Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-653/2025 18.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, X9, Cavabdeh1, X3 və X10 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 iyul 2024-cü il tarixli qətnamədən Cavabdeh3 verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə və Cavabdeh3 vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin ünvan 2, 161 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil Bakı Şəhəri Nəsimi Rayon Xalq Deputatları Sovetliyinin İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 137/8 saylı qərarı ilə iddiaçının atası X5 verilmişdir. Həmin qərar əsasında verilmiş xx.xx.1990-cı il tarixli, 015457 nömrəli orderdə X13 özü və ailə üzvləri kimi arvadı X8, övladları X16, X14, X20, gəlini Cavabdeh3, nəvəsi Cavabdeh2 qeyd olunmuşlar. X13 xx.xx.1990-cı il tarixdə, X8 xx.xx.2011-ci il tarixdə, X16 xx.xx.2021-ci il tarixdə vəfat etmişlər. X20 ilə Cavabdeh3 nikahı xx.xx.2002-ci il tarixdə ləğv edilmişdir. İddiaçı, xx.xx.2014-cü il tarixindən həmin mənzildə qeydiyyatdadır. Mənzilə dair xidmət müqaviləsi xx.xx.2015-ci il tarixdə, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi xx.xx.2015-ci il tarixdə iddiaçı ilə bağlanmışdır. Mənzilin bütün kommunal xərclərini iddiaçı ödəyir. Hazırda mənzildə iddiaçıdan başqa X14, X20, Cavabdeh3, Cavabdeh2, X9, Cavabdeh1, X3 və X17 qeydiyyatdadır. Azyaşlı xx.xx.2016-cı il təvəllüdlü X15 doğulduğundan Litva Respublikasının vətəndaşıdır. Azyaşlılar xx.xx.2019-cu il təvəllüdlü Adelina Kazımova və xx.xx.2022-ci il təvəllüdlü X23 Federativ Respublikasında doğulmuşlar, oranın vətəndaşlarıdır. Cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarına xitam verilməlidir. Belə ki, cavabdehlərdən bir qismi 2015-2016-cı illərə kimi mənzildə yaşasalar da sonradan Almaniyaya köçüblər, faktiki olaraq istifadə hüququnu itirsələr də, formal olaraq qeydiyyatda qalmaqdadırlar. Azyaşlıların nənələri olan Cavabdeh3 azyaşlıların doğum haqqında şəhadətnamələrini nə zaman Azərbaycan Respublikasına gətirərək qeyri-qanuni yollarla mənzillərinə qeydiyyata salmasından xəbərləri olmayıb. Çünki Cavabdeh3 da daima Almaniyada yaşamış, Azərbaycana gələndə də bacısı evində qonaq qalmışdır. Onun ölkə ərazisinı hansı vaxtlar gəlib-qayıtmasından iddiaçının məlumatı olmur. Cavabdeh3 mübahisəli mənzildə son on ildə bir gecə belə qalmayıb. Litva Respublikası vətəndaşı xx.xx.2016-cı il təvəllüdlü Emiliya Orucova sonuncu dəfə ünvan 1 ünvanında qeydiyyata alınmışdır, digər şəxslərin olduğu yer üzrə qeydiyyata alınma və yaşama icazələrinin əldə olunması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciətləri qeydə alınmamışdır. X4 vəfat etməsi ilə əlaqədar Bakı Şəhəri 19 saylı Notariat Ofisində xx.xx.2022-ci il tarixində vərəsəlik işi açılmışdır. Mübahisəli mənzilin özəlləşdirilməsi üçün mənzilə hüququ olan şəxslərin dairəsi dəqiqləşdirilməlidir. Cavabdehlərin başqa ölkədə yaşayış yeri seçmələrinə və vətəndaşlıq almalarına baxmayaraq, sözügedən mənzildə qeydiyyatda qalmaları iddiaçının və digər şəxslərin sahiblik, istifadə, vərəsəlik hüququnu pozur, mülkiyyət hüququnu həyata keçirə bilmirlər. İddiaçı, cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılmalarına dair ərizə ilə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə müraciət etmiş, həmin orqan tərəfindən iddiaçıya göndərilən məktubda məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 mübahisəli mənzildən istifadə hüquqlarının itirilmiş hesab olunmasını, iddia tələbinin qalan hissədə təmin olunmamasını, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunun analogiyası üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 mənzildən gedən vaxta kimi Azərbaycan Respublikasında xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən həmin evdə yaşamaq hüquqları olmuşdur. Lakin daimi yaşamaq üçün mübahisəli mənzildən getdikləri üçün, onların həmin evə olan istifadə hüquqları itirilmişdir. Digər cavabdehlərə – Emiliya Orucovaya, (xx.xx.2019-cu il təvəllüdlü) Adelina Kazımovaya və (xx.xx.2022-ci il təvəllüdlü) Raul Kazımova münasibətdə isə Rayon Məhkəməsi hesab etmişdir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, həmin şəxslərin mübahisəli mənzilə istifadə hüquqları mövcud deyil. Emiliya Orucova xx.xx.2016-cı il tarixdə Litvada, Adelina Kazımova xx.xx.2019-cu il tarixdə və Raul Kazımov xx.xx.2022-ci il tarixdə Almaniyada doğulmuş və onlar ailələri ilə birlikdə Almaniya Respublikasında yaşayırlar. c) apellyasiya şikayəti barədə məlumat
