Məhkəmə qərarları › İş №2(103)-6533/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6533/2021

08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6533/2021 08.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4726/2017 nömrəli 12.06.2017-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Məhkəmə kollegiyası daxil olmuş apellyasiyanın mümkünlüyünə qiymət verərkən müəyyən etmişdir ki, məhkəmənin 12.06.2017-ci il tarixli qətnaməsinin surəti cavabdehə rəsmi qaydada rəsmi qeydiyyatda olduğu ünvana 12.06.2017-ci il tarixdə göndərilmiş (iş səh. 6,39), iş materialına qətnamənin surətinin sifarişli xəbərnaməli göndərilməsi barədə reyestr surəti əlavə edilmiş və cavabdehə göndərilmiş zərf “bu ünvanda yaşamır” çatdırılmama səbəbi ilə geri qayıtmışdır (səh.41, 45). qətnamə icraya yönəlmiş və qanuni qüvvəsini almışdır (səh.43).Qətnamənin surəti cavabdehin nümayəndəsi vəkil X2 tərəfinbdən 08.05.2021-ci il tarixində alınmış (səh.53), apellyasiya şikayəti 25.05.2021-ci il tarixdə verilərək, qanuni qüvvəyə minmiş qətnamədən şikayət vermə müddətin ötübötmədiyinə prosessual-hüquqi qiymət verilməmiş və müddətin bərpa edilməsi barədə vəsatət məhkəməyə təqdim edilməmişdir (səh.54).Eyni zamanda cavabdehin adından apellyasiya şikayətini imza edən şəxsin etibarnaməsinin kseronüsxəsi təqdim edilmiş, səlahiyyətlərinə dair (etibarnamənin əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti) hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir (səh.48). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Diqqətə çatdırılmalıdır ki, mülki prosessual qanunvericilik qanuni qüvvəsini almayan məhkəmə aktlarından şikayət vermək mümkünlüyünü təsbit etmişdir və qanuni qüvvəsini almış qətnamədən verilmiş şikayət üzrə prosessual müddət ötürülmədiyinə və ya üzürlü səbəbdən ötürülməsinə dair müzakirə aparılması üçün müraciət olmalıdır ki, hazırki iş üzrə belə müraciət mövcud olmamış, məhkəmə də buna münasibət bildirməmişdir. Şərh olunanlara və Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62- 67, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 128-133, 135.3, 135.5, 357, 360-366, 402-ci maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4726/2017 nömrəli 12.06.2017-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar