Məhkəmə qərarları › İş №2(103)-6526/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6526/2023

19.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6526/2023 19.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MMC və qeyrisinə qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: " pul tələbi ") Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Suraxanı Rayon Məhkəməsinin 2(010)-2429/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 MMC-dən müştərək qaydada ona dəymiş maddi ziyana görə 12000 manat, mənəvi ziyana görə 3000 manat və ödənilmiş 135 manat dövlət rüsümu olmaqla, cəmi 15135 manat pul alınaraq ona ödənilməlidir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 ilə onun (iddiaçı) arasında olan müqaviləyə əsasən cavabdehlər qardaşı X2 unvirersitetlərindən birinə bakalavr, magistr və doktorantura təhsili üçün göndərəcəklərini öz öhdələrinə götürsələr də, cavabdehlər öhdəliyini yerinə yetirməmişdir, daha sonra isə aralarında olan müqaviləyə əsasən şifahi razılaşmaya görə Cavabdeh2 qardaşı Mirzəzadə Təmkini “Foundation” proqramı üzrə xaricdə təhsil almağa göndərəcəyini vəd etmiş və bu barədə tədbir görərək onu “Foundation” proqramı üzrə Polşaya təhsil almağa göndərdiyini bildirmişdir. Nəticədə onlar cavabdeh şirkətə və onun rəhbəri kimi özünü təqdim edən Cavabdeh2 inanmış və Polşada yerləşən universitetə tələb olunan ödənişləri etmiş və qardaşının uçuş üçün xərclərini də ödəyərək Polşaya göndərmişlər. Lakin onlara sonradan məlum olmuşdur ki, Cavabdeh2 onu aldadaraq qardaşı X5 Respublikasında yerləşən “University of Economics and Human Sciences in Warsaw” da ingilis dili kursuna göndərib. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona xeyli miqdarda maddi və mənəvi ziyan vurulmuşdur. Belə ki, “Foundation” proqramı üzrə təhsil almaq gələcəkdə bakalavr dərəcəsi üzrə təhsilə başlamaq deməkdir. Yəni, Qərbi Avropa ölkələrində bakalavr təhsili almaq üçün 12 illik təhsil zəruridir və bir illik “Foundation” proqramı 11 illik təhsili bitirmiş şagird üçün mütləqdir. Lakin sadə “ingilis dili” kursunun bakalavr dərəcəsi üzrə təhsilə başlamaq üçün heçbir əhəmiyyəti yoxdur və vaxt itkisindən başqa bir şey deyildir. Həmin kursa Cavabdeh2 qardaşı Mirzəzadə Təmkini göndərdiyi üçün həm 2950 euro (həmin günün məzənnəsinə əsasən 6000 manat) illik təhsil haqqı, 2000 manata qədər bir neçə dəfə gedib gəlmək üçün çəkilmiş bilet xərcləri, sığorta xərcləri, təxminən orada qaldığı müddətdə 3200 manat kirayə pulu, digər yaşamaq üçün xərclər və 800 manat bağladığı müqaviləyə etdiyi ödənişlər və s. digər xırda xərclər nəticəsində ümumilikdə, ona 12000 manat maddi ziyan dəymişdir. Həmçinin qardaşı X1 sadəcə ingilis dili kursunda oxuduğunu eşitdikdə, bir il müddətində qardaşının Polşada olduğu müddətdə insan üçün ən dəyərli qeyri maddi nemət olan vaxtının boşa getdiyini qəbul etmək o və ailəsi üçün çox çətin olmuş, bundan sonra çox böyük psixoloji sarsıntı keçirmiş, həkimlərə müraciət etmiş və mənəvi ziyan çəkmişdir. Şirkətin ona vurduğu maddi ziyana görə 12000 manat və mənəvi ziyana görə 3000 manat pul şirkət tərəfindən ona ödənməlidir. Cavabdehlə aralarında olan müqavilə öhdəliklərini yerinə yetirmədiyinə görə dəymiş maddi və mənəvi ziyanın ödənməsini tələb etsə də, cavabdehlər onun müraciətinə heçbir cavab verməmişdir. Cavabdeh2 və Cavabdeh1 MMC-dən müştərək qaydada ona dəymiş maddi ziyana görə 12000 manat, mənəvi ziyana görə 3000 manat və ödənilmiş 135 manat dövlət rüsümu olmaqla, cəmi 15135 manat pul alınaraq ona ödənilməlidir.