5. Cavabdeh3 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil dövlət mənzil fonduna aiddir. Cavabdeh3 və onun övladları – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 da iddiaçı və başqaları ilə birlikdə mənzilə bərabər hüquqa malikdirlər. Ona görə də iddiaçının onların mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə iddia qaldırmağa subyektiv hüququ yoxdur. Rayon Məhkəməsi cavabdehlərin mənzildə yaşamamalarının səbəbləri, buna təşəbbüs göstərib-göstərməmələri, iddiaçının buna maneə yaradıb yaratmaması halları ilə bağlı məsələlərə aydınlıq gətirməmiş, cavabdehlərin bu hallarla bağlı dəlillərini görməzdən gəlmiş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Cavabdeh1 təhsili ilə əlaqədar olaraq Almaniya Federativ Respublikasına getmişdir. Cavabdeh2 isə ticarət işləri ilə bağlı Almaniya Federativ Respublikasına gedib-gəlir. Cavabdeh1 və Cavabdeh2 tez-tez Azərbaycan Respublikası ərazisini tərk etsələr də, lakin mübahisəli mənzildə yaşayırlar. Cavabdeh1 və Cavabdeh2 yaşayış sahəsini uzun müddət saxlanması üçün kifayət qədər əsaslar vardır birinci instansiya məhkəməsi də qətnamədə həmin maddi hüquqi normaya istinad etmiş, lakin həmin normanı işin hallarına uyğun olaraq düzgün tətbiq etməmişdir. d) apellyasiya baxışında tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
7. Cavabdeh3 vəkili (nümayəndəsi) Vəkil2 apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.
8. İddiaçının vəkili (nümayəndəsi) Nümayəndə apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi.
9. İş üzrə digər şəxslər apellyasiya baxışı iclasının yeri və vaxtı barədə Məhkəmə tərəfindən xəbərdar edilsələr də, apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər.
10. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) apellyasiya baxışının hədləri barədə məlumat
11. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin olunsa da, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışdır.
12. Qətnamədən verilmiş apellyasiya şikayəti Cavabdeh3 vəkili (nümayəndəsi) Vəkil2 tərəfindən imzalanmışdır. Apellyasiya şikayətində şikayət verən şəxs qismində yalnız Cavabdeh3 göstərilmişdir.
13. İş materiallarından görünür ki, apellyasiya şikayəti verilən məqamda vəkil (nümayəndə) Vəkil2 və Cavabdeh3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 adından məhkəmə aktından şikayət vermə səlahiyyətləri olmamışdır.
14. Bunlara əsasən müəyyən edilir ki, apellyator – Cavabdeh3 qətnamənin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etsə də, apellyasiya şikayəti verilən məqamda onun qətnaməni yalnız özünə aid olan hissədə mübahisələndirmək səlahiyyəti olmuşdur.
15. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-in 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
16. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin əsaslılığını yalnız iddianın Cavabdeh3 münasibətdə təmin edilməsi hissəsində yoxlamışdır. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
17. Məhkəmə apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
18. Belə ki, Nəsimi Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli, 015457 nömrəli “Orderdən” görünür ki, ünvan 2 ünvanında yerləşən, 71,10 kv.m. sahədən ibarət 5 otaqlı, 161 saylı mənzil iddiaçının atası X4 mülkiyyətinə verilmişdir. X1 ailə üzvləri kimi arvadı X8, övladı (iddiaçı) X16, övladı X14, övladı X20, gəlini (cavabdeh) Cavabdeh3, nəvəsi (cavabdeh) Cavabdeh2 qeyd olunmuşdur.
19. “Ölüm haqqında şəhadətnamədən” görünür ki, X13 xx.xx.1990-cı il tarixdə vəfat etmişdir.
20. “Nikahın pozulması haqqında şəhadətnamədən” görünür ki, X20 və Cavabdeh3 arasında bağlanmış nikah xx.xx.2002-ci il tarixdə pozulmuşdur.
21. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli və ******* nömrəli arayışlardan görünür ki, iddiaçı, ünvan 3 ünvanında qeydiyyatdadır. Mənzildə yaşayış yeri üzrə qeydiyyatda olan digər şəxslər: X20, Cavabdeh3, X9, X21, Cavabdeh1, X3, X17, X14.
22. İşdə olan xx.xx.2015-ci il tarixli “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən” görünür ki, dövlət mənzil fonduna aid və Yasamal rayonu, Yeni Yasamal – 1 küçəsi, 2 nömrəli evdə, 161 nömrəli mənzildə yerləşən 5 otaqlı mənzil fonduna aid, ümumi sahəsi 97 kv.metrdən ibarət, yaşayış hissəsi 71,10 kv.metrdən ibarət 5 otaqlı yaşayış sahəsinin haqqı ödənilməklə, müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və bu Müqavilə ilə müəyyən olunmuş şərtlərlə kirayəşin İddiaçı istifadəsinə verməyi öhdəsinə götürmüşdür.
23. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin xx.xx.2024-cü il tarixli məlumatından görünür ki, Cavabdeh1 - xx.xx.2023-cü il tarixdə, Cavabdeh2 - xx.xx.2023-cü il tarixdə, Orucova X22 - xx.xx.2024-cü il tarixdə, X3 xx.xx.2023-cü il tarixdə, X17 - xx.xx.2023-cü il tarixdə, X6 - xx.xx.2023-cü il tarixdə sonuncu dəfə dövlət sərhədindən çıxışı olmuşdur. X12 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır.
24. İşdə olan sübutlara əsasən müəyyən edilir ki, mübahisəli mənzil Nəsimi Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli, 015457 nömrəli orderə əsasən ailə üzvləri nəzərə alınmaqla X4 mülkiyyətinə verilmişdir. X4 gəlini olan Cavabdeh3 da ailə üzvü kimi nəzərə alınaraq orderdə adı qeyd olunmuşdur. X13 xx.xx.1990-cı il tarixdə vəfat etmişdir. X20 və Cavabdeh3 arasında bağlanmış nikaha xx.xx.2002-ci il tarixdə xitam verilmişdir. Cavabdeh3 hazırda mənzildə qeydiyyatdadır. xx.xx.2015-ci il tarixli “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə” əsasən, mənzil haqqı ödənilməklə, müvəqqəti yaşamaq üçün kirayəçi İddiaçı istifadəsinə verilmişdir.
25. Hazırda həmin kirayə müqaviləsinin onunla bağlanmasına istinad edən İddiaçı bildirir ki, mənzilin bütün kommunal xidmət haqlarını özü ödəyir, Cavabdeh3 əvvəllər mənzildə yaşasa da 2015-2016-cı illərdə Almaniya Federativ Respublikasına köçmüşdür, həmin dövlətin vətəndaşlığını almışdır. Faktiki olaraq mənzildən istifadə hüququnu itirsə də, formal olaraq qeydiyyatda qalmaqdadır. Son 10 il ərzində mübahisəli mənzilə gəlib 1 gün belə qalmamışdır.
26. Cavabdeh3 isə mənzilin Bakı Şəhəri 19 saylı Mənzil Kommunal İstismar Sahəsinə məxsus olduğunu, onun da iddiaçı və başqaları ilə birlikdə mənzilə bərabər hüquqa malik olduğunu, iddiaçının onun mənzildən istifadə hüququna xitam verilməsi barədə iddia qaldırmağa subyektiv hüququnun olmadığını, mənzildə yaşamamasının səbəbinin iddiaçının buna maneə yaratması olduğunu bildirir.
27. Məhkəmə hesab edir ki, hazırki iş üzrə tərəflər arasında mənzildən istifadə edilməsi ilə əlaqədar münasibətlər xx.xx.2000-ci il tarixədək yarandığından, hazırki iş üzrə tərəflər arasında yaranmış mövcud mülki mübahisə xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələbləri baxımından həll edilməlidir.
28. Azərbaycan Respublikasında xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə görə, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər (maddə 53.). İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər (maddə 54.). Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir (maddə 87.).
29. Həmin Məcəllənin 60-cı maddəsinə görə, İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi aşağıdakı hallarda daha uzun müddət saxlanır: 1) müddətli həqiqi hərbi xidmətə çağırıldıqda – müddətli hərbi xidmət qurtarana qədər; habelə ehtiyatda olan zabitlər üç ilədək müddətə həqiqi hərbi xidmətə çağırıldıqda – həqiqi hərbi xidmət müddətində; praporşik, miçman və müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçular kimi həqiqi hərbi xidmətdə olduqda – hərbi xidmətin birinci beş ili ərzində; 2) işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələrin, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i. a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i. a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə - həmin işin görülməsinin və ya təhsilin bütün müddətində; 3) uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə - onların çıxdıqları yaşayış sahəsində ailənin digər üzvləri yaşamağa qalmışlarsa, uşaqların bu müəssisədə, qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanında qaldıqları bütün müddətdə. Uşaqların çıxdıqları yaşayış sahəsində onların ailə üzvləri yaşamağa qalmamışlarsa və həmin sahə başqa vətəndaşlara verilmişsə və ya başqa səbəblərə görə bu sahəyə köçürmə mümkün deyilsə, dövlət uşaq müəssisəsində olma müddəti qurtardıqdan sonra, habelə yetkinlik yaşına çatıb qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanından qayıtmış uşaqlar yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən mənzil sahəsi ilə təmin edilir (bu Məcəllənin 39-cu maddəsi); 4) qəyyum (himayəçi) vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq getdikdə - bu vəzifəni yerinə yetirdiyi bütün müddətdə; 5) müalicə üçün müalicə-profilaktika müəssisəsinə getdikdə - bu müəssisədə qaldığı bütün müddətdə; 6) müalicə-əmək profilaktoriyasına yerləşdirildikdə - orada olduğu bütün müddətdə; 7) həbs olunduqda - istintaqda və ya məhkəmədə olduğu bütün müddətdə; 10) cinayət üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının qərarına əsasən başqa yaşayış yerinə müvəqqəti köçürüldükdə – təhlükəsizlik tədbirlərinin qüvvədə olduğu müddətdə.
30. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsini daha uzun müddətə saxlamanın digər şərtləri və halları SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə müəyyən olunur. Bu maddənin 1-7-ci və 10-cu bəndlərində göstərilən hallarda müvəqqəti başqa yerə getmiş şəxslərin yaşayış sahəsi müvafiq bənddə göstərilən müddətin qurtardığı gündən altı ay ərzində saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.
31. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. İş materiallarından və tərəflərin izahatından məlum olur ki, Cavabdeh3 ilə Azad Orucov arasında nikaha xx.xx.2002-ci il tarixdə xitam verilmiş və Cavabdeh3 həmin ünvandan çıxıb getmişdir. Cavabdeh3 övladları Cavabdeh2 və Cavabdeh1 da 5 ildən artıq müddətdir ki, Almaniya Federativ Respublikasında daimi əsaslarla yaşayırlar. İddiaçı tərəfindən mübahisəli mənzilə köçməsinə maneələr yaradıldığını bildirən Cavabdeh3 bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir.
33. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, Cavabdeh3 mənzildən gedən vaxta kimi yuxarıda qeyd edilən Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən mənzildə yaşamaq hüququ olmuş, lakin daimi yaşamaq üçün mübahisəli mənzildən getdiyi üçün, onun mənzilə olan istifadə hüququ itirilmişdir.
34. Məhkəmə tərəfindən müəyyən edilir ki, Cavabdeh3 mənzildən istifadə hüququ itirilmiş sayıldığından və onun mənzildə qeydiyyatda qalması formal xarakter daşıdığından, iddiaçı isə mənzilin kirayəçisi olmaqla Cavabdeh3 qarşı bu kimi tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olduğundan qəbul edilməlidir ki, Rayon Məhkəməsi iddianı apellyasiya baxışının predmeti olan hissədə, yəni Cavabdeh3 münasibətdə təmin etməkdə haqlı olmuşdur. Rayon Məhkəməsinin bu nəticəsinə dair apellyasiya şikayətinin dəlilləri əsassızdır. g) apellyasiyanın nəticəsi
35. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi və hazırkı apellyasiya baxışının predmeti olan nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur.
36. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
37. Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
38. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün apellyator tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
39. Məhkəmə həmçinin bildirir ki, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanıldığından, iddiaçı hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.
40. Cavabdeh3 apellyasiya şikayəti təmin edilmədiyindən MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
41. Digər cavabdehlər Rayon Məhkəməsinin qətnaməsini mübahisələndirmədikləri üçün hazırki qətnamədən kassasiya şikayəti verə bilməzlər.
42. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh3 apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 iyul 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Cavabdeh3 hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə digər tərəflər hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.