qaydalarının pozulması ilə bağlı olmuş, hadisə nəticəsində iddiaçı xəsarət almış, hadisənin baş verməsində işəgötürən (işçisi) təqsirli olmuşdur.
47. İstehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində hadisəsinin baş verməsi və iddiaçının xəsarət alması işin mübahisəsiz halıdır.
48. İddiaçı hazırda vurulmuş zərəri tələb edir.
49. Sadalananlara əsasən Kollegiya qeyd edir ki, iddiaçı baş vermiş hadisə nəticəsində sağlamlığına vurulmuş zərərin bərpası üçün çəkdiyi xərcləri tələb etməkdə haqlı olmuşdur, bu hissədə iddia əsaslı olmaqla qismən təmin edilməlidir.
50. İddiaçı ona dəymiş maddi zərərin əvəzi kimi 8770 manat məbləğində pul tələb etmişdir: gələcəkdə dizində aparılacaq əməliyyatlarla bağlı 3000 manat; 25 gün reablitasiya xərci olaraq, bir seansın dəyəri 70 manat olmaqla ümumilikdə 1750 manat; dizinə implant qoyulması ilə bağlı əməliyyata görə 1500 manat; üç dəfə MRT müayinəsinə görə 450 manat; diz karsetinə görə 150 manat (cəmi: 6850 manat); ödənilməmiş 640 manat mükafat və 1280 manat iki aylıq əmək haqqı.
51. Gələcəkdə aparılacaq əməliyyatlar və reablitasiya kursuna görə xərclərə aid hissədə Kollegiya qeyd edir ki, göstərilən tibb xidmətləri pulsuzdur, onların xərci TƏBİB tərəfindən qarşılanır, ona görə də həmin tələb təmin edilə bilməz. Bununla yanaşı, gələcəkdə hər hansı pullu xidmətlə bağlı iddiaçı məhkəmədə yeni iddia qaldırmaq hüququnu itirmir.
52. Dizinə implant qoyulması ilə bağlı iddiaçı 1500 manat ödənişlə bağlı sənəd təqdim etmişdir. Belə ki, “Olimp Hospital”a ödənilmiş qaimə-fakturadan müəyyən edilir ki, İmplant Tightrope İİ üçün 800 manat, BioComposite screw üçün 700 manat olmaqla, cəmi 1500 manat ödənilmişdir. Bu isə həmin hissədə iddianın təmin olunması üçün əsasdır.
53. MRT müayinəsi ilə bağlı iddiaçı yalnız bir ədəd ödəniş qəbzi təqdim edə bilmişdir, belə ki, “Oksigen” Klinik Xəstəxanasından verilmiş qəbzdən görünür ki, Diz oynağı MRT üçün 140 manat iddiaçı tərəfindən ödənilmişdir. Ona görə də həmin tələb qismən təmin olunmaqla, cavabdehdən 140 manat tutulmalıdır.
54. Diz karseti ilə bağlı isə iddiaçı ümumiyyətlə hər hansı sübut təqdim edə bilməmişdir, həmin hissədə iddia rədd olunmalıdır.
55. Bundan başqa iddiaçı işləmədiyi aylar üçün əmək haqqı və mükafat tələb etsə də, işləmədiyi dövr üçün əmək haqqı və mükafatın tələb edilməsi yolverilməzdir. Ona görə də həmin hissədə də iddia tələbi rədd edilməlidir.
56. Beləliklə, maddi zərərlə bağlı hissədə iddia qismən təmin olunmalı, cavabdehdən iddiaçıya dəymiş maddi zərərin əvəzi kimi 1640 manat məbləğində pul tutulmalıdır.
57. Mənəvi zərər hissəsində isə Kollegiya iddia tələbini qismən əsaslı hesab edərək, iddiaçının tələb etdiyi həddə mənəvi zərərin tutulmasının ağlabatan və ədalətli olmayıb, bu məqsədlə cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 2000 manat məbləğində pulun tutulmasının yetərli olması qənaətinə gəlir. Belə ki, mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz.
58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2752/2023 nömrəli iş üzrə 24 avqust 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən maddi zərərin əvəzi olaraq 1640 manat və mənəvi ziyana görə 2000 manat məbləğində pul tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən iddiaçı qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər.