Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6523/2022 05.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1414/2022 saylı 08 iyul 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş seriya ÖM seriyalı, 053775 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, T.Bədəlov küçəsi, ev 14-də yerləşən 1 nömrəli mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2000-ci il tarixdə qeydiyyata alınmışdır.
2. Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli yaşayış yeri haqqında arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, T.Bədəlov küçəsi, ev 14, mənzil 1 ünvanında xx.xx.2005-ci il tarixdən qeydiyyatdadır, eyni zamanda onunla bərabər X3 qızı, X12 Kadir Fahrettin, X1 Fatimə İmran qızı, X9 və Cavabdeh da qeydiyyatdadır.
3. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, T.Bədəlov küçəsi, ev 14, 1 saylı mənzil xx.xx.2000-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2000-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir.
4. 67 saylı MKİS-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, T.Bədəlov küçəsi, ev 14, mənzil 1 ünvanında yaşayır və 2001-ci ildə oraya qeydiyyata alınmışdır. Eyni zamanda Cavabdeh da 2001-ci ildən həmin ünvanda daimi qeydiyyatdadır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Nizami rayonu, T.Bədəlov küçəsi, ev 14-də yerləşən 1 nömrəli mənzildən cavabdeh, yəni oğlu Cavabdeh istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırımışdır ki, o, Bakı şəhəri, Nizami rayonu, T.Bədəlov küçəsi, ev 14-də yerləşən 1 nömrəli mənzilin mülkiyyətçisidir. Cavabdeh, yəni oğlu Cavabdeh onun mənzilində qeydiyyatdadır. Lakin Cavabdeh qeydiyyatda olduğu, yəni onun mülkiyyətində olan mənzildə yaşamır. Yəni onun həmin mənzildən istifadə hüququ mövcud deyil. Oğlu 13 ildir ki, Bərdə şəhərində ailəsi ilə birlikdə yaşayır və orada işləyir. Oğlu ilə heç bir ünsiyyətləri yoxdur. Ona məxsus həmin mənzillə bağlı notarial qaydada hərəkət etmək istədikdə isə oğlunun razılığını almalı olur. Buna görə də məhkəməyə müraciət etməkdə məqsəd Cavabdeh ona məxsus mənzildən istifadə hüququna xitam verilməsi ilə bağlıdır.
7. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. O, əlavə olaraq bildirmişdir ki, sözügedən mənzili yoldaşı onun adına almışdır. Həyat yoldaşı 2008ci il tarixdə rəhmətə getmiş, həyat yoldaşı rəhmətə gedəndən sonra cavabdeh həyat yoldaşının olan hər şeyi satıb pulunu xərcləmiş, hətta ona bu mənzili də əlindən alacağını demişdir. Onun 2 oğlu, 1 qızı var. Cavabdeh onun oğludur və həmin mənzildə yaşamır, sadəcə olaraq qeydiyyatdadır. Oğlu 13 ildir ki, işlədiyi üçün Bərdə şəhərində ailəsi ilə birlikdə yaşayır, 2007-ci il tarixdə ailə qurmuşdur. Cavabdeh özünə ev almış, amma başqasının evinə qeydiyatada düşmüş, uzun müddətdir ki, Bərdədə yoldaşının adına olan evdə yaşayır, Bərdədəki evin çıxarışını götürüb vermir və nə onu, nə də digər oğlu və qızını Bərdədəki evə qoymur. Oğlunun uşaqları yoldaşı ilə birlikdə Sumqayıtda qeydiyyatdadırlar. O, həmçinin qeyd etdi ki, kompensasiya verməyə imkanı yoxdur, xəstədir, onu qardaşları müalicə etdirir, 130 manat pensiya alır. Onlar Keşlədəki ev ilə hazırki evi dəyişmişlər.
8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1414/2022 saylı 08 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim Həqiqət Əhmədova) iddia tələbinin təmin edilməməsi, İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun ona aid edilməsi qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququn axitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh 2008-ci ildən halhazırkı vaxtadək daimi olaraq ünvan 2 ünvanında faktiki olaraq yaşadığından, onun kompensasiya almaq hüququ yoxdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
15. Maddə 228.1 yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
16. Maddə 228.2 yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 217.2 qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
20. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, hazırki halda qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası izahatı dinləyib apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1414/2022 saylı 08 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Kollegiya ilkin olaraq qeyd edir ki, hazırkı mübahisə üzrə tərəflər arasında hüquq münasibətləri 2001-ci ildən, yəni Cavabdeh Bakı şəhəri, Nizami rayonu, T.Bədəlov küçəsi, ev 14, mənzil 1 ünvanında qeydiyyata alındığından və tərəflər arasında hüquq münasibətləri 2000-ci il sentyabrın 1-dən sonra yarandığından, hazırki halda mübahisəyə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun baxılmalıdır.
27. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2001-ci il tarixli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” qərarının 1-ci bəndinə görə 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
28. İş materiallarından görünür ki, Cavabdeh 2001-ci ildən ünvan 3 ünvanda qeydiyyatda olmuş, iddiaçı mülkiyyətçi olduğu mənzilə cavabdehin qeydiyyata alınmasına etiraz etməmişdir. Cavabdeh 2007-ci ildən ailə həyatı qurmuş və hazırda ünvan 4 ünvanında faktiki olaraq yaşayır.
29. Göründüyü kimi, cavabdeh faktiki olaraq başqa ünvanda yaşamış olsa da, mübahisəli mənzilə ehtiyacın aradan qalxmamış, o, hələ də mübahisəli mənzildə qeydiyyatdadır və uzun müddət həmin mənzildə yaşamışdır.
30. Məhkəmə kollegiyası eyni zamanda iddiaçının cavabdehin özünə ev alması, amma başqasının evinə qeydiyyata düşməsi, cavabdehin Bərdədə həyat yoldaşının adına olan evdə yaşaması dəlili ilə bağlı bildirir ki, iddiaçı tərəfindən cavabdehin hazırkı mənzilə olan ehtiyacının aradan qalxması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
31. Kollegiya yuxarıda qeyd edilən qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, iddiaçı tərəfindən cavabdehin yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi hazırki halda yalnız müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
32. İş materiallarından da göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin kompensasiya verilməklə istifadə hüquqularına xitam verilməsi ilə bağlı iddiaçıya təklif etsə də, İddiaçı kompensasiya vermək imkanı olmadığını, eyni zamanda cavabdeh də həmin mənzildən qeydiyyatdan çıxmağa razı olmadığını bildirmişdir.
33. Qeyd edilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı iddiası təmin edilməməlidir.
34. Məhkəmə kollegiyası həmçinin iddiaçı tərəfindən apellyasiya icraatı zamanı təqdim edilmiş ərizəyə münasibətdə qeyd edir ki, ərizənin məzmumundan göründüyü kimi, iddiaçı tərəfindən apellyasiya şikayəti üzrə hər hansı əlavə sübut deyil, yeni iddia tələbinin əsasını təşkil edən iddia ərizəsi təqdim edilmişdir. Kollegiya qeyd edir ki, həmin ərizə hazırki apellyasiya icraatının predmetini təşkil edə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-in 372.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
35. Beləliklə kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri yuxarıda göstərilənlərə əsasən formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1414/2022 saylı 08 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.