3. Suraxanı Rayon Məhkəməsinin 2(010)-2429/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Ünsüyyət Mirzəyeva) ilə iddia tələbi təmin edilməmişdir.

4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyini bildirmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəflər arasında tapşırıq müqaviləsi mövcud olmuşdur və həmin müqavilənin şərtlərinə əsasən icraçı sifarişçinin xaricdə ali təhsil müəssisəsilərinə - Avropa universitetlərinə (bakalavr, magistratura və doktorantura) pilləsinə müraciət (apply) prosesinin təşkil edilməsini, sifarişçi isə həmin xidmətin əvəzində müqavilə ilə müəyyən edilmiş məbləği icraçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Təqdim olunmuş sənədlərdən görünür ki, müqavilə öhdəlikləri yerinə yetirilmiş, belə ki, xarici ali təhsil müəssisəsinə müraciət edilmiş, qəbul alınmış, lakin tələbəyə viza verilməsindən imtina edilmişdir. Yəni, müqavilənin şərtləri cavabdeh tərəfindən yerinə yetirilmişdir.

6. O, məhkəmənin həmin mövqeyi ilə razılaşmır və bildirir ki, sübutlardanda göründüyü kimi cavabdeh 500 manat depoziti qaytarmamış müqavilə münasibətləri yeni təkliflə yəni “Foundation proqramı üzrə tədris üçün” davam etmişdir. Bundan başqa məhkəmə qətnaməsində qeyd etmişdir ki, İddiaçı və Cavabdeh2 arasında 02 oktyabr 2021-ci il tarixdə olan “whatsapp” tətbiqi vasitəsilə olan yazışmadan görünür ki, Cavabdeh2 “conditional offer letter/proformaınvoıce” başlıqlı sənədi iddiaçıya göndərmişdir. Həmin məktubda proqramın adının “ingilis dili üzrə hazırlıq kursu” olduğu aydın göstərilmişdir. Məhkəmə yalnız cavabdehin xeyrinə sayıla biləcək hissələrə toxunmaqla nə qədər qərəzli olmasını göstərmişdir. Belə ki, məhkəmə baxışı zamanı tətqiq olunmuş aşağıdakı sübutlardan göründüyü kimi cavabdehlər onları aldadaraq qardaşını Foundation proqramı üzrə tədrisə göndərib: 1) “THE Khudafereen” tərəfindən “foundation proqramı ilə təhsilə başlayan tələbəmiz Təmkin bəyi təbrik edirik” qeyd yazılı fotoşəkili sosial şəbəkədə paylaşılmışdır. 2) İş materiallarına əlavə edilmiş səs yazılarından görünür ki, Cavabdeh2 İddiaçı ünvanladığı səs yazılarında qeyd edir: “tələsiklik oldu, bir gün ərzində qəbul alınmalı idi, həmin vaxt bir universitet açıq idi, universitetlə əlaqə saxladım, qiyməti sizə dedim, dil kursu deməmişəm, mən dil kursu üzrə fəaliyyət göstərmirəm, dərəcə, yəni bakalavr, magistratura üzrə fəaliyyət göstəririrəm, siz məndən tələb etdiyinizi mən də universitetdən tələb edə bilərəm”; “- mənə transkript, ingilis dili təhsili ilə bağlı arayış və universitetdə 1 il oxuması ilə bağlı sənəd lazımdır ki, universitetə qəbul alım, mənə kredit lazımdır, universitet də bildirir ki sən rekvizitləri ver, universitet tərəfindən tələbənin neçə saat, necə dərs keçməsi ilə bağlı kredit verilsin”; “ – İtaliya qəbul üçün gərək daha tez başlayaydıq, amma əlimdən gələni edəcəm”. İş materiallarına əlavə edilmiş İddiaçı və Cavabdeh2 arasında olan “whatsapp” tətbiqi vasitəsilə olan danışıqlarından ümumi olaraq görünür ki, Cavabdeh2 etiraf edir ki, “unversitet məni də “Foundation” üzrə qəbul olunduğuna dair bizi aldadıb, biz çalışacıyıq ki, kredit və ya səviyyə ilə bağlı arayış alaq”. Bu sübutlardanda göründüyü kimi və açıq aşkar məlum olur ki, cavabdeh məni aldadaraq qardaşım Təmkini “Foundation” proqramı üzrə təhsilə göndərib.

7. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

8. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat edərək bildirdi ki, qardaşı T.Mirzəzadəni Avropa unvirersitetlərindən birinə bakalavr, magistr və doktorantura təhsili üçün cavabdehlə müqavilə bağlamış, onlar müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməmişdir, daha sonra aralarındakı şifahi razılaşmaya görə Cavabdeh2 qardaşını “Foundation” proqramı üzrə xaricdə təhsil almağa göndərəcəyini vəd etmiş və bu barədə tədbir görərək onu “Foundation” proqramı üzrə Polşaya təhsil almağa göndərdiyini bildirmişdir. Lakin onlara sonradan məlum oldu ki, Cavabdeh2 onları aldatmış, qardaşını sadəcə Polşada ingilis dili kursuna göndəriblərmiş. Nəticədə onlara xeyli miqdarda maddi və mənəvi ziyan vurulmuşdur. Sonra onlar başqa şirkətlə müqavilə bağlamışdır, hazırda da qardaşı başqa Universitetdə təhsil alır. Qeyd edilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat edərək bildirdi ki, cavabdeh iddiaçının qardaşını Avropa universitetlərindən birinə bakalavr, magistr və doktorantura təhsili üçün müqavilə bağlamış, onlar müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməmiş, daha sonra aralarındakı şifahi razılaşmaya görə Cavabdeh2 qardaşını “Foundation” proqramı üzrə xaricdə təhsil almağa göndərəcəyini vəd etmiş və bu barədə tədbir görərək onu “Foundation” proqramı üzrə Polşaya təhsil almağa göndərdiyini bildirmiş, lakin onlara sonradan məlum oldu ki, Cavabdeh2 onları aldatmış, qardaşını sadəcə Polşada ingilis dili kursuna göndəriblərmiş. Nəticədə iddiaçıya xeyli miqdarda maddi və mənəvi ziyan vurulmuşdur. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

10. Hazırkı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

11. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

12. “İcraçı” - Cavabdeh1 MMC və “Sifarişçi” - İddiaçı arasında bağlanmış xx.xx.2021ci il tarixli “Xaricdə təhsil proqramı (2021)” barədə müqavilədən görünür ki, icraçı sifarişçinin xaricdə ali təhsil müəssisəsinə - Avropa universitetlərinə (bakalavr, magistratura və doktorantura) pilləsinə müraciət (apply) prosesinin təşkil edilməsini, sifarişçi isə həmin xidmətin əvəzində müqavilə ilə müəyyən edilmiş məbləği İcraçıya ödəməyi öz öhdəsinə götürür. Müqavilənin ümumi dəyəri 800 manatdır.

13. . İşdən görünür ki, xx.xx.2021-ci il tarixdə Lodz Universiteti tərəfindən Təmkin Mirzəzadənin xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Beynəlxalq və siyasi elmlər ixtisası üzrə bakalavr pilləsində təhsili alacağı barədə arayış verilmişdir.

14. İşdən görünür ki, xx.xx.2021-ci il tarixdə X3 Respublikasına getməsi üçün viza verilməsindən imtina edilmişdir.

15. İşdən görünür ki, “İcraçı” "xxxx" MMC və “Sifarişçi” İddiaçı arasında xx.xx.2022-ci il tarixdə “Xaricdə təhsil və dil kursları üzrə xidmətlərin göstərilməsi barədə” müqavilə bağlanmışdır.

16. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı "xxxx" MMC-yə 750 manat məbləğində ödəniş etmişdir.

17. İddiaçı xx.xx.2022-ci il tarixdə Təmkin Mirzəzadənin illik təhsil haqqı üçün 2625 avro Vistula Universitetinin hesabına köçürmüşdür.

18. İşdə olan Varşava İqtisadiyyat və Humanitar Elmlər Universitetinin şərti təklif məktubundan görünür ki, Təmkin Mirzəzadə üçün ingilis dili üzrə hazırlıq kursu proqramı nəzərdə tutulmuşdur. Kurs üçün ödəniş 2800 avro, inzibati haqq 150 avro məbləğindədir.

19. Varşava İqtisadiyyat və Humanitar Elmlər Universiteti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sorğudan görünür ki, Təmkin Mirzəzadə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əyani təhsil forması üzrə ingilis dili hazırlıq kursuna qəbul olmuşdur. Kurs üçün ödəniş 2800 avro məbləğində ödənilmişdir.

20. Günay Sığorta Şirkəti ASC tərəfindən verilən xx.xx.2021-ci il tarixli səfər sığortası şəhadətnaməsindən görünür ki, Təmkin Mirzəzadə 102,85 avro sığorta haqqı ödəniş etmişdir.

21. Təmkin Mirzəzadənin yataqxana xərcləri üçün 642,10 pln – 260 manat ödəniş edilmişdir.

22. Təmkin Mirzəzadənin uçuş bileti üçün 328,75 manat; xx.xx.2022-ci il tarixli uçuş bileti üçün isə 582 manat ödəniş edilmişdir.

23. Vistula Universiteti tərəfindən verilən xx.xx.2022-ci il tarixli qəbul məktubundan görünür ki, Təmkin Mirzəzadə 2022/23-cü il payız semestri üçün İqtisadiyyat üzrə bakalavr proqramına qəbul olunmuşdur.

24. Vistula Universiteti tərəfindən verilən xx.xx.2022-ci il tarixli əcnəbi tələbələrin əyani təhsil formasına qəbul edilməsi barədə arayışdan görünür ki, həmin arayış Təmkin Mirzəzadənin 17 oktyabr 2022-ci il tarixdən 30 sentyabr 2025-ci il tarixədək olan təhsil müddətində İqtisadiyyat ixtisası üzrə bakalavr təhsil pilləsinin əyani təhsil formasında ödənişli əsaslarla tədris ilinin birinci semestrinə qəbul edildiyini təsdiqləyir.

25. 18.xx.xx.2022-ci il tarixli şərti qəbul məktubundan görünür ki, X4 Universitetinə iqtisadiyyat üzrə bakalavr əyani proqramına qəbul almış və illik təhsil haqqı 2500 avro, qeydiyyat haqqı 120 avro, tələbə kartı haqqı 5 avrodur.

26. 03.05.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə İddiaçı nevroloq tərəfindən dərmanlar üçün resept təyin edilmişdir.

27. İddiaçı tərəfindən Cavabdeh1 MMC-ə ünvanlanan xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ona dəymiş maddi ziyana görə 12000 manat və mənəvi ziyana görə 3000 manat məbləğində pul vəsaitinin ödənilməsini, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir.

28. 27.04.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 135 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

29. İddiaçı (-) və Cavabdeh2 (+) arasında olan “whatsapp” tətbiqi vasitəsilə olan danışıqlarından görünür ki, “- bankın fərqi var, banka bunu göstərmək kifayətdir, kiminsə adına göndərmək - siz alın əlavə nə qədər olsa deyərsiniz göndərərəm.. +60 Azn əlavə olacaq, aldım hər ikisini, bir də Ukrayna sığorta alınmalıdır, o da 5-10 azn arası olur.. ümumi 70 ödəyəcəm yəni; - baxın mən sizinlə bu söhbəti danışanda hər dəfəsində mənə deyirsiniz ki Lodzdan qəbul almışam və vizadan kəsilib, bəli aldız kəsildi, amma bu sizə haqq vermir ki siz gedib dil kursuna alasız qəbulu, kəsilmişdi başqa alternativlər var idi, məsələn sizinlə olan müqaviləmdə var idi ki kəsildiyi təqdirdə 500 geri ödəniləcək və vse, məsələn Türkiyəyə göndərərdiz, mən sizə zəng vurub foundation istəyəndə siz mənə desəydiniz ki, mən tələbəni dil kursuna göndərirəm mən bunu qəbul etməyəcəkdim. Ya sizinlə olan müqaviləni ləğv edərdim, ya da sizdən onu Türkiyəyə göndərməyinizi istəyərdim, amma mən sizdən bunu istəməmişdim, dil kursu proqramı ilə foundationa proqramı eyni deyil, 11 illik qəbul edən ölkə və ya uni üçün başqa ölkədə niyə 1 il gedib dil kursuna getsin ki, oturub öz evində gedərdi kursa, 1 il ərzində bu qədər xərci niyə boşuna çəkim ki, əvvəl qəbul etmirdiz ki bu dil kursu deyil foundationdu, indi özünüz də bilirsiniz ki çox mənasızdı orda oxuması, bu diqqətsizliyin nəticəsini biz ödədik, kaş ki bunu indi araşdıracağınıza göndərəndə araşdırardız, + diqqətsizlik məsələsi deyil, sadəcə Təmkindən Lodzdan vizadan fail olandan sonra vaxt çox gec idi və çox təcili foundation proqramı lazım idi, mən də sizin mənə dediyinizi birə bir universitetə çatdırıb qəbul istədim onlar da göndərdi, İtaliyada dediyiniz foundation, pre-bachelordu, hansı ki, ingiliscəsi yetərincə olan tələbələr götürür, tələbənin ingiliscəsi A1-A2-dirsə, necə fənn dərsləri oxuya bilər axı? mənə ingiliscəsi kifayət qədər yaxşıdır, hətta SAT hazırlaşırdı deyilmişdi, buna görə birbaşa qəbul aldıq ki, davam etsin; - Elmir bəy əslində siz də bilirsiniz ki arayışa ehtiyac yoxdu, bu foundation deyil, bildiyimiz dil kursudu sadəcə adi kursdan tək fərqi universitet daxilindədi, indi biz necə edək, axı sizə ilk müraciətimizdən bilirdiniz İtaliya istədiyimizi, 3 günə yekunlaşır qəbul, və çox təəssüf ki, qardaşımın 1 ili hədər getdi sizin səhviniz nəticəsində”.

30. İddiaçı və Cavabdeh2 arasında 02 oktyabr 2021-ci il tarixdə olan “whatsapp” tətbiqi vasitəsilə olan danışıqlarından görünür ki, Cavabdeh2 “conditional offer letter/proforma ınvoıce” başlıqlı sənədi İddiaçı “whatsapp” nömrəsinə göndərmişdir.

31. “THE Khudafereen” tərəfindən “foundation proqramı ilə təhsilə başlayan tələbəmiz Təmkin bəyi təbrik edirik” qeyd yazılı fotoşəkili sosial şəbəkədə paylaşılmışdır.

32. Cavabdeh2 İddiaçı ünvanladığı səs yazılarında qeyd edir: “- tələsiklik oldu, bir gün ərzində qəbul alınmalı idi, həmin vaxt bir universitet açıq idi, universitetlə əlaqə saxladım, qiyməti sizə dedim, dil kursu deməmişəm, mən dil kursu üzrə fəaliyyət göstərmirəm, dərəcə, yəni bakalavr, magistratura üzrə fəaliyyət göstəririrəm, siz məndən tələb etdiyinizi mən də universitetdən tələb edə bilərəm”; “- mənə transkript, ingilis dili təhsili ilə bağlı arayış və universitetdə 1 il oxuması ilə bağlı sənəd lazımdır ki universitetə qəbul alım, mənə kredit lazımdır, universitet də bildirir ki sən rekvizitləri ver, universitet tərəfindən tələbənin neçə saat, necə dərs keçməsi ilə bağlı kredit verilsin”; “ – İtaliya qəbul üçün gərək daha tez başlayaydıq, amma əlimdən gələni edəcəm”

33. Cavabdeh2 Cavabdeh1 MMC-də məsləhətçi vəzifəsində işləyir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

34. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

35. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

36. Apellyasiya şikayətində iddiaçının əsas dəlili odur ki, cavabdehlə onun arasında ilkin olaraq qardaşının xaricdə ali təhsil müəssisəsilərinə - Avropa universitetlərinə (bakalavr, magistratura və doktorantura) pilləsinə müraciət (apply) prosesinin təşkil edilməsi barədə razılıq olmuş, sonra qardaşı universitetə qəbul alsa da, lakin tələbəyə viza verilməsindən imtina edilmiş, daha sonra isə cavabdeh müqavilə öhdəlikləri yerinə yetirilməsə də, 500 manat depoziti qaytarmamış müqavilə münasibətləri yeni təkliflə yəni “Foundation proqramı üzrə tədris üçün” davam etmişdir. Cavabdeh onu qardaşını “foundation proqramı” üzrə təhsil almağa göndərməyi vəd etsə də, dil kursuna göndərmiş, o isə bunun “foundation proqramı” yox dil kursu olduğunu sonradan bilmişdir.

37. Hazrda iddiaçı cavabdehdən onun qardaşını “foundation proqramı” əvəzinə dil kursuna göndərdiyinə görə dəymiş zərəri tələb edir.

38. Kollegiya qeyd edir ki, MPM-in 77.1-ci madəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. İddiaçı hazırkı halda cavabdehin onun qardaşını “Foundation proqramı üzrə tədris üçün” xaricə göndərməsi barədə öhdəlik götürməsinə dair sübut verməlidir, iddiaçı tərəfindən bununla bağlı sübut təqdim edilməmişdir.

40. Əksinə işə əlavə edilmiş İddiaçı və Cavabdeh2 arasında 02 oktyabr 2021-ci il tarixdə olan “whatsapp” tətbiqi vasitəsilə olan yazışmadan görünür ki, Cavabdeh2 iddiaçıya göndərdiyi “conditional offer letter/proforma ınvoıce” başlıqlı məktubda proqramın adının “ingilis dili üzrə hazırlıq kursu” olduğu aydın göstərilmişdir.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Göstərilən Məcəllənin 89.1-ci maddəsinə görə yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

42. Beləliklə, iddiaçı tərəfindən hazırkı iddia tələbi ilə bağlı biri digərini tamamlayan, təkzibedilməzlikə bağlı tələblərə cavab verən əsaslı və şübhədənkənar sübutlar təqdim edilmədiyindən, Kollegiya hesab edir ki, rayon məhkəməsi iddia tələbini təmin etməyərək iş üzrə düzgün nəticəyə gəldiyindən, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə:

43. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

44. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.

45. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Suraxanı Rayon Məhkəməsinin 2(010)-2429/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Kamran Əkbərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar