Məhkəmə qərarları › İş №2(103)-6532/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6532/2023

23.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6532/2023 23.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7106/2021 saylı, 30 avqust 2023-cü il tarixli qərardadından Cavabdeh5 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 qarşı “mənzildən çıxarılma tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin onun mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 92, 38 saylı mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7106/2021 saylı, 14 oktyabr 2021ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən Cavabdeh4 apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3434/2022 saylı, 25 may 2022-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 14 oktyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən Cavabdeh4 kassasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3434/2022 saylı, 21 iyul 2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti qaytarılmışdır. Bundan sonra, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7106/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh5 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4230/2023 saylı, 21 iyun 2023-cü il tarixli qərardadına əsasən apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7106/2021 saylı, 30 avqust 2023cü il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayətinin və şikayətin verilməsi üçün ödənilmiş dövlət rüsumunun özünə qaytarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının «apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair» 14 oktyabr 2020-ci il tarixli qərardadına əsasən, məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətlərə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır. Qərardaddan Cavabdeh5 şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Şikayətdə göstərilib ki, sözügedən qətnamənin ona çatması ilə bağlı heç bir sübut iş materiallarında yoxdur. Həmçinin iş materiallarında onun qətnaməni 2023-cü ildə alması ilə bağlı qəbz vardır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7106/2021 saylı, 15 sentyabr 2023cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatların təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Qeyd olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, əvvəla cavabdehlərin ünvanlarının eyni, yəni Bakı şəhəri, Xətai rayonu, ünvan 1 materiallarından bəllidir. Cavabdehin şikayət üzrə yeganə dəlili qətnaməni 2023-cü ildə alması ilə bağlı qəbz olmasıdır. Hazırda şikayət verən Cavabdeh5 iş üzrə digər Cavabdeh4 qızıdır və iddiaçı onların birlikdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 92, mənzil 38 ünvanından çıxarılmaları barədə iddia qaldırıb. Cavabdehlərin eyni ünvanda olması halında onların hər birinə ayrılıqda məhkəmə sənədinin göndərilməsi istər mülki prosessual qanunvericiliyin tələbi, istərsə də hüquqi məntiq baxımdan absurddur. Çünki, məhkəmə sənədinin tərəflərə göndərilməsinin əsas məqsədi işdə iştirak edən şəxslərin həmin qətnamə barədə məlumatlı olmasıdır və iş materiallarından da görünür ki, cavabdehlərin birlikdə çıxarılmaları tələb olunan, yəni Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 92, mənzil 38 ünvana məhkəmə aktı çatdırılıb. Bu halı cavabdeh, həm də Cavabdeh5 atası Cavabdeh4 həmin qətnamədən apelyasiya şikayəti verməsi də təsdiq edir. Bundan başqa, hazırki iş üzrə iddia ərizəsi xx.xx.2021-ci il tarixdə verilib. Yəni, həmin tarixdən cavabdehin hazırki işin gedişatı barədə məlumatlı olmaması inandırıcı deyil. Doğrudur, cavabdeh şikayətində başqa ünvanının olması barədə arqument irəli sürməyib. Hətta irəli sürsəydi belə, Mülki Prosessual Məcəllənin 146-cı maddəsinə görə, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Yəni, açıq-aşkar görünür ki, hazırki şikayəti verməkdə cavabdehin məqsədi qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasını gecikdirməkdir. Bundan əlavə, Aişə Kərmova apellyasiya şikayətini qanunla müəyyən edilmş müddətdə versəydi belə yenə də mümkün sayılmayacaydı. Çünki, onun mübahisələndirdiyi hissə artıq apellyasiya icraatının predmeti olmuş və bir dəfə yoxlanılmışdır. Ona görə də həmin hissənin təkrarən apellyasiya qaydasında yoxlanılması yolverilməzdir. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7106/2021 saylı, 30 avqust 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh5 şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7106/2021 saylı, 30 avqust 2023cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar