Məhkəmə qərarları › İş №2(103)-6533/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6533/2024

09.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6533/2024 09.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (“əqdin etibarsız hesab edilməsi”) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1184/2024 saylı işi üzrə xx.xx.2024-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı

1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «əqdin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin "Nəqliyyat filialı" tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli BPM**********81 saylı "Tam kart müqaviləsi"-nin və xx.xx.2022-ci il tarixli "Bank kartına kredit limitinin təyin olunmasına dair razılaşma"-nın etibarsız hesab edilməsi, eləcə də iddia tələbinə görə ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, dekabr ayında pul köçürülməsi ilə bağlı hesab açmaq üçün Azərbaycan Beynəlxalq Bankının "Nəqliyyat filialı"-na müraciət etmişdir. Orada onu qəbul edən əməkdaş dinlədikdən sonra ona təklif etdişdir ki, Azərbaycan Beynəlxalq Bankına məxsus "TAM kart" plastik kartını əldə etsin. Bildirmişdir ki, bu kartla həm ona pul köçürülə, həm də o, kiməsə pul köçürə bilər. Bundan başqa bildirmişdir ki, mağazadan nəsə alarkən bu kartla alış-veriş etsə, bonuslar və kəşbek əldə edəcək. Xülasə o, kartın üstünlüklərini sadalayaraq, kartı əldə edəcəyi təqdirdə mənfəət götürəcəyini bildirdi, onun sözlərinə inanaraq razılaşır və o, ona heç bir sənədə imza etdirmədən "TAM kart" adlı plastik kart təqdim edir. Bundan sonra həmin kart onda olsa da, lakin ondan istifadə etməmişdir. 2023-cü ilin təxminən iyul ayında Azərbaycan Beynəlxalq Bankından ona bildirdilər ki, guya onun "Nəqliyyat" filialından əldə etdiyi "TAM" kartın kredit xəttinə görə 2883 manat kredit borcu vardır. O, bu xəbəri eşidəndə çox təəccüblənir. Çünki o, həmin kart üzrə heç bir kredit götürməmişdir və bu barədə həmin bankla onun arasında heç bir müqavilə və razılaşma olmamışdır. O, yalnız bankın əməkdaşının sözlərinə inanaraq kartı yalnız ona pul köçürülməsi və ya onun kiməsə pul köçürməsi məqsədilə əldə etmişdir. Bankdan kredit götürmək barədə isə heç bir istəyi olmamışdır. O, bununla bağlı ABB-nin "Nəqliyyat" filialı ilə əlaqə saxlayır. Orada ona xx.xx.2022-ci il tarixli "TAM kart" müqaviləsi göstərərək bildirdilər ki, guya o, həmin müqaviləyə imza etməklə, içərisində ona ayrılmış kredit pul məbləği olan "TAM kart" əldə etmişdir. O, həmin müqavilədəki, imzaya baxanda görür ki, müqavilədə adının qarşısında çəkilmiş imza ona məxsus olmamaqla, kənar şəxs tərəfindən imza edilmişdir. Bankda o da ona bildirilmişdir ki, guya o, bank tərəfindən həmin karta vurulmuş krediti işlətmişdir. Halbuki, o, həmin kartdan heç bir kredit istifadə etməmişdir. Bank əməkdaşlari tərəfindən yaranmış bu anlaşılmazlıqla bağlı araşdırma aparılaraq məhkəməyə müraciət etməyi məsləhət görülərək, adına tərtib edilmiş saxta "Tam kart müqaviləsi"-nin və "Bank kartına kredit limitinin təyin olunmasına dair razılaşma”-nın surətləri də ona təqdim edilmişdir. Hesab edir ki, 2022-ci ilin dekabr ayında Azərbaycan Beynəlxalq Bankının "Nəqliyyat" filialı tərəfindən ona "TAM kart" plastik kartı verilərkən saxtakarlığa yol verilmiş, saxta "Tam kart" müqaviləsi tərtib edilərək müqavilədə adının qarşısından kimsə imza etmişdir. Daha sonra isə ondan gizli olaraq adına saxta yolla kredit xətti açılaraq, sonradan həmin kredit hansı yollasa mənimsənilmişdir. Hazırda cavabdeh həmin saxta müqavilə və razılaşmaya əsasən onun pensiya kartından qanunsuz olaraq bütün pensiyasını tutur. Göstərilənləri nəzərə alaraq, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin artırılması barədə ərizə verərək, cavabdeh tərəfindən onun pensiya kartından tutulmuş 678 manat pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1184/2024 saylı işi üzrə xx.xx.2024-cu il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 14.2.1, 337.1, 337.2, 337.4, 389.1, 390.1; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, hazırki işin mübahisələndirilməyən (həqiqi) halı ondan ibarətdir ki, tərəflər arasında 13 dekabr 2022-ci il tarixli, BPM**********81 saylı Tam Kart müqaviləsinin bağlanması yolu ilə müqavilə münasibətləri əmələ gəlmişdir. Bağlanmış olan müqaviləyə görə hər bir tərəf öz üzərinə şərtləşdirilmiş öhdəlikləri icra etməyi götürmüş və öhdəliklərin icra edilməməsi halında baş verəcək nəticələrlə razılığını müqaviləni imzalamaqla qarşı tərəfə bəyan etmişdir. Tərəflər arasında bağlanmış olan müqavilənin xüsusiyyəti ondan ibarət olmuşdur ki, bank müddəti, məbləği və faiz dərəcəsi müqavilə ilə müəyyən olunmuş kredit məbləğini müştəriyə verməyi, müştəri isə bunun müqabilinə aldığı krediti müqaviləyə uyğun şərtlərlə banka ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə tam kartın qüvvədə olması və digər şərtlərlə yanaşı, kredit xəttinin də müddəti müəyyən edilmiş və 13-cü bəndə əsasən müştərinin müqaviləni imzalaması ilə müqavilənin ayrılmaz tərkib hissəsi olan və imzalandığı zaman qüvvədə olan Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlər toplusu ilə tanış olduğunu da təsdiq etmişdir. Hər hansı bir əqdin etibarlılıq məsələsi müəyyənləşdirilərkən əqdin məzmununun, formasının və sair ünsürlərindən birinin qüsurlu olması vacibdir. Hazırda irəli sürülmüş olan iddia tələbi də əqdin etibarsızlığı ilə bağlı olsa da, tərəflər arasında bağlanmış olan əqdin etibarsız hesab edilməsi üçün onun hər hansı bir ünsürünün qüsurlu olması müəyyən edilmədiyindən, məhkəmənin qənaətinə görə bağlanmış olan əqd etibarsız hesab edilə və bununla da iddia təmin edilə bilməz. İddiaçı, müqavilənin onun özü tərəfindən imzalanmadığını bildirsə də, iş üzrə aparılmış ekspertizaların nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/288 saylı və xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-4/694 saylı ekspert rəylərinə əsasən müqavilədəki imzaların iddiaçıya məxsus olduğu aşkar edilmişdir. Bununla da yuxarıda sadalanmış olan işin halları tərəflər arasında bağlanmış olan əqdin etibarsız hesab edilməsi üçün əsas hesab edilmədiyindən və iddiaçı istinad etdiyi halları sübuta yetirmədiyindən, bunun tam əksinə tərəflər arasında bağlanmış olan əqdin hər baxımdan əqdlərin etibarlılıq şərtlərinə uyğun hesab edildiyindən, iddia tələbi təmin edilə bilməz. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.

3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - "xxxx" ASC ilə İddiaçı arasında imzalanmış 13 dekabr 2022-ci il tarixli, BPM**********81 saylı Tam kart müqaviləsinə görə: bu müqavilə "xxxx" ASC (ABB) ilə İddiaçı (müştəri və ya borc alan) arasında sonuncunun adına ABB tərəfindən ikitərəfli ödəniş kartının (ön tərəfi kredit kartı, arxa tərəfi debet və ya əmək haqqı kartı, bundan sonra «Tam kart» adlanacaq) buraxılmasına, müştərinin adına bank hesablarının (kredit kartına bağlı olan kart hesabı, debet və ya əmək haqqı kartına bağlı olan kart hesabı), kredit xəttinin (bundan sonra «kredit» adlanacaq) açılmasına, müştəri tərəfindən Tam kart vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən Tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarının ödənilməsinə, ABB tərəfindən ayrılmış kreditdən 10-cu bənddə göstərilmiş təyinat üzrə istifadə edilməsinə, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditin qaytarılmasına və ona hesablanmış faizlərin ABB-yə ödənilməsinə dair xüsusi şərtləri tənzimləyir. tam kartın müddəti 60 ay; tam kart hesabının valyutası AZN; tam kart üzrə kredit limitinin məbləği 15000 AZN təşkil edir, kredit xəttinin məbləği 3050 AZN; kredit xəttinin müddəti 36 ay; kredit xətti üzrə illik faiz dərəcəsi 24%; kredit xətti üzrə faktiki illik faiz dərəcəsi 24,76% təşkil edir. Müştəri bu müqaviləni imzalamaqla təsdiq edir ki, Tam kart məhsuluna aşağıdakı məsələlər üzrə ABB-nin rəsmi internet səhifəsində yerləşdirilmiş və bu müqavilənin imzalanması tarixinə qüvvədə olan sonuncu tarixli Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlərdə müəyyən edilmiş müvafiq müddəalarla tanışdır və ona sadalanan məsələlər barədə ABB tərəfindən məlumat verilmişdir: - tam kartdan istifadə qaydası və şərtləri (həm kredit, həm debet və ya əmək haqqı funksiyaları üzrə), o cümlədən Taksit və Cashback əməliyyatları, xidmət haqqı və tariflər, Tam kartın qüvvədə olma müddəti, müştərinin sərəncamı olmadan (akseptsiz qaydada) hesablardan vəsaitin silinməsi şərtləri, Tam kartla aparılan əməliyyatlar üzrə limitlər, faiz dərəcələrinin müəyyən olunması və ya dəyişdirilməsi/ləğvi, habelə texniki overdraftların kredit xətti kimi nəzərə alınması/rəsmiləşdirilməsi; - tam kart üzrə kreditin verilməsi, rəsmiləşdirilməsi və kredit xətti üzrə məbləğin dəyişdirilməsi qaydası və s. - borc alan bu müqaviləni imzalamaqla Tam kart məhsuluna dair bu müqavilənin 13.3-cü bəndində göstərilən məsələlərdən əlavə olaraq Standart Şərtlərin digər şərtləri ilə tanış olduğunu və onun müvafiq şərtlərini qəbul etdiyini, habelə ona məxsus məlumatların Standart Şərtlərdə əks olunmuş mənbələrdən əldə edilməsinə və ötürülməsinə razılıq verdiyini, o cümlədən, bu razlığın Standart Şərtlərdə əks olunmuş mətni, əldə olunan məlumatların dairəsi, istifadə məqsədi, müddəti və geri götürülmə şərtləri ilə tanış olduğunu təsdiq edir. Standart Şərtlər bu müqavilənin ayrılmaz tərkib hissəsidir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/288 saylı məhkəmə-xəttşünaslıq ekspertizasından görünür ki, mülki işin 50-ci vərəqində "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı adlarından olan xx.xx.2022-ci il tarixli BPM**********81 saylı "Tam kart müqaviləsi"-ndə "Müştəri və ya Borcalan İddiaçı” qrafasındakı imza və 62-ci vərəqində olan xx.xx.2022-ci il tarixli "Bank kartına kredit limitinin təyin olunmasına dair razılaşma”da möhürdən aşağıda yerləşən "İmza:” qrafasındakı imzanın İddiaçı tərəfindən icra olduğu müəyyən edilmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-4/694 saylı məhkəmə-xəttşünaslıq ekspertizasından görünür ki, xx.xx.2022-ci il tarixli BPM**********81 saylı "Tam kart müqaviləsi"-ndə "Müştəri və ya Borcalan İddiaçı” qrafasındakı imza və 62-ci vərəqində olan xx.xx.2022-ci il tarixli "Bank kartına kredit limitinin təyin olunmasına dair razılaşma”da möhürdən aşağıda yerləşən "İmza:” qrafasındakı imzanın İddiaçı tərəfindən icra olduğu müəyyən edilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

4. İddiaçı apellyasiya şikayəti verərək, Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cu il tarixli, 2(006)-1184/2024 saylı qətnaməsi ləğv edilməklə, iddia tələbimin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.1, 339.2, 339.3, 337.1, 337.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Nəsimi rayon məhkəməsinin qətnaməsi əsassızdır, qanunsuzdur, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Ona gorə də qətnamə ləgv edilməli, iddia tələbi isə təmin edilməlidir. Belə ki, iddia tələbindən görünür ki, 2022-ci ilin dekabr ayında pul köçürülməsi ilə bağlı hesab açmaq uçun Azərbaycan Beynəlxalq Bankının "Nəqliyyat filialı”-na müraciət etmişdir. Orada onu qəbul edən əməkdaş dinlədikdən sonra ona təklif etdi ki, Azərbaycan Beynəlxalq Bankına məxsus "TAM kart” plastik kartını əldə etsin. Bildirdi ki, bu kartla həm ona pul köçürülə, həm də o, kiməsə pul köçürə bilər. Bundan başqa bildirdi ki, magazada nəsə alarkən bu kartla alış-veriş etsə, bonuslar və kesbek əldə edəcək. Xülasə o, kartın üstünlüklərini sadalayaraq, kartı əldə edəcəyi təqdirdə mənfəət götürəcəyini bildirdi. O da, onun sözlərinə inanaraq razılaşdı və o, heç bir sənədə imza etdirmədən "TAM kart” adlı plastik kart təqdim etdi. Bundan sonra həmin kart onda olsa da, lakin ondan istifadə etməmişdir. 2023-ci ilin təxminən iyul ayında Azərbaycan Beynəlxalq Bankından ona bildirdilər ki, guya onun "Nəqliyyat” filialından əldə etdiyi "TAM” kartın kredit xəttinə gorə 2883 manat kredit borcu vardır, bu xəbəri eşidəndə çox təəccubləndi. Çünki o, həmin kart üzrə heç bir kredit goturməmişdir və bu barədə həmin bankla onun arasında heç bir müqavilə və razılaşma olmamışdır. O, yalnız bankın əməkdaşının sozlərinə inanaraq kartı yalnız ona pul köçürülməsi və ya onun kiməsə pul köçürməyi məqsədilə əldə etmişdir. Bankdan kredit götürmək barədə isə heç bir istəyi olmayıb. Bununla bağlı ABB-nin "Nəqliyyat” filialı ilə əlaqə saxladı. Orada ona xx.xx.2022-ci il tarixli "TAM kart” müqaviləsi gostərərək bildirdilər ki, guya o, həmin müqaviləyə imza etməklə, içərisində ona ayrılmış kredit pul məbləgi olan "TAM kart” əldə etmişdir. O, həmin müqavilədəki imzaya baxanda gördü ki, müqavilədə adının qarşısında çəkilmiş imza ona məxsus olmamaqla, kənar şəxs tərəfindən imza edilmişdir. Bankda o da bildirildi ki, guya o, bank tərəfindən həmin karta vurulmuş krediti işlətmişdir.O, həmin kartdan heç bir kredit istifadə etməmişdir. Bank əməkdaşlari tərəfindən yaranmış bu anlaşılmazlıqla baglı araşdırma aparılaraq məhkəməyə muıraciət etməyini məsləhət gorulərək, adına tərtib edilmiş saxta "Tam kart müqaviləsi”-nin və "Bank kartına kredit limitinin təyin olunmasına dair razılaşma”-nın surətləri də ona təqdim edilmişdir. 2022-ci ilin dekabr ayında Azərbaycan Beynəlxalq Bankının "Nəqliyyat” filialı tərəfindən ona "TAM kart” plastik kartı verilərkən saxtakarlıga yol verilmiş, saxta "Tam kart” müqaviləsi tərtib edilərək müqavilədə adının qarşısından kimsə imza etmişdir. Daha sonra isə ondan gizlin olaraq adına saxta yolla kredit xətti açılaraq, sonradan həmin kredit hansı yollasa mənimsənilmişdir. Hazırda cavabdeh həmin saxta müqavilə və razılaşmaya əsasən onun pensiya kartından qanunsuz olaraq bütün pensiyanı tutur. O, dəfələrlə hakimdən cavabdeh tərəfindən adına açılmış kart hesabından bankomat və ya diğər vasitələrlə kimin pul çəkməsini müəyyən etmək üçün cavabdehə sorğu göndərilməsini xahiş etsə də, lakin hakim xahişini təmin etməmişdir. Halbuki, həmin sorğunun nəticəsinin işin düzgün həll edilməsi üçün bilavasitə böyük əhəmiyyəti var idi. Qətnamədə iddia tələbi təmin edilməsə də, lakin məhkəmə gəldiyi bu nəticəni əsaslandıra bilməmişdir. Ona görə də məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına qəti uyğun gəlmir. İşə baxan hakim, qətnamədə yalnız oz mülahizəsinə görə iddianı təmin etmiş, onun iddiaçıya hansı məbləğdə borclu olmağı barədə hər hansı bir sübüta əsaslanmamışdır. Apellyasiya icraatında müəyyən edilən hallar

5. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmiş və bildirmişdir ki, iş üzrə keçirilmiş ekspertiza rəyi ilə müqavilənin iddiaçı tərəfindən imzalandığı müəyyən edilmişdir.

6. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir.389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 389.4. İkidən çox tərəfin bağladığı müqavilələrə müqavilə haqqında ümumi müddəalar belə bir şərtlə tətbiq edilir ki, bu, həmin müqavilələrin çoxtərəfli xarakterinə zidd olmasın.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdə keçirilməlidir: 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.

10. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını qeyd edilən maddi və prosessual hüquq normalarına əsasən və Azərbaycan Respublikası Konstitusiyası 24, 80; Mülki Məcəllənin 337, 389, 560; Mülki Prosesual Məcəllənin 385-390-ci maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qeyd edlən və artıq birinci instansiya məkəməsi tərəfindən yoxlanılan dəlillərə müvafiq qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. İddiaçı iddia ərizəsində və apellyasiya şikayətində dəlil olaraq müqavilənin onun tərəfindən imzalanmadığını əsas gətirsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/288 saylı məhkəmə-xəttşünaslıq ekspertizasından görünür ki, mülki işin 50-ci vərəqində "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı adlarından olan xx.xx.2022-ci il tarixli BPM**********81 saylı "Tam kart müqaviləsi"-ndə "Müştəri və ya Borcalan İddiaçı” qrafasındakı imza və 62-ci vərəqində olan xx.xx.2022-ci il tarixli "Bank kartına kredit limitinin təyin olunmasına dair razılaşma”da möhürdən aşağıda yerləşən "İmza:” qrafasındakı imzanın İddiaçı tərəfindən icra olduğu müəyyən edilmişdir.

11. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti yoxlanılan hissədə əsassız olduğundan və təmin edilməli olmadığından onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) onu ödəyən şəxslərə aid edilməlidir.

12. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1184/2024 saylı işi üzrə xx.xx.2024-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar