Məhkəmə qərarları › İş №2(103)-6520/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6520/2023

01.11.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6520/2023 01.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) qarşı mülki iş üzrə (Açar sözlər: işə bərpa) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1413/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İddiaçı xx.xx.1990-xx.xx.1996-cı il tarixlərdə “Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)-də işləmiş və onunla başlanmış əmək müqaviləsinə xx.xx.1996-cı il tarixdə xitam verilmişdir. İddiaçı 27 il sonra işə bərpa tələbi ilə müraciət etmişdir.

2. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-174/2008 saylı qətnaməsinə əsasən 26 noyabr 1973-cü il tarixdə Kürdəmir rayonunun Qarabucaq kəndində anadan olmuş X4 ölmüş elan edilmişdir.

3. Neftin kompleks hazırlanması və nəqli sexinin nasos stansiyasının maşinisti İddiaçı 01 oktyabr 1996-cı il tarixdə xx.xx.1997-ci il tarixli 11-K nömrəli əmrlə ƏQM-nin 38ci maddəsinin 4-cü bəndinə əsasən işdən azad edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən işdən azad edilməsi barədə cavabdeh tərəfindən xx.xx.1997- ci il tarixli 11-K nömrəli əmrin ləğv edilməsi və onun əvvəlki vəzifəsinə bərpa olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1985-ci ildə Bakı Neft Texnikumuna daxil olmuşdur. 1990-cı ildə həmin təhsil müəssisəsini “neft və qazın nəql edilməsi və saxlanılması” ixtisası üzrə bitirmişdir. 10 may 1990-cı il tarixdə Dövlət İxtisas Komissiyasının qərarına əsasən ona bu barədə HT-1 seriyalı, 566445 nömrəli diplom verilmişdir. Qeyd edilən təhsil müəssisəsini bitirdikdən sonra “Neft daşlarına” göndərilmişdir. 1990-cı ildən 1997-ci ilə kimi “Neft daşları”da maşinist vəzifəsində işləmişdir. Qeyd olunan işə Bakı Neft Kimya texnikumunu bitirdikdən sonra bura təyinatla göndərilmişdir. Qarabağ müharibəsi dövründə qardaşı X3 itkin düşməsi ilə əlaqədar rəhbərliyin icazəsi ilə sonuncunun axtarış işləri ilə əlaqədar Qarabağa getmişdir. Lakin bu barədə hər hansı məlumat ala bilməmişdir. Qarabağ ərazisindən geri qayıtdıqdan sonra başa düşmüşdür ki, xəbəri olmadan işdən azad olunmuşdur. İşdən azad olması faktını əsassız hesab etdiyinə görə dəfələrlə müvafiq orqanlara müraciət etmişdir. Ancaq bütün bunlar bir nəticə verməmişdir. Sonradan qardaşı Aqilin Laçın rayonu ərazisində gedən döyüşlərdə şəhid olması faktı öz təsdiqini tapmış və ona şəhid statusu verilmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir.

6. Cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndəsi Nümayəndə tərəfindən iddia tələbindən məhkəməyə etiraz təqdim edərək, İddiaçı cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) qarşı “işə bərpa” tələbinə dair iddia tələbi əsassız olduğundan rədd edilməli olduğunu bildirmişdir. Belə ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft Qazçıxarma İdarəsinin müvafiqəmri ilə İddiaçı 27 iyun 1990-cı il tarixdən İdarənin neftin kompleks hazırlanması və nəqli sexinə 4-cü dərəcəli nasos stansiyasının maşinisti vəzifəsinə işə qəbul edilmişdir. 01 oktyabr 1996-cı il tarixdən həmin zaman qüvvədə olan Əmək Qanunları Məcəlləsinin 38-ci maddəsinin 4-cü bəndinə əsasən iş buraxmaya görə əmək münasibətlərinə xitam verilmişdir. Həmin dövrdə işi üzrlü səbəbdən buraxdığını təsdiq edən hər hansı sübut, dəlil iddiaçı tərəfindən işəgötürənə təqdim edilməmişdir. Göründüyü kimi, işəgötürən tərəfindən İddiaçı əmək münasibətlərinə xitam verilərkən hər hansı pozuntuya yol verilməmişdir.

7. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndəsi Nümayəndə məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək bildirmişdir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft Qazçıxarma İdarəsinin müvafiq əmri ilə İddiaçı 27 iyun 1990-cı il tarixdən İdarənin neftin kompleks hazırlanması və nəqli sexinə 4-cü dərəcəli nasos stansiyasının maşinisti vəzifəsinə işə qəbul edilmişdir. 01 oktyabr 1996-cı il tarixdən həmin zaman qüvvədə olan Əmək Qanunları Məcəlləsinin 38-ci maddəsinin 4-cü bəndinə əsasən iş buraxmaya görə əmək münasibətlərinə xitam verilmişdir. Həmin dövrdə işi üzrlü səbəbdən buraxdığını təsdiq edən hər hansı sübut, dəlil iddiaçı tərəfindən işəgötürənə təqdim edilməmişdir. Göründüyü kimi bu iş üzrə 27 il keçdikdən sonra iddiaçı işə bərpa tələbi ilə məhkəməyə müraciət etmişdir. İstər o zaman qüvvədə olan Əmək Qanunları Məcəlləsinin, istərsə də AR Əmək Məcəlləsinin tələbləri baxımından işçi ilə işəgötürən arasında yaranmış əmək mübahisələrinin məhkəmə qaydasında həlli üçün 1 aylıq iddia müddəti müəyyən edilmişdir.

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1413/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia tələbi rədd edilmişdir.

9. Məhkəmə gəldiyi nəticənin əsası kimi Azərbaycan Əmək Qanunları Məcəlləsinin 38-ci maddəsinin “Ç” bəndinə, 228.1-ci maddəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 287, 288, 292, 296.5-ci, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarına, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2, 377.1, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77, 217.2-ci maddələrinə istinad etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. Qətnamədən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 1990-cı ildən 1997-ci ilə kimi "Neft daşları"nda maşinist vəzifəsində işləyib. Qarabağ müharibəsi dövründə qardaşı X3 itkin düşməsi ilə əlaqədar rəhbərliyin icazəsi ilə iddiaçı axtarış işləri ilə əlaqədar Qarabağa getmiş, lakin bu barədə hər hansı məlumat ala bilməmişdir. Qarabağ ərazisindən geri qayıtdıqdan sonra başa düşmüşdür ki, xəbəri olmadan işdən azad olunmuş, işdən azad olmağı faktını əsassız hesab etdiyinə görə dəfələrlə müvafiq orqanlara müraciət etmişdir. Ancaq bütün bunlar bir nəticə verməmişdir. Sonradan qardaşı Aqilin Laçın rayonu ərazisində gedən döyüşlərdə şəhid olması faktı öz təsdiqini tapmış və ona şəhid statusu verilmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Bildirmək istəyir ki, qardaşı itkin düşəndən sonra müntəzəm olaraq onun axtarışı ilə məşğul olmuş, cəbhə bölgəsində əsasən Kəlbəcər istiqamətində olmuş, Laçın istiqamətinə getmək istədikdə özü əsir düşməkdən təsadüf nəticəsində xilas olmuşdur. Eşitdiyinə görə qardaşı yaralı halda əsir düşmüş, onu erməni əsiri ilə dəyişmək ehtimalı var idi. Bütün bunlar nəticəsiz qaldığından iddiaçı güclü stres keçirmiş, psxi durumuna da təsir göstərmişdir. İddiaçının və ailəsinin acınacaqlı vəziyyətini iş yerində rəhbərlik də bilirdi, sonradan ata və anası bu faciəyə dözə bilmədilər və vəfat etdilər. Məhkəmə qaydasında iddiaçının qardaşına şəhid statusu verildi, bu barədə müvafiq sənədlər mülki işdə vardır.

Proses iştirakçılarının izahatı

12. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

13. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Əmək Qanunları Məcəlləsinin

14. 38-ci maddəsinin “Ç” bəndinə əsasən, işə üzürlü səbəb olmadan öz əmək funksiyalarını və ya fərdi əmək müqaviləsi (kontraktı) ilə müəyyən olunmuş öhdəliklərini pozduqda işəgötürənin təşəbbbüsu ilə müddətindən asılı olmayaraq fərdi əmək müqaviləsi (kontraktı) ləğv edilə bilər.

15. 228-ci maddəsinin 1-ci bəndinə əsasən fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 ay ərzində, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar yaranın əmək mübahisələrinin həlli üçün isə bir ay ərzində müraciət edə bilər. Hüququnun pozulduğunu aşkar edildiyi gün işçiyə müvafiq əmrin, sərəncamın, qərarın, əmək kitabçasının, haqq-hesab kitabçasının (vərəqəsinin) verildiyi, həmçinin fərdi və kollektiv əmək müqaviləsinin (kontraktın, sazışın) mühüm şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirmədən bilə-bilə qəsdən pozulduğu gündür.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin

16. 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır.

17. 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir;

18. 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.

19. 296-cı maddəsinin 5-ci bəndinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.

20. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır.

21. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

22. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır”.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.2. qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır

28. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Maddə 377.1. iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddia müddətinin axımının başlanğıcı həm obyektiv, həm də subyektiv anla bağlıdır.

30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

34. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1413/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. İş materiallarında olan xx.xx.2022-ci il tarixli məktubun məzmunundan görünür ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İddiaçı mediasiya prosesinin tətbiqi barədə təklifinə onlar tərəfindən baxılmış, müvafiq təklifdə qeyd edilən işə bərpa barədə tələbin təmin edilməsi üçün hər hansı hüquqi əsas olmadığından mediasiya prosesində iştirak edilməsini məqsədəuyğun hesab etməmişdirlər.

37. İş materiallarında olan arxiv arayışından görünür ki, Neftin kompleks hazırlanması və nəqli sexinin nasos stansiyasının maşinisti İddiaçı 01 oktyabr 1996-cı il tarixdə xx.xx.1997-ci il tarixli 11-K nömrəli əmrlə ƏQM-nin 38-ci maddəsinin 4-cü bəndinə əsasən işdən azad edilmişdir.

38. Tərəflər arasındakı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinin müvafiq hüquq normalarının tətbiq edilməsini nəzərdə tutduğundan, əhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericilik mübahisənin yarandığı vaxt qüvvədə olan yox, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi normalar hazırkı mübahisə üzrə tətbiq edilməlidir.

39. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1990-cı il tarixindən xx.xx.1996-cı il tarixinədək Neftin kompleks hazırlanması və nəqli sexinin nasos stansiyasının maşinisti vəzifəsində işləmişdir. Hazırda İddiaçı xx.xx.1997-ci il tarixli 11-K nömrəli əmrin ləğv edilərək, işə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

40. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə üzrə müəyyən edilməli hallar – 1) iddiaçının hazırki iddianı qaldırmaqda müvafiq subyektiv hüquqa malik olub-olmaması, 2) cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması, əgər əvvəlki hər iki şərt iddiaçının xeyrinə müsbət müəyyən olunarsa, o halda 3) iddianın iddiaçı tərəfindən qanunla müəyyən olunmuş iddia müddəti ərzində irəli sürülüb-sürülməməsi, iddia müddətinin keçib-keçməməsi məsələsidir.

41. Məhkəmə mülki işin hallarını araşdırarkən işə götürən tərəfindən iddia ərizəsində göstərilən pozuntuların həqiqiliyinə dair hər hansı bir hal aşkar etməmişdir.

42. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

44. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.

45. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

46. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara (son dövrlərdə filial müdiri və digər şəxslərlə arasında yaranmış gəriginliyə görə sonuncuların onu əsassız olaraq işdən çıxarmaq qərarına gəlmələri və s.) dair sübutları məhkəməyə təqdim etməmişdir.

47. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.

48. Göründüyü kimi, əmək qanunvericiliyi əmək hüquqlarının müdafiəsi üçün müddətlər müəyyən etmişdir və həmin müddətlər ərzində də səlahiyyətli şəxslər öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilərlər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur.

49. Kollegiya hesab edir ki, işçi işəgötürənə qarşı maddi ziyan vurulması məsələləri ilə əlaqədar iddia müddəti ziyanın vurulmasını aşkar etdiyi gündən başlandığından, 1 il müddətində məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı xx.xx.1996-cı il tarixdən işdən çıxmış, həmin tarixdən öz hüququnun pozulduğunu bilməli olduğu gün sayılmalıdır. Bununla da, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini keçirmişdir. Mübahisə tərəfi olan cavabdeh isə iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş edir.

50. Kollegiya bildirir ki, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan cavabdeh “Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, mövcud iddia tələbi rədd edilməlidir.

51. Beləliklə, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1413/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar